Bizim yeni tariximiz
Bizim soy-kökümüzdə dayanan, ulu babalarımız olan şumerlərlə bağlı bizdən daha çox Avropada, Amerikada araşdırmalar aparılıb, kitablar yazılıb. Tanınmış Amerika Şumerçisi S.N.Kramer kitablarından birini belə adlandırıb: “Tarix Şumerdən başlayır”. Kitabdakı bölmə adlarını yada salmaq yerinə düşər: “İlk oxullar”, “İlk ikipalatalı “parlament”, “İlk tarixçi”, “İlk əxlaq idealları”, “İlk ata sözləri-söz örnəkləri”, “Heyvanlarla bağlı ilk təmsillər”, “İlk ədəbi polemikalar”, “İlk ölüm qoşuqları”, “İlk ədəbi qavrayışlar”, “İnsanlığın ilk igidlik yüzilliyi”, “İlk sevgi qoşuqları”, “İlk kitabxana kataloqu”. Göründüyü kimi, hamısı ilk, ilk, ilk…Başlanğıc belədir, belə olmalıdır.
1989-cu il iyulun 16-da Xalq Cəbhəsinin yaranması ilə Azərbaycanda yeni tarix başlayırdı. Xalq Cəbhəsinin yaranması ilə Güney Azərbaycanda 200 illik Rusiya ortaqlığından sonra ilk milli-ulusal siyasi qurum ortaya çıxırdı. Bununla da Azərbaycanın yeni tarixinin himi qoyulur, özülü yaradılırdı. Yuxarıdakı ilkin ədəbi polemikalara uyğun olaraq burada da ilkin siyasi polemikalar başlayırdı.
İlkin yaranış çağlarındaca Xalq Cəbhəsində bir əyrilik vardı-Cəbhənin himi əyri qoyulmuşdu. Sonralar bəlli olduğu kimi, SSRİ-dəki bütün Cəbhələrin yaradılmasında “KQB” ayrıca rol oynamışdı. “KQB” generalı Oleq Kaluginin yazdığına görə, SSRİ-nin dağılmasının qarşısıalımaz sürəcə çevrildiyini görən “KQB” gücü çatdıqca bu sürəcdə yönətimçi (idarəedici) rolunu oynamaq qərarına gəlir. Buna görə də hər yerdə Cəbhə liderləri arasına “KQB” agentləri yeridilir.
Kalugin Xalq Cəbhələrinin başlanğıcı, ilkin özəkləri olaraq siyasi dərnəklər, “Alimlər klubu” yaratdıqlarından da söz açır. “Yeri gəlmişkən, sonralar partiyalar yaradılarkən “KQB” bu prinsipdən (agent-leder prinsipi. – X.B.) dönə-dönə yararlanmışdı”, – belə şok açıqlamalarla çıxış edən Kalugin arada konkret faktlar göstərməyi də unutmur. Azərbaycanda, bir çox başqa ölkələrdə olduğu kimi, “KQB” arxivləri açılsaydı, biz də çoxlu uyğun faktlarla üzləşə bilərdik. 1992-ci ilin yazında “cəbhəçi” adı altında hakimiyyətə gələn bir çoxları bizdə “KQB” arxivlərinin açılmasına yol vermədilər. Niyəsi aydındır. Bizim bugünkü bəlalarımızın, uğursuzluqlarımızın çoxu bir illik hakimiyət dönəmində “KQB” arxivlərinin açılmaması ilə bağlıdır. Bəlli sistemin şişirdib önə çıxardığı qondarma liderlər xalq üçün, ölkə üçün bütün önəmli çağlarda istər-istəməz onları yetişdirən, arxalarında dayanan sistemin sifarişini yerinə yetirməli, onun istəyinə uyğun addım atmalı olurlar. Burada ölkədəki sosial-siyasi duruma uyğun olaraq ortaya çıxan Qorxaqlıq da, Qoçaqlıq da sistemin sifarişindən gəlir…
Xalq Cəbhəsi hər yerdə olduğu kimi, Azərbaycanda da SSRİ-nin dağılmasından qabaq yarandı. Elə bu faktın özü Cəbhənin sistemə bağlı olması baxımından çox önəmlidir. Düzdür, Xalq Cəbhəsinin yaranmasında xalq hərəkatı böyük rol oynamışdı. Ancaq, daha çox sosial baza funksiyasını yerinə yetirməklə. Sistem isə özünün qurulu saata bənzər partiya-komsomol nomenklaturasını qabağa verməklə, işə qoşmaqla XC-nin yaranmasında önəmli rol oynamışdı. Bunlar başqa-başqa nəsnələrdir.
Burasını unutmamalıyıq: Rusiyanın imperiya siyasəti işləkliyini saxlayırkən, bu rejim dağılmaq üzrə olsa belə, burada düzgün, arı-duru Xalq Cəbhəsi yaratmaq olduqca çətin, mən deyərdim, baş tutmayacaq bir iş idi – “KQB” buna yol verməzdi.
Hər necə olsa Xalq Cəbhəsi 200 ildən bəri suverenliyini, bununla birlikdə özəl qurumlarını yaratmaq olanağını itirmiş bir xalqın özünə doğma saydığı sosial-siyasi qurum idi. Bu, iki yüz ildən bəri bölük-bölük, parça-parça edilmiş xalqın bütünlüklə yeni, özgür birlik forması idi. Bütün bunlara görə burada mənəvi-psixoloji atmosfer də başqa cür olmalıydı. Elə beləydi də. Ancaq, aşağılarda, bütünlüklə xalqa, onun istəklərinə, duyğularına, düşüncələrinə bağlı sosial baza birliyində.
Yuxarılarda atmosfer başqa idi. Burada sistemin yönəltdikləri – kommunist-komsomol nomenklaturasından olanlar – öz işlərini görməkdəydilər. Elə ilkin yaranış çağlarından AXC İdarə Heyəti intriqa yuvasına çevrilmişdi. Bu intriqalarda başlıca katalizator rolunu İsa Qəmbərov oynayırdı. İsa Qəmbərov-Əbülfəz Əliyev, İsa Qəmbərov-Zərdüşt Əlizadə, İsa Qəmbərov-Etibar Məmmədov: intriqaların başlıca, aparıcı sxemi beləydi. Bunun arxasınca hərənin öz yoldaşları-ardıcılları gəlirdi. Yuxarılarda başlayan intriqa-bölücülük sürəci getdikcə dərinlərə işləyir, aşağılara keçirdi. Bu yolla çaşqınlıq yaradılır, Cəbhə gücdən salınırdı. Sözsüz, Sistemin istəyi – planı da elə bu idi. (Bəlli olduğu kimi, Əbülfəz Əliyevlə Zərdüşt Əlizadə arasında daha dərin düşmənçilik vardı).
Sonralar kimlərsə o intriqa görsənişlərinə liberallarla radikalların çarpışması adını versələr də, o, faktiki olaraq özünü doğrultmayan dəyərləndirmə idi. Birincisi, yuxarıda göstərildiyi kimi, XC-nin ilkin yaranış çağlarından başlayan o intriqalar siyasi-ideoloji bazadan qaynaqlanmırdı. İkincisi, Etibar Məmmədovun “radikal”, İsa Qəmbərin “liberal” adlandırılması baxımından yanaşsaq, siyasi baxışlarına görə nə Etibar Məmmədov gerçək bir radikal idi, nə İsa Qəmbər gerçək bir liberal. Eləcə bu iki adam arasında hələ hərəkat çağlarından sonralar düşmənçiliyə çevrilən bir yarışma gedirdi – birincilik yarışması. Onlar elə ilk çağlardan Cəbhə ideyalarına arxa çevirməklə faktiki olaraq (taktiki!) öz ambisiyalarının yesirinə çevrilmişdilər…
Beş-altı adam bir yerdə Əbülfəz bəylə birgə XC-nin Xaqani küçəsindəki qərargahına girdik. Əbülfəz bəy çox acıqlı idi. Niyəsini çox soruşsaq da deməmişdi. Bunun niyəsi qərargahda bilindi. Biz içəri girəndə İsa Qəmbərov bir stolun arxasında tək oturmuşdu. Əbülfəz bəy birbaşa onun üstünə yeridi. O, çox kəskin, suçlayıcı sözlərlə danışmağa başladı. O sözlərdən yadımda qalanı bunlardır: “İsa bəy, əl çək bu intriqalardan! Dağıtma bu təşkilatı!” İ.Qəmbərov dodağının altında nəsə dedi. Əbülfəz bəy acıqlı-acıqlı səsini qaldırdı: “Mən hər şeyi bilirəm!” Bundan sonra ikincinin səsi çıxmadı. Onda…1989-cu il idi. Yanılmıramsa, 89-un noyabrı. Cəbhə vur-tut dörd ay idi yaranmışdı.
AXC İdarə Heyətinin “Azadlıq” qəzeti ilə bağlı yığıncağı keçirilirdi. Uzun çəkən üzücü, qalmaqallı bir yığıncaq. Sonda Əbülfəz bəy ayağa durub acıqla yumruğunu stola çırpdı: “İsa bəy, bəsdi bu dəyirmanı fırlatdığın!” Yenə də söhbət intriqdan, başqa cür desək, intriqa dəyirmanından gedirdi. 1990-cı il idi. Deyəsən, avqustun 6-sı.
92-ci il mayn 15-də AXC hakimiyyətə gəldi. Başında İ.Qəmbərin durduğu Müsavat partıiyası çox keçmədən hakimiyətdə ayrıca yer tutmağa başladı. Son illərdə YAP-ın apardığı yaplaşdırma kampaniyasını 92-ci ilin mayından 93-ün mayınadək İ.Qəmbərov aparırdı – hər yerdə müsavatlaşdırma gedirdi.
Qabaqca olmuş bir sıra danışıqlar pozulmuş, Etibar Məmmədova hakimiyyətdə yer verilməmiş, parlamentin buraxılacağı, “KQB” arxivlərinin açılacağı ilə bağlı seçki öncəsi xalqa verilmiş sözlər yerinə yetirilməmişdi. Bu işlərin belə alınmağında İ.Qəmbər başlıca suç yiyələrindən idi.
92-ci ilin axırlarından bütün ölkədə anticəbhə kampaniyasına girişən YAP-la Müsavatın siyasəti, demək olar, bütünlüklə üst-üstə düşürdü. 93-cü ilin başlanğıcından İ.Qəmbərə yaxın qəzetlər açıq-açığına “ikincinin birinci olmağı” çağırışı ilə piar-kampaniyaya girişmişdilər.
93-cü il “dövlətçilik ili” adlandırılmışdı. Bir yandan ölkədə savaş gedirdi, o biri yandan kommunistlər AXC hakimiyyətini gözdən-gücdən salmaq üçün hər yerdə sabotaj törədirdilər, bu biri yandan da qıraqda YAP-la AMİP, içəridə İ.Qəmbər Müsavatı AXC-ni sədri ilə birlikdə getdikcə bucağa sıxışdırırdı. O çağlar Ə.Elçibəyə yaxınlığı ilə tanınan bir qrup vardı-“Yurd” qrupu İ.Qəmbər bu qrupdan olanlardan birini çağırıb demişdi: “Mənim bayrağımın altına gəlin, gəlməsəniz, sizi əzəcəyik!” Bu da sənə liberal söhbəti!
İ.Qəmbər qruplaşması Az TV-ni də unutmamışdı. Onlar buradad da oxşar kampaniyanı aparırdılar. Bu kampaniyaya qarşı çıxanın cəzası işdən çıxarılmaq idi – mənim kimi…
Gündən-günə təklənib bucağa sıxışdırılan Elçibəy günlərin bir günü dözməyib…hakimiyyətdən getdi.
93-dən üzü bəri çoxları E.Məmmədovu Elçibəy hakimiyyətini yıxmaqda suçlayır. Bu bir faktdır, ancaq, Elçibəy hakimiyyətinin yıxılmağında İ.Qəmbər E.Məmmədovdan qat-qat artıq rol oynamışdı. E.Məmmədovun qıraqdan eləyə bilmədiklərini İ.Qəmbər içəridən eləmişdi: yuxarıda deyildiyi kimi, Elçibəy təklənmişdi. Hakimiyyəti atıb getdiyinə, bununla da Cəbhə ideallarını yerə vurduğuna görə mən onu sonadək bağışlaya bilmədim. Ancaq, baş verənləri olduğu kimi yazmağı özümə borc bilirəm.
Elçibəyin gedişindən sonra hakimiyətə İ.Qəmbər yiyələnə bilərdi. Bacarmadı. E.Məmmədov da bacarmadı. Görünür, onlarda ərdəmlik çatmadı. Onların bacarmadığını H.Əliyev bacardı. H.Əliyevi hakimiyətə İ.Qəmbərin əski-ayrılmaz dostu Pənah Hüseynov çağırmışdı. Gəldi, yiyələndi, qaldı!..
Onun qalmağı da yenə E.Məmmədovla İ.Qəmbərdən oldu. Onlar on il ayrı-ayrılıqda müxalifət liderliyini tutub durdular. Faktiki olaraq onlar on il Azərbaycanın fəxri müxalifət liderləri oldular. Fəxri müxalifət lideri olaraq onlar on il yırtıcı hakimiyyətlə deyil, bir-birilə göz-gözə qaldılar. Yırtıcı hakimiyətdən çox bir-birinə inamsızlığa, bir-birini gözügötürməzliyə görə. İnamsızlıq, gözügötürməzlik – onları bir-birinə qarşı qoyan başlıca özəlliklər bunlar idi.
Olduqca acınacaqlı faktdır: ermənilərin törətdiyi Xocalı soyqırımı da. Şuşanın itirilməyi də, Qarabağ boyda bir gözəlliyin, var-dövlətin dığa əlinə keçməyi də, bir milyon soydaşımızın isti ocağından, doğma yurd-yuvasından qovulub çöllərdə qırılmağı da, xalqa yağı hakimiyətin soyub-yağmalama, rüşvət-korrupsiya yoluyla ölkəni yoxsulluğa-yoxluğa sürükləməyi də – bütün bunlar, bütün bunlar, bütün bunlar da onları ON İLDƏ bir araya gətirib birləşdirə bilmədi! Belədə soruşulur: kimdir ən böyük düşmən – düşmən olaraq öz prinsiplərini sonadək yeridən, yoxsa,düşmənə, düşmənin elədklərinə göz yumaraq bir-birilə didişən?..
Deyəsən, çox qabağa getdim.
Onlar ikilikdə H.Əliyevi hakimiyyətə oturdandan sonra qınlarına çəkilib gözəgörünməzə çevrildilər.
94-cü il mayın 21-də, sonra da sentyabrın 10-da AXC H.Əliyevin təslimçilik siyasətinə qarşı çıxan iki mitinq keçirdi. E.Məmmədovdan yerli-dibli soraq çıxmadı. İ.Qəmbər Divanı hər iki mitinqə qatılmamaq qərarı çıxardı.
10 sentyabr mitinqində bir sürü polis zabiti şillə, yumruq, təpiklə mənim üstümə tökülüşmüşdü. Sonra məni Binəqədi izolyatoruna saldılar. Beləcə, biz H.Əliyevin antixalq rejimi ilə çarpışma aparırdıq, onu hakimiyətə gətirən keçmiş hərəkat – cəbhə yoldaşlarımız özlərinin geniş, gözəl partiya kabinetlərində şellənir, yağlanıb-buğlanırdılar. H.Əliyevə belə yararlıydı: onlar on il geniş, gözəl partiya kabinetlərində yayxanıb-şellənəcək, yağlanıb-buğlanacaqdılar. Çağı çatanda Etibar Məmmədov da ordan Qarabağ qaçqınları kimi çıxarılıb qovulacaqdı, İ.Qəmbər də…
Onlar 95-ci ilin parlament seçkisində də birləşib birgə çıxış eləyə bilərdilər, 98-ci ilin prezident seçkisində də. 2000-ci ilin parlament seçkisində də. Eləcə də demokratiyanın, demokratik dəyişikliklərin başlanğıcı olan bələdiyə seçkilərində.
2000-ci ilin parlament seçkisini uduzan İ.Qəmbər, özünün bildirdiyinə görə, 65 % səs topladığı seçki çarpışmasında sonadək getməmiş, çarpışmadan yayınaraq demişdi: “Bizdən ötrü parlament seçkisi elə də önəmli deyil, biz hazırlaşıb prezident seçkisini udacağıq”. 90-cı ildən üzü bəri bütün seçkiləri uduzan İ.Qəmbər hər seçkidən sonra buna bənzər sözlər demiş, deyilən hazırlıq olmadığından, ya da nədənsə hər gələn seçkini uduzmuşdu. Bir liderin bir partiyanı, bir xalqı bir belə aldatması faktı tarixdə görünməyib! O partiyanın, bu xalqın İ.Qəmbərlə bağlı daha bir aldanışı qabaqdadır – gələn seçkidə!..
Dünyanın uslu – ağıllı kimsələrindən birinin sözüdür: hər kim məni birinci yol aldatsa Allah ona lənət eləsin, ikinci yol mən aldansam, Allah mənə lənət eləsin! Bizim xalq aldanmağa öyrəncəlidir…
2003-cü il prezident seçkis ili. Müxalifətin iki böyük birliyi yaranmışdı. Bunlardan biri başında E.Məmmədovun durduğu AXCP-AMİP koalisiyası idi. O birini, özünün bildirdiyinə görə, 30 partiyanı birləşdirməklə İ.Qəmbər yaratmışdı. Oktyabrın 8-də E.Məmmədovla İ.Qəmbər arasında bağlaşma bağlanmış, bu bağlaşma müxalifətin hakimiyətə gəlmə şansını qat-qat artırmaqla xalqda böyük ümidlər doğurmuşdu. Ancaq İ.Qəmbərin 8-dən 9-na keçən gecə E.Məmmədovla bağlaşmanı pozub ABŞ-da yaşayan R.Quliyevlə bağlaşması durumu dəyişmiş, dəyişiklik ümidlərini, demək olar, alt-üst eləmişdi. İ.Qəmbərin Koalisiya ilə bağlaşmanı pozması sorağı gecəylə bütün ölkəyə yayılmışdı. Bu üzdən oktyabrın 9-u saat 10-da mən iş yerinə çatanda “Azadlıq”ın (eləcə də AXCP-nin) yerləşdiyi binanın qarşısı da, içərisi də adamla dolu idi. Bir çoxları gecəylə rayonlardan tökülüşüb gəlmişdilər. Onlar bizə az qala yalvarırdılar: “Çalışın, nə bilirsiz eləyin, birlik pozulmasın!” Gərəkən yerdə güzəştə getmək böyük qanacaqdır, belə qanacağı olmayanlarla neyləmək olar?!
AXCP Rəyasət Heyətinin o gün saat 11-də başlayan yığıncagı, demək olar, gecə 11-ədək sürdü. Gecə keçir, adamlar dağılışmaq bilmirdilər. Hamı evə sevindirici soraqla dönmək istəyirdi…
Qondarma liderlər, xarakterik özəlliklər:
Ambisiyaları böyük, özləri qorxaq.
Döyüş-çarpışma taktikaları:
Birinci- populist çıxışlarla eyforiya yaratmaq, sonda, dar ayaqda kimsəyə sezdirmədən sivişib aradan çıxmaq, gözəgörünməzə çevrilmək;
İkinci- az danışıb ağıllı görünməklə ağılları azdırmaq, sonda ağılsız-uğursuz seçimlərilə seçilmək.