Xalq cəbhəsi-30! Xalq cəbhəsinin başına gətirilənlər

1988-ci ildə Azərbaycanda dünyaya səs salan bir hərəkat yarandı – xalqımızın aşıb-daşan özgürlük enerjisini özündə yansıdan azman Xalq hərəkatı! O Hərəkata görə Azərbaycan xalqı “İlin xalqı” adlandırıldı. Böyük, güclü Xalq hərəkatından doğal olaraq böyük, güclü Xalq cəbhəsi doğuldu. Ortada olan Proqram amaclarına görə, Xalq cəbhəsi öz sırasında Bağımsız, Demokratik, Güclü Azərbaycan doğurmalı idi, ancaq, doğurmadı. Nədən?AXC-nin qurucularından, uzun illər onu qoruyub yaşadanlardan biri olaraq, detallara varmadan başlıca nədənləri göstərəcəm.
“Klassik Xalq cəbhəsi partiyasının sədri” adını daşıyan Mirmahmud Mirəlioğlu bugünlərdə – 30 illik qabağı!- “Reytinq. az”da yayılan söyləşməsində bildirir: “Azərbaycanda 30 ildir ki, hakimiyətin də, müxalifətin də planı yoxdur”. <…> “1993-dən bəri Azərbaycanda faydalı iş əmsalı sıfırdır. Biz heç bir siyasi şərait yarada bilmirik, əksinə, siyasi şəraitin yesiriyik”. Özünü “səmimi siyasətçi” adlandıran Mirəlioğlu, görünür, “səmimilik” göstricisi olsun deyə aradan az keçmiş Elçibəyin liderliyi dönəmini “boşuna keçən” 30 ildən ayırıb qabartmağa çalışır. 30 illik “faydalı iş əmsalının sıfır” olduğu yerdə hansı lider üstünlüyündən danışmaq olar?- burası bəlli deyil.
Açığını desəm, mən bu yazını Mirəlioğlunun “son 30 ildə müxalifətin planının olmaması” tezisi ilə bağlı yazası oldum (indilik hakimiyətlə işimiz yoxdur). Belə deməklə Mirəlioğlu bir partiya sədri olaraq birinci özünün heçliyini-vecsizliyini ortaya qoymuş olur. Başqa bir yandan o, politikaçı olaraq necə bilik, düzəy (səviyyə) yiyəsi olduğunu sərgiləmiş olur.
Bəlli olduğu kimi, bizim başlanğıc partiyamız olan AXC-nin çox önəmli, dəyərli Proqramı vardı. Xalq hərəkatından doğmuş AXC özü olduqca güclü politik-sosial qurum idi. Üstün, bacarıqlı liderlik, elə bir liderliklə, eləcə də ortadakı böyük sosial güclə AXC Proqramını gerçəkləşdirmək çox da çətin olmayacaqdı. Ancaq, gərəkən liderlik olmadığından AXC Proqramı bugünədək gerçəkləşməmiş qalır. Mirəlioğlu 30 illikdə bundan danışmaq yerinə, elə dəyərli, gərəkli Proqramın indiyədək nə üçün gerçəkləşdirilmədiyini açıb göstərmək yerinə, nağıl danışır. Gerçək lider, dəyərli politik 30 illik dönəmlə bağlı ortaya düzgün baxış, belə bir baxışa uyğun yorum-analiz qoyardı!
Proqram nədir?- qabaqca bundan başlayaq. “Proqram. 1.Görüləcək iş, fəaliyyət və s-nin planı; 3.Bir işin həyata keçirilməsinin ardıcıllığı, sırası, planı” (bax: Azərbaycan dilinin izahlı lüğəti. Şərq-Qərb, Bakı, 2006, III cild, səh.622-623).
AXC Proqramında üç başlıca vurğulama vardı: Azərbaycana bağımsızlıq qazandırmaq; demokratik hüquq dövləti qurmaq. SSRİ-nin dağılması ilə Proqramın birinci amacı, demək olar, öz-özünə gerçəkləşmiş oldu. Ancaq bağımsızlığın (“müstəqillik”) gerçək xarakter alması üçün güclü ekonomik bazaya söykənən Demokratik Hüquq dövləti qurmaq gərəkirdi. Bunu, sözsüz, AXC hakimiyəti edə bilərdi, özünün Proqram görəvi olaraq etməli idi. Ancaq… bir illik AXC hakimiyəti boyunca ölkədə Demokratik Hüquq dövləti qurmaq yönündə bircə addım belə atılmadı. Qabaqca Xalq cəbhəsində, sonra ondan ayrılan partiyalarda Demokratik Hüquq dövləti qurmaq yönündə işlər görülməli idi. Görülmədi, görülmür…
Biz niyə “heç bir siyasi şərait yarada bilmədik, əksinə, siyasi şəraitin yesirinə” çevrildik?
Xalq cəbhəsində intriqaların özülü (sonra parçalanmalar) AXC Ali Məclisinin birinci yığıncağında (1989, 27-28 sentyabr) qoyuldu. Başında Elçibəyin durduğu “Varlıq” qrupu (mənim də adım o qrupda idi) aktivləri AXC-nin yaradılmasında önəmli əməyi olmuş Zərdüşt Əlizadə ilə Leyla Yunusun Cəbhədən çıxarılması üçün sürəkli qaraqışqırıq qopardılar. (Fəzail Ağamalı başda olmaqla, demək olar, onların hamısı sonra Əliyevçi çıxdı).

1. 1990-cı ildə İsa Qəmbər Xalq cəbhəsinin içində özünün partiyasını – ŞADP-ni yaratdı (Şimali Azərbaycan demokrat partiyası).
2. 1991-ci ildə Etibar Məmmədov radikal qanadın böyük çoxluğunu ayırıb aparmaqla Xalq cəbhəsini çox böyük itkiyə uğratdı. Onun Cəbhə bazasında yaratdığı “Milli İstiqlal partiyası” H.Əliyevin hakimiyətə qayıdışında önəmli rol oynamaqla, Azərbaycanın bağımsızlığına (“milli istiqlal”) öldürücü zərbə vurdu.
3. 1992-ci ildə Sabir Rüstəmxanlı Cəbhə bazasında özünə (özünə!) VHP yaratdı.
4. 1992-ci ildə İ.Qəmbər daha qabağa gedərək “Müsavat” adı altında Cəbhədən çox böyük bir gücü yığıb apardı.
5. 90-ların ortalarından Əli Kərimlinin başçılığında Cəbhədə geniş “Yurd”laşdırma kampaniyası aparıldı.
6-7. 90-cı illərin sonlarında Mirmahmud Mirəlioğlu ilə Fazil Qəzənfəroğlunun başçılığında Ə.Kərimliyə qarşı böyük kampaniya başladı. Bu, birbaşa Kələkidən qaynaqlanan kampaniya idi. Mirəlioğlu qrupu Ali Məclisin, demək olar, bütün yığıncaqlarında Ə.Kərimliyə qarşı belə bir suçlama ilə çıxış edirdi: “Biz partiyanı radikallaşdırıb H.Əliyevin üzərinə getmək istəyirik, sən bunun qarşısını alırsan”. Ə.Kərimli onların suçlamasına qarşılıq olaraq belə fraza işlətmişdi: “Arxadan zərbə gözləyə-gözləyə irəli getmək çətindir”.
Arxadan zərbə özünü çox gözlətmədi; Elçibəyin ölümünün ardınnca M.Mirəlioğlu ilə F.Qəzənfəroğlu Cəbhəni parçaladı. Onda Cəbhədə çox böyük güc “elçibəyçi” saydığı Mirəlioğluna görə (bir azı da “elçibəyçi” F.Qəzənfəroğluna görə) aldanıb getdi. İki “elçibəyçi” birlikdə Klassik Xalq cəbhəsi partiyasını yaratdı. Sonra nəyisə bölə bilmədiklərindən ikinci ayrılıb hakimiyətyönlü “Böyük qurtuluş partiyasını” yaratdı. Deputat mandatlı partiya.
AXCP-də hakimiyətə qarşı radikallaşma qışqırıqları qoparan Mirəlioğlu elə bu qışqırıqlarla çoxlu sayda adamı tovlayıb özüylə apara bildi. Mirəlioğlu özü Cəbhəni parçalayıb sədrlik vüsalına (özünün sözüdür) qovuşanadək radikallıq qışqırıqlarında bulundu. Sonra da aldadıb apardığı adamları bütünlükdə müxalifət partiyalarının Antariktida materikinə çevirdi- sözsüz, hakimiyətlə gizli ilişkilərdə bulunmaqla.
8. 2002-ci ildə H.Əliyev ayrıca görüşüb danışmaqla, Xalq cəbhəsini Qüdrət Həsənquliyevin əlilə bir daha parçaladı. (Adamları satın almaq üçün Qüdrətə çoxlu pul verilmişdi). Rejim Qüdrətdən ötrü “Bütöv Azərbaycan Xalq cəbhəsi” kimi gurultulu, çəkici bir proje cızmışdı. Üstündə də deputat mandatı.
9. Sonra hakimiyət Cəbhəni qatı “elçibəyçi” Fərəc Quliyevin əlilə parçaladı. Fərəcə “Milli dövlətçilik partiyası” ərməğan edildi. Üstünə deputat mandatı qoymaqla.
10. Rejim Cəbhəyə daha bir zərbə vurmaq üçün Asim Mollazadəni yanına çəkib “Demokratik islahatlar partiyası” ilə ödülləndirdi. Mandatla birgə.
11. AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli partiyada çox sevilən birisiydi. Rejim ideoloqları onu ələ almaqla sevilənlə sevənlərdən hakimiyətyönlü parlaq bir “Aydınlar partiyası” düzəltməyi planlamışdı. Cəbhədən yeni qopmalar oldu, ancaq… ortaya daha bir yalançı, yedəkliyə də yaramayan “partiya” çıxdı.
12. Hələlik ən sonuncusu – atom yarağı üzrə uzman Razi Nurullayev birbaşa görkəmli Azərbaycansevər Ramiz Mehdiyevin projesi idi- parçalayıb apardığı “Xalq cəbhəsi partiyası” adı ilə birgə…
Proqram? Proqram yazılandan azacıq sonra yerli-dibli unudulduğu üçün az qala 30 il “müxalifət lideri” adını daşıyan birisi 30 ildən bəri müxalifətin proqramı (planı) olmadığını bildirir. Belədirsə, demək, 30 il “müxalifət lideri” adına aldatma, yalan, ən başlıcası, parazitlik olub! Bəlli olduğu kimi, proqramsız-plansız partiya olmur. Görəsən, Klassik Xalq cəbhəsi partiyasının proqramı-planı varmı? Varsa, partiyanın çoxillik sədri Mirəlioğölu onu niyə bilmir?
Proqram demək ardıcıl olaraq qızğın, gərgin iş, çalışma deməkdir. İstənilən partiyanın zombiləşdirilmiş, amorf, apolitik, keyləşdirilmiş kütləyə çevrildiyi yerdə hansısa proqramdan-plandan danışmağa dəyməz! İstənilən toplumda, istənilən ölkədə istənilən proqramı (planı) gerçəkləşdirmək üçün qondarma-yapma deyil, gerçək LİDER gərəkir!
Lider politik-ideoloji çarpışmaların başında durana deyilir. İllərlə başda oturub partiya yoldaşlarına kələk gələn, dolandırıcılıqla gün keçirən, baş girləyən lider sayılmır- elələrinin adı başqadlr…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv