Siyasi və genetik varislik
Orta əsrlər Qafqaz Albaniyası (Albaniya dövləti) tarix müstəvisində öz yerini xalqımızın yeni siyasi birliklərinə verdiyi kimi, həmin siyasi qurumlar da öz tarixi yerini siyasi varislik ənənəsi üzrə çağdaş Azərbaycan dövlətinə etibar etmişdir. Bu baxımdan yanaşdıqda biz bir Azərbaycan dövləti olaraq Qafqaz Albaniyasının şəriksiz siyasi-tarixi varisi olduğumuz kimi, bütövlükdə Azərbaycan xalqı da onun etnogenezisində xüsusi çəkisi olan qədim albanların genetik və mədəni varisləridir. Çağdaş Azərbaycan dövlətinin bütövlükdə qədim Alban dövlətinin tarixi coğrafiyasında qərar tutduğu dünya tarix elmi üçün mübahisəsiz və bəlli bir həqiqətdir. Lakin bu coğrafiyanın nisbətən böyük bir hissəsi 20-ci yüzilin başlanğıcında etnik ermənilərin işğalına məruz qaldı və həmin işğal zonasında hazırda Ermənistan adlanan dövlət mövcuddur. Bu siyasi coğrafiyanın digər bir hissəsi isə başqa qonşu xalqların siyasi birliklərinə qatıldı.
Qafqaz Albaniyasında rəsmi dövlət dininin xristianlıq olduğunu nəzərə alsaq, təbii ki, eramızın 9-cu yüzilindən başlayaraq xalqımızın islam inancını daha intensiv qəbul etməsi onlarda xristian babalarımıza məxsus dini ibadət yerlərinə-kilsə və monastrlara diqqət və qayğını obyektiv səbəblərlə bağlı tədricən arxa plana keçirdi. Yəni bu tipli məbədlər artıq xalqımızın dini ibadət obyekti olmadığından onlara qarşı milli ictimai şüurda bir biganəlik sindromu formalaşdı. Bu durum isə həmin abidələrin Qafqazın xristian inanclı etnosları və ya həmin uzaq tarix üçün etnik qrupları tərəfindən siyasi işğalına yox, fiziki və mənəvi baxımdan mənimsənilməsinə yetərincə əlverişli zəmin yaratdı. Bəllidir ki, inanclı insanların müqəddəs yerləri ziyarəti işğal aktı yaratmır. Eləcə də 11-12-ci yüzillərdə, Albaniyanın siyasi coğrafiyasında islamın xristianlığı daha sərt sıxışdırdığı dönəmdə qədim kartveli (etnik gürcülərin endoetnonimi) etnosunun məhz xristian olduqları üçün Alban məbədlərini ziyarət etmələri və onu qismən öz ibadət evlərinə çevirmələri işğal faktı deyildir. Bu faktı, ən yaxşı halda, səssizcə mədəni mənimsəmə faktı kimi dəyərləndirmək olar. (Unutmayaq ki, bu faktın özü də qısa zaman kəsiyində mövcud olmuşdur). Günümüzdə Gürcüstan cəmiyyətinin az qala total qaydada-bütün ictimai və siyasi səviyyələrdə Keşikçidağ Məbəd Kompleksi ilə bağlı iddialarına məhz bu arqumentin məntiqindən yanaşaraq, Alban abidələrinə sahiblik haqqını irəli sürməsi nəinki yalnız təhlükəli bir presedentdir, eyni zamanda bu, elmilikdən uzaq olan diletant və absurd yanaşmadır. Çünki bütün dünya xalqları əgər durub bu arqumentdən çıxış etsələr, o zaman planetimizi ibtidai dövrə sürükləyən qlobal xaos öz cənginə alar, dünya öz sivil düzənini bu xaosun içərisində bilmərrə itirərdi.
Dünyamızın çağdaş reallıqlarından və bəşəriyyətin siyasi tarixinin məntiqindən çıxış edərək mən əminliklə deyə bilərəm ki, tarixi-mədəni abidələrin, yaxud maddi mədəniyyət irsinin varlığı hər hansı dövlətə digər bir dövlətin suverenliyində olan əraziyə iddia hüququ vermir. Və üstəgəl bu irsin iddiaçı tərəfin tarixi-mədəni kimliyinə aid olması elmi müstəvidə öz təsdiqini tapmırsa… Hətta, əgər dünya bütünlüklə belə bir haqqı tanımış olsaydı, baxmayaraq ki, bizim bu böyük irsimizin qonşu dövlətlərin ərazisində qalan xeyli qismi indiyədək məqsədli şəkildə və vandalcasına məhv edilib, yenə o zaman tarixi və mədəni abidələrinə, maddi-mədəni irsinə görə Azərbaycan xalqı nəinki yalnız Güney Qafqaza, ondan daha böyük bir coğrafiyaya iddia etmək haqqını ortaya qoyardı. Əminəm ki, o zaman yalnız məhv edilmiş maddi-mədəni irsimizə görə yox, həm də eyni aqibəti yaşayan mənəvi-mədəni irsimizə görə Haqq divanı qurular, milli-mənəvi, tarixi və mədəni yaddaşımızın canlı daşıyıcıları olan, lakin məqsədli şəkildə məhv edilən yüzlərlə milli toponimlərimiz, Alban dövrü irsimiz tarixin ədalət tribunasından dil açıb çox ağır ittiham nitqi söyləyərdi. Biz qədim tarixə (1522-ci ildə Səfəvi xanədanı tərəfindən inşa edilmişdi) və memarlıq üslubuna məxsus olan Tiflis şiə məscidi keçən əsrin 50-ci illərində yerlə yeksan edildikdə də, Borçalı coğrafiyasında kənd və şəhərlərimizin türk mənşəli adları heç bir əsas olmadan dəyişdirildikdə də, haqsızlıqla barışdığımıza görə yox, gec-tez Haqq divanı qurulacağına inanaraq susmuşuq.
Qobustandan Keşikçidağa qalxan izim
Azərbaycanın tarixi və etnik coğrafiyası Şumer sivilizasiyasından bu yana bəşəriyyətin yaratdığı bütün böyük mədəniyyətlərin nəinki yalnız daşıyıcısı olub, həm də onun hər birinə layiqli tarixi töhfə veribdi. Zərdüştiliyin beşiyi və Göy Tanrı inancının Vətəni olan bu coğrafiyada islama qədər istər iudaizm, istərsə xristianlıq bir mədəniyyət hadisəsi kimi qərinələr və əsrlərlə xalqımızın inanc sisteminin əsasında dayanıb. Ona görə Azərbaycanın tarixi coğrafiyası daxilində bu mədəniyyətlərin hər birinin maddi və mənəvi varlığının müxtəlif formalarda, istər mədəni-tarixi abidələr, istərsə mədəni-mənəvi dəyərlər formasında mövcudluğu və onların milli sərvət olaraq qorunub saxlanması yalnız təbii bir hadisə deyil, həm də mütləq şərtdi. Bu ulu coğrafiya özünün hər qarışında o qədim mədəniyyətlərin izlərini gah xəfif, gah da qabarıq şəkildə daşımaqdadır. Hələ Qobustan qayaüstü abidələrin antropoloji və kulturoloji mahiyyətindən, eyni zamanda onların sənət məntiqindən çıxış etsək çəkinmədən və cəsarətlə deyə bilərik ki, Qobustan qayalarında öz dövrü üçün möhtəşəm sənət şedevrləri yaradan bir xalqın varislərinin tarixin sonrakı dönəmlərində yenə sal qayalardan sənət xammalı kimi istifadə edərək yeni inanclarına uyğun sənət abidələri yaratması nəinki yalnız qanunauyğun və inandırıcı bir hadisədir, həm də həmin xalqın dünyaqavrayışının, onun yaşamının şərtidir.
Cansız və lal qayaları çaparaq onlara can verən, sənət dili ilə onları danışdıran bir xalqın dünyanı bu şəkildə dərketmə və mənimsəmə ənənəsinin zaman müstəvisində eyni bir coğrafiyanın ayrı-ayrı lokal guşələrində təzahür etməsi tamamilə obyektiv bir mədəni-sosial hadisədir. Məhz Keşikçidağ Alban Məbəd Kompleksinin bu zaman müstəvisinin başqa bir kəsiyində meydana gəlməsi də eyni xalqın həmin mədəni-sosial ənənəsinin bir təzahür formasıdır. Bu fenomenin izinin Azərbaycanın tarixi coğrafiyasından və onun etnogenezisindən kənar bir yerdə axtarılması tarixin və cəmiyyətin obyektiv inkişaf qanunlarına, sadəcə, həqarətdir.
İnteqrasiya fobiyası
Gürcü cəmiyyəti istər mədəni-sosial, istərsə siyasi-ideoloji müstəvidə başqa xalqlarla qarşılıqlı inteqrasiyadan qaçan, bu təbii prosesdən yayınan, bir qədər də dürüst desək, bu tipli inteqrasiyalara qapalı olan bir sosial orqanizmdir. Bu həqiqəti bilmək və görmək üçün Gürcüstan dövlətinin idarəetmə strukturlarında, onun seçkili orqanlarında və digər rəsmi qurumlarında, eləcə də özəl sektorlarında çalışanların etnik tərkibinə göz gəzdirmək kifayət edir. Bu strukturlar etnik baxımdan, demək olar ki, başdan-ayağa əsasən gürcü əsillilərdən təşkil olunmuş bircinsli mühitdir. Bu qapalı dairəyə yalnız Sovetlər dönəmində öz soyadını və etnik kimliyini məqsədli şəkildə dəyişmiş, başlıca olaraq Gürcüstan kökənli etnik ermənilər yol tapmaqda çətinlik çəkmirlər.
Azərbaycan türkləri, bu günümüz də daxil olmaqla, özlərinin titullu millət olduqları siyasi tarixlərinin bütün dönəmlərində onunla eyni siyasi-mədəni coğrafiyanı bölüşən etnik azlıqlarla qarşılıqlı inteqrasiyanı, demək olar ki, bütün parametrlərdə uğurla qurmağın örnək modellərini ortaya qoymuşlar. Hələ yüz il bundan öncə, ilk Cümhuriyyətimiz dönəmində biz istər ilk milli parlamentimizin, istərsə bir-birini sürətlə əvəz edən milli hökumətlərimizin simasında bu həqiqəti dünya qarşısında isbata yetirdik. Bu böyük gerçəyi görə bilmək üçün həmin qurumların etnik-milli tərkibinə nəzər salmaq bəs edir. Bu uğurun təməlində isə o həqiqət dayanır ki, biz bu arealda yaşayan cəmi etniklərlə eyni siyasi və mədəni identikliyi hər hansı inteqrasiya fobiyasına qapılmadan, tamamilə maneəsiz bölüşə bilirik. Bu mənada Azərbaycan cəmiyyəti qapalı bir sosial orqanizm deyildir. Lakin gürcü xalqı özlərinin qədimliklərindən bəlağətlə danışmağı sevsələr də, onlar indiyədək Gürcüstanda yaşayan milli azlıq və etnik qruplarla eyni siyasi identikliyi bölüşə bilmək mərhələsini keçməkdə çətinlik çəkirlər. Əks halda Okruaşvili və onun kimilər hələ dövlətin rəsmi təmsilçisi olduğu dönəmdə və hazırda Gürcüstan dövlətinin tam hüquqlu vətəndaşları olan, bütün konstitusion hüquqlara sahib və hüquq müstəvisində etnik gürcülərlə tamamilə eyni haqları bölüşən Azərbaycan türklərini öz tarixi Vətənlərindən və Dədə-Baba torpaqlarından qovmaqla hədələməyi özünün nə milli əxlaqına, nə də siyasi əxlaqına sığışdırmazdı.
Əlbəttə ki, eyni siyasi coğrafiyanı bölüşdüyün milli azlıqlar və etnik qruplarla siyasi və mədəni inteqrasiya labüd olan tarixi bir prosesdir və gec ya tez bu mərhələni gürcü cəmiyyəti də keçməyə məhkumdur.
Asif Barselli (Bayramov)