Soylu Atalı. Xalqının durumundan əzab çəkən bağımsızlığımız

 İllər öncə “Bağımsızlığından əziyyət çəkən xalq” yazısı yazmış­dım. Bağımsız elan olunduq, ancaq sevinə bilmədik. Çünkü həyat, məişət, quruluş, nizam, milli yön, heç biri yerində olmadı. Üstəlik dışasılılıq bir neçə yönə bağlandı. Sanki bağımsız olmağımıza görə kimlərəsə borclu qaldıq, başqa sözlə, Uluslararası güclərə “vergi” verməyə başladıq. Ölkənin enerji olanaqları su qiymətinə satışa qoyuldu. “Suyun qiyməti”ni isə iç talançılarımız mənimsədi. Suve­ren dövlətin asılı iqtisadiyyatı yarandı. Bununla da xalqın həyatı asılılığa bağlandı. Asılılığa bağlanmalarımız qələbə kimi bayram olundu (“əsrin müqa­viləsi”ni ən böyük uğur kimi bayrama çevir­məyi yada salmaq yetər). Asılı iqtisadiyyatın üzərində taktik dip­lo­matiya quruldu. Böyük (böyük olanaqları) olduğumuz halda, cırtdanlara seçilmiş aqibəti yaşadıq. Milli strategiyası olmayan bağımsız dövlət – bununla xalq hara qədər gəlişə bilər ki?! Milli strategiya olsaydı, “Balanslaşdırma siyasəti”nin bugünkü sonucu gözə alınar, fəlakətlər qabaqlanardı. Hakimiyyəti qoruyan taktiki gedişlər bütövlükdə bağımsızlığı, xalqın gələcəyini qorxu altında qoyubdur. Hər kəsə içimizdə at oynatmaq olanağı verildi, təki hakimiyyətə toxunmasınlar. Batı bizim xalqımızı, özgürlük, de­mok­ratik hüquqlar qışqırda-qışqırda dağınıqlığa sürüdü; “mədəni bağlantılar, dostluq bağlantıları, bilimsəl konfranslar adı altında İran toplumumuzun bəlli kəsimini mollaların ixtiyarına bağla­dı; Rusiya açıq şəkildə xalqımızı vətənsizləşdirdi. Bir xalq olaraq, zorakılığın hər bir üslubuna uğradıq. İçəridə güvəncimiz qalma­dığına görə, qruplar şəklində dışarıda güvənc qaynaqları axtar­mağımız, bağımsızlığımızı qorxularla üz-üzə gətirib. Hakimiyyətin yadlığı, yağı­lı­ğı xalqı elə acınacaqlı, dağınıq hala salıb, indi özü çaşbaş durumda­dır. Hər yandan basqı görür, hədələnir. Rusi­yanın ölkəmizdə çevriliş hədələri onun imperiyaçılıq niyyət­lərinin görsənişidir, bu, üzdə açıq görünür. Ancaq Rusiyanın bu hədələri Azərbaycanın bağımsız varlıq olmasından qıcıqlanması ilə sınır­lanmır. Həm də, Batının bölgəni ələ keçirməsindən yana keçirdiyi rahatsızlığın ifadəsidir. Ancaq Batı üzdə özgürlük carçısı kimi gö­rü­nür. Halbuki ATƏT-in Minsk Qrupunun bölgəni bölüşdürmək, mənimsəmək üçün yaradılmış bir qurum olduğu, ötən illərin əməllərində, siyasal kanıtını çoxdan tapıbdır. Bizim üçün Batı Rusiyadan az qorxulu deyil. Baxın, Misirdə, İraqda, başqa ərəb ölkələrində bu çağa kimi diktatorların arxasında duran batı deyildimi?! Sonradan, vətəndaş savaşları ilə, onları devirən yenə Batı deyildimi?! Burada bizim el məsəli yerinə düşür:-“ilanın ağına da, qarasına da…”. Onların sadəcə görsənişdə fərqləri var – Rusiya həmişə açıq zor kimi görsənib, Batı isə yalançı özgürlük carçısı kimi. Hər ikisinin bizə (bütövlükdə Türk Dünyasına) müna­sibəti qorxulu­dur. Baxın, Fransanın, İngiltərənin, ABŞ-ın zaman-zaman tutduqları mövqeyə. Deyirlər Rusiyanın addımları, bəya­natları dünyaya açıq meydan oxumaqdır. Bəyəm Batı dünyaya azan oxuyur?! Batı dünya­ya meydan oxumur, dünyanı meydansız qoyur.

Rusiya hər gün ermənini silahlandırır, özü də Minsk Qrupunun aparıcılarından biridir. Bəs o biri aparıcılar neyləyirlər?! –  Deyir­lər, Azərbay­­can barış variantları haqqında düşünməlidir. Yəni erməninin silahlandırılmasına illərlə göz yummaq, Azər­baycanı isə “barışa” çağırmaq – Qarabağı, gerçək olaraq, Azər­baycan­sızlaşdırmaq demək­­dir. Söz yox, Azərbaycan da silahlanıb, ordusunu mo­dern­ləş­dirməyə meyil edib. Ancaq bir var dövlət­çiliyi qoru­maq, bir də var zəbtçiliyi qorumaq. Burada Azərbay­cana qarşı erməni zəbtçiliyi qorunur. Rusiya Azərbay­cana SSRİ-nin gözüylə baxır, onun bağımsız­lığı ilə barışa bilmir. Nə Rusiya­nın, nə də Batının Azərbaycana qarşı münasi­bəti onun hakimiy­yətinə qarşı münasibəti deyil, Azərbaycan dövlətinə, dövlət­çi­li­yi­nə qarşı münasibətdir. Bütün bu deyilən­lərin fonunda Azərbay­canın siyasal müxalifəti, nə yazıqlar, cılız istəklərlə uğraşır. İllərlə Batıya yan alan müxalifət bir şeyi ciddi araşdırmır. Batı, SSRİ-nin dayaqlarını yıxmaq üçün, 90-cı illərdə bəlli qüvvələri millətçilik bay­rağı altında ayağa qaldırmışdı. Sonrakı aşamada milli şüarlarla hakimiyyətə gələn qüvvələr Batıya gərək olmayacaqdı. Həmin qüvvələr Batı üçün “birdəfəlik” (odnarazovıy) qüvvə olduqla­rını dərk eləmədilər, millətçilikdən əl çəkib Batının demokratiyası uğrun­da döyüşə başladılar. Nə yazıqlar, Milli strategiya hazırlayıb Birlik yaratmaq haqqında düşünmədilər. Millilik çağıran (yaradan yox) qüvvələr Batının onları biryolluq qıraqda saxlayacaqlarını dərk etsəydilər, Azərbaycan da indiki duruma düşməzdi.

Bu gün Azərbaycan Qarabağla bağlı heç barış yolu da tələb edə bilməyəcək. Birincisi, Azərbaycan üçün barış adlanan məntiq yoxdur, savaşla əldən gedən torpaq barış yolu ilə necə qayıda bilər?! Barış Qarabağın ya hamısını, ya da ən yaxşı halda, bir parçasını vermək deməkdir. İkincisi, Rusiya onsuz da hər şeyə yeni adlar qoyur, bəhanələr axtarır. Azərbaycan iqtidarı Balans­laş­­dırma oyunu oyna­yan­da Qarabağ uğrunda savaşsaydı, daha  az bəhanə verərdi. İndi bizimkilərin, Qarabağla bağlı, “lazım gələrsə” kimi populist çıxışları da Rusiya üçün bəhanədir. İqtidar başqa cür siyasi alverlər haqqında düşünəcək (Rusiyanı sakitləş­dirmək üçün, onun kadrı, Ramiz Meydiyevə yeni olanaqlar da yarada bilər, bunun əlamətləri görünür də). Ancaq Azərbaycan haqqında düşünməyəcək, düşünə bilməyə­cək. Ümid isə satıl­mayan, sağlam milli bireylərin ortaya çıxmasına qalıb.

 Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv