Soylu Atalı. Borçalı – türklüyün yıxıldığı nöqtələrdən biri

Günaydın, sayğılı qandaşlarımız!
Bu gün dünyada yaşanan sürəclər imperialist güclərin çıxarlarına uyğun gerçəkləşdiyi üçün hər hansı dövlətdən yardım ummaq, ədalətsizliyə basqı göstərməsini gözləmək yersizdir. Ona görə yalnız öz qanımızdan olan türk toplumlarına üz tutmaq zorunda qalırıq. Sovetlər dağılandan sonra ən çox yiyəsiz qalan, yada düşməyən kiçik toplumlardan biri də Borçalı türkləri oldu. Gürcüstan kimi zəif, iqtisadi olanaqları yetərsiz olan bir dövlət Sovetlər dağılan andan öz milli sorunları ilə uğraşdı. Buna baxmayaraq, Borçalı türkləri Gürcüstan dövlətinə, mədəniyyətinə inteqrasiya eləmək üçün çox çabalar göstərdi. Bu çabalar ayrı-ayrı soydaşlarımızın iş yeri tapması, ayrı-ayrı rəsmi görəvlərdə yer alması açısından, az da olsa, sonuc verdi. Ancaq bütövlükdə Borçalı türklərinin gələcəyini qarantiya edəcək strategiya yoxdur. O üzdən zaman-zaman Borçalı türklərinin, Borçalını boşaldaraq, başqa-başqa ölkələrə üz tutması qaçınılmaz görünür. Bu sürəcin başında duran problemlərdən biri soydaşlarımızın mülkiyyətdən məhrum edilmələri, yəni torpaq islahatlarının düzgün aparılmamasıdır. Eləcə də milli oxulların getdikcə bağlanmaq, insanlarımızın öz dilində oxumaq, yazmaq olanaqlarını itirmək qorxusudur. Kadr çatışmazlığı, dərsliklərin azalması 19-cu yüzildə yaşanan sorunların yenidən yaşanmasına gətirib çıxara bilər. Bu gün oxullarda yalnız yaşlı öyrətmənlər qalıb. Onlara da aldıqları aylığın bir neçə mislini biryolluq ödəməklə oxullardan getmələri önərilir. Bu sürəc İranda Güney Azərbaycan türklərinin yaşadıqları taleyə bənzəyir. Borçalı türklərinin öz ata-baba torpaqlarında yaşamaq ümidləri davamlı olaraq sarsıdılır. Ancaq heç kim bunları nə görür, nə də bir sorumluluq daşıyır.

Ümidləri sarsıdan başlıca əməllərdən biri də soydaşlarımızın yaşadıqları bölgələrdə yer adlarının – toponimlərin dəyişdirilməsi oldu (bu məsələ ilə bağlı yetərincə yazmışıq, danışmışıq, onları yenidən təkrarlamağı gərək bilmirik). Belə getsə, insanlar öz doğduqlarına milli adlar qoymaqda da çətinliklə üzləşəcəklər (eynən Güney Azərbaycanda olduğu kimi). İnsanların qutsal saydıqları yerlərə borulardan qaynaqlanıb hazırlanmış xaçlar basdırılır, soydaşlarımızı bir arada tuta biləcək hər cür mədəniyyət, ruhaniyyat örnəkləri kölgələndirilib dəyərsizləşdirilir. Bir sözlə, milli-etnik gəlişmələrə üzdə, gizlində əngəllər yaradılır.

Borçalı türklərinin milli-kimlik şüurlarının çökdürülməsi yönündə gedən sürəclərin biri də, İranmeyilli, ərəbmeyilli qüvvələrin bölgələrimizdə yetərincə aktivləşmələridir. Bir yandan İran şiəliyinin, başqa bir yandan sələfilik – vəhhabilik təriqətinin (biz bunun adına ingilis dini deyirik) genişlənməsi ilə gələcəkdə soydaşlarımıza qaçqınlıq, köçkünlük taleyi yetirilir. Başqa sözlə, soydaşlarımızı terrorçu qruplaşmalar yaratmaqda suçlayaraq, sıxışdırmaq, hətta qovmaq üçün siyasi hakimiyyətə səbəblər hazırlanır. Bu gün bu faciələri dərk edib önləyici tədbirlər görmək sıradan vətəndaşların işi deyil, dövlət səviyyəsində düşünülməli bir işdir. Biz türk olaraq, hər şeyə həmişə hazırlıqsız yaxalanırıq. Hər zaman iş-işdən keçəndən sonra çabalar göstərmək istəyirik. O zaman çaba göstərmək isə gec olur.

İndi üzümüzü Azərbaycan dövlətinə, Türkiyə dövlətinə, Orta Asiya türk dövlətlərinə tutub deyirik: Əgər Türk Birliyini istəyiriksə, əgər Türk dövlətlərinin gələcəkli olmasını istəyiriksə, ayrı-ayrı parçalarımızın sorunlarını gözardı etməməliyik. Borçalı türklərinin yaşayacaqları fəlakətlər gələcəkdə Türk Birliyini əngəlləyən soruna çevriləcəkdir. Borçalıya diqqət ayırmaq, qayğı göstərmək – bütün Türk dövlətlərinin milli strategiyalarında özəl yer tutmalıdır. Ən azı kadr çatışmazlığını aradan qaldırmaq, milli oxulların bağlanmasının qarşısını almaq, ilk görəvlərdən birinə çevrilməlidir.

Biz, Borçalı Türkləri, Türk toplumlarını Gürcüstan dövlətinə düşmən münasibət sərgiləməyə çağırmırıq, anlaşma yoluyla sorunların çözülməsinə yardım etməyə çağırıırq. Hələ gec deyil.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

19 Yağış Ayı, 41-ci il.

(19.11.2019.)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv