Soylu Atalı. Türk Birliyinin qaçılmazlığı

Bu gün dünyada gedən oyunlar yeni siyasi düzənin ortaya çıxacağından soraq verir. Sovetlər dağılandan sonra pozulmuş ağalıq balansı başqa biçim almaqdadır. Batı özbaşınalıq gedişləri ilə hər yeri qarşıdırdı. Dünyanın ortasında – enerji ilə zəngin olan Doğu ölkələrində istədiyi quruluşu yaratmaq, özünə qulluq göstərəcək satılmışları yönətim (idarəetmə) sisteminin başına gətirmək onun çalışmalarının yönünə çevrildi. Ancaq Sovet-rus imperiyasının ixtiyarında olan bütün Avropa, Asiya ölkələrini öz etkisi altına keçirdisə də, hələ bir çox məsələləri öz xeyrinə çözə bilmədi. Bütünlüklə çözə bilməsi olası iş də deyil. Çünkü Batının xeyrinə çözülən məsələlər başqalarının içini əyən məsələlərdir. Bu da təbiidir. Böyük güclər siyasi sınırlarını genişləndirmək üçün öncə sorunlar yaradır, sonra bu sorunları öz xeyirlərinə doğru çözürlər. Baxın, rus-sovet basqısından çıxmaq istəyən ölkələr bağımsızlıq, özgürlük qazanmaq üçün Batının quruluş xarakterini, ideoloji yönətim qurallarını bütünlüklə mənimsəyib özlərini onun ixtiyarına verdilər. Bununla da ayrı-ayrı ölkələr (yerləşdiyi bölgənin dünya gücləri üçün önəminə görə) parçalanmağa uğradılar. Məsələn, Azərbaycanın Qarabağı, Gürcüstanın Abxaziyası, Acariyası, Osetiyası, Ukraynanın Donetsk, Luqansk vilayətləri buna örnəkdir. Batı bu parçaları heç vaxt bütövləşdirməyəcək. Onlar iki canavarın əlinə keçmiş ov kimidirlər. Sanki ovun başı birinin, quyruğu da o birinin əlinə keçib. Biri o yana dartır, biri bu yana. Batıdan gözləntiləri olan bu cür yazıq ölkələr indi daha pis durumdadırlar, yağışdan çıxıb yağmura düşüblər. Batı bu ölkələrə yararlı olan siyasi dəyişikliklər eləmir, özü üçün hakimiyyətdəkiləri dəyişir. Hakimiyyətə gətirdiklərini də bir yerə qədər qoruyur. Hakimiyyətə gətirdiklərinin Batının istəklərinə qulluq göstərmələri özünü doğrultmayanda yenidən dəyişikliklər edirlər. Orta Doğuda apardıqları dəyişiklikləri də buna örnək göstərmək olar. Ancaq burada bunları sadalamaq fikrimiz yoxdur. Bu yazıda bizim istəyimiz politoloqların deməli olduqları məsələləri vurğulamaq da deyil, yurdumuzla bağlı rahatsızlığımızı dilə gətirməkdir.

Bu gün Şanxay Əməkdaşlıq Təşkilatı adlanan bir qurumun dünyanın baxışlarını özünə çəkməsi söz qonusudur. Bu qurum üzdə iqtisadi xarakter daşısa da, Batı ilə çəkişməyə (rəqabətə) girərək yeni siyasi güc oluşdurmağı qarşısına alan bir qurum etkisi bağışlayır. İndi araşdırmaçılar bu qurumun kimə xeyir, kimə ziyan gətirəcəyi ilə bağlı fikirlər sərgiləməkdədirlər. Basın yayınlarında yazılanları önə tutsaq, ayrı-ayrı siyasi araşdırmaçıların ŞƏT adlanan quruma umudla baxdıqlarını görərik. Azərbaycanın bu quruma girməsiylə Qarabağ sorunun uğurla çözüləcəyini yazanlar da var. Ancaq bu yazılanlarda bir-biriylə ziddiyyət doğuran yanaşmalar əməlli-başlı çaşdırıcılıq yaradır. Ərk edib deyə bilərik ki, araşdırmaçılarımızın çoxu hələ də dünya güclərinin məkrli davranışlarını dərk eləməkdə çətinlik çəkirlər. Bu güclərin bizim sorunlarımıza bizə gərəkən yöndə yanaşmağa məcbur olacaqlarını düşünürlər. Tarixdə məcburolmalar çox olub. Ancaq bizim sorunlarımızla bağlı onların (yönətən güclərin) qarşısına məcburiyyət çıxanda bir-birinə başqa yöndən güzəşt edib, başqa-başqa planlar gerçəkləşdiriblər. Bu cür planlar Azərbaycanın ikiyə bölünməsində də, ötən yüzildə Güney Azərbaycanın özgürlüyü uğrunda dörd yol ayağa duran devrimlərdə (bəlli Səttarxan, Xiyabani, Pişəvəri, azərbaycanlıların keçirdiyi islam inqilabları) də, Quzey Azərbaycanda ADR-in yaranmasında da özünü göstərmişdir. Bu məsələləri geniş araşdırmadan, yuxarıda vurğuladığımız kimi, araşdırmaçıların ziddiyyət doğuran fikirlərinə aydınlıq gətirək. Vurğulanır ki, Azərbaycan maraqların kəsişdiyi önəmli bölgə oldugundan, onu ŞƏT-ə üzv etmək bu qurumu yaradan dövlətlərin istəyinə tam uyğundur. Ancaq unutmayaq ki, Azərbaycanda çoxsaylı Batı şirkətləri çalışdığından onun ŞƏT-ə keçməsi asan başa gəlməz. Deməli, Azərbaycanın bu addımı atması böyük umacaq qarşılığında mümkündür. Bu umacaq da, həmin bu qurumdan, Qarabağ sorunun çözülməsinə yardımçı olmaq istəyi ola bilər. O da vurğulanır ki, ŞƏT-in əsas yaradıcısı olan “Çinin özünün ərazi konfiliktləri olduğu üçün dövlət siyasəti Azərbaycanın yanında olmağı tələb edir”. O biri yandan vurğulanır ki, Azərbaycan, yanaşı olaraq, Batı ilə ilişkilərini davam etdirməlidir. Bu yanaşmalarda biz uzağabaxma görmürük. 20 ildən çoxdur Azərbaycan Batı ilə Rusiya arasında vurnuxur, hər ikisinin istəklərinə, tələblərinə boyun əyir, ancaq Qarabağ sorunu nəinki sıfır nöqtəsindən tərpənir, tərsinə, daha da düyünə düşür. Bu illər içində biz Azərbaycan hakimiyyətinin, adını “balanslaşdırma siyasəti” qoyduğu, oyunu izləmişik. Elə bir oyun ki, istəkləri (guya) balanslaşdırılan güclərlə Azərbaycan hakimiyyəti onu (Azərbaycanı) bu başdan o başa, o başdan da bu başa talamalarından ayrı bir anlam daşımadı. İndi də düşünülür ki, Azərbaycan yaranmış durumdan yararlanaraq ŞƏT-lə Batının istəklərini “balanslaşdırmağa” başlasın. ŞƏT – Qarabağ sorununu açıq saxlayan Rusiyanın qatıldığı bir qurum deyilmi?! Guya ŞƏT-də Rusiyadan başqa Azərbaycanı istəyən Çin, Hindistan, Pakistan kimi dövlətlər var. Hesab edirik ki, Çinə, Hindistana, Pakistana bel bağlamaq yazıqlığın məntiqidir. Bu çağa kimi biz nə Hindistanın, nə də Pakistanın dünya siyasətinə hansısa bir etkisini izləməmişik. Tərsinə, onlar bu gün də öz içlərində Batı tərəfindən qarışdırılmağa hazır dövlətlərdir. Çinə gəlincə, “onun ərazi konfiliktini” bəhanə gətirənlər bilməlidirlər: Çinin ən böyük sorunu Doğu Türküstanladır. Deməli, əgər Çin Azərbaycanın sınır bütünlüyünə dayaq olsa, Azərbaycan da Doğu Türküstanın Çin tərəfindən basqıya uğramasına göz yummalıdır. Bəs diləyində olduğumuz “Türk Birliyi”nin mövqeyi necə olacaq – Azərbaycana görə Çinə “sağ ol”mu deyəcək, Doğu Türküstana görə “rədd ol”mu?! Axı açıq görünür ki, heç kim heç yerdə türk sorununu çözməyə meyilli deyil. Haçağacan Azərbaycan öz ixtiyarını, daha doğrusu sorunlarının ixtiyarını onu düyünə salanlara tapşıracaq?! Azərbaycan gözə almalıdır ki, istənilən halda onu oyunların ortasına çəkirlər. Bu oyunlar onun taleyini sorğu altına alır…
Bu yandan “Altılıq” adlanan gücün İranla razılaşmaları da yeni oyunlar hazırlayır. Bu oyunların da ortasına yenə Azərbaycan çəkilir. Baxın, İrana iqtisadi dirçəliş qapısı açan Altılıq dövlətləri bir-birilə çəkişmədədir. ABŞ, İngiltərə, Fransa, Almaniya Batının siyasi strukturunu yaradanlardır, Rusiya ilə Çin isə ŞƏT cəbhəsinin yaradıcılarıdır. Deməli, İranın əl-qolunu açıb hərəsi öz yanına çəkməyə çalışır. Burada İranla bağlı başqa istəkləri sadalamadan, bizi rahatsız edən bir məsələnin adına vurğu etməklə yetərlənəcəyik. Yuxarıda yazdıq ki, istənilən halda, oyunların ortasında (episentrində) Azərbaycan dayanır – O Tay, Bu Tay Azərbaycan. Deməli, Batı İranı özü üçün bölgədə söz yiyəsi eləsə, Rusiya Güney Azərbaycanın taleyini oynatmağa başlamaq istər. Sorunu çözəcək yox, qarışdıracaq. Belə bir oyun növü Batının da planında yox deyil. Özəllikcə Batının da istər Rusiyaya qarşı, istər Çinə qarşı bənzər planı ehtiyatdadır. Yəni Rusiyanı içində Tatarıstanla, Başqırdstanla, Çini Doğu Türküstanla qarışdırmaq planları haçansa işə düşə bilər. Ancaq bu məsələ o qədər də asan deyil. Onların içini elə qarışdırmaq ki, doğurdan da onlar (türklər) bagımsızlıq olanağı (imkanı) qazanmasınlar. Düşünürük, bu istək o halda ola bilər ki, Türkiyənin gücü Kürdüstan məsələsinin çözülməsi ilə sındırılmış olsun. Bu yöndə zatən iş gedir. Öncə İraqda, Suriyada türkləri qırmaqla, qovmaqla içdə qorxu saxlamamaq, sonra Türkiyənin sınırlarını daraltmaq. Baxın, bütün oyunlar, çəkişmələr türk dünyasının bölgələrində gedir. Ona görə hər dəfə olduğu kimi, vurğu edirik: türk dövlətləri qoşulmaq üçün orda-burda “Birlik” axtarmaq yerinə, özlərinin Birliyini gündəmə gətirməlidirlər. Ancaq bu Birlik – mədəniyyət, ədəbiyyat adamlarının gediş-gəlişi ilə sınırlanmalı deyil. Türk dövlətlərinin siyasi, hərbi, iqtisadi Birliyi (əməkdaşılığı yox) elan olunmalı, işə başlanılmalıdır. Kaş ki, bu diləyimiz türk dövlətlərinin başçılarının da diləyinə çevriləydi.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv