Məni yaxından tanıyanlar bilir ki, şəxsi ağrı-acılarımı heç vaxt facebookda ictimailəşdirib dostların əhvalını korlamaq istəməmişəm. Son üç ayda baş vermiş yaxın qohumlarımın və atamın itkisindən sonra daha bir sarsıdıcı durumun-dost itkisinin şokunu yaşadım. Lənətə gəlmiş Covid19 uzun illər ailəvi dostluq etdiyimiz Heydər Əsgərova da qıydı. Dostlarıma hədsiz bağlılığımın və münasibətlərimin formalaşmasında Heydər Əsgərovun əvəzsiz rolunu heç vaxt unutmadım. O, uzun illər Rusiyada – Kalininqrad və Sankt-Peterburqda prokurorluq sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 1989-cu ildə, çox çətinliklə də olsa, Azərbaycan prokurorluğuna köçürülmüşdü. Respublika prokurorluğunda özünün professionallığı ilə seçilən ən güclü istintaqçılardan biri, bəlkə də birincisi idi Heydər Əsgərov. Təbiətinə xarakterik saflıq və punktuallığı var idi. Sifarişli “işlərə” heç vaxt qol qoymaması, onun insani prinsiplərə nə qədər fövqəladə yanaşdığını hüquqçular çox gözəl bilirdi. Prokurorluq sistemindən təqaüdə çıxsa da, Azərbaycan Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyəti ilə məşğul idi. Müraciət edənlər, tanışlar “nə yaxşı onu məsləhət bildiniz, rustəbiətli adamdır, onu maddi maraq sanki düşündürmür” kimi fikirlər söyləyirdilər. Təxminən bir ay əvvəl dostları bağ evinə xaş qonaqlığına dəvət etmişdi. Heç kimin ağlına gəlməzdi ki, həyat eşqi ilə yaşayan, Ordumuzun qələbə sevincini xüsusi atəşfəşanlıqla qeyd eləyən məğrur bu kişini bir daha görməyəcəyik. Ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm. Xatirəsi həmişə qəlbimizdə yaşayacaq Heydər Əsgərovun. Ruhun şad olsun, əziz dost!
İlqar Türkoğlu. BAŞSAĞLIĞI
Dekabr 24th, 2020 admin