Azərbaycan – doğal resurslarına görə dünyanın ən varlı ölkələrindən biri. Azərbaycan -faktiki görsənişlərinə görə dünyanın ən yoxsul ölkələrindən biri. Bu yoxsulluq birbaşa olaraq istər hakimiyyət başında duranların, istərsə də uzun illərdən bəri müxalifət lideri olaraq tanınan bir qrup adamın yoxsulluğuna bağlıdır – ideya mənəvi yoxsulluğuna. Birincilərlə ikinciləri bir-birindən faktik olaraq iki anlayış ayırır: müxalifət, hakimiyyət anlayışları. Yaşayış prinsipləri də, ideya-mənəvi baza da, göründüyü kimi, ən başlıcası, seçki öncəsi baş verənlərdən bəlli olduğu kimi, seçilən-ayrılan deyil. Bir sıra qəzetlərdə indi faktik görsənişlərə uyğun olaraq Azərbaycan “fahişələr ölkəsi” adlandırılır. Rusiya imperiyasının 200 ildə edə bilmədiyini əliyevçi klan imperiyası son 10 ildə etdi: onlar Azərbaycanı “fahişələr ölkəsi”nə çevirdilər. Doğrudanmı biz buna görə, ölkəni bu yerə gətirib çıxaran nədənlərə görə, yalnız hakimiyyəti qınamalıyıq? Məncə, yox. Düşmənin etdiyi düşmənçiliyə görə onu qınamazlar- bu baxımdan yox deyirəm…
Müxalifət 15 oktyabr seçkisini uduzmaqla xalqa düşmən rejimə ən azı, hələ bir beş il də qalmaq, var olmaq şansı qazandırdı. De yure belə oldu. De fakto, bu, xalqın, ölkənin milli-demokratik hakimiyyət şansının itirilməyi, bu şansın antimilli hakimiyyətə ötürülməyi deməkdir.
Bununla da on illik bir dönəm uğursuzluqla başa çatdı. Azərbaycan müxalifəti on illik bir dönəmi bununla da uğursuzluqla başa vurdu. Bu on ildə biz çoxlu hərəkat yoldaşımızı itirdik. Çoxu da ürəyindən getdi. Onlar hərəkata Azərbaycanı sağlam, işıqlı gələcəyə qovuşdurmaq üçün qatılmışdılar. Onlar Azərbaycanı olduğundan qat-qat artıq bir qaranlıq içində görüb getdilər!
Biz 15 oktyabrda onların borcundan çıxmalıydıq. Bacarmadıq. Mən indi öndə olan liderlər arasında özünü onlara-xalqa borclu sayanı görmürəm. Görürsünüzsə, göstərin…
İndi biz ötüb keçən on ili dəyərləndirməliyik: araşdırmalar, analizlər yoluyla. Yalnız bundan sonra müxalifət gələcək planlardan danışa bilər. Olub keçənlərə doğru-düzgün obyektiv baxış olmayacaqsa, gələcək də olmayacaq. Olub keçənlərlə bağlı geniş, doğru-düzgün analizlər, o analizlərə uyğun dəyərləndirmələr olmayacaqsa, gələcək uğurlu planlardan, uğurlu çalışmalardan, uğurlu işlərdən danışmağa dəyməz.
Hələliksə doğru-düzgün analizlər baş tutmur. Doğru-düzgün analizləri, o analizlərə uyğun dəyərləndirmələri istəməyənlər hələlik güclüdürlər – buna görə. Hələ topluma (elliyə) dustaqlıqdan, özlərinə görə, direktiv göstəriş göndərənlər də var: “müzakirə açılmamalıdır, bütün gücümüzü hakimiyyətlə çarpışmaya yönəltməliyik”. Özlüyündə ağıllı ideyadır, ancaq indi belə yazan adam aylarla, illərlə əlindəki qəzetdən müxalifəti parçalamaq, müxalifət liderlərini şantaj etmə faktoruna çevirişdirsə, onda necə olsun? Aylarla, illərlə yazılanlar qalır, axı. 15-16 oktyabrda baş verənlər, o böyük uğursuzluğun kökü, nədəni bütöv bir qəzetin illərlə sürdürdüyü intriqa-parçalama ideologiyasındadır. Onlar “müzakirədən” bu sayaq faktlara görə qorxurlar. Onların hakimiyyətə yönəlik deklarativ savaşlarının arxasında daha böyük, daha qorxulu bir savaş gizlənirdi; müxalifətlə savaş, müxalifəti qurd kimi içindən yeyib-dağıdan bir savaş!
Getdikcə belə deyənlərin də sayı çoxalmaqdadır: “Azərbaycan müxalifəti öz səhvlərini müzakirə etməlidir”. Deyirlər, ancaq müzakirə çağında susurlar. Gördüyümü deyirəm. Susub “şefin” ağzına, üzünə baxırlar: görsünlər “şef” nə deyir, nə istəyir? Necə danışsalar “şefin” ürəyincə olar. Belə “müzakirələr”, uzaqbaşı, “şefin” özünə gərək olan müzakirələrdir: bir daha görsün dikbaş kimdir, sözə-baxan kim. Mən belə bir “müzakirə” yerindən üzümü döndərib getdim…
“Müzakirə eləyək, ancaq ad çəkməyək”, belə bir prinsiplə müzakirə olursa onun olmamağı yeydir. Çoxları da dirəniş göstərilən yerdə, bərk ayaqda belə, “müzakirə” istəyirlər – iş bundadır.
Bizə gerçək, açıq, doğru-düzgün müzakirə gərəkdir, gerçəkləri gizlətməyə yönəlmiş yalançı müzakirə yox.
Çernobıl faciəsi
Arada düşüncəmə dinclik verməkdən ötrü yazıdan aralandım. Əlim dinc durmadı, kitab şkafından “Novıy Mir” jurnalının 1989-cu il saylarından birini götürüb baxmağa başladım. Jurnaldakı birinci yazı, bu yazıya tanınmış rus yazıçısı G.Markovun yazdığı ön söz məni başlanğıdaca tutdu. Bu, atomçu-uzman Qriqori Medvedyevin “Çernobıl dəftəri” yazısıdır. Yaziya Georgi Markovla Andrey Saxarov, hərəsi ayrı-ayrılıqda, çox yığcam, ancaq çox dolğun ön söz yazıb. Bu ön sözləri oxuyanda elə bil mən çoxdan axtardığımı, çoxdan mənə dinclik verməyən nəsnəni tapdım. Çernobıl qəzası bizim yaşlı yurddaşlarımıza yaxşı tanışdır. Azərbaycanda hələ də Çernobıl qəzasının ağrı-acısını yaşayanlar var. 1993-cü il iyunun 15-i ilə 2003-cü il oktyabrın 15-də baş verənləri Azərbaycan üçün ayrıca olaraq Çernobıl qəzası saymaq olar: sosial-siyasi, ekonomik-ekoloji, mənəvi-psixoloji baxımdan Çernobıl qəzası. Burada bircə örnək gətirmək istəyirəm. Bizim kəndimiz Saqatlının ən ucqar kəndlərindən biridir. 1993-cü ilin yayınadək, qabaqlar deyildiyi sayaq rayonun bütün kəndləri kimi bizim kəndimizə də boru çəkilmişdi, bütün evlərdə qaz yanırdı.
H.Əliyev hakimiyyətə gələndən az sonra qaz kəsildi. Sonra da “diribaş” adamlar 10 kilometrlərlə uzanan qaz borularını doğrayıb mənimsədilər. Yeni hakimiyyətin qurulmasıyla suyun kəsilməsinə görə qaz boruları ilə yanaşı çəkilmiş su borularını da eləcə doğrayıb satdılar-mənimsədilər. İstər baş hakimiyyətdən, istərsə də yerli hakimiyyətdən bu oğurluqları “görən olmadı”. Ölkədə xalqa düşmən bir hakimiyyət – oğru hakimiyyəti qurulmuşdu buna görə.
Bizim kəndimizdə baş verənlər bütün ölkədə baş verdi. Adamlar istilik, odun-ocaq üçün meşələrə daraşdı. Azərbaycanda beləcə ağac-meşə qırğını başladı. İndi Azərbaycanda hakimiyətə söykənən, hakimiyyətin özündən qaynaqlanan meşə mafiyası formalaşıb. On ildir qazılan meşələrlə birlikdə Azərbaycanın florasına, faunasına sağalmaz yaralar vurulur. Bütün bu yaraların arxasındasa Əliyev klanının ona milyardlarla dollar pul qazandıran “uğurlu neft-qaz strategiyası” dayanır.
Əliyevlərin strategiyası bəllidir, bəs müxalifətin strategiyası? Ökədə son on ildə təhsil, səhiyyə-sağlamlıq sisteminin planlı olaraq dağıdılması da Əliyevlərin fiziki-intellektual yararsızlıq içində özünü yaşatma strategiyasıdır, bəs müxalifətin strategiyası nədir? Rüşvət-korrupsiya, soyğunçuluq-yağmalama yoluyla ölkənin yoxsulluğa sürüklənməsi, sosial qarantiyanın olmaması, bütün bunların sonucunda Azərbaycanın qanunauyğun olaraq fahişələr ölkəsinə çevrilməsi də Əliyevlər klanının hakimiyyəti qoruyub saxlama strategiyasıdır, bəs müxalifətin, müxalifət liderlərinin strategiyası hansıdır?
Çernobıl faciəsi ilə bağlı G.Markovun yuxarıda sözü gedən ön sözündən sitatlar: “Törəmə, baş vermə nədənlərini bütünlüklə bilib öyrənmədən bəlanı-faciəni aradan qaldırmaq olmaz…Biz özümüzü, prinsiplərimizi dəyişməsək, düzələn deyil…Burada bir yol var: Çernobıl qəzasının bütün detalları geniş, incədən-incəyə araşdırılmalıdır, yoxsa, indi o qəzanın gözdən qaçırılan hər hansı detalı sonradan yeni bir faciənin nədəninə çevrilə bilər…gizlinlərin açılmağından kimlərinsə ad-sanı ləkələnərsə belə, biz baş verənlərin bütünlüklə analizinə çalışmalıyıq, bu bizim ürəyimizə yatmasa da. Söhbət balalarımızın, onların balalarının gələcəyindən gedirsə, bu bizim ürəyimizə necə yatmaya bilər?”
A.Saxarov yazır: “Çernobıl faciəsi ilə bağlı nə varsa açılıb-tökülməli, onu doğuran nədənlər, sonra baş verənlər bütünlüklə üzə çıxarılmalıdır. Gerçək nə var gizlədilməməli, hamısı deyilməlidir. Adamlarda bizim hər birimizin, eləcə də törəmələrimizin yaşamı, sağlamlığı ilə bağlı düşüncə formalaşmalı, ölkənin gələcəyi bir qrupun, ayrı-ayrı kimsələrin baxışına, marağına, şıltağına qurban verilməməlidir”. Hər iki yazı yerinə düşdü: çoxdan mənə dünclik verməyən düşüncələrim daha da alovlandı; düzgün düşündüyümə, bu yazını kəsinliklə yazmalı olduğuma bir daha inandım.