Asif Ata.Türkçülük ideologiyasının meydana çıxma səbəbləri barədə bir neçə söz

Azərbaycan milli ideologiyasının banisi, Şərqdə ilk demokratik respublikanın rəhbəri Məmməd Əmin Rəsulzadə türkçülük prinsipini müsavatın başlıca şərtlərindən biri hesab edirdi. Hələ o dövrdə böyük Türk Dünyası üçün pantürkizmin daşıyıcıları az olmamışdır. Türkçülük ideyası bütün zamanlarda məqbul bilinən milliliyi və milli birliyi bəşəri səviyyəyə qaldıran əsas amil kimi özünü göstərib. Bu ideologiyaya müxtəlif yöndən yanaşan, onun müxtəlif istiqamətlərdə (əlbəttə, mayasına toxunmadan) inkişafına təkan verən xadimlər, şəxsiyyətlər az olmayıb. Z.Göyalp, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə… Və onlarca başqa nəhəng türkçü kişilərin türkçülüyün inkişafında spesifik xidmətləri olmuşdur. Onların arasında ASİF ATANIN özünəməxsus yeri var: heç kəsə bənzəməyən, təkrarçılıqdan uzaq. «Mütləqə İnam» fəlsəfəsinin yaradıcısı, müasirimiz – Böyük Azərbaycan filosofu ASİF ATA görümündə Türkçülük necə izhar olunur?
Türklərin ən böyük ruhani-fəlsəfi hünəri Hürufilikdir. Hürufizmi Azərbaycan yaradıb. Təlimin banisi, «Cavidannamə»nin yaradıcısı F.Nəimi, İ.Nəsimi olublar. Bu cür şəxsiyyətlər heç bəşəriyyətdə yoxdur. Birinci dəfə türk ruhçuluğunda etiqad birliyi əmələ gəldi. Qəhrəmanlıq səviyyəsində – məhz Babəkin tarixi xidməti nəticəsində. Türk ruhaniyyatının Azərbaycan mahiyyəti böyükdür. Ancaq deyilənlərlə bitmir. Hürufiçiliyin dərinliyinə gedəndə tanrıçılığın ucalığına qalxır. Bu, həqiqətdir! – obraz üçün deyilmir.
Türk Dünyasının musiqisi var – hədsiz dərəcədə möhtəşəm və zərif. Onların türküləri, şərqiləri səmavi izharlardır. Muğamat kimi – insanın pillə-pillə artması, yüksəlməsi və son anda ilahiləşməsi… Hamısının ifadəsi azərbaycanlılar tərəfindən təkmilləşdirilib, qorunub, oxunub, çalınıb və əbədiləşdirilib. Hərçənd muğamatı təkcə azərbaycanlılar yaratmayıblar. Muğamatın yaranmasında iranlıların, Türkiyənin, Hindistanın, yunanların rolunu danmırıq. Amma bu xalqların heç birində muğam bizdəki kimi bütöv, hərtərəfli, dərin səviyyədə qalmayıb. Biz də itirmişik, hər muğamın əvvəllər 70–80 şöbəsi olub. Ancaq heç olmasa indi bizdə əsas şöbələr qalıb. Başqalarında bu da yoxdur. Ona görə də muğamat bir varlıq kimi canlanmır onların musiqisində. Yalnız bizdə muğam bütöv fəlsəfi, bədii hadisə səviyyəsindədir.
Azərbaycanın Türk Dünyasında rolu onun zəngin, dərin, ruhani mənası ilə əlaqədardır. Hətta belə deyərdim, mübaliğəsiz: Azərbaycan Türk Dünyasının ruhani mənasıdır.
Türkçülük ideologiyası o zaman əmələ gəldi ki, parçalandılar, bir-birindən ayrı düşdülər – özgələşdilər. Bir-birini anlamadılar eyni dil ola-ola. Səbəbi: avropalaşma, ruslaşma. Məhz bu zaman türkləşmə ideologiyasına çox böyük ehtiyac yarandı. Və bu Ehtiyac türk aləminə pantürkizmin ilk böyük ideoloqunu – Ziya Göyalpı verdi. İdeoloqlar car çəkdilər ki, türklər birləşməlidirlər. Bu ehtiyacı anlatmaqdan ötrü türk birliyini tədqiq elədilər, tarixi yada saldılar. Və türkləri birliyə çağırdılar. Dedilər ki, Türk Dünyası bərqərar olmalıdır.
Biz də həmin fikirdəyik.
Əli bəy Hüseynzadə deyirdi: Türk Dünyasının bərqərar olma ideyası türklərə dünya türklərinin xilası kimi təlqin edilməlidir. Türk Dünyası bərqərar olmasa, türklər məhv olacaq. türkçülükdə budur önəmli məsələ. Təəssüf ki, türk ideologiyası istəyinə çatmadı. Çünki imperializm, ələlxüsus Rus-Sovet imperializmi türklərin parçalanması, ruslaşma, assimilyasiya üçün zorakı (daha çox bu üsul!) və diplomatik oyunlardan ardıcıl şəkildə məharətlə istifadə elədilər. Türküstan Birliyi məhv edildi. Əvəzində Özbəkistan «dövləti», yaxud Türkmənistan, Qırğızıstan, Qazaxıstan «dövlətləri» yaradıldı (yəni SSRİ-yə daxil edildilər). Uyğurların taleyi Çin siyasətinə tapşırıldı. Xüsusilə Rusiya daxilində başqırdlar, tatarlar, çuvaşlar, tuvinlər, yakutlar özgələşməyə başladılar.
Eyni zamanda Osmanlı Türkiyəsinə qarşı açıq və gizli düşmənçilik – indiyə qədər davam edən, sonu görünməyən – Şərq xalqlarının bir-birinə qarşı qoyulması siyasəti Türk Dünyasını dəhşətli dərəcədə pərakəndə vəziyyətə saldı. Türklər bir-biriylə yadlaşdı. Ümumi kök, ümumi ruh unuduldu. Ümumi böhran səviyyəsi yarandı – irqitmə təhlükəsi baş verdi.
İndiki türkçülük şüar səviyyəsində yaxşı səslənir, amma, zənnimcə, siyasi mahiyyətinə görə təhlükəli cəhətləri vardır. Təbii ki, partokratlara nisbətən Asif Ata demokratlara üstünlük verir. Və xoşuna gələn odur ki, indi farsçılıq arxa, türkçülük isə birinci plandadır. Bu, müsbət haldır. Çünki Mütəllibovşina vaxtında islamçılıq-farsçılıq türkçülüyü ayaqlamışdı. Farsçıların fəlakəti ondadır ki, onlar Cənubi Azərbaycana qarşı qurban vermirlər. Türkçülük isə həm bizim ruhani mahiyyətimizdir, həm də Cənubi Azərbaycan aqibətinin ifadəsidir. Mən belə görürəm ki, yaxın gələcəkdə konfranslar, konqreslər, simpoziumlar keçiriləcək, zirvə toplantıları olacaq. Bunlar yaxşı şeylər olsa da, zahiri şeylərdir. Nə qədər ki, avropalaşma şüarı qalır, türkçülükdən dərin mənada danışmaq əbəsdir. Çünki Qərbçiliklə türkçülük daban-dabana ziddir. Nə qədər ki, islamlaşma şüarı, yəni siyasi yönü qalır, türkçülükdən dərin, bütöv mənada danışmaq əbəsdir. Çünki islam xalq tanımır, millət tanımır – icma tanıyır, ümmət tanıyır. Yəni ki, bütün islamçılar müsəlmandır. Bu ona gətirib çıxarmışdır ki, hətta Osmanlı türkləri də XIX əsrin sonuna qədər özlərini millət kimi türk yox, müsəlman sayırdılar.
Müasir Azərbaycan türkçülüyünü türkçülük saymaq düzgün deyil. Çünki türk ünsür ola bilməz. O bütöv bir həqiqət olmalıdır. İndikilərdə isə türkçülük üç ünsürdən biridir. Türkçülüyü mən bizim sabahımızda görürəm – Ocağın qələbəsində. O sabahı gerçəkləşdir¬məkdən ötrü Ruhani İntibah olmalıdır. Yəni İNAM yarımçıq deyil, bütöv gərəkdir. İdrak təzələnməli, kamilləşməlidir. Marksist çirkabından, xurafatdan azad olmalıdır. Mənəviyyat təmizlənməli, kamil mənəvilər yaranmalıdır. ATA buna inanır. Və həm də inanır ki, İradə zamanı ötməli, Zamandan üstün olmalıdır. İNSAN dəbə uymamalı, Zamanın çaldığı havaya oynamamalıdır. Onda adam İnsanlaşacaq, Yurdumuz türkləşəcək!
Mən buna qətiyyətlə inanıram – qaladığım, yaşatdığım Ocaq Atası kimi.

Atanı dinlədi: jurnalist Yusif Dirili.

(arxivdən)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv