Soylu Atalı. “Od İşığı” ideyası

Azərbaycanın, bir bölgə olaraq, taleyi çox mürəkkəbdir. Bu da onun adı, tarixi, keçmişi ilə bağlıdır. Adında milli bəlirti yoxdur, ruhsal anlamı ifadə olunmuşdur. Azərbaycan sözünün etimologiyası da biranlamlı deyil. Ona görə də müxtəlif düşüncələr, versiyalar ortaya çıxarır. Bu versiyaların (fars şovinizminin dediyini çıxmaqla) hər birində doğmalıq, uyğunluq var. Bu səbəbdən də heç birini dışlamaq, qırağa itələmək olmur. Məsələn, bəzi düşüncələrə görə, Azərbaycan sözü ulu türk toplumu Azərlərin,  Asarların adı ilə bağlıdır. Bir düşüncə də belədir, Azərbaycan adını bizə, dini anlayışımızla bağlı, ərəblər qoyub. “Adər”, “Beyqan” sözlərindən oluşan söz birləşməsi “Od qoruyan” anlamında işlənmişdir. Bəzi axtarışçılarda isə Azərbaycan adı 4 sözün birləşməsi kimi vurğulanır: az-ər-bay(bəy)-can. Bir neçə sözün birləşməsi ilə əmələ gələn ad da məsələni mürəkkəbləşdirir, ona görə doğru görünmür. Fars şovinizminin etkisi ilə bəzi düşüncələrdə bu ad, İranın ucqarlarında yaşayan Azəri tayfasının adı ilə bağlıdır. Yeri gəlmişkən, bizi, yəni Azərbaycan türklərini də Azərilər sayırlar, guya bizim dilimiz sonradan türkləşmişdir. Bu deyilişin heç bir ciddi etkisi olmadığı üçün qonuya geniş yer verməyi gərəkli saymırıq. Dediyimiz kimi, bu versiyanı biz, yuxarıda vurğuladığımız versiyalar sırasına da qatmırıq.

Biz isə Azərbaycan sözünün dini adımızla bağlı olduğunu daha doğru versiya sayırıq. Bu xalqın minilliklər öncədən başlayan inanc sistemi “Od İşığı” ideyasına bağlı olub. Bu ideya bizim ruhsal mahiyyətimizin özəlliyinə çevrilmişdir. Bu gün də yaşamımızın bəzi çalarlarında, gələnəklərimizdə özünü göstərir. Bu ideyanın varlığımızda yerini, rolunu uzaq keçmişdən çağımıza qədər olan arada, faktlarla vurğulamağa, aydınlatmağa çalışacağıq.

Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, başqa cür desək, Doğa özü ilahi sayılır. Materializmdə isə hər şeyin əsasında Materiya durur, ancaq burada heç bir ilahi uyum, qüdrət qəbul olunmur.

Dedik, Tanrıçılıqda Doğanın özündə ilahi uyum olduğu qəbul olunur. Burada Doğanın 4 ünsürü – torpaq, hava, su, od yaranışın qaynağı sayılır. Bu gün də xalqımız bu 4 ünsürü, dörd çərşənbə adı ilə bayram edir. Günün farsca adlanması yanlışdır, ancaq anlam dəyişmir. Bununla bağlı sonrakı bölümdə aydınlaşdırıcı söz deyiləcək. Ancaq burada başlıca məsələ ünsürlərin anlamı ilə bağlıdır.

Türklərdə yeddicənin (həftənin) üçüncü günü qutsal gün sayılıb. Bu da, ilin axırına doğru hava ortamının (Doğanın durumunun), dörd ünsürün anlamına uyğun şəkildə, dəyişilməsinə görə Xızırın ortaya çıxması söyləmləri ilə bağlıdır. Yəhudilərdə qutsal gün 6-cı gün sayılıb, ərəblərdə 5-ci gün, farslarda 2-ci gün i.a. Biz bu yazıda günlərin özəl seçilməsinin nədəninə yer ayırmayacağıq. İstəyimiz “Od İşığı” ideyasını anlatmaqdır. İndi baxışınızı önəmli bir məsələyə çəkək. Tanrıçılıq inamı bütün türk boylarında olduğu halda, dörd çərşənbənin bayram edilməsi, başlıca olaraq, Azərbaycan türklərinə xasdır. Bizim düşüncəmizə görə, bunun nədəni Xızırla bağlıdır. Söyləmlərdə deyilir, Tanrının hökmü ilə cansız, hər yeri qara çürüntülərdən oluşan doğanın üzərinə qara buludlar çökür, güclü yağış-sel başlayır. Göy guruldayır, şimşək oynayır, yerə ildırım çaxır. İldırımın çaxdığı yerdən Xızır çıxır. Bir az keçir, yenidən şimşək oynayır, ildırım çaxır. Bu zaman ildırımın çaxdığı yerdən qanadlı Göy At çıxır. At Xızıra doğru gəlir, Xızır geri çəkilmək istəyəndə qayıbdan səs ona deyir, atın belinə qalx. Xızır Göy atın belinə qalxanda at qanad açıb uçur. Atın keçdiyi yerlərdə doğa cana gəlir, hər yer yaşıllaşır, boz çöllərin yerində ormanlar əmələ gəlir. Xızırın Doğanı cana gətirdiyi gün üçüncü gün olduğuna görə xalqımız bu günü bayram edir. Söyləmlərdə (rəvayətlərdə) deyildiyinə görə, doğa dörd üçüncü gündə şəklə düşüb. Torpaq, hava, su, od – bu dörd ünsürün hər birinin, doğanın şəkillənməsinə etkisi dörd üçüncü gündə başa çatıb. Buradan görünən odur, yaranışda işıq məsələsinin həlledici çəkisi var. Ona görə işıq ideyası, sonralar da, inanc səviyyəsinə qaldırılmışdır.

Baxın, burada özül ilgə (prinsip) kimi görünən, üçlüyün birliyi də baxışımızı çəkən başlıca ideyadır. Bu üçlük – Tanrı-İşıq-Xızır Birliyinin anlamından oluşur. Yenə söyləmlərə baxaq: Deyilir, Tanrı İşığı Günəş – Yeri qızdırmağa başlayır, yerdən isti buxar qalxır, buxar bulud topalarına çevrilib şimşək oynadır, ildırım çaxır. İldırımın çaxdığı yerdən Xızır çıxır. Deməli, Xızır Tanrı işığından əmələ gəlmişdir. Tanrının işığı Doğanın özündədir, özüdür, Xızır da Doğanın özündən yaranıb. Bu ideya, sonralar bir çox baxışlarda dərin iz buraxmışdır. Araşdırılsa, Vedalarda “üç uqnum”, Xristianlıqda “üçlük” (“troitsya”) gedib bu ideyanın etkisinə dayanar. Fəlsəfəyə min il etki göstərən “Vəhdəti-Vücud” baxışı da bu ideyadan ciddi bəhrələnmişdir. Bu dediklərimizi faktlarla əsaslandırmaq da olar. Ancaq burada istək “Od İşığı” ideyasını anlatmaq olduğuna görə qonunu genişləndirmirik.

Biz dedik, Tanrıçılıqdan gələn üçlük ideyası, özündən sonrakı baxışlarda iz buraxmışdır. Onlardan biri də Zərdüştçülükdür. Zərdüştçülükdə Od qutsal sayılıb. Məbədlərdə Ocaq qalanıb, Od  qorunub. Bu gələnəklər çağımıza kimi davam edib. Güney Azərbaycanın bəzi bölgələrində, indi də Zərdüşt atəşgahları qorunur.

Zərdüştün doğulması ilə bağlı da Od ideyası önəmli yer tutur. Onun doğulması ilə bağlı dastanlar, söyləmlər yaranmışdır. Zərdüştün dünyaya gəlməsi söyləmlərdə belə vurğulanır: o gecə Zərdüşt doğulacaqdı. Əhrimən, bütün devlərə hökm edən amansız devləri bir araya toplayıb Poruşaspın evinə göndərdi. Onlara, doğulacaq uşağı öldürməyi tapşırdı. Ancaq Hürmüzdün xeyirxah əməlləri Zərdüştü dünyaya gətirəcək ananı qorudu. Onu Xvarna ilə, Ailə Odu ilə çevrələdi. Devlər evə yaxın gedə bilmədilər…

Zərdüşt dünyaya gələndə Voxu Mana onun ağlına girir. Ona görə körpə nə ağlayır, nə də qışqırır, tərsinə, gülür. Hamı heyrət edir. Poruşasp deyir, bu olay Göylə bağlı məsələdir, oğlum güləndə ondan işıq çıxdığını gördüm.

Oradakılar bunun ardınca ikinci möcüzəni izləyirlər – körpə dil açıb danışır… Biz bu mifologiyanı sonacan yazmağı gərək bilmirik. Ünlü bilim adamı E.Əlibəyzadə özünün “Azərbaycan ədəbiyyatı tarixi”ndə bu məsələlərə daha geniş yer ayırmışdır. Biz isə baxışları, Zərdüştlə bağlı bəzi çalarların üzərində saxlamaq istəyirik. Baxın, mifologiyada deyilir, Hürmüzd, Zərdüştü doğacaq ananı “Ailə Odu” ilə qorudu. Bu, olduqca önəmli məsələdir. Zərdüştçülükdə ailəyə çox yüksək dəyər verilir, ailə qutsal sayılır, ona Od-İşıq anlamı verilir. Gənəl olaraq, Türkün ailəcanlılığı inanc səviyyəsində yaşadılmışdır. Türkdə ailə ən böyük dəyər, toxunulmaz ölçü sayılmışdır. Ədalət, xeyirxahlıq, vicdançılıq, – ailəyə bağlılığın görsənişi kimi yaşamda yer tutmuşdur. Ailəyə bağlılıq – abır, həya, böyük-kiçik yeri bilmək, ağsaqqala-ağbirçəyə sayğı kimi xarakterləri qoruyub saxlamışdır. Bu dediklərimizi “Dədə Qorqud” dastanlarında da aydın görürük. Qadına münasibət bütövlükdə ailənin ləyaqətini aydınlaşdırır.

“Başım baxtı, evim taxtı,

Göz açıban gördüyüm,

Könül verib sevdiyim” – xanımın bu deyilişində kişi qeyrəti, mərdliyi, qəhrəmanlığı yaşayır. Yalnız ər kişilərə, ailə sədaqətli oğullara belə öygülər deyilərdi. Döyüş meydanlarında aslan kimi nərildəyən igidlər xanımının yanında ipək kimi zərif, həssas, təvazökar olurlar. Asif Atanın, bu mənzərəni ifadə edən bir deyimi var: “Türk ata minəndə Koroğlu, atdan düşəndə Füzuli olur”.

Yeri gəlmişkən, biz “Od İşığı” ideyasına, Asif Atanın “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemini aydınlaşdırmaq yönündə yanaşırıq. Ona görə bir ideyadan o birinə tez-tez keçid eləyəcəyimiz qaçılmazdır. İndi Zərdüştün “Doğum mifologiyası”na qayıdaraq, orada başqa bir önəmli məsələyə aydınlıq gətirməyə çalışaq. Deyilir, Zərdüşt dünyaya gələndə Voxu Mana onun ağlına girir. Ona görə də o, ağlamır, gülür. Güləndə ondan işıq çıxır. Baxın, türklərin əski inanclarında “ruhun bir bədəndən başqa bədənə köçmə” ideyası olmuşdur. Bu ideya, sonrakı çağlarda, Hürrəmilərdə də olub, Hürufilərdə də. Hürrəmilərə görə, Şirvinin ruhu başçıya, qəhrəmana köçür. Ona görə də o, yönəticiliyində ədalətli, xeyirxah, döyüşkənliyində yenilməz olur. Şirvin – Qüdrət Allahının adıdır. Onun ruhu qəhrəmana köçdüyünə görə, qəhrəmanın ağlı, mənəviyyatı işıqlı olur, onun varlığında şər əmələ yer qalmır. Bu ideya Tanrıçılıqdan qaynaqlanır. Anlamı dəyişmir, gələnəklər gəlişir. “Od İşığı” ideyasının anlamı – Tanrı-Doğa-İnsan Birliyidir. Tanrı Doğadadır, İnsandadır, Doğadan, İnsandan qıraqda Tanrı yoxdur.

Hürrəmilərə görə, Babəkin çağında, Şirvinin ruhu Babəkə köçmüşdür. Onlar buna inanırdılar. Babək, Düşmən ordusunun üzərinə, “mən içimdə Şirvin gəzdirirəm” deməklə yeriyirdi. Ona görə yenilmirdi. Babəkdə güc təkcə qolda deyildi, inamında idi. Başqa sözlə, Babəkin gücü ruhsal anlam daşıyırdı. Babəkin inamı vardı, bu inam Babəkdə yaşam sistemi yaratmışdı. Asif Ata yazır, əminliklə demək olar, “Babəkin fəlsəfəsi vardı, ərəblər onu yandırdılar”. Babəkin yaşam nizamı, dövlət biçimi, yönəticilik yasaları vardı. Bu sistemin yazısı, fəlsəfəsi olmaya bilməzdi. “İçimdə Şirvin gəzdirirəm” – elə-belə deyiliş deyildi. Burada “Vəhdəti-Vücud” fəlsəfəsi, “Ən-əl-həqq” ideyası vardı. 10-cu yüzildə Hüseyn Mənsur Həllacın, XIV yüzildə Hürufilərin dediyi “Ən-əl-həqq” ideyasına Hürrəmilik baxışı böyük etki göstərmişdir. Asif Ata yazır, “Babəkçilik – Ən-əl-həqqdən öncəki Ən-əl-həqliyimiz idi”.

Zərdüştçülükdə “Voxu Mana” anlamına qaynaqlarda rast gəlməmişik. Ancaq məntiqlə demək olar, Voxu Mana elə Hörmüzdün İşığı idi. Bu da Babəkə köçən Şirvinin ruhu anlamı ilə oxşarlıq doğurur. Türklər gücü, qüdrəti Doğada axtarıblar, Doğanın özünə bağlı olublar. Bu şüur, bu düşüncə min illər türk varlığından ayrılmayıb. Çağımızın özündə də bu belədir. Baxmayaraq, ərəb-islam baxışı türk kimliyinə soxulmağa çalışdı, ancaq bu deyilənləri onun varlığından çıxara bilmədi. Doğrudur, ərəb-islam dünyagörüşü türk düşüncəsinə çox ziyan vurdu, ancaq dediyimiz kimi, nüvədə olanları tam sıradan çıxara bilmədi. Xalqımız indi də Novruz bayramını yaşadır, Od qalayır, Odun İşıq anlamını bayram edir. Yeri gəlmişkən, bir sıra araşdırmaçılar Novruz bayramını türkün doğuluş-qurtuluş günü ilə bağlayır, bu bayramı Ergenekon adlandırırlar. İsa Mehdioğlu isə Novruz bayramının Xızır bayramı olduğunu vurğulayır. Burada məntiq də dərindir. Dörd üçüncügün (çərşənbə) Xızır söyləmlərinə (rəvayətlərinə) daha uyğundur. Hər il Xızır Göy atı minib dörd üçüncügün Doğaya yeni nəfəs, yeni can verir. Axırıncı üçüncügün (çərşənbə) İlin-Ayın axır günü adlanır, həmin gün bayramlaşır. Hər üçüncügündə, ayrıca olaraq, ölənlərdən ən yaxın olanların adına da tonqal qalanır. Bununla da onların xatirəsinə işıq salınır, adları, yaşamda qalan varlıqları anılır.

İlaxırla bağlı bayram günlərində, Tanrı sevgililərə yuxuda Buta verir. Buta – haçalanmış alov dilinə deyilir, Tanrı İşığı anlamı daşıyır. Dillərin hərəsi sevgililərin birini təmsil edir. Tanrı yuxuda onların taleyini bir-birinə bağlayır. Göründüyü kimi, bu da Zərdüştlükdəki “Ailə İşığı” ideyasına uyğundur. Yəni Ailə – Tanrının insanlara bağışladığı Yaşam İşığıdır. Bu işıqla o, şərdən qorunur, sevgisində bütünləşir, varlığını sürdürür. İlaxırda tonqal qalamanın başqa bir biçimi də var. İnsanlar tonqal qalayıb üstündən atlanırlar. Bu zaman onlar, özlərində daşıdıqları şər düşüncəni, varlıqlarına ağırlıq gətirən paxıllığı, qarınqululuğu, dedi-qoduçuluğu Odla yandırıb külə döndərirlər. Xəstəlik qaynağı, ölüm qaynağı olan pisliklər odda yandırılanda insanlar yeni, işıqlı diləklərlə dolurlar. Alovun üstündən atlananda dilə gətirilən nəğmənin sözləri də bunu bir daha kanıtlayır.

Al qırmızı al alovum,

Sən əbədi qal, alovum,

Qırmızılığını mənə ver,

Sarılığımı al, alovum.

 

İllər öncə bunu belə də oxuyurduq:

Ocağım alovlansın,

Alovum daim qalsın.

Ağırlığım, uğurluğum,

Ocağımda kül olsun.

 

Elə buradaca bir faktı yada salmaq istərdik. Tarix üzrə bilim adamı, Kərəm Məmmədli, odun üstündən atlanmağı yada salıb, bu ideyaya qınaqla yanaşır. Onun dediyinə görə, türklər odu qutsal saymayıblar. İnsan bir şeyi qutsal sayırsa, ağırlığını necə onun üstünə tökə bilər?! Görünən odur, Kərəm bəy ya bu məsələni ciddi öyrənməyib (ona görə də bu ideyaya hərfi anlamda yanaşır), ya da İslam dünyagörüşünün etkisi ilə, dəyərlərimizə qarşı bac verir. Məsələ olduqca açıq qoyulur: – Od çirk götürmür, çirki yandırıb varlığı işıqlandırır. Tanrı işığı olan Od insana kömək edir, onun varlığına ağırlıq gətirən pislikləri yandırmaqla, sağlamlığını, mənəvi arılığını bərpa edir. Bu, Zərdüştlükdə də belədir. Əhrimən insanın düşüncəsinə girəndə pis niyyətlər becərir, əlinə qonanda pis əməllər yetirir, üzünə qonanda təkəbbürə çevrilir, insan öz mahiyyətindən ayrılır, özünə qarşı yaşayır. Hürmüzd insan uğrunda döyüşür. İnsanın əlinə, əməlinə, düşüncəsinə, üzünə Əhrimənin qonmasına yol vermir. Zərdüştlükdə Arı düşüncə, Arı söz, Arı əməl ideyası da, buradan qaynaqlanıb, Od İşığı anlamı daşıyır.

Biz dedik, “Ailə Odu” ideyasının etkisi Dədə Qorqud dönəminin yaşam sistemində də özünü göstərmişdir. Eyni halda, insanların xəlqi birliyinin simgəsi kimi üç tonqal ideyası mövcud olmuş, anlamı çağımıza qədər gəlib çıxmışdır. Ucalıqlarda, dağ başında tonqal qalanardı, el-oba tonqalı görüncə bayram şənliyinin olduğundan soraq tutar, bir araya toplaşardılar. İkinci, üçüncü tonqalların da anlamı vardı. Əgər iki tonqal qalansaydı, el-oba yenə axışıb bir araya gələrdilər. İkinci tonqal yağı basqınlarından qorunmağın gərəkliyini bildirirdi. Üçüncü tonqal isə eli-obanı, onlara özgün olan, torpağı əkib-becərməyə çağırar, özgür varlığını sürdürməyin sevincini sağlayardı.

Tanrı-Doğa-İşıq (Xızır) Birliyi Varlıq deməkdir. Bu üçü olmadan yaşam oluşmur. Oluşumun, Varlığın anlamı xalqımızın yaşam nizamında, ayrı-ayrı çalarlarla simgələşmişdir. Dediyimiz kimi, onlardam biri də Dədə Qorqudda “Od Sevinci” simgəsidir. Yəni üç tonqal görən toplum yaşamaq üçün çalışmaya çağırıldığını duyur, sevinir, ürək diləklərlə dolur, əməl başına tələsir.

Yuxarıda vurğuladıq, söyləmlərə görə Xızır ildırım çaxmasından görünmüşdür. Üstündən min illər keçir, xalqın qan yaddaşında söyləmlərin etkisi yaşayıb sabaha gedir. Baxın, Koroğlu dastanlarının min il öncə ilə bağlılığı necə özünü göstərir. Hər kəsə bəllidir, Koroğlunun atları (Qırat, Dürat) Dəryadan çıxmış madyanlardır. Heç kim bu cansız madyanlarda Tanrı sirrinin, Tanrı hikmətinin olduğunu görmür. Onlar adi atdan deyil, doğanın özündən yaranmışlardır. Uzaqgörənliyi, sirləri anlaması ilə ahıllaşmış Alı kişi madyanlarda Tanrı sirrinin olduğunu bilir. Ona görə oğluna tapşırır, 40 gün onların üzərinə işıq düşməməli, göz baxmamalıdır. Yetişmə çağına qədər sirlərini qorusan, Tanrının hikməti bu madyanlardakı fərqliliyi üzə çıxaracaqdır. Koroğlu dözmür, bir gün qalmış atlara baxır. Əgər dözüm göstərsəydi, atın qanadları olacaqdı. Bu, əslində Xızırın qanadlanan Göyatının anlamına doğma bir məsələdir. Anlamı belədir: insanların zəif iradəliliyi – onları Tanrı hikmətindən uzaq salır.

“Koroğlu”da başqa bir çəkici məsələ də var – Misri qılıncın İldırım parçasından yaranması ideyası. Günəş – Doğada Tanrı işığıdır. O, yeri qızdırır, isti buxar əmələ gəlir, buxar bulud olub yağışa çevrilir, bulud topalarının axını – toqquşması ilə şimşək oynayır, ildırım çaxır. İldırımın çaxdığı yerdən Doğaya can verən, yenilik gətirən Xızırla Göyat çıxır. “Koroğlu”da da madyanlar Günəşin buxarlandırıb sellərlə dəryaya çevirdiyi yerdən çıxır. İldırım parçasından Misri qılınc hazırlanır. Madyanlar da, Misri qılınc da Doğanın gücündən yaranıb. Başqa sözlə, Doğanın Od İşığından yaranıb. Koroğlu bu gücə dayandığı üçün yenilməz olur. Türkdə yenilməzlik ideyası – Tanrı-Doğa-İnsan birliyinə inamın ifadəsidir. Babəkin yenilməzliyi də bu inamdan qaynaqlanırdı.

“Od İşığı” ideyası düşüncəmizdə, şüurumuzda, gələnəklərimizdə Tanrı-Doğa-Türk Birliyinə inamın ifadəsi olduğu üçün yaşamımızın bütün çalarlarında özünü göstərmişdir. Nağıllarımızı ciddi araşdırsaq, onlarda da “Od İşığı” ideyasının etkisinə rast gələ bilərik. Nağıllarımızda yaşam münasibəti Zərdüştçülük ideyalarına uyğun şəkildə izlənilir. Burada Xeyirlə Şərin döyüşü, davranışı aydın şəkildə Əhrimənlə Hürmüzdün döyüşünün, münasibətinin ifadəsidir. İki dünya ideyası kimi qavranılan qaranlıq dünya ilə işıqlı dünya nağıllaşmış simgələrdir. Qaranlıq dünyanın sakinləri devlər, ifritələr – qara qüvvələrdir; işıqlı dünyanın sakinləri qəhrəmanlar, onların yardımçıları – At, Simurq quşu, (Onqon, ya da Ağ Sunqur, adı sonradan Simurq quşu olmuşdur), İşıq Saçan Kəmər. Olayların ardıcıllığını vurğulamadan, məsələnin fəlsəfi mahiyyətinə yönəlik, bir neçə söz demək yerinə düşər. Burada iki dünya deyilişi əslində özünü doğrultmur. Dünyada iki cəhət, iki tərəf deyilsə daha doğrudur. Yəni dünyanın gedişində iki tərəfin – Qaranlıq tərəfin, İşıqlı tərəfin olması. Şərlə Xeyirin döyüşü ideyasında da dediyimiz özünü doğruldur. Şər Xeyirlə döyüşəndə başqa dünyadan gəlmir, elə bu dünyanın özündə olur, özündə döyüşür. Şər insanın düşüncələrində, əməllərində oturuşmağa çalışır, Xeyir isə onu məhv eləmək üçün döyüşür, Şəri öz dünyasına qovmaq üçün çalışmır. Şər insanların yaşamında mövcud olur. Ancaq insan bunu görmür, görmək istəmir. Nağıllarımız şərin münasibətlərdə olduğunu, davranışlarda yaşadığını öyrədir. Həqiqətin, Xeyirxahlığın, Ədalətin açarı, ölçüsü bəlli toplumda, yaşamın bəlli gedişlərində deyil. Toplumun yaşamında ədalətsizlik, həqiqətsizlik, xeyirsizlik hökm sürür. Şər həqiqətin, ədalətin, xeyirin yolunu kəsib. Şər – insanın cılızlığı, xudbinliyi, tamahı, varidatsevərliyi deməkdir. İnsan öz üzərində qələbə çalmasa, xeyirə, ədalətə, həqiqətə qovuşmaz. Nağıllarımız bunu belə aydınlaşdırır: Bir padşahın bağından almaları dev oğurlayır. Oğlanları növbə ilə devi pusurlar. İki oğlu (bunları tənbəllik simgəsi saymaq olar) yatdıqları üçün oğrunu görmürlər. Üçüncü oğul (bunu da qəhrəmanlıq simgəsi sayaq) əziyyətə qatlaşıb yatmır. Oğrunu tutur, döyüşür, ancaq əlindən qaçırır. Dalınca getməli olur. Qardaşları da (gizlənməyi özlərinə sığışdırmayıb) onunla gedirlər. İz onları bir quyunun başına gətirir. Tənbəllik simgəsi olan qardaşlar quyunun dibinə düşə bilmirlər (bəlli yandım deyə bağırmalar), ancaq qəhrəman çətinlikləri yenib düşür. Yol onu böyük bir qəsrin qabağına aparır. Qəsr həqiqət yolunda qəhrəmanın qarşısına dikilən əngəldir. Bu əngəlin adı tamahdır, tənbəllikdir, qorxudur – qəhrəman sınağa çəkilir. İçəri girəndə qarşısına bağ-bostan, gül-çiçək, çay-çəmən çıxır. Qəhrəman dayanmır, yoluna davam edir. Hər otağı açdıqca fərqli zənginliklər çıxır qarşısına. 39-cu otaq lap çəkici, aldadıcı olur. Qızıl, ləl, qiymətli bəzək əşyaları qəhrəmanı tutub saxlamağa çalışır. Qəhrəman 40-cı otağa keçir. 40-cı otaq qaranlıq bir zirzəmidir, burada saçlarından asılmış gözəl bir qızdan başqa heç nə yoxdur. Qızı açıb yerə düşürəndə qara qüvvələr – devlər ona hücum çəkir. Devlərlə döyüşüb yenir, buradan çıxmaq üçün yardımına, işıq anlamı daşıyan, Ağ Sunqur (Simurq) quşu gəlir, onları qanadlarında işığa çıxarır. Qəhrəman gözəl qızla evlənir, soy artırır. Onun soyu işıqlılıq gələnəklərini davam edib yaşadır. Burada qurtarıcılıq (xilaskarlıq) İşıq anlamı daşıyır. Nə baş verdi? Nə qədər ki, insan toplumun içində özüylə üz-üzə qalmır, özündəki qaranlıq məqamları da görmür. Elə ki çətinliklərin içində özü ilə üz-üzə qalır, həqiqəti, ədaləti, xeyiri tanıyır, yaşamda dəyişikliklər edir. Qəhrəmanın quyuda gördükləri, əslində toplumun öz yaşamında daşıdıqları idi.

Bunu biz sevgi dastanlarımızda da izləyirik. Tanrı pisliklərə bulaşmamış, arı-duru gənclərə yuxusunda Buta verir. Onu da demək yerinə düşər, Buta Badə sözünün eyni deyil. Xalqımızın düşüncələrində yer alan Buta – qoşa alov dilləridir. Gənclərə Badədə içki deyil, Buta bağışlanır. Tanrı insanın ürəyinə işıq salır. İşıqlı ürək sevir, sevgili olur. Sevən ürəklərdə şərə, pisliyə yer qalmır. Aşiq eşqdən başqa heç nə haqqında düşünmür. Eşq insanı mömünləşdirir. Sevdalı ürəklər – həqiqətə, ədalətə, xeyirə inandırır. Çünkü Od İşığı, əslində Mənəviyyat işığı anlamındadır.

Asif Atanın Mütləqə İnam ideyası da, anlamı baxımından, həmin gələnəklərin yeni aşamaya qalxması, gerçəkçi bir səviyyədə, İnsanlaşmanın İnam səviyyəsinə qalxmasının təsdiq olunmasıdır. Asif Atanın baxışında mifik çalarlar davam eləməsə də, Od, Ocaq ideyası yenilənərək yaşadılır. Asif Ata İşıqçıdır. Onun “Özüylədöyüş” ideyası mənəvi arılanma – İnsanlaşma – kamilləşmə yoludur. Mənəvi arılanma – İnsan ruhunun dörd çalarında, yəni İnamının, İdrakının, Mənəviyyatının, İradəsinin mütləq səviyyəyə yetməsində özünü göstərir. İnsan ruhunun dörd çalarının Doğanın nizamındakı çalarlarla doğmalıq əmələ gətirdiyini də demək olar. Doğada dörd fəsil insan ruhunun halları kimidir. Asif Ata insan kamilliyini Günəşə bənzədir. Günəş arıdır, oddur – çirk götürmür. İnsan çirkdən arınanda kamilləşir. Asif Atanın şəklinin Günəş içində simgələşərək bayraqlaşması da “Od İşığı” ideyasından qaynaqlanır. Mütləqə İnam Ocağının dörd bayramının – “İnsanilik”, “Xəlqilik”, “Şərqilik”, “Bəşərilik” – anlamı da Mütləq-Doğa-İnsan Birliyinin ifadəsi kimi dərk oluna bilər. Hər bayram Doğanın bir fəslində gerçəkləşdirilir.

Asif Atanın Günsırası da Doğanın halları ilə bağlıdır. Yeddicənin (həftənin) günləri isə insanın hallarını ifadə edir. Burada da Mütləq-Doğa-İnsan Birliyi öz yerini (əksini) tapır. Məsələn, aylar: Günəş, Çiçək, İşıq, Şölə, Od, Qürub, Ata, Xəzan, Yağış, Sərt, Qar, Köçəri – Doğanın halını, nizamını göstərir. Günlər: Arzu, Ümid, Dözüm, Mərhəm, Qismət, Murad, İnam – İnsan hallarıdır.

Bayramlarda tonqal qalanır, tonqal başında söz deyilir: bunlardan birini – “Şərqilik Bayramı üstə Mütləqlə Təması” örnək göstərmək olar:

Ruhaniyyat İşığı.

Müqəddəslik İşığı.

İnam İşığı.

İdrak İşığı.

Mənəviyyat İşığı.

İradə İşığı.

Vəhy İşığı.

Vəcd İşığı.

Şərq!

Sənə çatmalıyam!

Asif Atanın Mütləqə İnam Dünyabaxışı bütün anlamı ilə İşıqçılıq ideyasıdır. Od İşığı – Odlar Yurdu Azərbaycanın ruhsal mahiyyətidir, Onun Dünənidir, Gələcəyinin özülüdür.

“Od İşığı” ideyası ən çox Azərbaycançılıqda özünü göstərib. Bununla belə, başqa türk toplumlarının yaşamında da bu ideya ciddi iz buraxmışdır. Çünkü Tanrıçılıq bütün türklərin ortaq inancı olmuşdur. Göy türklərin ölçüyəgəlməz, arılıqda tayı olmayan Törələri olmuşdur. Ailəyə, qadına münasibət, ulu başçı Xaqana münasibət Törələrdə özül səviyyə sayılırdı. Göy türklərə görə Göy, Tanrı üzü idi. Tanrı üzü İşıqlı olur. Yaşam bu işıqla nizam tapır. Türklərin ulu soyu da bu işıqdan törənmişdir. Eləcə də “Köç” dastanının anlamı İşıqçılıq, daha doğrusu, Tanrı İşığı ideyasına bağlı idi. Dastanın mahiyyəti belədir: uyğurların vətənində Hulina adlı dağ vardı. Burada Tuğla, Selenge adlı iki şəlalə axardı. Bir gecə bu iki şəlalənin arasındakı ağacın üstünə göydən bir işıq endi. Sonra bu ağacın gövdəsi şişməyə başladı. İlahi işıq 9 ay 10 gün ağacın üzərində dayandı. Ağacın gövdəsi yarıldı, orada 5 uşaq göründü. Onlar böyüyərək xaqan oldular… Göründüyü kimi, bir çox türk boyları öz yaranışlarını Tanrı işığı ilə bağlayırlar. Bu da, sonradan onların şüurunda oturuşmuş, inamlarının özülündə dayanmışdır.

“Koroğlu”da da oxşar anlam bizə bəllidir. Dastanda deyilir: Çənlibel Qayasının üstündə iri gövdəli ağac vardı. Altında iki bulaq axırdı. Bunun adı Qoşabulaq idi. Bir dəfə gecə doğudan bir ulduz, batıdan da bir ulduz gəlib Qoşabulağın üstündə toqquşurlar. Bu zaman Qoşabulağa işıq seli axıb tökülür. Bulağın suyu köpüklənib daşır. Koroğlu bu köpükdən başına tökür, içir. Ona görə qolları, səsi güclü olur, ozan olur, şair olur. Yenilməzlik sorağı hər yana yayılır… Bütün bu deyilənlər türk boylarının Doğaya bağlılığını, ortaq inanclarının olmasını bir daha kanıtlayır, onların hər birində İşıqçılıq ideyasının etkisini aydınlaşdırır.

İndi isə tarixi dəyərlərimizi dananların anlamsız arqumentlərinə aydınlıq gətirək. Burada biz ayrı-ayrı faktlara dayansaq da, düşüncələrimizi daha çox məntiqin gücü ilə deməyə çalışacağıq. Çünkü bəzi olayların tarixi faktları ziddiyyət doğura bilir. Ancaq istənilən bir olayın içsəl gəlişmə sürəci, məntiqlə öz aydınlığını ortaya qoyur. Bununla belə, nədənsə içimizdən çıxan bir sıra düşünürlər, tariximizi dəyişdirən, dəyərlərimizə qarşı yalançı arqumentlər sərgiləyən qaynaqların etkisi ilə, özünəyad, milli gəlişməyə tərs baxışlar ortaya qoyurlar. Bu baxışlar, başlıca olaraq, Zərdüştlüyə, Dədə Qorquda, Hürrəmiliyə, Hürufiliyə, Koroğluya qarşı yönəlir. Adları çəkilən olaylar elə dəyərlərdir, heç bir xalq tarixdə onlara tay dəyərlər yarada bilməmişlər. Ancaq bizdən olan özünəyadlaşanlar, öz balaca çıxarları üçün milli dəyərlərimizə qarşı dönüklük sərgiləyirlər. Burada həm İslam dünyabaxışına bac verilir, həm də Kürəsəlləşmənin dayaq ilgələrindən (prinsiplərindən) biri sayılan “dəyərlərə yenidən baxılması” tələbinə boyun əyilir.

Bu yanaşmalara aydınlıq gətirmək üçün birinci Zərdüştlükdən başlamaq olar.

Zərdüştün həm şəxsiyyəti, həm də dini dünyagörüşü farslara özgün sayılır. Çünkü Əhəmənilərin hakimiyyəti dönəminə qədərki çağ araşdırılmır. Midiya dövlətinin yaradıcılarının kimliyi ilə bağlı dəqiqləşdirmələr aparılmadan bu dövləti də farslarınkı sayırlar. Bu yanlışlar da sonrakı düşüncələrə qaynaq olur. Ancaq faktlar bunun tərsini söyləyir. Zərdüştün, ölməzlərin məclisində, sınaqdan keçməsi ilə bağlı yaranan söyləmlərdə adı keçən məsələlər çox önəmlidir. Zərdüştün ilk sınağı, Hürmüzdün müdrik söz, müdrik əməl, müdrik düşüncə ayəsini təkrar edə-edə odun-alovun arasından keçməsi olur. Od-alov məsələsi Tanrıçılıqdan gələn bir inamdır, farslarda belə münasibət olmayıb. Zərdüştün sınaqlardan uğurlu çıxmasını söyləmlərdə belə vurğulayırlar: “onu od yandırmadı, öküz (buğa) qorudu, at qurtardı, Qurd yemədi”. Bu deyilişlər türkün totemçilik anlayışları ilə bağlı məsələlərdir. Od, At, Buğa, Qurd – farslarda belə simgələr olmamışdır.

Zərdüştlə bağlı bir sıra bilim adamlarının ilginc düşüncələri də var. Onlardan ikisini vurğulamaq yerinə düşər.

Alman filosofu Hegel yazır: “Asiyada ilahi işıq parladı, bundan sonra dünyanın tarixi başlandı… İlk dəfə Zərdüştün tərənnüm etdiyi İşıq – İdrak, ruh aləminə məxsusdur”.

Alman bilgəsi Höte: “Zərdüşt ilkin olaraq, dəyərli Təbiət dinini gündəlik ayinə çevirmişdir”. O, burada Təbiət dini deyəndə Tanrıçılığı gözə almışdır.

“Zərdüştlüyün mifologiyası”nda o, özünü belə sunur: “Mən ilk eyitimimi Xarranda İlyaz bəydən almışam”.

Bu cür məntiqi faktlar ortada ola-ola, bəzi araşdırmaçı yazarlar Zərdüştlüyün fars dünyagörüşü olduğunda inad göstərirlər. Dediyimiz kimi, Əhəmənilərin Midiyanı ələ keçirdikləri dönəmdən sonrakı qaynaqlarda dayanıb qalırlar. Burada bəzi tarixi faktları xatırlatmaq yerinə düşər. Midiyanın ilk qurucusu (banisi) Deyok olmuşdur. Herodotun, L.Diogenin bilgilərinə görə, Deyok, dövləti 6 tayfa ilə birlikdə yönətirdi. Bu tayfalardan biri Maqlar (Muğlar) idi. Zərdüşt də Maqların öncəsi (əvvəlincisi) idi. Dövlət yönəticiliyində olan tayfalararası münasibət Zərdüştdən gələn yüksək əxlaqi dəyərlərə əsaslanırdı. Bu gələnək Deyokdan sonrakı Fraorun, Kiaksarın, Astiyaqın hakimiyyətlərində də davam edirdi.

Söyləmlərə görə, Astiyaqın bir qızı vardı. Bir gecə yuxusunda görür, qızı o qədər sidik ifraz edib, bütün Asiyanı bürüyüb. Astiyaq yuxuyozanları dinlədikdən sonra qızını Kambis adlı bir farsa ərə verir. Bundan sonra bir gecə yuxusunda görür, qızının bətnindən üzüm tənəyi çıxıb bütün Asiyaya yayılır. Yenə yuxuyozanlardan soruşur. Onlar bildirirlər, qızının oğlu onun yerində hökmdar olacq. Astiyaq, Maqlara nə etmək gərəkdiyini gənəşir. Maqlar da bildirirlər, biz səninlə eyni tayfayıq, istəmirik halkimiyyət başqalarının əlinə keçsin… Deməli, Midiya hökmdarı Muğlardandır. Muğlar da əski türklərdir. Onların adı ilə bu gün də bölgələrimizdə çoxsaylı yer adları var: Muğan, Muğanlı, Muğtala…

Ancaq Astiyaqın nəvəsi Kir üsyan qaldırıb Midiya dövlətini devirir, hakimiyyəti ələ keçriir. Ondan sonra hakimiyyətə onun oğlu Kambis gəlir (atasının adını oğluna qoyub). Hakimiyyət, tam olaraq, farsların əlinə keçir. Avesta kitabı da zəbt olunur, fars dilinə çevrilərək yenidən yazılır. Kambisə qədər bu kitabın anlamı Tanrıçılıqla, Od İşığı ideyası ilə bağlı olub. Ancaq Ktesi adlı farskökənli bir araşdırmaçı 17 il Əhəməni hökmdarının sarayında çalışıb, onun yönəticiliyinə uyğun dəyişikliklər aparıb. Hökmdar ona, ödül olaraq, şəhər bağışlayıb. Bu şəhərin adı tarixdə Ktesifon adlanır.

Türklərdə belə bir deyim var: “Hər kəs yeddi arxadönənini tanımalıdır”. Bu deyim ona görə ortaya çıxıb, heç kim yeddi arxadönəni ilə ailə qurmamalıdır. Qan qohumu ilə ailə qurmaq Avestada da yol verilmirdi. Ancaq Əhəmənilər Avestanı zəbt edəndən sonra bu qaydanı pozmuşdular. İngilis bilgəsi Meri Boys öz araşdırmalarında yazır: belə ilk nigah Kambisin iki doğma bacısı ilə bağladığı kəbindir”. Hero­dotun bilgilərinə görə, Kambis bacılarından birinə vurulur, onunla evlənmək istəyi ilə, hökmranlığında olan hakimləri çağırır. Gələnəklərə tərs olsa da, onlardan soruşur: elə bir yasa (qanun) yoxdurmu, istəyən adama bacısı ilə cinsi yaxınlığa yol versin? Hakimlər belə bir yasa tapmırlar, ancaq ədalətə uyğundur deyə cavab verirlər. Onlar özlərindən yasa uydururılar, fars hökmdarı nə istəsə, ona yol verilir. Bununla da Kambis öncə böyük bacısı ilə, sonra da kiçik bacısı ilə evlənir. Sonradan bir sıra araşdırmaçılar, yanlış olaraq, fars hökmdarının belə qırağaçıxamalarını Avestaya, Zərdüştlüyə özgün saymışlar.

Dəyərlərimizi özgələşdirmə xətti Dədə Qorquda yanaşmada da özünü göstərmişdir. Baxın, Kitabın başlanğıcında Dədə Qorqud necə sunulur: “Rəsul Əleyhissəlam zamanına yaqın Bayat boyundan Qorqut Ata diyərlər, bir ər qopdı”. Sonra Dədə Qorqudun dilindən yazılır:

“Allah-Allah deməyincə işlər alınmaz.

Qadir Tanrı verməyincə ər bayımaz.

Əzəldən yazılmasa, qul başına qəza gəlməz”.

Buradakı ziddiyyətlər göstərir, kitab yazıya alınanda ciddi əl gəzdirilib, uyğunlaşdırmalar aparılmışdır. Belə bir tarixi dəyəri İslamın yaranma tarixinin içinə almaq düşündürücdür. Bir yerdə “Allah” sözü, bir yerdə “Tanrı” sözü işlətmək, eləcə də “alın yazısı”na işarə vermək – onu göstərir, Dədə Qorqud kitabındakı olaylar, İslamı türklərə qəbul etdirəndən sonra baş vermişdir. Ancaq Dədə Qorqud boylarının heç birində İslam etkisi ilə yaşam sürəci görünmür. İçki məclisləri, qadının at belində ox atması, kişilərlə yarışması, İslamın yol vermədiyi davranışlar olub. Əski türklərdə “alın yazısı”, “qul” sözü olmazdı. Türk qul-quldar tanımayıb.

“Salur Qazanın evinin yağmalanması” boyunda yenə İslama uyğun olmayan çalarlar qarşıya çıxır. Qazan xan köçünün dalınca gedərkən, Suya, qurda, köpəyə üz tutar, köçünün səmtini onlardan sorar. Doğaya, Doğadakılara üz tutmaq türkün Tanrıçılıq inamı ilə bağlı idi. Kitabın bu bölümündə yazılır: “Qurd üzü mübarək olar”. Bu deyiliş əski türklərin totemçiliyi ilə bağlıdır. Ancaq elə həmin bölümdə (Qazan xanın suya üz tutub köçünü soraqladığı yerdə) “Həsən ilə Hüseynin həsrəti su” yazılır. Kitabı yazıya alarkən bu ziddiyyətləri gözdən qaçıranlar ya qərəzli olublar, ya da məsələyə başdansovudu yanaşıblar.

Bizə görə Dədə Qorqudluğun tarixi İslamdan min illər öncədir. Dədə Qorqud adı isə türkün yaşam sistemində təkrarlana bilər. VI yüzildə Oğuz yaşam sistemini Dədə Qrqudluğun başlanğıc tarixi saymaq yanlışlıq doğurar. Dilimizdə olan anlayışların Dədə Qorqudla bağlı olduğu bəllidir. Yəni hər şeyə ilk adı Dədə Qorqud qoyub. Bəs necə olur, bizim dilimiz, anlayışlarımız VI-VII yüzildənmi başlayır? Bundan öncə biz olmamışıqmı? Yenə eyni sorundur, məsələlərə, bizə sunulan tarixin açısından yanaşılır. Heç kim ağıl işlədib əski çağların araşdırılmasına girişmir. Çətinlikləri anlamaq olar, əski çağlardan bizə az faktlar gəlib çatmışdır. Ancaq ziddiyyətlər fərqli məntiqlər doğurur axı. Məsələn, Dədə Qorqud adının özü çox ilginc bir anlam yaradır. Nədənsə Dədə Qorqud boylarındakı əski sözlərin etimologiyasına girirlər, ancaq Dədə Qorqud adının öz etimologiyasına, demək olar, rast gəlinmir. Bizə görə Qor – Od-İşıq anlamında, Qut sözü isə mübarək, müqəddəs anlamı daşıyır. Qut sözünə “sal” artırması eləməklə qutsal, yəni müqəddəs sözü əmələ gəlmişdir. Bu açıdan yanaşanda Qorqut Ata – Müqəddəs, mübarək Od Ata anlamına gəlir. Bu ad əski Türklərdə Tanrıçılığın bilicisi, öyrədicisi kimi dərk oluna bilər. Əski türklərdə peyğəmbər əvəzi Atalıq ideyası olmuşdur. Bizə görə Şumer dastanı Bilqamıs da həmin anlamı daşıyır. Bilqamıs – Bil Qamsu söz birləşməsindən yaranıb hər şeyi bilən anlamı daşıyır. Hər şeyi bilənə, çağdaş dönəmdə Peyğəmbər deyilməsi də dediyimizə uyğun gəlir.

Bizə görə Atalıq, Dədə Qorqudluq ideyası Oğuz Xandan qaynaqlanır. Qazi Bürhanəddin Bahadırın yazdığına görə Oğuz xanın 5 min yaşı vardır.

Bəzi çağdaş araşdırmaçı yazarların Hürrəmiliyə yanaşmalarını da eyni motivlə qiymətləndirmək olar. Onlar məsələlərə ya qərəzli yanaşırlar, ya da özlərində güc tapıb dərin axtarışlara girmədən asan yol seçirlər.

Hürrəmilərin böyük başçısı Babəki müsəlman sayanlar ziddiyyətli arqumentlər uydururlar. Ruhun bir bədəndən başqa bədənə köçməsinə inanması, içində Şirvin gəzdirməsi, buna görə də yenilməz olması – Babəkin öz inamının olmasını aydın göstərir. Bununla bağlı yuxarıda yazdığımız üçün təkrar etmirik. İslamın məntiqinə görə, Babək Allah qarşısında təkəbbürlülük göstərir. Ancaq Babəkə görə qürurlu, vüqarlı yaşamaq, davranmaq – özünə inamın göstəricisidir. İçində Allah gəzdirəndən qul olmaz.

Sayğılı oxucu! Bizim bu yazımız ən çox məntiqi düşüncələrin sonucudur. Yuxarıda bilimsəl arqumentlər az olsa da, həqiqət açıq görünür. Bu yazı ona görə yazıldı, ortada bizim dəyərlərimizi aşağılayıb özgələrə özgün eləmək sürəci var. Milli açıdan isə bu gedişə dirəniş yox kimidir. Bu yazı, milli araşdırmaçılara bir başlanğıc verərsə, uğurumuzdur.

Bu gün dəyərlərimizə qarşı çıxanlar min il bundan öncə geriliyə sürüklənənlərə səcdə qılır, onların boyunduruğa girmələrini – babalarımızın yolu deyə gözə sürtürlər. Min il bundan sonrakılar da, belə getsə, bu günkü geridüşüncəlilərimizin boyunduruğunu dədə-baba yolu sayacaqlar.

Bu gün dəyərlərimizə qarşı çıxanlar arı türkcəmizin bərpasına qarşı da çıxırlar. Sonucda bizim soylarımız millət olmağın yolunu elə özgəlikdə, özgələşməkdə görəcəklər.

Ötən yüzilin başlanğıcında, bolşeviklərin yardımı ilə, Quzey Azərbaycanda erməni dövləti yaratmaq istəyirdilər. Bəlli nədənlərdən bu baş tutmadı. Əgər baş tutsaydı, yəqin dilimizin yarısı da, zorla erməniləşdiriləcəkdi. Bu gün dilimizin doğmaca sözlərinə acıqla yanaşıb ərəbcəni, farscanı savunanların varisləri, yəqin dilimizə zorla yeridilmiş erməni sözlərini də beləcə savunacaqdılar. İşğalı sevənlərin, savunanların milliləşməsi heç zaman baş tutmaz.

Biz Millətləşmə yolu keçməliyik, şüarlarda deyil, işdə, içdə. Bunun üçün özümləşməyə aparan yolu tanımalı, tapmalıyıq. Ölçü, tələb bir olmalıdır. Bu işdə Önərdiyimiz Yol – Türkün Ruhaniyyat Ocağı – Asif Atanın Mütləqə İnam dünyabaxışıdır. Bu baxış – xalqımızın minilliklər boyu axtarışlarının, özünəxas yaşantılarının sintezidir. Tarix boyu yaratdığımız dəyərləri içinə alıb gələnəklərimizi yeni aşamalarda bərpa eləyir. Asif Atanın yaratdığı Dünyabaxışı qısqanmaq – özünə yadlaşmaqdır. Özünə yadlaşmaya “dur” deməyin çağıdır.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız Var olsun!

(arxiv)

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv