Asif Ata. Yerdəkilərin Göy Həsrəti (davamı)

4. Xəyyam Göyü

Xurafat Göysüzlüyü

Həyatın sonunda axtarırdı Göyü xurafat – o dünya Göyündə cənnət bəxş edirdi möminlərə.
Həyatın sonunda dəhşət görür, fəlakət görür, boşluq görür Xəyyam idrakı və üsyan yaradır xurafata qarşı.

Gördüyün qulpu çamur parçası zənn etmə, saqın,
Bir gözəl boynuna keçmiş qola çox bənzəri var.

Müdhiş bir qatillik yaşar həyatın sonunda, özülündə, insan cismaniliyinin heçliyə yuvarlanma sonluğu var, tapdalanma, itmə məqamı var. Müdhiş Göysüzlük yaşayır Yerdə, sönmüşlər, solmuşlar, əşyaya çevrilmişlər həqiqəti…

Bu gözəl yosmaların çeynədiyi
Hər çiçək bir gözəlin göz bəbəyi.

O dünya – çəmənli, bağ-bağçalı, huri-pərili aləm – göz qabağındadır, çamur parçalarında, çeynənən çiçəklərdə, qara quzğunların qonduğu kəllələrdə, viranələrdə yaşayır o dünya cənnəti, xurafat neməti, əfsun, cazibə bəxtiyarlığı!

Keçənlər bizə əfsanə qaldı,
Sönüb Cəmşidi-cəm peymanə qaldı.
O parlaq, möhtəşəm kaşanələrdən
Bu gün issızca bir viranə qaldı.

O həqarətlə, toqatlarla yapılmış qablar,
Dünki şahlar, vəzirlər ki, həpsi xəyal.

Həyatın sonunda ölüm var, həqarətli, qəddar, cismi heçliyə gömürən; həyatın sonunda cənnət yoxdur, o dünya əfsanələrinə qarşı üsyan yaranır Xəyyam inamında və xurafat adlanan şərə qarşı ruhani döyüş peyda olur – kədərli, müdrik, həmişəlik.

Gənc ömrümü atəşli tikanlar gəmirirkən,
Hər varlığa üsyan edirəm mən.
Üsyan, ölü adət və təriqətlərə üsyan,
Yaldızlı həqiqətlərə üsyan!

Göy idrakı verilib Xəyyama, Göy idrakıyla baxır Xəyyam Yerə və Yer Göysüzlüyünün dəhşətini hədsiz bir aydınlıqla görür: Göy idrakıyla üsyan eləyir yerdəkilərə, xurafatçılara, xülyaçılara.
Həyatı sevdiyi dərəcədə həyatın sonunu sevmir Xəyyam; Həyatda yaşamağa çağırır, o dünyada yox: xurafata zidd həyatsevərlik təbliğ edir.
“Həyatın özünü sev, sonunu sevmə, o dünyanı sevmə, zəlilləşmə xülya qarşısında!” – deyir.
Yer Göysüzlüyünün dərkindən yaranır Xəyyamın Göyü!

Dövran Göysüzlüyü

Camaatı o dünya havasına oynadan xəlifələr bu dünya ləzzətini iri badələrdə içirlər, o dünya huri-pəriləri əvəzinə nəşələnirlər; zəlillərə, məzlumlara tapşırırlar o dünya nemətlərini, özləri fürsəti əldən vermirlər, harıncasına, zalımcasına Yerdən bəhrələnəyə tələsirlər.

Etməsin sözlərim fəna təsir,
Sən deyilsən şərəfli bir tacir.
Xalqa cənnət verib o dünyada,
Özün alüdəsən bu dünyadə.

Xülya zülmətinə bürünür dövran; çapan kim, talayan kim. Qaranlığa qərq edirlər dünyanı xurafatçı həramilər ki, çapsınlar, çalsınlar ruhları.
Göysüzlük zülmətinə qapanır dövran.

Mey Göysüzlüyü

Xurafata qarşı döyüşür meylə Xəyyam!
Xiffətə qarşı döyüşür meylə Xəyyam!
Mey içdirir ki, xurafata baş əyməsinlər.
Mey içdirir ki, xiffətə baş əyməsinlər.
Mey içdirir ki, sərməstlər ayılsın.
Mey içdirir ki, dərdlilər ovunsun.

Həzrəti-müfti, sizə nisbətdə biz,
Həm ayığıq, həm deyilik nəşəsiz.
Biz içiriz badə, siz insan qanı,
Hankımız, anlat, daha çox vəhşiyiz!

Mey içdirir ki, cəhalət içməsinlər!
Mey içdirir ki, dərd içməsinlər!

Çox zaman özlədiyim neylə şərab,
Fikri təbliğ üçün ahəngi-rübab,
Edərək əski xurafata hücum,
Yeni bir fəlsəfə izlər ruhum.
Xalqı gördükdə səfalətdə həmən,
İçərək vaz keçərəm kəndimdən.

Mey içdirir ki, Yer Allahının üzünə ağ olsunlar, üzlərini ağ eləsinlər.

Badə ibriqimi qırdın, ya rəbb!
Dərdimi başdan aşırdın, ya rəbb!
Mən mey içdimsə, əcaib bir hal,
Məst olub sənmi şaşırdın, ya rəbb!

Ancaq meydə Göylük yoxdur! Mey Yer ümididir, Göy ümidi deyil!
Meydə Yer təskinliyi var, Göy inamı yoxdur!
meylə Yer Göyləşməz, xülyalaşar!
Təzə xülya yaradar mey – köhnə xülya əvəzinə!
Təzə xurafat yaradar mey – əski xurafat əvəzinə!
Bu səbəbdən də qaranlıqdan çıxa bilmir Xəyyam: Göysüzdür mey – çıraq ola bilmir qaranlığa.

Qaradır gördüyüm əlvan əşya,
Qara, yer, göy, qaradır rəngi-ziya.
Of, qaranlıq bu bəyaz mərmər də,
Nazlı məqbərədə yatan dilbər də.
Həp qaranlıqdır, əvət, sirri-həyat,
Qoca xaliq də qaranlıq, heyhat!

Azadlıq göyü

Azadlığa çağırır Xəyyam. Mənəvi, ruhani, insani azadəliyə, idraki zəncirdən uzaq iradə azadəliyinə.

Özünə sahib olsun insan!
Xilqətin şənliyi, hər rəngi sizin,
Parlayıb gurlayan ahəngi sizin.
Gömməyin heçliyə fürsət dəmini,
Xoş görün zövqü-səfa aləmini.

Dünyada özümləşməkdən böyük zövqü-səfa yoxdur.
Xülyalar, xurafatlar insanı özündən ayırır, özgələşdirir.
Özümləşən insan Göy səfasına, zövqünə çatır.
“Paslı, sönük adətlər”dən ayrılanlar səmavi fərəhə çatırlar.

5. Göysüzlük uçurumu

“Uçurum, qaranlıq, çıxılmaz yolum”
(“Uçurum”dan)

Yadlaşma Göysüzlüyü

Fransa çiçəyi gərəkdir Cəlala, öz Gövərçini gərək deyil!
Yadlıq, özgəlik çağırır, cəzb edir, qəhr edir Cəlalı.
İşvəli, ədalı qəbahət, xəyanət çağırır, cəlb edir, qəhr edir Cəlalı.
Özgəliyə uymaq var, özgə “calalına” vurulmaq var, bəzəyə, parıltıya tapınmaq var, hərcayi həvəslərdən məst olmaq var Cəlallarda.
Yad Anjel cəzbi gərəkdir Cəlala: “zəhərli çiçək”, atılan, satılan əyləncə, gündə bir budağa qonan Paris quşu, məharətli, yetkin, ismətsiz “ürəkçalan”. Cəzbində qadir, qabil, zəngin, peşəsində parlaq, fəhmli, mahiyyətində miskin, ancaq çağıran, cəlb edən, cəzb edən, qəhr edən iblisanə xilqət.

Of, bu çılğın öpüşlər
Həyatımı yaldızlar.
Sərsəm könül fərəhdən
Həm rəqs edər, həm sızlar.
Uf, bu gözlər, bu gözlər
Yaxar çılğın ruhumu.

Gözlərdəki şivə hədsiz, hiylə hədsiz; işvəni görən göz var, hiyləni görən göz yox!
“Gözəllik sərgisinin lətif çiçəyinə” əyilən baş çox, ondakı yapmalığı anlayan baş yox!
Səmavi sözlər deyilir Anjelin şəninə, ancaq onun çoxmüştərili dəllallığına məhəl qoyulmur.
Yadlaşma kəməndinə düşən çox, ondan qurtulan az!

O gün ki, İstambulda
Gənclik fransızlaşdı,
Getdikcə türk övladı
Uçuruma yaxlaşdı.
Düşkün Paris modası
Hər gəncə örnək oldu,
Sərsəm firəng ədası,
Sərxoşluq, iffətsizlik
Sardı bütün gəncləri.
Zəhərləndi getdikcə
Məmləkətin hər yeri.

Sərxoş oldu Cəlallar Anjel ülfətindən, işrətindən. Unutdular qadınlarını, balalarını, əhdlərini, ilqarlarını, yad oldular özlərinə, sarıldılar yadlığa.

Ah, bu süzgün baxışlar,
Bilsən, nasıl füsunkar!
Gah ruhumu güldürər,
Gah da qəlbimi yaxar.

Süzgün baxışlardan məkr süzülür, fitnə süzülür – bunu görmürlər sərxoş Cəlallar.
Ruhu güldürən cazibədə ruhu zəhərləyən rəzalət var – bunu görmürlər sərxoş Cəlallar.
Doğmalıq duyğusu ölüb Cəlalların. Doğmalıq simi qırılıb ürəklərində.
Öldürüb Anjellər doğmalığı Cəlallarda, qırıblar doğmalıq tellərini.
Doğmalara dərd gətirib yadlıq – çəkilməz!

İsmətlilərin Yer aqibəti

Gövərçinəm, Gövərçin,
Ağlaram için-için.
Mən bu qara bəxt ilə
Neçin doğdum, ah, neçin?!

Günü qara olur ismətlilərin Yerdə, tapdalanır ləyaqətləri, mənlikləri; atırlar, satırlar ismətləri; gözü yaşlı qalırlar ismətlilər, balalarını öldürürlər ərləri çılğın ehtiras dəmində, hərcayilərə, pozğunlara qismət olur ərləri; bəyənilmir, sevilmir əxlaq; düzlük, sədaqət qurban verilir qəbahətə, həqarətə; dönüklər əlində qalırlar vəfalılar; saflıq, məsumluq, təbiilik sayılmır; hiylə, riya cəlb edir təzə kişiləri, günah cəzb edir, günahsızlardan keçirlər, xəyanəti seçirlər.

Mən ağlamazdım, məni ağlatdılar,
Qayğı bilməz könlümü qanatdılar,
Beşgünlük ömrümə ağu qatdılar,
Yar intizarında inlər, ağlaram!

İsməti sevmir yerdəkilər, dişdən dişə keçən qisməti, artığı sevirlər, saf bulaq suyunu sevmirlər, bulanıq çay suyunu sevirlər.
Gövərçinlər ağladıqca Anjellər gülürlər. Anjelə uyan kişilərin əlləri övlad qanına bulanır, övladsız qoyur qadınlarını təzə kişilər, zindan ağırlığında fəlakət düşür ismətlilərin baxtına, dağlanır ismətlilər.

Gövərçinin bu halı
Andırır çox sinirli,
Çox çılğın bir dənizdə
Ümidsiz bir heykəli.

Unudulur əhdi-peymanlar, şaqraq nidalarda səslənən vədlər, yalan çilənir saflığa. Yalnız həqarət sərhəddinə çatır əhdləri təzə kişilərin. Həmin sərhəddə itir andları – namuslarıyla birgə…

Bütün mənliyimin fövqündə yalnız,
Parlar durur ən qanadlı bir ulduz – deyərdi Gövərçinə Cəlal.

Gövərçin, Gövərçin, inan, nə etsəm,
Nərdə bulunsam mən, nə yolda getsəm,
Əsla tapındığım mələkdən dönməm,
Səndən başqa bir kimsəni düşünməm! – deyir Gövərçinə Cəlal.

Anjellər peyda olduqda andlar qeyb olur Cəlallarda.
Təzə kişilər ləyaqətlərini fahişələr ayağına palaz eləməkdə mədənilik tapırlar. İsmətli ismətindən dönmür, ismətsizə ismətsizlik göstərmir, ismətə sədaqətindən əl çəkmir.

Əvət o alçaldısa, mən alçalmam,
Məhv olaram, satqından zövq almam – deyir.

Dönüklüyə qurşanırlar ismətsizlər. Dərd olur ismətlilərə namərdlik.

Göysüzlük süniliyi

Çağırır Cəlalları şəhər dəbdəbəsi, möhtəşəmliyi, nəşəsi, bəzəyi; çağırır və məhv edir.
Sünilik, mənəviyyatsızlıq, qəddarlıq, əyyaşlıq uçurumuna düşürlər Cəlallar, yadlaşma azarından doyunca bəhrələnirlər.
Təzə vəhşət, rəzalət, heybətli Göysüzlük görünür təzə Yerdə.

Hər yanda bir göstəriş, bir vəlvələ,
Hər çöhrədə bir dəsisə, bir hiylə.
Hər addımda bir xəyanət, bir fəsad,
Hər nəfəsdə bir ah, sönük bir fəryad.

Ruha yer olmur Göysüz Yerdə, nura yer olmur!
Möhtəşəm yersizlik yaranır Yerdə – ülviyyətdən məhrum.

Göy təbiiliyi

Doğmalıq, məhrəmlik, düzgünlük tapırlar adamlar kənddə. Sabitlik, qədimlik, əbədilik tapırlar.
Təbiiliyə tapınırlar, sünilikdən qorunurlar – ömür təzələnir Göy havasında.

Göy həyatı gurultusuz bir həyat,
Orda bütün xilqət, bütün kainat,
Təsliyyət şəhpəriylə ruhu oxşar.

Göylənir Yer kənddə, ömürləşir. Xatirələşir.

Bütün səadətli günlərim,
Bütün eşqim, hissim, xəyalım,
Fərəhli dəmlərim, hüznüm, məlalım
Gülər mənə göyün hər guşəsində
Doğmalaşır Göylə Yer kənddə.

Yer fəlakəti – Göy nicatı

Uçurum: duyduğum həqiqət, xəyal,
Uçurum: uçurum yaldızlı amal,
Uçurum: çağlayanlar, kəhkəşanlar,
Uçurum: dənizlər, dağlar, ormanlar,
Uçurum: üfüqlər, əngin fəzalar,
Uçurum: uçurum çılğın dəhalar,
Uçurum: bu çirkin, bu alçaq həyat,
Uçurum: uçurum bütün kainat.

İnsan özünə, öz xəlqi mahiyyətinə yad olanda dünya ona uçurum görünür.
İnsan özünə, öz xəlqi mahiyyətinə çatanda dünya onun gözündə Göyləşir.
Yer fəlakətinin Göy nicatı var.

6. Göysüzlük iblisliyi

Göysüzlər fəryadı

İblis hakim olub ürəklərə, idraklara, iradələrə; iblisləşib duyğular, fikirlər, niyyətlər. İblis sahib olub Göysüzlərə. Dəhşət qalxır Yerdən Göyə, dəhşətə tapınırlar Göysüzlər.
İblisə qalıb dünya, dördnala çapır atını, rəzalət yayır hər yana.

Ya rəbb, bu nə dəhşət, nə fəlakət,
Ya rəbb, bu nə vəhşət, nə zəlalət?!
Yox kimsədə insaf, mürüvvət!
(“İblis”dən)

Göysüzlük vəhşəti, həqarəti törəyib Yerdə – iblisanə!
İnsafsızlıq, mürüvvətsizlik törəyib Yerdə – iblisanə!
Həddi yox, sərhəddi yox vəhşətin, həqarətin, fitnənin, fəsadın, lənət doğulub Yerdə – möhtəşəm!

Ya rəbb, bu cinayət, bu xəyanət, bu səfalət
                                       Bulmazmı nəhayət?!
Yüz min deyil iblisə uyan, həp bəşəriyyət
Etmiş bu gün ev yıxmağa, qan içməyə adət!

Həddi yox, sərhəddi yox Göysüzlüyün, iblisliyin, altuna, şəhvətə tapınanların, ev yıxıb qan tökənlərin, ülfətsizlərin, şəfqətsizlərin, rəhmətsizlərin.

Sizlərdəki ülfət, sonu vəhşət,
Sizlərdəki şəfqət, sonu nifrət,
Sizlərdəki rəhmət, sonu lənət!

Azğınlaşır, pozğunlaşır, hərisləşir, harınlaşır, naşılaşır, vəhşiləşir adamlar Göysüzlükdə.

Bilməm bu cinayət, bu xəyanət, bu fəlakət
Bitməzmi dahı, bu qədər səbrə nə hacət?!

Zülmət çökür Yerə iblisanə, ağıl yolunu azır, duyğular hərcayiləşir, iradələr sarsılır.

Duyduqca, düşündükcə olur qəlbimə tarı,
Min şübhəli illət.
Min dürlü həqiqət mənə xəndan, həpsində də zülmət!

Göysüzlük bəlasına düçar olub Yer və Yer əhli uzanır Göyə, xilas diləyir Göylü, Göy istəyi yaranır Yerdə – həsrətli, hərarətli, ülvi.

Ey varlığı yox, yoxluğu vardan daha dilbər,
                                              Ruhum səni izlər.
Lütf et, gözəl çöhrəni bir an mənə göstər,
                                             Könlüm səni izlər!

Yer tanrısına üz tutmur yerdəkilər, mövhumat, xurafat allahlarına üz tutmur yerdəkilər, Göy ülviyyətinə, ədalətinə, həqiqətinə üz tutur yerdəkilər, Göy həsrətinə üz tuturlar. “Yerdə süründüm, yetişər göylərə qaldır!” – deyə fəryad qoparırlar.

Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat,
Bir şöləyi-ürfan – deyə Göyə tapınırlar.

Göydən nicat umurlar, Göyə göz dikirlər yerdəkilər – Göysüzlük bəlasından qurtulmaq üçün.

Yağılıq iblisliyi

Yağılaşıb adamlar, yağılıqda, yırtıcılıqda, yıxmaqda, dağıtmaqda, parçalamaqda əzəmət, möhtəşəmlik, qüdrət arayırlar, qana küsənirlər, qanla qürrələnirlər.

İblisə uyub da əhli-aləm,
Həp Yer üzü qanlı, cümlə sərsəm.

Dava sərsəmliyində ləyaqət tapırlar, müdrikləşir gözlərində qatillik, zora sarılırlar, zora sarımaq istəyirlər dünyanı.

Yaşamaq istəmirsən, çarpış,
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil! – deyirlər.

Toplu-tüfəngli, naləli, ahlı, qorxulu, işkəncəli Yer halı yaranır, sərsəri dava həvəsi coşur ürəklərdə, parçalanmaq ehtirası yanır gözlərdə, nifrət alovu bürüyür çöhrələri, qətl hərarəti yandırır aləmi.

Ah, çılğın, bütün cahan çılğın.

Ölüb-öldürmə səyində vəhşilərlə yarışırlar adamlar, canavarlığı fəzilət sayırlar. İnsanlıq unudulur, mərhəmət unudulur, vicdan unudulur. Yağılaşır Yer Göylə.

Nəfs iblisliyi

Nəfsə uyur yerdəkilər, altuna, meyə əsir olurlar, əsarətdən məst olurlar.
“Qüvvətə, altuna tabe dünya” – səfalətinə baş əyirlər. Altundan qüdrət, meydən səadət, şəhvətdən nəşət diləyirlər.
Altun adlı, mey adlı, şəhvət adlı iblislərə alçalırlar.
Nəfs quyusuna düşürlər, başlarının üstündən Göy əksilir, iblisə səcdə qılırlar, onun ayağına yıxılırlar.
Nəfs burulğanına düşürlər – boğulurlar.

Göylünün Yer aqibəti

Göylüdür Xavər Göysüzlər arasında, sevir Göysüzü, iblisləşəni, müqəddəs sayır məhəbbəti, fəda edir ömrünü məhəbbətə, fəlakəıt düşür bəxtinə, məhv olur, qəhr olur saf, məsum qadınlıq…
İblisləşənlərə gərək olmur onun etibarı, dönüklərə yad olur sədaqəti, sönüklərə düşmən olur qəlb atəşi, naləsi…

Oldum sənələrcə həp ənisim,
Bəsləndi səninlə fikrü hissim,
Kölgən kimi həp peşincə qoşdum,
Eşqinlə qanadlanıb da uçdum.
Lakin məni bir nigarə satdın,
Birdən-birə həp unutdun, atdın.

Sevgili saydığı Arifin əliylə boğulur Göy qızı Xavər Göysüzlər arasında. Sevdiyi üçün boğulur, namusu bəslədiyi üçün, Göyə bənzədiyi üçün, Yeri bəzədiyi üçün…
Günahsızlığı üçün günahkarların əlində həlak olur Xavər, mələkliyi üçün iblislərin əlində məhv olur.
İblisin sahib olduğu Yerdə mələyə yer olmur…

Yer rəqsi – Göy qüssəsi

Həp rəqs ediyor qanlı Günəş, qanlı üfüqlər,
Həp rəqs ediyor halə qəmər, pənbə şəfəqlər.

Yer günəşi rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy günəşi ağlar, sızlar Yerə baxdıqca Göydən!…
Yer qəməri, şəfəqləri rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy qəməri, şəfəqləri ağlar, sızlar Yerə baxdıqca Göydən…

Rəqs etmədə həp şerü dəha, hüsnü lətafət,
Rəqs etmədə yıldızlı fəza, ruhi-təbiət.

Yer “şerü dəhası”, “hüsni lətafəti” rəqs edər iblisləşən, meyləşən, sərxoşlaşan xəyalda, Göy “dəhası” , “lətafəti” ağlar, sızlar Yerə baxdıqca Göydən!
Yer göyü, təbiəti rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy ağlar, sızlar Yerə baxdıqca!

Hər fəlsəfə, hər dinü təriqət, bütün adət
Rəqs etmədə həp olsa xəyal, olsa həqiqət.

Yer fəlsəfəsi, dini, təriqəti, Yer adəti rəqs edir iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy fəlsəfəsi, idrakı, mənəviyyatı ağlar, sızlar Yerə baxdıqca Göydən!

Həp rəqs ediyor hüznü sürur, eşqü fəlakət,
Həp rəqs ediyor xeyirlə şər, elmü cəhalət.

Yer eşqi, Yer xeyiri, Yer şəri, Yer idrakı rəqs edər iblisləşən, meyləşən, sərxoşlaşan xəyalda, Göy eşqi, Göy xeyiri, Göy idrakı ağlar, sızlar Yerə baxdıqca Göydən…

Rəqs etmədə hətta o görünməz ulu məbud,
Rəqs etmədə hətta o vücudi-ədamalud.

Yer tanrısı rəqs edər iblisləşən, meyləşən, sərxoşlanan xəyalda, Göy tanrısı ağlar, sızlar Yerə baxdıqca Göydən!…
Yeri oynadır iblis əlində, Göyün sinəsinə dağ çəkir.

İblis qüdrəti – adam qəbahəti

“İblis”, o böyük ad nə qədər calibi-heyrət!” – heyrətlidir, heybətlidir iblis, çünki “kaşanələrə, viranələrə, qülbələrə” hökm edir, hər dildə səslənir şöhrəti, çoxsifətli, çoxqiyafəlidir; gah şahlar, xaqanlar əzəmətində görünür, gah krallar dəbdəbəsində, gah “tülkü siyasilər”, “xadimi-ədyanlar, altun və qadın düşkünü” əməlində bilinir, gah xəyanət, zülm sitəmində… dünyanı qərq edir səfalətə, cəhalətə, cinayətə!
Heyrətlidir, Heybətlidir, çünku həqarəti Yeri bürüyüb. İblisləşməyən məkan yoxdur. Qarış-qarış səpilib dünyaya iblis toxumu!

Röya kimi bir an olaraq zahirü qaib,
Mən Şərqdə abid oluram, Qərbdə rahib.
Bir qazi olub gah edərəm fitnələr icad,
Bir mürşid olub gah edərəm aləmi bərbad!

Heyrətlidir, Heybətlidir, çünki iblislik dünyaya sirayət eləyib, gözləri yumub, ağılları söndürüb, naqis ehtirasları coşdurub, inamları sarsıdıb, əməlləri soldurub, müqəddəsləri çirkaba qərq eləyib, müdrikləri alçaldıb, naşıları ucaldıb, saflığı məhv edib, həqarəti bəsləyib.

Bəzən oluram bir papa, cənnət satıram mən,
İsa dirilib gəlsə də, qorxar qəzəbimdən!

Heyrətlidir, Heybətlidir, çünki imkanlıdır, zəbt etdiyi, fəth etdiyi dünya böyükdür, əsir etdiyi ürəklər, beyinlər, iradələr sonsuzdur.

Bəzən oluram bir çoban, azadə bir insan,
Bəzən oluram zülmü fəsad aşiqi sultan!
Bir piri-zəbun olduğum əsnada bilərsən,
Təbdili-qiyafətdə həmən gənc oluram mən!

Cümlə fəlakətlərə bais olduğu dərəcədə heybətlidir, heyrətlidir iblis.
Heyrətlidir, heybətlidir, çünki adama qalib gələ bilir, adamı İnsanlıq Göyündən sala bilir, Göysüzlük qaranlığında saxlaya bilir, qəbahət zəncirinə sala bilir.
Adam naqisliyindən yaranır iblis heybəti.
İnsan kamilliyində yox olacaq iblislik.
Göy işığında sönəcək Yer qaranlığı!

7. Göysüz Teymur

Fatehlik Göysüzlüyü

Qüdrətlidir, qüvvətlidir Teymur, ancaq Göysüzdür – həqiqətsizdir, ədalətsizdir, ülviyyətsizdir: fatehlikdə müqəddəslik yoxdur!
Cəsurdur, döyüşkəndir, mətanətli, dəyanətlidir, ancaq Göysüzdür – həqiqətsizdir, ədalətsizdir, ülviyyətsizdir: fatehlikdə müqəddəslik yoxdur!
Fatehliyində əzəmətlidir, iqtidarlıdır, ancaq əzəmətində, iqtidarında Göy ülviyyəti yoxdur, Yer həşəməti var.
“Mən İrana ayaq basdım, ən böyük cəngavərlər qarşımda durmayıb Mazandaran
Çaqqalları kimi ormanlara qaçdılar, Moskvaya hücum etdim, rus knyazları qorxudan şimal ayıları kimi ürküşüb dağılmağa başladılar, Hindistana yürüdüm, Sultan Mahmud ordusu Qanq nəhri kənarındakı qaplanlar kimi oxlarıma şikar olub diz çökdülər!”
İradəli, ağıllı, tədbirli, siyasətlidir Teymur, ancaq Göysüzdür – ədalətsizdir, həqiqətsizdir, ülviyyətsizdir: fatehlikdə müqəddəslik yoxdur!
Miqyaslıdır qalibiyyətində: “Cetləri boğub, çığatay elini Mavəraün-nəhrdən qovub, Səmərqəndi alıb, Xarəzmi devirib, Azərbaycanı, Kürdüstanı zəbt edib, İldırım Bəyazidi əsir alıb, zağ-zağ əsdirib qarşısında cahanı, ancaq Göy miqyası deyil bu miqyas, Yer miqyasındasa – müqəddəslik yoxdur!
“Məğrurları əzmək üçün yaradılmış bir Allah bəlasıyam!” – deyir özü haqqında Teymur. “Tökdüyüm qanlar ancaq haqq və ədalət naminədir” – deyir. Əslində isə Teymur haqsızdır, ədalətsizdir; çünki fatehlikdə haqq-ədalət yoxdur, şan-şöhrət hərisliyi var hüdudsuz!
“Şan və şöhrət izləyən bir hökmdarın qarşısında cahan nədir?” – deyir Teymur və öz həqiqətini söyləyir.
Haqq və ədalət naminə fəth etmirlər dünyanı zorlular, şan və şöhrət naminə fəth eləyirlər.
Güclü və gurultuludur Teymurun səsi, ancaq bu, Göy səsi deyil, Yer səsidir – ülviyyətdən məhrum!

Cah-cəlal Göysüzlüyü

Cahlı-cəlallıdır Teymur, saraylı, meydanlı, varlı, varidatlı, ehtişamlıdır, ancaq Göysüzdür – həqiqətsiz, ədalətsiz, ülviyyətsizdir: bu cah-cəlal müqəddəsliyə yaddır!
Möhtəşəm görünür, bilinir, Səmərqənddəki saraylar, mədrəsələr, məbədlər, abidələr, “qalibiyyət əsərləri”, “Bingül dərəsindəki zövq və səfa məclisləri”, “yaşıl otlar içində qurulmuş çadırlar”, “Ərəbistana və İrana məxsus sıra pərdələr”, “Hindistandan gəlmə canbaz və lətifəçilər”, rəqqas və rəqqasələr…, pəhləvanların güləşməsi, yaşıl-qırmızı rənglərə boyanmış fillərin oynadılması, xanəndə və sazəndələr, yarış və əyləncələr!
Əslində Göysüz, əsassız, köksüz, bünövrəsiz, təməlsizdir bu cah-cəlal, çünki “qalibiyyət əsərləridir”, soyğunçuluq, talançılıqdır əslində, zəbt olunan ölkələrin halallarıdır, haramlaşıbdır burada. Çünki haqq, ədalət, ülviyyət əleyhinə yaranıb bu möhtəşəmlik.
Ticarətdən, mədəniyyətdən danışır Teymur və həramilik qəsdi sanki unudulur, əslində isə həramilik qəsdindən yaranıb çiçəklənən ticarət, mədəniyyət.
Cah-cəlalda ülviyyət yoxdur, ruhani səfalət var, bir müddət gizli yaşayan, sonra üzə çıxan, aşkar olan.
Dəhşətli boşluq gizlədir özündə cah-cəlal, boşluğa düşür fatehlər gec-tez!

Göysüzün Göy həsrəti

Fəth elədiyi dünyanı sevmir Teymur. Göysüzün ürəyində Göy Həsrəti yaşayır və dünya gözündə bir heçə dönür, lənət, istehza yağdırır dünyanın başına sahibi.
“Bəxtiyar şair, – deyə müraciət eləyir rəiyyətinə dünya qalibi, – sənin kimi dəyərli simaların qədr və qiyməti anlaşılsaydı, mənim kimi topallar soldakı sıfır qədər mənasız qalardı”.
“Siz yarasalar ölkəsində, korlar məmləkətində parlayan bir günəşsiniz. əfsus ki, insan adını daşıyan iki ayaqlı həşəratı usandırmaq üçün, onların pas tutmuş kirli vicdanlarını yumaq üçün yalnız Teymur qılıncı lazım”.
“Heç maraq etmə, xaqanım”, – deyə müraciət eləyir əsirinə dünya qalibi. Sən kor bir abdal, mən də dəli bir topal. Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı!”
Göy Həsrəti Haqlayır Göysüzü!…

8. Saray Göysüzlüyü

Göy çağırışı

Göy çağırır Səyavuşu. Hərarətli, inadlı çağırış səslənir Göydən və Səyavuşun ömrünə hakim olur, Səyavuşla saray arasında keçilməz sədd yaranır, Yer dərdinə qalanır Göy, Göy şəfqəti yağır Yerə.

Zalımla məzlumu, saqın, bir tutma,
Yediyin ətməyi, duzu unutma.
Şər saraylar məğrur etməsin səni,
Düşün daim yoxsulların dərdini.
Uyma evlər yıxan kinli şahlara,
Acı köküsləri yaxan ahlara!

Ülvi, ədalətli, həqiqətli çağırışa sarılır Səyavuş, Göy hökmünə tapınır, Göy havasıyla yollanır Yerə!

Yer Həqarəti

Ləyaqət, mənəviyyat, namus, izzət tapdanır, talanır saraylarda; azğınlıq, zalımlıq, harınlıq əyləşib şah taxtında, şəhvət qəbahəti söndürüb insafı, mürüvvəti, canavarlıq dişini qıcıyıb məsumluğa, didilib-parçalanır ömürlər, talelər, Göysüzlük həvəsi bürüyüb Yeri.

O, həris bir canavar kibi,
Hər gün parçalayıb durur bir qəlbi.
İsmətimi aldı ayaq altına,
Yalvardım, çıxmadı səsim bir yana.

Padşah nəfsinə qurban kəsilir kimsəsizlər, köməksizlər, ortaq mal sayağı paylanır yırtıcılara; ar, həya, ismət, aqibət talanır Göyün gözündən iraq.

Ondan artan yosmalar,
Mənim yatağımda nəşəyə dalar.
Fəqət çox sürmədən keçər fırtına,
O qız varır şanlı bir komandana.
(Pişxidmət etirafı)

“Haqq, ədalət göyə uçub”, “hər gecə yüzlərcə ismətlər pozulur sarayda” həqarət Göysüzlüyünə qərq olub saray yerdən göyəcən!

Yer atəşi

Odlu-alovlu, həvəsli-ehtiraslıdır Südabə, əyyaş Keykavusun cavan hərəmi, günahlı atəş gəzdirir sinəsində, ağlına, iradəsinə, yağı kəsilir oğulluğu Səyavuşa olan eşqi, kin-küdurət, fitnə-fəsad törəyir çılğın niyyətindən.
İntiqam bitir əməlindən, böhtan yetirir haytası!

Könlümdəki atəşləri
Parlatmaz sönük yanğın,
Çəlik qollar istərəm ki,
Məni didsin, parçalansın!

Göysüzdür ehtirası Südabənin, xudbinlik, qürrə, hərislik saçır; özünü yandırır, əzizini yandırır. Göysüzdür, bu səbəbdən də şərlidir!

Yer aqibəti

Əzilir, alçalır, söyülür, döyülür yerdə insan. Vicdan adlanan Göydən əl çəkirlər Yer Hakimləri.
Ədalət adlanan Göydən əl çəkirlər, Həqiqət adlanan Göydən əl çəkirlər.
Qara gün doğur baxtına camaatın, qaragünlü olurlar, zülm düşür baxtlarına, məzlum olurlar, zillət düşür aqibətlərinə.
Göysüz olurlar, yiyəsiz olurlar.
Hiddət yağır Yerə Göylü:

Yetər çıldırdınız, hökumət deyə,
Evləri yıxdınız, ədalət deyə.
Məzlumlar qanından badə sundunuz,
Qara quzğun kimi leşə Qondunuz.
Qanun deyə doğruluqdan caydınız,
Xalqın namusunu heçə saydınız.

Qətiyyət yağır Yerə Göylü:

Zülmə qarşı dikbaş və məğrur olun!
Hürriyyət uğrunda çox cəsur olun!
Səadət pərisi gülməz qullara,
Munis olar ancaq dəmir qollara!

Yer aqibəti Göy qətiyyəti yaradır!

Yer fəsadı

İntiqam fəsadı yağır başına Səyavuşun Südabədən.
Həsəd, rəqabət yağır başına Səyavuşun Gərşivəzdən.
Keyxosrova xəyanətdə təqsirləndirilir Səyavuş.
Əfrasiyaba xəyanətdə təqsirləndirilir Səyavuş.
Böhtana tapınır Yer ağıllı Keyxosrov.
Böhtana tapınır Yer ağıllı Əfrasiyab.
Yer hökmlü Keyxosrov cəzalandırır Səyavuşu.
Yer hökmlü Əfrasiyab öldürür Səyavuşu.
Hər ikisində Yer ağlının yetirdiyi Yer qətiyyəti var – cahil, qəddar.
Hər ikisində hiyləyə inanma, doğruya şübhə var.
Hər ikisi saf, xalis insan tanımır, çünki hər ikisi daxilən, fitrən saflığa, xalisliyə yağıdır.
Hər ikisi fitrən, daxilən cəlladdır.
Qəbahətə baş əyirlər, ləyaqətlinin başını kəsirlər saraylılar.
“Keykavus bir cəllad, sən də bir cəllad!” – deyir Səyavuş Əfrasiyaba.

Göy övladı

Safdır, mərifətli, mərhəmətlidir, sədaqətli, adil, həssas və cəsurdur Səyavuş.

Bir ləkə var bəlkə ayda, günəşdə,
İncə bir iz belə yox Səyavuşda.

Göy xislətli, Göy məhəbbətli, Göy ülfətlidir, Firəngizin Göyüdür, Firəngiz Göylüdür.
Göylüdür, bu səbəbdən də Yerdə qəribdir, təkdir, qətlə hazırlanan, çatandır.
Hər iki ölkədə – həm İranda, həm Turanda məskənsizdir: Göysüzlər arasında yersizdir.

Kimə inanmalı? İştə hər diyar
Mənə qarşı kin və intiqam duyar.
İran xəyanət və hiylə ocağı,
Turan iftira və dəhşət qucağı!

Qətidir inkarında, imtinasında, bütövdür xislətində, niyyətində, bu səbəbdən də kədərə həmdəmdir, təhlükəyə həyan!

İran bir cənnət olsa,
O yurda sanma bir də Səyavuş ayaq basa.
Hind ormanlarındakı qaplanlara eş olsam
Himalayın başında qartallara eş olsam,
Nildəki timsahların atılsam qucağına,
Mümkün, amma tutulmam hörümçəklər ağına.
Südabələr bəsləyən uğursuz bir ölkənin
Uğramam hüduduna, bundan əmin ol, əmin!

Zalım üzünə ağ olandır, qanlı şahlara meydan oxuyandır, həqiqətə baş əyən, haqqı deyəndir:

Lənət o günə ki, sığındım sana,
Nifrət güvəndiyim qanlı xaqana!
Düşünmədim babam kimi sənin də
Əqrəblər yapırmış yuva beynində.

Göy oğludur Səyavuş, Yer aqibətli.
Göy həsrəti çəkəndir, Göyə dərd çəkdirəndir.

9. Göysüz Knyaz

Zülm göysüzlüyü

Ahı, fəryadı, naləni eşitmir Knyaz hakimlik çağında, əməkçi fəlakətinə bais olur, daşlaşır qəlbi, insafa məhəl qoymur, yağılıq saçır əməli. Zaval istəyir Knyazdan işçilər, dərd alırlar.

Yara, başdan-başa hər yer yaradır,
İştə bunlar, sizi bunlar yaşadır! – deyə aman diləyir Knyazdan işçi – hədyan qazanır.

Bax zəhərdən qurumuş skletim,
Mən ölərsəm sönəcək altı yetim – deyə ədalət diləyir Knyazdan işçi – səfalət qazanır.

Biz qarışdıq ölülər cərgəsinə! – deyir işçi və müsibət tapır Knyaz hiddətində.

Həp gəbərsinlər acından bizə nə,
Onların verdiyi girsin gözünə!

Hakimlik məqamında Göyü unudur Knyaz, Göyə – ədalətə, haqqa ağ olur, Göysüzlük çökür vicdanına, Göy hiddəti yetirir zülmü – mənliyini öldürən.

Nəşə Göysüzlüyü

Nəşəyə tapıınır Knyaz, meydə tapır həyatın mənasını, meyə arxalanır, meylə rahatlanır, meydən qanadlanır.

Həp düşündükcə boğar ruhu soyuq,
Qaba, issız və dərin bir boşluq.
O dərin boşluğu bir dolduracaq
Varsa, yalnız əbədi sərxoşluq!

Dadlı, xülyavi bəxtiyarlıq yaranır işvəli, hiyləgər, mey röyasında; təravətli, hərarətli aldanış doğulur – təskinli!

İştə xilqət dolu min dürlü təzad,
Hər sevincin sonu müdhiş fəryad.
Badə ver, badə, bu divanə könül
Coşaraq qayğıdan olsun azad!

Göysüzdür Yer sahibləri, dəhşətlidir Göysüzlük – sərxoşluq “nicatı” yaradır.

Süqut Göysüzlüyü

Divanələşir, sərsəmləşir Knyaz; zəlilləşir, miskinləşir, azğınlaşır, zalımlaşır; lənətləyir dünyanı, insanları, özünü; aldanır, tənhalaşır, mənəvi intihar cismani intiharı hazırlayır.

Yox şübhə ki, dünya dolu Knyaz,
Lakin mənə derlər: ulu Knyaz.

Məzhəkə qatılır vüqarına Knyazın, istehzalı səslənir vüqar, dərdli, məlallı, həm də gülməli; haqlı görünür, ədalətli görünür məğlubiyyəti!

Mən indi nəyəm: bir quru heykəl!
Bir vulkan idim, mum kimi söndüm!
Bir aslan idim, tülküyə döndüm.

Olduğu kimi görür özünü, ədalətlə, həqiqətlə baxır özünə Knyaz, kədərli hökmünə özünüistehza ümidsizliyi qarışır; istehzalı kədər, kədərli istehza yaranır və haqlı sayılır Knyazın bu halı!
İstehzalı kədərdə qalmır, dayanmır Knyaz; Knyazlığında Göysüzlüyündə, Yerdə qalır, yerində sayır Knyaz; kin-küdurət püskürür nəfəsi.

Hər an gəmirir qəlbimi bir kin,
Gündən-günə dəhşət daha kəskin!

Lənət püskürür nəfəsi Knyazın vüqarına yad olanlara, yağı olanlara, “baldırı açıqlara”, “qartalı anlamayan qazlara”, “gizli böcəklərə, azğın kələbəklərə, özünə!”

Lənət, mənə lənət, sənə lənət, ona lənət!

Dünənki möhtəşəmliyin bugünkü sitəmi səslənir Knyaz hiddətində, ancaq haqq, ədalət sayılır bu hal!

Dün sən nə idin? Sahibi-möhtac!
Hə, indi nəsən? Ətməyə möhtac!
Dün göydə uçan cilvəli tavus,
Bax indi toyuqdan belə mənhus!

Sitəmli günlərə çatır Knyaz, fəqət sitəmhaqlanır Göysüzlük aqibətində! “İnsanları sarmış qara vəhşət!” – deyir Knyaz, ancaq əsil qara vəhşətin , Knyazlar zülmünün süqutu – haqdır!
“Vəhşətə qarşı vəhşət” fəlakəti yaranırsa, o, əski vəhşətin haqlı süqutunu inkar etmir, təsdiq edir.
Tanrıya qarşı hiddət yaranır Knyazda, “Antonlara uymuş” xain, satqın görür tanrını Knyaz, ancaq bu hiddətdə həqiqət yoxdur, bu səbəbdən də o, gücsüz, qüdrətsizdir!
Özünə çatır əli Knyazın, özünü öldürə bilir Knyaz, yerdən əli üzülür, qəhr olur.
Süqut məqamında da Göysüzdür Knyaz; həm yersizdir, həm Göysüz!

10. Göysüz məhəbbət

Şeyda məhəbbəti

Vurulur Şeyda Yer Göyünə, “alman çiçəyi” Rozada tapır Göyünü, nicatını. Göyləşir gözündə Yer, xəyanətlə üzləşir, ölümlə üzləşir – sevgilisinin xəyalından ayrıla bilmir.
Döyüş gedir, vuruş gedir Yerdə, məzlumlar qalxır zalımlara qarşı, qələbə doğur əzmdən, inamdan. Şeydanın arzuladığı, hazırladığı qələbə, ancaq Şeyda baxtına gün doğmur – düşüncəsi, duyğuları daim sevgilisini arayır, onun xəyalının iziylə addımlayır ürək, tapmır, qəhr olur, məhv olur.
Xəyanətli, hiyləgər, riyalıdır Roza, ancaq Şeydanın başqa Göyü yoxdur, ondan uca Göyə qalxa bilmir Şeyda, Yer Göyündə tapır istəyini, onsuz yaşaya bilmir, yaşamır.
Yalançı Göyə tapınır Şeyda, yalançı Göydə Göysüzləşir Şeyda, Göyə həsrət qalır Şeyda yalançı Göy eşqində!

Afət məhəbbəti

Vurulur Qarataya gözəl Afət – məğrur, atəşin qadın qurnaz bir macəraçıda Göy qüdsiyyəti axtarır, aldanır, məhv eləyir öz əliylə yaratdığı bütü, məhv eləyir özünü. Dəhşətli aldanışa yol verir Göysüzlüyə can atan Göy həsrəti.
Yalançı Göy yaradır, yalançı Göyə sitayiş yaradır, sonralar pərəstiş hiddətə çevrilir, yalançı Göy məhv olur – səcdəkarla birlikdə.
Alçalır yalançı Göy qismətində Yer həsrəti.
Göy qisməti var Yer həsrətinin – insanlaşma, amallaşma qüdsiyyəti, Şeydadan uzaq, Afətdən uzaq.

11. Həsrət Göyü

Göy Həsrəti yaşayır Yerdə: Göy qədər uca, yüksək, hüdudsuz!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv