Soylu Atalı. Qaragüruh cəngəlliyi

Bir vaxtlar hərəkat xarakteri daşıyan mübarizə əməlləri indi qara-qışqırıq səviyyəsinə düşüb. O vaxt vahid bir məqsəd duyulurdu və insanlar bir idilər, bir yerdə idilər. Zaman-zaman böyük məqsədlər unuduldu, bölündü – balaca məqsədlər törədi.
Balaca məqsədlər uğrunda döyüş – mübarizənin xislətini tamamilə dəyişdi, mübarizə adiləşdi.
Böyük məqsədə aparan şəxsiyyət yaranmadı, ayrı-ayrı şəxslər siyasətin aləti kimi kütlə psixologiyasına uyğun addımlar atmağa başladılar. İctimai-siyasi gedişlər qaragüruh səviyyəsində həyata daxil oldu.

İntellektual səviyyə çox tez tükəndi. Ayrı-ayrı ziyalılıq imkanı olanlar fikir məclisləri yaratmaq əvəzinə, ideya insan­larına çevrilmək əvəzinə, qaragüruhla birləşdilər – qaragüruha çevrildilər. Elmi diskussiya əvəzinə, söyüş çığırtıları, intellektual aparıcılıq əvəzinə, xoruz banları, boşboğazlıq, mənəmlik hayqırtıları, sayğısızlıq, qəbahət seriyaları ictimai-siyasi mühiti üfunətlə doldurdu.

Qaragüruh mühitində heç kim fikir demir, ona görə heç kim də dinləmir. Amma dəbdəbəli toplantılar, tədbirlər sıraya düzülür.

Qaragüruh fikrə, fikirçiliyə yaddır. Qaragüruhu əsl fikir hürküdür, qeyzləndirir. Nə deyirsən de, əsl söz demə. Qaragüruh əslliyə uyğunlaşa bilmir, bu səbəbdən də keçilməz cəngəlliyə çevrilir. Oturub düşünən yoxdur, narahat olan yoxdur; hamısı söyüş meydanına tələsir.

Özünü qəbahət selində çox güclü sanır qaragüruh. Özünü həqarətdə daha yaxşı ifadə edə bilir.

Qaragüruhda yoldan azmış sağlam toxum aradım. Yenə arayacam.

Boğulanlara saf hava gərək, sağlam ünsiyyət gərək!

Böyük idealları balaca səviyyələr inhisara alanda Qaragüruh yaranır.

Böyük ideallar balaca səviyyələrin nümayişinə, balacalığın təsdiqinə, mənəmlik vasitəsinə çevriləndə Qaragüruh yaranır.

Böyük ideallar aqibətə çevrilməyəndə, onun kölgəsində qruplaşmalar mövcud olanda Qaragüruh yaranır.

Balaca səviyyələr xalqla böyük ideallar arasında əla­qələndirici rolu oynayanda Qaragüruh yaranır.

Qaragüruh mühitində xalq böyük idealları tanıya bilmir, dərk eləyə bilmir, böyük ideallara qovuşa bilmir. Qaragüruh mühiti böyük idealları xalqın gözündən salır. Xalq yüksələ bilmir, qaragüruh mühitində ilişib qalır. Böyüyə bilməyən, arta bilməyən xalq üçün böyük ideallar əlçatmaz olur, böyük ideallara qovuşmağın mümkünlüyü cəfəng görünür. Böyük ideallar mifləşir, nağıllaşır, tarixləşir (gerçək həyatdan çəkilir, təsirsiz­ləşir), hətta yalanlaşır.

Böyük ideallar balaca səviyyələrin yanaşmasında, tələbin­də canlı həyatı tərk edir. Nəticə etibarilə həyata nisbi ideallar gətirilir. Nisbi ideallar balaca səviyyələr üçün əlçatmaz, ünyet­məz olmur, balaca səviyyələrin istəklərinə uyğun olur, balaca səviyyələrə gərək olur. Balaca səviyyələr özlərinin mövcudlu­ğunu qorumaq üçün nisbi ideallardan özlərinə büt yaradırlar. Bütləri ilə özlərinin doğmalığını uydurur və nümayiş etdirirlər.

Qaragüruh özünün bəsit bütünə həqiqi münasibət görən kimi qaraqışqırıqla müqavimət göstərir, həşir salır. Özünün bəsit bütünü həqiqi qiymətdən qoruyur. Çünki bütünün əsl səviyyəsi bəlli olanda özünün heçliyi bilinir, yoxluğu, gərəksizliyi aydınlaşır.

Zahirən Qaragüruh çox həşəmətli görünür, qətiyyətli görünür. Bu zahiri həşəməti, qətiyyəti göstərən quraşdırma say həşiridir. Say həşiri bütün hallarda xəlqi keyfiyyətlərin yaran­masına ziyan vurur.

Xəlqi keyfiyyətlər fərdi ucalıqdan başlayır. Fərdi ucalığı yetirmək və qorumaq – əslində xəlqi keyfiyyəti yaratmaq demək­dir.

Fərdi uydurmaqdan və endirməkdən qoruyanda xəlqi keyfiyyətlərin dəyər siqləti bərpa olunur. Başqa sözlə, fərd böyük ideallara qovuşanda mifə, bütə deyil, xəlqi yönə çevrilir.

Çox vaxt «İnsanı bütləşdirmək olmaz» deyərək fərdi qüdrəti vururlar. Və guya zəka nümayiş etdirərək, kütləvilik avamlığını aradan qaldırmağa xidmət edirlər. Əslində xalqın yönünü vururlar. Bu səbəbdən də nə Qaragüruhun nisbi ideal quraşdırmasına, balacalardan büt yaratmasına yol vermək olmaz, nə də qısqanc intelligentlərin uca fərdlərə daş atmasına imkan vermək olmaz.

Əsllər həqiqətə yiyəlik eləməsə, qeyri-əsllər gedişatı naqislik tələsinə salacaqlar.

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv