Soylu Atalı. Doğruluğun Halallığı

(Əli Vəlioğlunun “Halal Çörək” kitabı üstə düşüncələr)

İnsanın həyatda ən doğru bildiyi keyfiyyət halallıqdır. Halal zəhmət, halal ailə, halal doğmalıq, halal keçmiş, halal düşüncə – insanı öz anlamına qovuşduran anlayışlardır. Bilindiyi kimi, insan ikili xassəyə bağlıdır. Bu xassələrdən birinin adı biolojilikdir, o birisinin adı mənəvilik. İnsan yaşamını sürdürərkən biolojiliyi daha çox üzə çıxır. Çünkü mövcudluğunu qorumadan varlığını təsdiq edə bilmir. Bəs insanın mövcudluğunu hansı duyğular ayaqda tutur – heyvani duyğularmı, insani duyğularmı?! Tamah, məncillik, özünəyararlıq, zəhmətsiz gəlir götürmək çabaları heyvani, gözütoxluq, vicdanlı olmaq, adil davranmaq, zəhmətlə onurlanmaq insani duyğulardır. Heyvani tələblərlə yaşamını sürdürənlərin ömrü boşluq yaradır, çelişkilər içində heçliyə çevrilir. Mənəvi tələblərlə yaşayanlarda isə ikilik aradan qalxır, fiziki mövcudluqla mənəvi varlığın bağlılığı, birliyi formalaşır. Heyvani davranışlar həyatın nizamını pozur, birgə yaşayışa eybəcərliklər axıb dolur. İnsani yaşayanlar isə həyata daim ölçü verməyə, onun gedişinə nizam gətirməyə çalışır. Belə insanlar ədəbiyyatın obrazlarına çevrilir, örnək göstərilir. Bu zaman doğrunu əyridən ayırmaq, fərqləndirmək üçün gücləndirilmiş anlayışlardan yararlanılır. Belə götürəndə zəhmət, ailə, doğmalıq, keçmiş, düşüncə uğurlu sözlərdir. Ancaq onların qarşısına “halal” sözü artırmaqla xeyirin bütövlüyünü göstərmək, nisbini, yarımçıqlığı az saymaq, əsilliyi tanıtmaq məqsədi güdülür. Doğma insanlar arasına da başqa əhvallar girə bilir axı, umacaqlı doğmalıq adiliyi də yarana bilir. Odur ki, əsil münasibəti ifadə etmək üçün halal doğmalıq anlayışı dilə gətirilir. Bu açıdan yanaşanda haqqında söz açdığımız Əli Vəlioğlunun “Halal çörək” kitabı da vurğuladığımız əsilliyə üz tutur, onu anlatmağa çalışır. Sadə el diliylə halal yaşamağa çağırır. İnsan halal yaşayanda ürəyi duru, düşüncəsi zəngin, sevgisi sonsuz olur. Beləsinin vətən sevgisinə, millət sevgisinə də bel bağlamaq olur. Etibar, vəfa sözləri bu cür ürəklərdə bəslənilir, böyüyür, yaşayır.

Əli Vəlioğlu “Halal çörək” əsərini öz atasının yaşamı üzərində qursa da, yuxarıda vurğuladığımız çalarlarla, İnsanlığın obrazlaşdırılmış keyfiyyətlərinin tablosunu yaratmaq istəyib. Bu çox uğurlu bir gedişdir. Təxəyyülün mücərrədlikdən obraz axtarışındansa, gözlərimizin qarşısında canlı insan ömrünün halallığını izhar eləmək daha təsirlidir. Yəni ədəbiyyatın başlıca məqsədlərindən biri insanlığın imkanda olan keyfiyyətlərini obrazlaşdırıb tərbiyə ölçüsü kimi verməkdir. Canlı insan davranışlarını – halallığını, doğruluğunu, yurduna, milli gələnəklərinə bağlılığını isə tərbiyə faktı olaraq öyrətmək, dediyimiz kimi, daha çəkici, təsirli hal yaradır. Bu kitabda bioqrafik təqdimatdan daha çox, mənəvi maarifləndirmək əməli özünü göstərir. Ağsaqqallıq anlamının elin-obanın  yaşamında, varlığında rol oynaması, sözünün kəsəri, keçərliliyi bir kəndin milli şüura bağlı yaşamasını həm qurur, həm də qoruyur. Əsər boyu biz bunu izləyə bilirik…

Çörəyi halal olan heç kimdən əsirgəməz. Hətta haramlara da çörəyini halal edər, halallıq verər. Bir atanın öz oğluna öyrətdiyi ən böyük hikmət, miras qoyduğu ən böyük xəzinə belə bir yaşam örnəyi verməkdir. Əli Vəlioğlu atasının hallalığını öydükcə köksü qürur duyğuları ilə qabarır. Bu qürur duyğusunu milli nemət kimi qavrayır, ürəyi sevinir. Bizə görə Azərbaycançılıq elə bu deməkdir – Asif Atanın dediyi kimi: “Halallıqdan usanmamaq, yoxsulluqdan utanmamaq!”. Bir usta ömrünün tükənməyən halallığı – türk-etnik özünəxaslığını həm öyrədir, həm də sevdirə bilir. Halallığımızı heç bir nankorluğun, dönüklüyün qarşısında unutmadıq, yaşadıq, yaşatdıq. Bu halallıq Dədə Qorquddan gələn varislik gələnəklərimizdən biridir. Ona görə ayrılmadıq, arxa çevirmədik varisliyimizə. Zaman-zaman yağılara aldandıq, uduzduq, ancaq varislik sədaqətimizdən dönmədik. Erməni dönə-dönə çörəyimizi yeyib bizə qarşı haramlıq edibdir. Ancaq biz ona halal çörəyimizi yedirtməkdən usanmadıq. Ona görə biz ermənidən uluyuq, ucayıq. Biz erməninin heç nəyinə göz dikmədik. Ona görə yox ki, erməninin heç nəyi yoxdur, ona görə ki bizim hər şeyimiz var. Başlıcası halallığımız var. Heç nəyimizə – nə milli varlığımızın ortaya çıxardığı insani dəyərlərə, nə də halalca çörəyimizə haram qarışmadı, qarışdırmadıq. Mayamız halallıqdan yoğrulub. Keçmişimiz halal olduğu üçün çörəyimiz də halaldır, ailəmiz də; zəhmətimiz də halaldır, düşüncəmiz də. Doğmalığımız saxta deyil, dostluğumuz yalan deyil. Vicdanımız qaranlıq, ləyaqətimiz kölgəli olmadı.

Əli Vəlioğlunun da ata çörəyinin halallığı ilə öyünməsi min illər tarixin o üzündən gələn ulusal halallığımızın görsənişidir. Halallıq milli varlığımızın özülündə durmasaydı, Asif Ata “halallıqdan usanma” deməzdi, bu çağırış aldadıcı, quru görünərdi. Ancaq çəkici, doğma, doğru səs kimi, nəfəs kimi mənəviyyatımızın dərinliklərinə işləyir. Xalq ruhunun varlığımızda yaşanan aydınlığına qovuşub qəlbimizi titrədir. Bu titrəyişdə sevinclə sevginin qoşalaşıb halallıq tərbiyəsi kimi yenidən ömrümüzə qayıdışını görürük. Budur milli varislik. Bu varislik tükənməz bir ölçü kimi nəsildən nəsilə körpülər salıb.

Halal çörək qazananın ümidi də halaldır. Halal hər gün sevinir – mənliyini qoruduğu üçün. Hər gün mənliyini qoruyaraq sevinəcəyinə ümid bəsləyir. Beləcə halal ümidlə yaşayıb min illərdən süzülüb gələn halallığın sirlərini öyrədir.

Haram çörək qazananın ümidi də haramdır. Haram – hər gün aldadacağına, yalanlarla inandırıb haram çörək qazanacağına ümid bəsləyir.

Yaşamaq çətinliyi – insanı vicdanla üz-üzə qoyursa, halallıq mənəviyyatın bütövlüyü kimi yaşanır.

Yaşamaq çətinliyi – hər addımda vicdanı aldadıb susdura bilirsə, haramlıq ömür boşluğunda taxt qurub mənəviyyatın parçalanmasına hökm edir.

xxx

Bir kəndin yaşatdığı gələnəkləri qələmə almaq, əslində tarix yazmaq anlamı daşıyır. İstənilən bir dövrdə hər hansı bir kəndin xarakterik yaşantıları az-az fərqlərlə başqa kəndlərə də xas yaşantılar deməkdir. İstənilən bir köy, soy, el millətin bir parçasıdır. Millətə özgün olan böyük gələnəklər soyların, köylərin yaşamında ifadə olunur. Bu açıdan müəllifin öz soykökünün ilkinlərini qələmə alması çox önəmlidir. Dediyimiz kimi, onların dövrü üçün xarakterik olan gələnəklər də qələmə alınmış olur.

Əli Vəlioğlu ulu babalarından biri Məlik Əbilin faciəvi yaşantılarından bilgi verir. Bir yazarın ulu babasının topluma, ya da çağımızın başqa insanlarına nə dəxli var deyib, məsələdən yan keçmək də olar. Ancaq gözə alsaq ki, millət fərdlərdən, ailələrdən, soylardan oluşur, onda fərdin uğurlarının da, faciələrinin də milli şüura bağlı olduğunu, millətin gələnəklərinə bağlı bir yaşam sürdüyünü anlamış olarıq. Əli Vəlioğlu yazır: Ulu babam Məlik Əbil biri ilə dost olur. Sonralar hansısa səbəbdən dostluqları pozulur. Bu pozuntu kin, nifrət duyğuları bəsləyir. Bir gün dostu düzənlədiyi qonaqlığa Məlik Əbili də çağırır. Qonaqlıqdan dönərkən Məlik Əbil atının quyruğunun, yalmanının kəsildiyini görür. O dövrdə birinin atına sataşmaq ən böyük aşağılama, alçaltma sayılardı. Əgər biz araşdırsaq, hər eldə, hər köydə belə bir gələnəyin olduğunu öyrənmiş olarıq. Bu gələnək Dədə Qorqud dönəmində də beləcə etkili olub, Koroğlu dönəmində də. Biz türkün həyatında atın yerini, rolunu bu yazıda qabartmadan məsələnin başqa bir çalarına aydınlıq gətirək. Əli Vəlioğlu ulu babasının namusuna bulaşan ləkəni qanla yumasını doğru sayır, ancaq bunun babasının qatilliyinə səbəb olmasını alqışlamır. Çox ilginc bir məsələdir. Həm ziddiyyətli, həm gərəkli. Həm insanlığın qanununu qoru, həm insanın qanını tök. Dedik ki, kişinin atına sataşmaq el gələnəklərinə görə alçaltmaqdır. Burada görünəndən artıq bir durumla üz-üzə qalırıq. Necə də qaçılmaz, amansız bir görsənişdir. Elə bir durumla üzləşirsən ki, nə sevinə bilirsən, nə qəmlənə. Bu halın adı nədir görəsən?! Axı istənilən davranış, hərəkət – bu iki üzdən birini doğurur. Bu iki halı eyni vaxtda bir ürəyə yükləmək, bir düşüncədə, xəyalda gəzdirmək olmur. Kənd həyatının gələnəklərinin bu fəlsəfəsi bəlkə də insan varlığının ikili xassəsi kimidir. Yuxarıda vurğuladıq ki, insan həm bioloji varlqıdır, həm də ruhani. Biolojilik onun mövcudluğudur. Mövcudluğunu sürdürmək üçün Doğa ona qorxulu duyğular verib: özünü, öz çıxarını düşünmək, asan yaşamaq meyli, bunun üçün bəzən başqalarını ayaqlayıb keçmək. İnsan Doğanın verdiyi xarakterlə barışanda, yetərlənəndə fəlakətlərə yol açır. Ancaq insanın başlıca xassəsi ruhanilikdir. O bu xassəsi ilə ata olur, ana olur, dost olur, ədalətə, həqiqətə doğma olur, bir sözlə, Tanrıya bənzəyir. Bu bənzərliyə yetmək olduqca çətindir. Bu yolda imtinalar, sınaqlar dayanır. İnsan gözə görünməyən bir qüvvə ilə döyüşməli, biryolluq, parlaq qələbə qazanmalıdır. Bu qələbə insanın özü üzərində çaldığı qələbədir. Balacalıqlarını tanıyıb döyməli, ortadan qaldırmalıdır. Ən uca insani keyfiyyətləri ömründə bərpa eləməlidir. İnsanın ömründə mənəvi işıq örnəyi kimi bir “öz” yaranmalıdır. Bundan sonra, insan mövcudluğunu sürdürərkən, iki xassənin arasında qalmaz, başqalarını gözə alar. Mövcudluğunu Doğanın sərt qanunları ilə deyil, insanlığın mərhəm, kamil qanunları ilə qoruyar. Ancaq dedik ki, bu asan bir məsələ deyil. Hər kəsin bu düzeydə yaşamasını gözləyə bilmirik. Asif Ata deyir: İctimai həyatda Şər heç vaxt tam aradan qalxmır. Bəs necə olmalı, atın quyruğu həmişəmi kəsiləcək, həmişəmi qan tökülüb adam öldürüləcək?! Belə çıxır ki, insanın ikili xassəsi qan tökülməsini qaçılmaz edir, ona haqq tanıyır.

Biz burada məsələni insanlığın sorunu kimi çözməyə çalışırıq. Yəni Məlik Əbil doğrumu edib, yanlışmı sualına cavab tapmaq istəsək, bütövlükdə İnsanlığın sorununa dayanmış oluruq. Bəşər övladı ikilikdən əziyyət çəkir. İkiliklə həyata gözəl bir şey vermək olmur. Gah bu, gah başqa cür olmaq ikrah doğurur. Gah o, gah bu olmaqdan fəlakətlər doğur, qan tökülür, düşmənçilik aləmi bürüyür, hamı bir-birinə qənim kəsilir. Xeyir ürəklərdən qaçır, şər varlığa hökm edir. Birgəyaşayışın nizamı pozulur. Ancaq heyvani qanunları ölçüyə çevirmək də mümkün deyil axı. Həyat anlamını itirər, varlığın sonu gələr. Bütün bu paradoksallığın içində qəribə bir ümid işığı var. Ən pis ortamda, ən pis zamanda belə insanlığı ayaqlayanlara “dur” deyənlər tapılır. Sadəcə “dur” deməyin üsulu, ölçüsü fərqli olur. Bir var toplumsal yaşamda böyük dəyişikliklər başlayasan, burada artıq böyük ideyalar ortaya gəlməlidir ki, bu da Məlik Əbillərin işi deyil. Bir də var ayrı-ayrı pozuntulara fərdi təpki göstərəsən. Məlik Əbillərin işi bu cür pozuntulara qarşı fərdi təpki götərməkdir. Bu təpki də o vaxt göstərilir ki, fərdin heysiyyatı söz qonusu olsun. Bununla belə, fərdin heysiyyat məsələsi bütövlükdə elin gələnəklərinə dayanıqlı olur, təkcə fərdin özüylə bağlı olmur. Bəlkə də Məlik Əbilin evi yağmalansaydı, atı oğurlansaydı, cibinə girilsəydi öldürməklə qarşılıq verməzdi. Demək mənəviyyatı öldürməyə cəhd edənlər elin gələnəklərinə görə bağışlanmır, bağışlanmaması gərəkir. Biz bu gələnəyi çıxış yolu saymasaq da, anlayırıq.

(Niyə çıxış yolu saymırıq?! Bir var pisi öldürmək, bir də var pisliyi öldürmək. Bizə görə çıxış yolu pisi öldürməkdə deyil, pisliyi öldürməkdədir. Bu, olduqca geniş bir qonudur. Bu qonunun fəlsəfəsi bu yazının miqyasına uyğun olmadığı üçün dayanırıq, Əli Vəlioğlunun ata halallığından qurulan dünyasına qayıdırıq).

Vətənin qədim-qayım ellərində yaşayan, yaşadılan halallığa xəyanət əli uzandı, namərdlik, müxənnətlik ellərimizi dağınıq duruma gətirdi. Bütövlük parçalandı, hərə bir dərəyə düşdü. Köylərimiz erməni adlanan yağının tapdağında qaldı. Ömürlər kimi gələnəklərimiz də qırıldı, getdikcə əməllərdən ayrıldı. Bir köyün gələnəklərini yaşatması millətin bütövlüyünə bağlıdır. Vətən yadların tapdağında qalanda bir köyün gələnəkləri yaşayıb sabaha getmir. Vətən – İnsanlığın, milli gələnəklərin yaşadıldığı məkandır. Əli Vəlioğlu da atasının halallığını, doğruluğunu Vətənin azadlığına bağlı dərk eləməyə çalşır. Haqlıdır! Bu gün bütöv bir köyə örnək olan halallıq nizamını itirib. Bayağılıq insanların xarakterini həyatın nizamına qarşı oluşdurur. Çünkü yuxarıda vurğuladığımız kimi, Vətən yadların tapdağı altında mərhəmliyini itirdi. İtirdiyi gündən halallıq da xatirələrə sığındı. İndi Əli Vəlioğlu xalqın qədimlyindən gələn ata halallığını xatirələrindən kitaba köçürür. Ürəyini özü ilə çəkib aparan, illərin həsrətinə dönüşən halallıq! Bax beləcə, ata halallığının həsrətiylə sızıldayan bir ürəyin çırpıntıları sabaha halallıq xatirələri söyləyir. Söyləyir ki, halallıq yaşamı, zamanı tərk eləsə də, yaddaşları tərk eləməsin. Yenidən köylərin, soyların yaşam nizamına qayıtsın. Köhnə kişilərə bənzəmək istəyən oğullar ataların halallığı ilə böyüsün!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

14 Qürub Ayı, 42-ci il. Atakənd.
(avqust, 2020. Bakı).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv