(Fəlsəfi-bədii məqam)
1. Göylük
Göy mövhumata, xurafata bağışlanmaz!
Həqiqət, ədalət, ülviyyət timsalıdır göy!
Yerin Göy yüksəkliyi var!
Yer dərdinin dərmanı göydədir!
Göy çağırışı səslənir ürəklərdə sonsuz!
2. Sənan göyü
Çağırış
Şeyx, gəl-gəl! Sevimli Sənan, gəl!
Sana layiq deyil o yer, yüksəl!
(“Şeyx Sənan”dan)
Təkcə Xumar çağırmır Sənanı – ədalət, həqiqət, ülviyyət çağırır!
Xumar nişanəsində Ədalət, Həqiqət, Ülviyyət!
Xumar adlanan Ədalət, Həqiqət, Ülviyyət!
Xumarda tapılan Ədalət, Həqiqət, Ülviyyət!
Yuxusuna girən Ədalət, Həqiqət, Ülviyyət!
Göy halı gəlir ömrünə Sənanın.
Göy imtinasına yüksəlir Sənan!
Həqiqət saydığı nə varsa – yalanmış Sənanın, həqiqət – Xumarmış…
Ədalət saydığı nə varsa – yalanmış Sənanın, ədalət – Xumarmış…
Ülviyyət saydığı nə varsa – yalanmış Sənanın, ülviyyət – Xumarmış…
Həqiqəti yalnız aşiq gözü görər, seçər.
Ədaləti yalnız aşiq gözü görər, seçər.
Ülviyyəti yalnız aşiq gözü görər, seçər.
Sönük gözə Həqiqət görünməz, Ədalət görünməz, Ülviyyət görünməz.
Onu seçməz sənin gözün əsla,
Mələkdir, qadın deyil, haşa.
Həqiqət Xumar qədər cazibədar, uca, sirli; yaxın – həm də uzaq; aydın – həm də məchul; məsum – həm də hökmlü!…
Ədalət Xumar qədər cazibədar, uca, sirli; yaxın – həm də uzaq; aydın – həm də məchul; məsum – həm də hökmlü!…
Ülviyyət Xumar qədər cazibədar, uca, sirli; yaxın – həm də uzaq; aydın – həm də məchul; məsum – həm də hökmlü!…
Çağıran, cəlb edən, qəhr edən və dirildən…
Seyr edin bir o hüsni məbhuti,
O baxışlar nasıl da lahuti.
Oxunur gözlərində ülviyyət,
Sanki bir heykəli-üluhiyyət.
Ədalətdə göylənir Yer, Həqiqətdə göylənir Yer, Ülviyyətdə göylənir Yer!
Göy qətiyyəti
Göy həsrəti göy qətiyyəti yaradır.
“Yerdəki göydən əl çək!” deyirlər aşiqə, əl çəkir.
“Quranı yandır!” deyirlər, yandırır.
“Donuz otar!” deyirlər, otarır.
Göy etiqadı tapan Yer etiqadından əl çəkir.
Göy ləyaqəti tapan Yer ləyaqətindən əl çəkir.
Göy tanrısı tapan Yer tanrısından əl çəkir.
Eşqdən başqa hər nə varsa, əvət,
Tövbə, min tövbə, eylədim nifrət! – deyir.
Göysüzlər
İslama pənah gətirirlər.
Şeyxə səcdə qılırlar.
Fitnə-fəsada uyurlar.
Həsədlə həmdəmdirlər.
Sənana yaddırlar.
Sizdə insaf yox, həmiyyət yox!
Mürşidi-binəzərə hörmət yox!
Çünki yox ruhunuzda ülviyyət.
Qəlbiniz həp zəbuni-süfliyyət.
Tutsa afaqı şöleyi-hikmət,
Onu duymaz dumanlı gözlər, əvət.
Göysüzdürlər, bu səbəbdən də gözsüzdürlər, ruhsuzdurlar, Sənanı ittiham edirlər – Yer etiqadına əsasən:
Şeyximiz satdı dini-imanı,
Şeyximiz atdı hökmi-quranı – deyirlər.
Bilmirlər ki, əslində Sənan dini-imanı satmadı – tapdı, Quranı atmadı – tapdı, şərab içmədi – haqq suyu içdi, xaç asmadı – çarmıxa çəkildi.
Yer Göyü
Yerdəki göylər Göy işığında sönür, kölgələşir…
Göy Ülviyyəti Doğanda Yer Ülviyyəti Batır.
Zəhra gözəldir, məsumdur, Yer ölçüsündə ülvidir, ancaq Xumar işığında sönükdür, Xumar peyda olduqda Sənan üçün itəndir, yox olandır, Xumar çağırışına qarşı müqavimətsizdir, acizdir, zəifdir.
Bu səbəbdən də faciəvidir, tənhadır, binəvadır.
Uzaqlığa qoşan bir ürək üçün uzaqdır!
Xumar Sənana hədsiz dərəcədə yaxındır, ondan hədsiz dərəcədə uzaq olduğu halda…
Zəhra Sənandan hədsiz dərəcədə uzaqdır, ona hədsiz dərəcədə yaxın olduğu halda…
Gözə görünən – ürəkdən silinir, gözə görünməyən – ürəkdə görünür Göy çağırışında. Göy Hökmü qarşısında Sənan ixtiyarsızdır, bu səbəbdən də Yer Göyünə etinasızdır.
Zəhranın göz yaşları Sənanı dayandıra bilmir, çünki Göyün Hökmü mütləqdir.
Altı ildir sənin əsirin ikən,
İndi biganəyəmmi könlünə mən?
Nə təbiət bu səndə? Həm nə tühaf,
Yoxmudur səndə mərhəmət, insaf?
(Zəhra)
Yerdə Göy sayılan, ürəkdə əsil göy doğana qədər yaşayır; ürəkdə Göy doğanda qeyri-adi Göy qətiyyəti yaranır Sənanlarda – Zəhraların fəlakətinə bais…
O məhəbbətlə parlayan gözlər
İndi bir başqa macəra söylər.
Qalmamış məndə zərrə tabu tavan,
Məni qəhr et də, lakin atma, aman!
(Zəhra)
Göy həsrəti yaşayır insanların qəlbində aramsız, hərarətli, daim artan, şiddətlənən və ayırır insanları nisbi göylərdən – amansızcasına, insafsızcasına…
İmtina məqamı peyda olur.
Sənanların baxtına gün doğanda Zəhraların baxtına qar yağır.
Göy həsrəti yaşayır ürəklərdə və bu, Yer fəlakətləri törədir.
Yalançı Göy
Yerlə bağlı Göy möcüzələri, Yeri-Göyü yaradan Allah əfsanəsi, Göydə məskən salan ilahi qüdrətlər, xülyavi ucalıqlar, cənnətlər, cəhənnəmlər, hurilər-pərilər, ziyarətgahlar, ayinlər, Yerə səpilən Göy; Sənanlara yağdırılan ittihamlar:
Bağırıb söyləyərdi pərvazsız:
Olsa merac, olar da ruhani,
Həp yalandır uruci-cismani,
Bir bəşərdir, – deyirdi, – peyğəmbər,
Heç görülmüşmü çıxsın ərşə bəşər?!
İnsan Göyü nə Yerdədir, nə cismani Göydə, İnsan Göyü İnsanın inamında, idrakında, mənəviyyatında, iradəsindədir və adamın Yer duyğularından, düşüncələrindən, imkanlarından, artıqdır, böyükdür, yüksəkdir.
İnsan Göyü insanın əzəli mahiyyətindədir!
Həmin mahiyyət gerçəkliyə sığmır!
Bu səbəbdən də Göy insanı gerçəklikdən yüksəyə çağırır; həm də xurafatdan, mövhumatdan, yalançı göylərdən imtinaya səsləyir:
Kim ki, Allahı istəyir görmək,
Arasın qəlbi-tabnakında,
Arasın kəndi ruhi-pakında.
Göy könüllərdə görünür, adamlar isə onu Allahlarda axtarırlar, buna görə də Göyü Yerə endirirlər, çünki Allah əslində Yer zorunun timsalıdır, Göy Ülviyyətinin ifadəsi deyil.
Allah Yerdəki zorlulara bənzəyir, Göydəki kamillərə bənzəmir.
Yalançı gözlərdə Göy Yerə düşür, doğruçu gözlərdə Yer səmaviləşir.
Hər kimin qəlbi, ruhu düzgündür,
Daima hiss edər də haqqı görür.
Filosofanə ruha malik olan
Yaşamaz ayrı hərgiz Allahdan.
Göy inamda görünür – inama şübhə olmaz!
Göy idrakda görünür – idraka şübhə olmaz!
Göy mənəviyyatda görünür – mənəviyyata şübhə olmaz!
Göy iradədə görünür – iradəyə şübhə olmaz!
Şübhəli inam – inamsızlıqdır!
Şübhəli idrak – idraksızlıqdır!
Şübhəli mənəviyyat – mənəviyyatsızlıqdır!
Şübhəli iradə – iradəsizlikdir!
Şübhə yalançı inama, yalançı idraka, yalançı mənəviyyata, yalançı iradəyə tapınır.
Yerdəkilər şübhəyə tapınırlar, çünki yalandan xilas ola bilmirlər, bu səbəbdən də şübhəyə alqışlar söyləyirlər.
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası,
Şübhə etməkdə haqlıdır insan!
Əslində şübhə Yer həqiqətinin, yəni nisbi, natam həqiqətin anasıdır.
Göy həqiqətinin, yəni bütöv, mütləq həqiqətin anası İnamdır.
Yer hikmətinə şübhələnərlər.
Göy hikmətinə inanarlar.
Nisbət
Yer – nisbiliyin timsalıdır.
Yerdə mütləq ədalət, mütləq həqiqət, mütləq ülviyyət olmur.
Göy – mütləqiliyin timsalıdır. Göydə Mütləqdən başqa heç nə olmur.
Yer insanın maddi məkanıdır.
Göy insanın mənəvi-ruhani məkanıdır.
Yersiz Göy yoxdur!
Göysüz İnsan yoxdur!
Göylülərin mənasında yerdəkilərə mənasız görünən həqiqət var.
Onu oxumaq üçün göyləşmək gərək!
Göylülərin divanəliyində yerdəkilərə ağılsız görünən idrak var.
Onu anlamaq üçün göyləşmək gərək!
Göylülərin fəqirliyində yerdəkilərə miskin görünən zənginlik var.
Onu görmək üçün göyləşmək gərək!
Onu keçmək gərək!
Zahirdə, üzdə aşkarlanır, təsdiqlənir yerdəkilər.
Batində, dərində aşkarlanır, təsdiqlənir göylülər.
Zahirə, dayaza çatır inamı, idrakı, mənəviyyatı, iradəsi yerdəkilərin.
Batinə, dərinə çatır inamı, idrakı, mənəviyyatı, iradəsi göylülərin.
Onların baxmayıb da zahirinə,
Bax riyasız, təmiz ürəklərinə
Dəlidir, sözlərində məna var,
Sərsəridir, başında sevda var!
Dəlilik başqa bir fəzilətdir,
Dinsiz olmaq da bir təriqətdir.
Göylülər həqiqət arayır, yerdəkilər yalana sığınırlar.
Göydəkilər könüldəkinə sitayiş edirlər, yerdəkilər kitabələrə.
Göylülər ayıq olduqları dərəcədə yuxulu görünürlər, yerdəkilər yuxulu olduqları dərəcədə özlərini ayıq sayırlar.
Göylülər dəlicəsinə yüksəkdə dururlar.
Yerdəkilər ağıllıcasına alçaqda dayanırlar.
Göylülər Mütləq axtarırlar.
Yerdəkilər Allahın ətəyindən yapışırlar.
Həqiqət istərəm, yalnız həqiqət,
Yetər artıq şəriət, ya təriqət!
Qulaq verməm mənəsla bir xitabə,
Pərəstiş eyləməm heç bir kitabə!
Əvət Quran, zəbur, incil, tövrat
Birər röya ki, zor təfsiri, heyhat!
Birər röya bütün əhvali-aləm,
Birər əfsanə cənnət, ya cəhənnəm!
Göylülər həqiqətçilərdir, yerdəkilər mövhumatçılar.
Göy qızı Xumar
Hiylədən, fəsaddan, şəhvətdən, varidatdan uzaq, günahsız, məsum, eşq məqamı üçün doğulmuş, saf, zərif, həssas, ismətli, yerdəkilərdən uzaq, ülvi, adil, inamlı, səcdəli, səcdəgah…
…başqa dürlü bir xilqət,
Onu Mütləq görən edər heyrət.
Bu uçuq dam Xumar üçün əlan,
Daha qiymətlidir monastırdan.
Bu onun səcdəgahı, qibləsidir,
Şeyx onun heykəli-müqəddəsidir.
Sevdirdiyi dərəcədə sevən…
Sənanı həqiqətə, ədalətə, ülviyyətə çatdıran, Sənan adlı həqiqətə, ədalətə, ülviyyətə yetən!
Göyə çağırılan Göy qızı!…
Göy oğlu Sənan
Başdan-binadan, əzəli aşiq!
Əzabkeş, dərdə dərman arayan, döyülən, söyülən, təhqir olunan və Göyləşən, paklaşan; imtinası bütöv, yolu bir!
Göy etiqadlı:
Gediniz, arkadaşlarım, gediniz,
Başqa bir şeyxə iqtida ediniz.
İştə mən naili-vüsal oldum,
Aradım nuri-həqqi də buldum.
Göy əhvallı:
Gecə yıldızla, ayla söhbət edər,
Düşünər daima sabahə qədər.
Övliya üzünü göy səadətinə çatan:
Ülvi Xumarım yolunda
Hər bəla məncə bir səadətdir,
Hər cəfa sanki bir məhəbbətdir!
Göy idraklı, yerdəkilərin anlağından uzaq:
Onu idrak üçün kamal istər,
Əhli-zövq istər, əhli-hal istər.
Göy qüdrətli, odda yanmayan odlu aşiq:
Kim ki, eşq atəşiylə oldu hədər,
Onu yandırmaz öylə atəşlər.
Göy inamlı:
Əbədiyyət mənim məzarımdır,
Çünki sultani-eşq yarımdır!
Eşq üçün can nisar edər ərlər,
Əbədi bir həyat içində gülər.
Göyə çağırılan Göy oğludur Sənan.
Göy aqibəti
Yüksələn məhv olar, fəqət enməz,
Nuri-həqq daim yanar, sönməz.
Yüksəlirlər, Göyə çəkilirlər, göyləşirlər Sənanlar, Xumarlar;
Yer uçurumundan adlayırlar, Göy ənginliyinə qalxırlar, haqqa doğru uçurlar, “müdhiş səadətə”, “dilbər fəlakətə” çatırlar, xalisləşir, müqəddəsləşirlər; yerdəkilərin inanmadıqları, bilmədikləri, görmədikləri həqiqətə, ədalətə, ülviyyətə ucalırlar.
“Uçmaq yalan, qaçmaq yalan, aldanmayın divanələr,
Mümkün deyil uçsun bəşər” – naşılığına qarşı mənəvi, ruhani uçuş məqamı yaranır – müqəddəs, ülvi.
Yüksəldilər İsa kimi,
İşgəncədən qurtuldular.
Ruhanima röya kimi
Qeyb oldular, qeyb oldular.
Yüksəldilər, yüksəldilər.
Cinə, şeytana, axirətə inanan yerdəkilər göyləşmə möcüzəsinə inanmazlar, çünki bu möcüzədən daxilən uzaqdırlar. Göyləşmə – İnsanlaşma deməkdir; məxluqdan, adamdan ayrılma deməkdir ki, əslində bu səmavi aqibət ən düzgün bəşəri yoldur.
Göydəkilər – yerdəkilər
Göydəkilərin Göy Həsrəti vüsalla nəticələnir.
Yerdəkilərin Göy Həsrəti ayılacaq, oyanacaq. Göyə can atacaq yerdəkilər, yerdən göyə qədər
Dəyişəcək, göyləşəcək əhvalları – mütləq!
3. Peyğəmbər Göyü
Göy çağırışı – Hökmü
Buraxıb əczi, durmadan yüksəl!
Yüksəl, ey şanlı qəhrəman, yüksəl!
(“Peyğəmbər”dən)
Haqqa çağırır Peyğəmbəri Göy!
Sarsıdan, titrədən, coşduran, vəcdə gətirən, kövrəldən, ağladan, özündən ayıran, özünə qaytaran haqqa çağırır!
Çağırış hökmü səslənir qəti, şiddətli, amansız və Göylü bir inamla Peyğəmbər ruhuna sahib olur. Ruh ehtizazla çırpınır, Göy əhvalı doğulur ömürdə və ömür göyləşir: göy yönlü, Göy idraklı, Göy duyğulu həyat başlayır – sirli, cəzbli, cəfalı, qorxulu, qadalı, parlaq, mənalı.
Təlatüm yaranır ruhda, Göy cəzbinə qovuşur istək, arzu; göyləşir idrak, göyləşir düşüncə, ənginləşir xəyal, səmavi mənalar yağır ürəyə Göy üzündən, nurlanır Peyğəmbər üzü, atəşli Göy hicranı sarsıdır ruhu:
Yenə sarsıldı müztərib ruhum,
Dur, aman, sanki qəlbi-məcruhum
Şövqü həsrətlə rəqs edər, sızlar,
Onu bir zəhr-xəndə yaldızlar.
Qopuyor ta içimdə bir tufan,
Beynim atəş saçıb durur hər an.
Göy havası düşür ömrünə Peyğəmbərin, Göy havasına oynayır ruhu, mənliyi, düşüncəsi, Göy işığı düşür ömrünə, müqəddəs xiffət dolur qəlbinə və Göy hökmünə tapınır iradəsi, Göy hökmündə xilas olur xiffətdən:
Yıx xurafatı, əski bütləri qır,
Kim yol azmışsa, haqqa doğru çağır.
Nərdivanlar yatıb könüllərdən,
Parla, yüksəl vücudi-mütləqə sən!
Səma kitabının təlatümlü mənası aşkar olur Peyğəmbərə, Göy idrakı oxuyur həmin kitabı və ulduzlu fəzadan Peyğəmbər qəlbinə səmavi mənalar axır.
Çağırış Göyündə hökm səslənir əzəli, möhtəşəm, inadkar:
Bu qaranlıq mühiti get, parlat!
Tanrı fərmanıdır bu, get söylə!
Göy əmrindəki mütləqilik, qətilik Göy məqsədinin ucalığına, yüksəkliyinə bərabərdir.
Yüksəkdən, ucadan gəlir bu səs; yüksək, uca mənadan, məqsəddən danışır – uca səslə, uca sözlə! Göy dilində, Göy qaydasında səsləyir Peyğəmbəri.
Haqqı təbliğ üçün sənin ancaq
Rəhbərin sənəti-kəlam olacaq.
Saçma, həp saçma başqa möcüzələr,
Bu kitab iştə ən böyük rəhbər.
Göy yarağı – kitabdır, Göy, Peyğəmbəri kitabla yaraqlandırır.
Kitaba çağırır Göy Peyğəmbəri, kitab çağırılır qəlbində Peyğəmbərin və Göyləşir dünyası!
Yer çağırışı – hökmü
Zora, silaha, qılınca, qana çağırır Yer Peyğəmbəri. Yerdəkilərin silahdan başqa yarağı yoxdur, zordan başqa dərmanı yoxdur, ölümdən başqa nicatı yoxdur…
Vahimədən, qorxudan başqa Göy tanımır yerdəkilər.
Nifrətə çağırır Yer Peyğəmbəri; Hiddətə, qətlə çağırır.
İnqilab istəyirmisən, mənə bax!
İştə kəskin qılınc, kitabı burax.
Parlayıb durmadıqca əldə silah,
Əzilərsən, qanın olar da mübah.
Eyləməz yardım incə hikmətlər,
Həp sönər busələr, məhəbbətlər.
Əvət, ancaq qılıncdadır qüvvət!
Bundadır haqq, şərəf və hürriyyət!
Sevməyə, sevilməyə çağırırdı Göy! Əzməyə, əzilməyə çağırır Yer.
Mələk qanadlıydı Göy elçisi! Cəsəd misallıdır Yer loğmanı!
Göy çağırışında ədalət səslənir, Yer çağırışında ədavət!
Göy ruhlu Peyğəmbərə Yer öyüdü verirlər, yerdəkilər Göy səsini eşitmirlər və Peyğəmbər Yer yarağından yapışır, Göylə Yeri birləşdirmək istəyir, Yer əməli qana bulayır saf Amal suyunu, qılıncla suvarılan dünyada Göy alçalır, Yer ucalmır.
Göyləşmirlər, itaətləşirlər adamlar; zor qələbəsi yaranır, ruh qələbəsi yaranmır. Zorla ruhlananlar mütiliyi bərqərar olur. Adamlar Göyə qovuşmurlar, Göydən qorxurlar.
Yer çağırışı Peyğəmbəri Göydən Yerə salır, ancaq Peyğəmbər özünü Göydə görür, Yerdə görmür, Göy çağırışına əməl edən sayır və dəhşətli səhvə yol verir: zorla Göyləşdirmək olmaz, kölələşdirmək olar.
Göy aşiqliyi
Amala vurulub Peyğəmbər. Amal üçün doğulub, seçilib, Amalda tapıb özümlüyünü, özündən böyüyə qovuşub, böyüyüb. Amalı seçib və Amal üçün seçilib.
Eşqi sonsuz olub və bu səbəbdən də sonsuzluğa seçilib.
Eşqi atəşli olub və bu səbəbdən də atəşliyə seçilib.
Eşqi yüksək olub və bu səbəbdən də yüksəkliyə seçilib.
Amal dəlisi-divanəsidir Peyğəmbər və bu səbəbdən də Amala seçilib.
Amaldan başqa dünyası yoxdur Peyğəmbərin və bu səbəbdən də Amal boyda dünya qazanıb. Özündən keçib Amal üçün, Amala seçilib.
Amal boyda eşqi var Amala:
Həp mənliyim, kamalım onun,
Həp düşüncəm, bütün xəyalım onun.
Məni həp cəzb edər o incə məlal,
Ah o, yalnız o, qayeyi-amal.
Yer məhəbbəti var yerdə, Şəmsa adlı Yer atəşi var, ancaq o, Peyğəmbəri yandırmaz, çünki gözəllər gözəli Şəmsanın ülvilər ülvisi Amal adlı rəqibi var, onu kölgələyən, heçə endirən, yox eləyən.
Məğrur, çılğın, işvəkar nazənin var Yerdə Şəmsa adlı,
Ancaq o, Göy gözəli Amalın yanında heç görünmür də.
Sarsılır, hiddətlənir Şəmsa, həm də vurulur Peyğəmbərin gözlərində parlayan səmavi nura, məhv olur, qəhr olur Amala qarşı qoşan aqibətdə.
Göyü seçən Göyə seçilər, Yeri seçən Yerə.
Səndən arif daha çoxlar var ikən,
Səni seçmiş əcəba tanrı nədən?
– Çünki mən aşiqi-divanəsiyəm,
Mən o hüsnün dəli pərvanəsiyəm!
Amal hüsnünə vurulan Şəmsa hüsnünə vurulmaz!
Amal hüsnünü gözlə görməzlər, ruhla görərlər.
Ruhun gözüylə dünyaya baxanlar Amalı seçərlər, Şəmsanı seçməzlər.
Göy aşiqləri üçün cismani cazibə seçilməz, ülvi məna seçilər.
Biçimə vurulmazlar alilər, ülvi, səmavi mənaya vurularlar.
Məna hüsnündə ararlar, taparlar səadəti. Mütləqə vurularlar, ancaq Göy sözü tapmazlar, Yer sözüylə onu Allah, Tanrı deyə çağırarlar.
Əslində isə Göy Allahı yoxdur, Yer Allahı var – Mütləqin yanlış ifadəsi.
Mütləqi tapır Peyğəmbər, çünki Mütləq eşqi mütləqdir.
Mütləqi Mütləqlə arayır Peyğəmbər, Mütləqdə tapır.
Nərdə parlasa haqq, şərəf, vicdan,
Eyilik, doğruluq, gözəllik, inan,
Orda var sevgi, orda var iman!
Orda var şübhəsiz böyük yaradan!
Səmavi idrak Amal eşqi yaradır. Səmavi mənəviyyat Amal eşqi yaradır.
Səmavi iradə Amal eşqi yaradır.
Göy aşiqinin ömründə Amal göyləşir.
Yer möminliyi
Daşdan, ağacdan büt düzəldirlər, bütə iman gətirirlər Yer möminləri.
Üç yüz altmış bütdə bir Mütləqi itirirlər.
Azğınlığı, satqınlığı, qəddarlığı qoruyurlar bütlər.
Torpağa gömülən qadınlıq, yırtıcı qızğınlıq, şərab həvəsi, miskin köləlik, fitnə, fəsad, kütləvi vicdansızlıq törədir Mütləqsizlik.
Üç yüz altmış büt var ikən,
Bir Tanrıya uymaz insan!
Cəhalətin, qapısını tay-tay açırlar camaatın üzünə, həqiqətin qapısını bərk-bərk bağlayırlar.
Yerdə tanrılar ordusu tapırlar və tanrısızlaşırlar, vəhşiləşir, naşılaşırlar.
Öylə bir əsr içindəyəm ki, cahan,
Zülmü vəhşətlə qovrulub yanıyor,
Üz çevirmiş də tanrıdan insan,
Küfrü hal, cəhli mərifət sanıyor.
Göydən üz çevirənlər Yer fəlakəti törədirlər.
Göy cəzbindən azad olanlar Yer zülmünə cəzb olunurlar.
Göydən uzaqlaşanlar ədalətdən, həqiqətdən, mərifətdən uzaqlaşırlar.
Məhv edən haqlı, məhv olan haqsız,
Başçıdır xalqa bir yığın cani,
Həp müvafiq, şərəfsiz, əxlaqsız.
Gülüyor nura daima zülmət,
Gülüyor fəzlə qarşı fisqü fücur,
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çeynənib gediyor.
Bütlər çoxaldıqca ruhsuzlaşır adamlar.
Ağac rəngində, daş rəngində zülmət gəlir həyata.
Ləyaqətsizləşirlər bütpərəstlər.
Yadlaşır, özgələşir, birlikdən ayrılırlar; hərcayiləşir tanrıları, ayinləri, səcdələri.
Sönür inam, ülviyyət.
İnsanların issız ruhunda parlar
Hər gün yeni bir büt, yeni bir tanrı…
Hər məqamda təzələşən bütlərdə dönüklük yaşayır.
Yeniləşənlər əslində cahilləşirlər, ruhani əsarətə fəlakətli bir inam yaranır sönük ürəklərdə; yalançı fərəh, vüqar parıldayır naşı gözlərdə.
Həqarətləşir məbəd, dəllallaşır müqəddəslik, səfilləşir etiqad.
Haqdan keçib altun deyə
Vicdanı satan səfil
Yəhudi köpəyindən də
Alçaqdır, alçaq onu bil!
Göysüzləşir dünya, dəhşətli Göy həsrəti yaranır yerdə, Peyğəmbərlərin çiyninə ağır bir yük kimi düşür, dərd dağı olub sinəsinə çəkilir, ağladır qəlbini.
Ah, insanlıq nasıl enmiş,
Nasıl enmiş də, alçalmış,
Vicdanların nuru sönmüş,
Könülləri vəhşət almış.
Göysüzlərin Göy Həsrəti düşür Peyğəmbərin ömrünə, Göysüzlərin gerçək həyatından uzaq, ona yad, yağı!
Göy aqibəti – yer qisməti
Daşa tuturlar Peyğəmbəri, nəslə ləkə sayırlar, məsxərəyə qoyurlar, sərsəri çağırırlar.
Qəbahət sayılır Peyğəmbər ülviyyəti. Yer ölçüsündə yox sayılır onun varlığı. Bilinmir, görünmür Göylülüyü.
Yer idrakında yox sayılır səmavi biliyi. Göylüyə istehzasında, nifrətində, hiddətində inamlı, inadlıdırlar yerdəkilər:
Əski adətlərə kin bəslər imiş!
Tanrıdan gəlmiş o bir Peyğəmbər imiş! – deyə gülürlər.
Nə var, yenə bu əfsunçu
Yeni bir şeymi söylər,
Əvət bu qurnaz oyunçu
Getdikcə tüğyan eylər – deyə qeyzlənirlər.
Göylülüyə həmləsində, hədəsində, həm də qorxusunda, vahiməsində əlbirdirlər yerdəkilər; həvəsli, şövqlü, şəstlidirlər:
– Haydı məcnun!
Haydı sərsəm!
Haydı yalançı Peyğəmbər! – deyə haykırırlar.
Qətlə çatdırmaq diləyirlər Peyğəmbəri; naşı sayırlar, dinsiz sayırlar, xəstə sayırlar Peyğəmbəri. Döyülür, söyülür, tənə selinə düşür, təhqir çamuruna batırılır Peyğəmbər.
“Xəstədir beyni, tədavü lazım” – deyirlər.
Ona hər gün beş-üç abdal qanıyor,
Hər nə söylərsə, həqiqət sanıyor – deyirlər.
Miskin adlandırırlar Göy möhtəşəmini. Təlimini “axmaqca yalan”, “dadlı masal” adlandırırlar.
Ölüm harayı şığıyır Peyğəmbərin üstünə amansız, aramsız:
Ah, o xain məhv olmalı!
İndi cəzanı bulmalı.
Haydı, yoldan çevrilməli.
Susdurmalı, öldürməli! – deyə çağırır mütəşəkkil nadanlıq.
Dərd yağır başına Peyğəmbərin lənətlə, qəbahətlə, cəhalətlə birgə:
Sözlərimin təsiri yox,
Hər rast gələn tən ediyor,
Hər kəs gülür mənə.
Bir ovuc əshabdan başqa
Heç kimsə dinləməz məni.
Dərd yağır başına Peyğəmbərin, fəqət ümid günəşi bir an da sönmür ruhunda, bir an da dönmür yolundan – göy aqibəti düşüb Peyğəmbər ömrünə yer qiymətilə birgə, göy böyüklüyü verilib Peyğəmbərə yer təhqiriylə, işgəncəsiylə bərabər.
Göy aqibəti düşüb Peyğəmbər ömrünə Yer fəlakətiylə birgə, Yer fəlakətindən üstün, Yer fəlakətinə qalib…
Göy qətiyyəti
Hətta günəşi sağıma,
Ayı soluma qoysanız,
Fikrimdən dönmərəm əsla.
Bir qul yaşarmı tanrısız!
Qətiyyət gəlir Peyğəmbərə Amaldan, İnamdan – göy qətiyyəti – yüksək, ülvi, mütləq!
Dönməz yolundan Peyğəmbər, çünki yol seçib, yola seçilib.
Çəkinməz yolundan Peyğəmbər, çünki yol taleyinə çəkilib.
Cəfalara dözər, ağrılara sinə gərər, çünki göy hökmüylə birdir, ondan kənarda ömrü yoxdur, yolundan dönməyə haqqı yoxdur Peyğəmbərin, çünki haqq göyləşmək, amallaşmaq deməkdir.
Daş, tikən, ox, qılınc, tokat, yumruq
Həpsi xoş, hər nə gəlsə dönmək yox!
Dönmək yox, çünki ömrün yönü birdəfəlik, həmişəlik amala, mütləqə, göyə tərəfdir; çünki ömrün sahibi amaldır, göydür!
Çünki həmin yol Peyğəmbərin daxilindədir, Peyğəmbər onu ruhuyla görür.
Dönmək yox, çünki amal, mütləq, göy hakimdir iradəyə.
Tanrı əmridir, əzizim,
Alim, cahil eşitməli.
İştə vəzifəmiz bizim
Hər acıya səbr etməli!
Göylüdə tərəddüd olmaz, qorxu olmaz; yorulmaz Göylü yoxuşlarda, batmaz sellərdə-sularda, çünki mütləq qətiyyətdə mütləq qüdrət yaşayır…
Bir könül ki, uysun ona,
Gülünc olaydan qorxarmı?
Göy qətiyyətində Göy ləyaqəti səslənir:
Xeyir, susmam, gedər haqqı söylərəm,
Ölümdən çəkinməm, səni dinlərəm!
Göyə aşiq olan göydən çəkilməz! Göy yoluyla gedən yanılmaz!
Yerdəkilərin Göy həsrətindən Göy qətiyyəti yaranır – Yer tərəddüdünə, dönüklüyünə qarşı…
Göysüzlük
Qılınca qurşanır Peyğəmbər, zora arxalanır, Göylə Yeri birləşdirmək istəyir, məhəbbətlə nifrəti birləşdirmək istəyir, Yer gücüylə Göy qüdrətini cəmləşdirmək istəyir əməlində, Yer nəşəsiylə Göy bəxtiyarlığını qoşalaşdırmaq istəyir həyatında, huri-pəri cənnəti vəd eləyir ərəblərə o dünyada, şəhvani nəfsin buyuruğuna tabe olur özü və Göysüzlük uçurumuna düşür.
Məhəbbətlə ədavətin, Göylə Yerin qarışığından yaranan dünyada Yer Göydən uzaqlaşır:
Haqqı sev, haqsızı dəf et, zirə,
Yakışır haqqa məhəbbət, hörmət,
Kinli cəllada ədavət, nifrət! – deyir Peyğəmbər.
…Bu qılınc! Bir də bu mənalı kitab!
İştə kafi sənə! Yox başqa xitab,
Açar ancaq bu kitab el gözünü,
Siləcəkdir bu qılınc zülm izini! – deyir Peyğəmbər.
Hökmdara, siyasətçiyə çevrilir Peyğəmbər, qorxuyla, vahiməylə, qatilliklə fəth edir, zəbt edir adamları, zorla qəbul etdirir dinini, zorla məhəbbət yaradır “bir olan Allaha”, səcdəyə qatır camaatı sürü sayağı, ildırım kimi çaxır inadlı başların üstündən, fateh zəhmi Göy aşiqliyini söndürür, dəhşət, həyəcan yayılır hər yana, “şanlı komandana”, müdirə dönür müqəddəs və bunu qələbə sayır, ayağı altına yıxılan məzlumların “Allahu-əkbər” mütiliyində əzəmət tapır və əslində həm Yerə, həm də Göyə xəyanət eləyir: çünki Göy Yerlə barışsa, Yer Göyləşməz!
Göyü Yerə endirmək yox, Yeri Göyə yüksəltmək gərək.
(ardı var)