“Tarixdə ilk qırmızı bayrağı Babək qaldırıb”, – bunu bizə tarix deyir. Deyir, susur. Tarix Babaklə bağlı danışmaqdan daha çox susmağa üstünlük verir. Görəsən, niyə? Axı, Babək adı tarix üçün yalnız 22 illik savaş meydanı deyil, eləcə də genişdən geniş, az qala sonsuzluğadək uzanacaq söz meydanıdır. Babək Doğu ilə Batı arasında dünyanın ağasına çevrilməkdə olan azman ərəb imperiyası ilə 22 il savaş aparmış tək bahadırdır – Yer üzünün tək bahadırı! Dövlət başında durmadan ulusu birləşdirib yadelli saldırqanlara qarşı qaldıran, 22 il ölüm-dirim savaşı aparan tək bahadır! Savaş tarixlərinin başında duracaq təklərdən biri, birincisi Babəkdir!
Ancaq, tarix Babəki özünün başlıca söz qonusu etməli ikən, onunla bağlı daha çox susmağa üstünlük verir. Niyə? Başlıcası budur: biz özümüz özümüzə özgələşmə üzündən Babəki hələ indiyidək yetərincə dəyərləndirə bilməmişik. Biz özümüz özümüzə özgələşdiyimiz üçün, başqaları (başlıca olaraq farslar, ərəblər) Azərbaycanın böyük üstünlük faktoru olaraq baxdıqları üçün! Bu üzdən də hələ indiyədək yalnız farslar, ərəblər deyil, Azərbaycanın özündəki farsçılıq, ərəbçilik daşıyıcıları belə Babakə yağıcasına yanaşır, onu nə yolla olur olsun gözdən salmağa çalışırlar. Yağılarımız gözəl bilirlər: gərəyincə dəyərləndirilən, sevilən Babək Azərbaycan üçün böyük oyanış, böyük birlik-dirilik faktoru deməkdir. Bu üzdən də öz ölkəmizdəcə Babəki gözdən salmağa yönəlik çıxışlar sürəkli xarakter daşıyır. Adını “islamçı” qoymuş ərəbçi, farsçı kəsimin Babəki gözdən salmağa yönəlik başlıca “tutalqası” budur: “Babəki bizə Sovet ideologiyası sırıyıb”. Birincisi, Sovet ideologiyası Babəki bizə sırımayıb, tanıdıb. İkincisi, bu tanıtma yox yerdən olsaydı, “sırıma” sözünə anlayışla yanaşmaq olardı. Bəllidir, Babək faktı Sovet ideologiyası üçün olduqca əlverişli idi. Sovet dövləti o faktdan özünün ideoloji qurallarına uyğun olaraq yararlanmaq istəyirdi. Bu isə o demək deyil biz Azərbaycanın ərəb işğalından qurtuluşu uğrunda 22 il ölüm-dirim savaşı aparmış Babəkimizdən üz döndərməliyik. İçimizdə özünü “islamçı” adlandıranların başqa bir antiBabək “tutalqası” belədir: “Babək islama qarşı vuruşub”. Ortada bu “tutalqanı” da boşa çıxaran çoxlu fakt var. Babəki gərəyincə, doğru-düzgün dəyərləndirməyin ən yararlı yolu İslam tarixinin özündən çıxış etməklə Babək faktına yanaşmadır. Başqa bütün yanaşmalar bizi yalnız Babəklə bağlı yanlış dəyərləndirmələrə aparıb çıxara bilər.
İslamın yaranma tarixindən
İslamın yaranma tarixi çoxlarına bəlli olduğundan sözü uzatmadan burada qısaca bilgi ilə yetərlənmək olar. VII yüzilliyin başlarında Ərəbistanda hələ qəbilə quruluşu qalmaqda idi. Qəbilələr arasında bitmək bilməyən çəkişmə-savaşlar, bütlərə tapınma, yeni doğulan qız uşaqlarının torpağa gömülüb öldürülməsi kimi faktlar ərəblərin necə bir gerilik içində olduqlarının – sonralar “cahiliyyə” adı verilən dönəmin – konkret görsənişləridir. (Tutuşdurma üçün bildirmək gərəkir: o çağlar Azərbaycan özünün qabaqcıl sosial-politik gəlişmə tempinə uyğun olaraq çoxdan quldarlıq quruluşunu başa vurub, feodalizm yoluna çıxmışdı. İnanc-din baxışları baxımından da Azərbaycan bütlərə tapınan Ərəbistanı çox qabaqlamışdı: Azərbaycanda zərdüştçülüklə yanaşı, tanrıçılığa bağlı xristianlıq- təkallahlılıq yayılmışdı).
Oçağlar ərəblər arasındakı çoxillik çəkişmələrə, yağıçılığa son qoyacaq ağıllı, bacarıqlı başçı-lider gərəkirdi. Belə bir lider Məhəmməd oldu. Məhəmmədin ortaya qoyduğu İslam ideologiyası çox keçmədən köçəri-dağınıq ərəbləri bir bayraq – İslam bayrağı altında birləşdirib bütöv bir gücə çevirdi. Məhəmməd birləşdirib-bütovləşdirdiyi ərəb dünyasının peyğəmbər-dövlət başçısı olaraq tanındı. Məhəmmədin böyük, bütöv, bacarıqlı varlığı birləşdirilib-bütövləşdirilmiş ərəb dövlətinə çox böyük güc qazandırdı. İslam uzman-bilginləri Məhəmmədi daha çox peyğəmbər kimi tanıtmağa çalışırlar, məncə, bu, çox da düzgün yanaşma deyil; bioqrafiyasından göründüyü kimi, Məhəmməd böyük dövlət adamı, üstün siyasətçi, bacarıqlı diplomat idi. Bütün bunlar onu başqa peyğəmbərlərdən ayıran üstün özəlliklərdir. “Məhəmməd öz çatışmazlıqlarını hamıdan qabaq boynuna aldığına baxmayaraq, ən yetkin bir insan örnəyi olmuşdur”(Anri Masse, İslam, Bakı-1992, səh.32).
Bütöv dövlətin yaranmasından az sonra ərəblərin bir yandan üzü Batıya, o biri yandan üzü Doğuya axınları başlamışdı. Ərəblər Azərbaycana VII yüzilliyin ortalarında girdilər. Ən əski çağlardan başqa baxışlara, düşüncələrə, inanclara açıq, dözümlü (tolerant!) olan Azərbaycanda İslam dini ilkin çağlarda bir elə çətinliklə üzləşmirdi. Yuxarıda deyildiyi kimi, Azərbaycanda, bütünlükdə Türklər arasında tanrıçılıq-təkallahlılıq çoxdan aparıcı inanca çevrilmişdi. Başlanğıc dönəmində din dəyişmə daha çox nominal xarakter daşıyır, bu üzdən də ortaya çox da kəskin qarşıdurmalar çıxmırdı. Azərbaycanda Babəkliyə gətirib çıxaran böyük, kəskin qarşıdurmaları Ərəblər özləri doğurdular. Bu isə çağ ötdükcə, xəlifələr dəyişdikcə daha açıq, daha kəskin xarakter alan ərəb işğalçılığı ilə bağlı idi. Çağlar ötdükcə işğal faktı din faktını üstələyir, ərəblər özlərini din yayıcılarından daha çox saldırqan-quldurlar kimi aparmağa başlayırdılar. Bir yandan başlanğıcda çox yüngül olan vergilər getdikcə ağırlaşdırılır, o biri yandan ərəblərin pozğun xarakteri özünü bütün çılpaqlığı ilə göstərməyə başlayırdı. Burada da ikili olay baş verirdi: bir yandan gözəl qız-gəlinlər ələ keçirilib xəlifə sarayına daşınır, o biri yandan ərəblər evlərə soxulub istədikləri qız-gəlini özlərinə arvad edirdilər. Ərəb işğalının özü ikili xarakter daşıyırdı: getdikcə dözülməz olan vergi soyğunçuluğu, ondan daha dözülməz olan qız-qadın soyğunçuluğu! Bütün bunlar ölkədə ərəblərə qarşı çıxışların baş verməsinə, getdikcə kəskinləşən qarşıdurmalara gətirib çıxarırdı. Beləcə, ölkədə qalxımlar yaranır, könüllü müsəlmanlıqdan “qılınc müsəlmanı” anlayışına keçid baş verirdi.
Dədəm Qorqudun Bitiyi
Dədəm Qorqudun bitiyi bir çox baxımlardan Yer üzündə tayı olmayan bir Bitikdir. Nə yazıqlar, indiki rejimdə eyitimin dayazlaşdırılması, bilimin, kültürün dəyərsizləşdirilməsi üzündən olduqca dəyərli bir Bitik oxunmaz-bilinməz durumdadır. Bitik belə başlayır: “Rəsul əleyhissəlam çağına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu. Oğuzun ol kişi bütün bilicisiydi…” Bitikdə Məhəmd peyğəmbər, İslam adına bir çox yerlər var, ancaq bunlar Bitiyə özgü deyil, açıq-aydın yazman (yazman – katib) artırmalarıdır. Bunu Bitiyi oluşduran, onun yaranmasına nədən olan toplumun yaşam yolundan, davranış-xarakter özəlliklərindən görmək olur. Onların – Bitiyi oluşduranların – yaşam-varolma fəlsəfəsi İslam fəlsəfəsindən bütünlüklə ayrı, çox uzaqdır. Onların düşüncə-davranış sistemi İslamla daban dabana durur. Çox saya bir örnək: Dədəm Qorqud personajları Azərbaycanda ərəbin yeni-yeni səslənməyə başlayan azan səsini eşidəndə belə deyirlər: “Tat əri banladı”.
Toplumun başında duran xanlar xanı Bayandır xan, Salur Qazan toplumla birgəlikdə olan boy başçılarıdır. Ordu komandanı yerində olan Qazan xan ildə bir yol xanımının əlindən tutub çıxmaqla evini elinə yağmaladır. Bu, xanın malı – elin malı Törə – düşüncəsinə bağlı görsənişdir. Oğuzda (Bitikdə) qırx gün qırx gecə toy çaldırmaq, qırx gün qırx gecə yeyib-içmə, eləcə də uğurlu savaşdan, uğurlu ovdan sonra yeddi gün yeddi gecə yeyib-içmə kimi gələnəksəl görsənişlər var. Bunlar hamısı Türk özümlüyü, Türk fəlsəfəsi ilə yanaşı, verimli Azərbaycan torpağının yaratdığı bolluqdan qaynaqlanan yüksək yaşayış, dadlı dolanışıq gələnək-görənəkləridir. Bitikdə biz bir yandan doğanın doğurduğu, o biri yandan özünün yaratdığı böyük bolluq içində sevinc-şadlıq dolu yaşam yaşayan toplum görürük – Tanrıçı toplum!
Türklər əski çağlardan Tanrıçı idilər. Onların inanc sistemi belə idi: Tanrı ilə mənim aramda araçı olamaz, ola bilməz. Bu üzdən də Türk toplumunda Tanrısal arılıq-duruluq vardı. Türklərdə yaranışdan bir sosiallıq da vardı. Tanrıçılıqla bağlı daha da bərkinən bu sosiallıq Türk toplumunda özümlü birgəyaşayış uyğarlığı biçimləmişdi. Nizami Gəncəlinin “İskəndərnamə”sində Azərbaycan toplumu adından deyilən belə bir yer var: “Bizdə bərabərdir hamının varı, / Bərabər bölərik bütün malları”. Dədəm Qorqud yaşam yolunda – düşüncə ortamında biz bunu belə də görürük. Orada sevinc-şadlıq ortaqlığı olduğu kimi, ağrı-acı ortaqlığı da var. Ortada Tanrının birliyi ilə toplumun birliyini oluşduran bir uyğunluq-uyumsallıq sərgilənməkdədir. DÜZGÜNLÜK Türk toplumunda başlıca yaşam dəyəri sayılırdı. Ortada toplumu sürəkli uğur içində yaşadan bir toxunulmaz dəyər də vardı – Türk Törəsi. Başqa tür desək, Türkün yaşamını, davranışlarını biçimləyən yasaları, o yasaların yaratdığı yasaqlar – Türkü Türk olaraq min illər boyunca Tanrıya sarsılmaz inancı ilə Törəsinə bağlılığı ucalarda tutdu, yenilməz etdi. Ölkəsinə sonsuz sevgisi, böyük bağlılığı ilə tanınan Türkün Törəyə sarsılmaz inamı onun bu deyimində bütün parlaqlığı ilə özünü göstərməkdədir: “Ölkədən keçilər, Törədən keçilməz”. Burada, itirilmiz ölkəni yenidən qazanmaq olar, itirilmiş Törəni yenidən qazanmaq olmaz, düşüncəsi var. Türklər gələ-gələ başqa inanclara uymaqla bir yandan Tanrıdan uzaqlaşdılar, o biri yandan Törəni itirdilər. Bu isə bütövlükdə Türklüyün itirilməsinə gətirib çıxardı!
“Dədəm Qorqudun Bitiyi” ilə bağlı ayrıca vurğulanası parlaq bir görsəniş var: kişilərlə qadınların bir hüquqlu olması, qadınların da kişilər kimi bacarıqlı, igid, qoçaq olması, toplumun gərəklərini, çıxarlarını kişilərlə bölüşüb-paylaşması. Butün bunlar birlikdə taysız Türk gələnək-görənəklərinə, Türk Törəsinə bağlı tanrısal üstünlüklərdir. Türk toplumunun üstünlüyü, gücü, yenilməzliyi belə bir tanrısallıqda: hüquq birliyinə bağlı qadın-kişi ortaqlığında idi!
Bomboş səhralarda yarıac, yarısusuz yaşam yaşayan ərəblər böyük bolluq içində olan Azərbaycana çəyirtkə sürüsü zəmiyə daraşan kimi daraşdılar. Azərbaycandan Bağdada – Xəlifə sarayına ağır – ağır yüklərlə dolu dəvə karvanları yollanmağa başladı. O karvanlarla yalnız ölkənin var-yatırı deyil, bir də qadınlı-kişili tutulub qul edilmişlər daşınırdı. Yuxarıda deyildiyi kimi, Ərəbistan hələ quldarlıq dönəmini yaşamaqda idi. Gözəl qızlar-qadınlar seçilib, başlıca olaraq, xəlifə hərəmxanasına qatmaq üçün aparılırdı. Azərbaycanda (eləcə də ərəblərin tutduqları başqa ölkələrdə) qul kimi ələ keçirilən qız-qadınları Ərəbistanda “cariyə” adlandırırdılar. Azərbaycan dilinin açıqlama sözlüyündə ərəbin “cariyə” sözünün anlatması belədir: “Keçmiş zamanlarda özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadın”. Yuxarıda deyilmişdi: Azərbaycanda bərkinməyə başlayan ərəblər evlərə soxulub gözləri tutan qız-gəlini güclə qaçırılr, götürüb aparırdılar. Ərəblərin əlinə keçəndən sonra onlar bütünlüklə hüquqsuz kimsə – CARİYƏ olurdular!
Fədək faktoru
Mədinədən 140 km uzaqlıqda verimli torpaqları, böyük xurma bağları ilə tanınan Fədək adlı gəlirli bir bölgə vardı. Burada yəhudilər yaşayırdı. Məhəmməd buradakı yəhudilərə üstün gələrək bölgəyə İslam əsgərlərini yerləşdirəndən sonra yəhudi başçılarına elçi göndərib, Fədəkə yiyələnmək istədiyini bildirdi. Yəhudilər barışı savaşdan üstün tutaraq boyun əymək yolunu seçdilər. Onlar İslam bayrağı altında yaşamağa, hər il ürünün yarısını Peyğəmbərə verməyə, müsəlmanlara qarşı çıxmamağa söz verdilər. Beləcə, Fədək döyüş yoluyla əldə edilmiş yer deyildi. İslamda döyüş yoluyla alınan torpaqlar bütün müsəlmanlara, döyüşsüz alınan torpaqlar dövlət başçısına çatırdı. “Qohum-əqrabaya da, yoxsula da, yolçuya da haqqını ver” (İsra, 26) ayəsi ortaya çıxandan sonra Peyğəmbər Fədəki qızı Fatiməyə bağışlamışdı. Peyğəmbər yaşadığı sürədə Fədək Fatimənin əlində idi. Fatimə oranı arendaya verir, arendanın dəyərini üç dönüşə alırdı. Aldıqlarından özünün, uşaqlarının gündəlik gərəklərini ödəyəcək olanı ayırır, bir bölümünü Haşimoğullarının (Məhəmmədin soyu) yoxsullarına paylayır, qalanını başqa yoxsullar arasında bölüşdürürdü.
Məhəmməddən sonrakı dörd xəlifə İslam tarixində DÜZGÜN (“ədalətli”) xəlifələr olaraq tanıdılır: xəlifə Əbu Bəkr (632-634); xəlifə Ömər (634-644); xəlifə Osman (644-656); xəlifə Əli (656-661). İslamda ilkin çat xəlifə Əbu Bəkrin xəlifəliyi ilə yarandı. Birinci, xəlifəliyin əyri yolla ələ keçirilməsi; ikinci, Fədəkin Fatimədən alınması üzündən. Əbu Bəkr Fədəki dövlətin malı saymaqla Fatimədən aldı. Fatimə isə Fədəki ata mirası sayaraq, geri qaytarmaq uğrunda sonadək çarpışma apardı. Bu çarpışma getdikcə genişlənərək, demək olar, bütün İslam dünyasını bürüdü.
Fatimə yuxarıda sözügedən ayədən çıxış edərək Fədəki ata mirası sayırdı. Əbu Bəkr isə, özünün dediyinə görə, Peyğəmbərdən eşitdiyi belə bir sözə söykənirdi: “Biz Peyğəmbərlər miras qoymarıq. Bizdən sonra qalan mallar sədəqədir”. Bir sıra şiə bilginlərinin yazdığına görə, Əbu Bəkr bu sözləri özündən uydurmuşdu. Fatimə atasının Fədəki ona bağışlamasını doğrulamaq üçün, İslam qanunlarına uyğun olaraq, xəlifə Əbu Bəkrin qarşısına tanıqlar ( tanıq – şahid) çıxarmalı idi. Fatimənin tanıqları Əli, Həsən, Hüseyn, bir də Ümmü Əymən idi. Əli Fatimənin əri, Həsənlə Hüseyn oğlu, Ümmü Əymən Əlinin cariyəsi olduğundan Əbu Bəkr onları tanıq olaraq tanımaq istəmədi.
Sonralar Əbu Bəkrin ürəyi yumşalmış, “Mən bu məktubda Fatimənin mülkiyətini doğruladım” deyən bir yazıyla Fədəki Fatiməyə qaytarmaq istəmişdi. Deyilənə görə, bu arada Əbu Bəkrin yanına gəlmiş Ömər məktubu cıraraq Əbu Bəkrə demişdi: “Fədək gəliri sənə gərəkdir. Bir gün müşrik (ikiüzlü. – X.B.) ərəblər müsəlmanlara qarşı çıxsalar, sən hansı gəlirlə ordunu donatacaqsan?” Uzaqgörənliyi ilə tanınan Ömərin adına bağlı belə bir uyarı da var: “Fədək miras olaraq Fatiməyə verilsə, sonra Fatimə, Əli, onların uşaqları xəlifəliyi də miras sayacaq, onu miras kimi ələ keçirməyə çalışacaqlar”.
Fədəki Əli ailəsinin əlindən almaq gərəyi ilə bağlı Ömərin başqa bir tutalqası da vardı. Ömər Fədəki Fatiməyə qaytarmaq istəyən Əbu Bəkrə bunu da deyir: “İnsanlar dünyanın qullarıdır. Onların bundan başqa amacları yoxdur. Sən xümslə qənimətləri Əlidən al – Fədəki onun əlindən çıxar: insanlar Onun əlinin boş olduğunu görəndə, sənə dönəcəklər”. Düzgünlük üçün demək gərəkdir: Ömərin bu uzaqgörənliyi də istər çağında, istərsə də min illər sonra belə özünü bütünlüklə doğrulayıb. Bununla bağlı tək elə Azərbaycan islam tarixindən çoxlu örnəklər göstərmək olar, burada onlardan üçünü göstərirəm: 1) 1828-ci ildə Abbas Mirzə İrəvan uğrunda rus işğalçılarıyla ölüm-dirim savaşı aparırkən Təbriz müctəhidi Ağa Mir Fəttah Təbrizi rus generalı İ.F. Paskeviçə satmışdı. Özünün satqınlığı az imış kimi Mir Fəttah Ərdəbil, Maku xanlarına məktub göndərərək onları da “Allahın buyruğu olaraq” ruslara boyun əyməyə çağırmışdı; 2) Azərbaycan Demokratik Respublikasının qurucuları toplumun böyük birliyini yaratmaq üçün bayrağımızda İslam simgəsinə də yer vermişdi. 1920-ci ilin 28 aprel rus işğalında “İttihad” islam partiyası birincilər sırasında rus işğalına qatılanlardan olmuşdu; 3) 1993-cü ildə az-çox demokratik hakimiyət olan AXC hakimkiyəti yıxılanda Azərbaycan islam partiyası Azərbaycana qarşı olan Rusiya-İran bloku ilə birlikdə olmuşdu.
Əlinin xəlifəliyinədək Fədəklə bağlı durum dəyişməmişdi. Oranın gəlirlərindən kiçik bir pay Peyğəmbər ailəsinin gərəkləri üçün ayrılır, qalanı başqa ellik mallar kimi xəlifənin yetkisində olurdu – xəlifə ondan istədiyi sayaq yararlana bilərdi. Ancaq Müaviyənin dönəmində Fədək üç adam – Mərvan, ibn-i Affan, bir də oğlu Yəzid arasında bölüşdürüldü. Beləcə, Fədək əldən-ələ keçərək sonucda Mərvan ibn-i Hakemin mülkiyəti oldu. O xəlifə olanda oranı bütünlüklə satın aldı, sonra da oğlu Əbdüləzizə pay verdi.
Yuxarıda deyildiyi kimi, Fatimə ölənədək Fədəki geri qaytarmaq uğrunda çarpışma apardı. Fatimə ölüm ayağında belə bir vəsiyət etmişdi: “Əmirəlmöminin əli ilə bağlı Allahın, Peyğəmbərin əhdini pozan, haqqıma görə mənə zülm edənlər, mirasımı ələ keçirənlər, atamın mənə yazdığı Fədəkin mülkiyət sənədini yandıranlar, tanıqlarımı dananlar mənə namaz qılmasınlar”. Bununla da Fatimə Əbu Bəkrlə Ömərə onun cənazə namazını qılmalarını yasaqlamış, bunu Əlinin etməsini istəmişdi. Sonacaq yolasalmasında Əli olub-bitənlərlə bağlı Məhəmmədin adını anaraq demişdi: Qızın ümmətinin zülmə yardımçı olduğunu Sənə soraq verəcək. Ondan soruş, durumu ondan öyrən. Özü də bu, çox keçmədən, Sənin hüzr mərasimin bitmədən baş verdi”. Çevrədəki müsəlmanlar Peyğəmbərin Fədəki qızı Fatiməyə bağışladığını bilsələr də, sonadək susqunluq sərgiləmişdilər. Bu üzdən Fatimə Əbu Bəkrlə Ömər başda olmaqla müsəlmanlardan incik düşmüş, onun cənazə namazını Əlinin tək qılmasını istəmişdi. Fatimə ölüm ayağında müsəlmanların ona edilən haqsızlıq önündə susqunluq sərgiləmələrindən gileylənmiş, sonda demişdi: “mənə namaz qılacaq ümmət budurmu?!” O, Əliyə belə vəsiyət etmişdi: “Ey Əli! Mən öləndə sən cənazəmi qüsl et, kəfənlə, cənazə namazımı qıl, qəbrimə qoyaraq dəfn et…”
Fədək faktoru İslam dünyasında eləcə çat yaratmadı, uzantıları çağımızadək gəlib çatan barışmaz yağılıqlar yaratdı. Fədək-miras-xəlifəlik-hakimiyət çarpışmaları sürəsində ortaya çoxsaylı partiyalar çıxdı: Məkkə, Mədinə, sünnilik, şiəlik, xaricilik, mürcilik, mehdilik – Ələvilər (Əli yandaşları); Fatimilər (Fatimə yandaşları); Əməvilər, Abbasilər, başqaları. Sonralar bu bölücülüklərin üstünə daha aktiv birisi – vəhabilik də gəldi. Arada ayrıca xəlifəliklər də yarandı: Misir, Kordova xəlifəlikləri.
Hakimiyət-mülkiyət savaşı dini arxa plana keçirmiş, xəlifəlik din hakimyətindən daha çox siyasi hakimiyətə çevrilmişdi. Dinə yaxın-uzaqlığından asılı olmayaraq, başqaları bir yana, Qüreyşilər özləri bir neçə partiyaya bölünərək xəlifəlik uğrunda ölüm-dirim savaşına girişmişdilər. Məhəmmədin arvadı Aişə ilə birləşmiş Zübeyr Əlinin xəlifəliyinə boyun əyməyərək onunla savaşa çıxmışdı. Savaşda Zübeyr öldürüldü, Aişə əsir alındı. Zübeyr Əlinin bibisi oğlu idi. Üç xəlifə: Ömər, Osman, Əli iç çəkişmələr – düşmənçiliklər nədənilə öldürülmüşdü. Abbasilər Əlinin Əmisinin törəmələri idilər. Onlarla Fatimilər arasında, eləcə də Əlidən ayrılmış xaricilərlə şiələr arasında ölüm-dirim savaşı gedir, yenən yeniləni sonunadək qırıb çatırdı…
Məhəmməddən sonrakı xəlifəlik
Xilafətdəki Fədək çatını doğuran başqa, daha önəmli bir nədən vardı: Məhəmmədin ölümü ilə başlayan xəlifəlik dartışması. İslamda Qədri-Xum deyilən bir anlayış var. Bu, Məhəmmədin: “Məndən sonra xəlifə Əli olacaq!” dediyi gündür. Məhəmməd hələ sağ ikən özündən sonra xəlifənin kim olacağını bildirmiş, oradakılardan Ömər Əlini birinci qutlayanlardan olmuşdu. Ancaq, Məhəmmədin ölüsü yerdən götürülməmiş Ömərlə Əbu Bəkr xəlifəliyi ələ keçirməyə, Əlinin, Əli ailəsinin (İslamda onlara Əhli-Beyt deyilir) başının Məhəmmədə qarışmasından yararlanaraq öz işlərini düzüb-qoşmağa girişmişdilər. İşin başında duran Ömər kələklə Əbu Bəkri xəlifə seçdirmiş, sonra da Əlini ona boyun əydirməyə (beyət etdirməyə) çalışmışdı. Ömər gücə əl atsa belə, Əli Əbu Bəkri xəlifə olaraq tanımaqdan boyun qaçırmışdı. Üstəlik, Əli Ömərin gizli planının üstünü də açmışdı: “Əlbir olub yaxşı plan qurmusuz. Bu gün onun üçün çalışırsan, yarında bu görəvi sənə versin? Allaha and olsun, sənin sözünə baxıb ona beyət etməyəcəm!”(Əli işin gizlinini düz anlamışdı: Ömər qoca Əbu Bəkri qabağa verirkən tezliklə onun yerini tutacağını gözaltılamışdı).
Hakimiyətin legitimliyi görüntüsünü yaratmaq üçün Əlinin Əbu Bəkri xəlifə olaraq tanıması Əbu Bəkrə də, Ömərə də çox gərək idi. Bundan ötrü Əbu Bəkr Öməri bir dəstə adamla Əlinin ardınca göndərmişdi. Ömər Əlinin evinə gələrək onu Fatimənin gözü qarşısında az qala sürüyərək Əbu Bəkrin yanına aparmış, beləliklə, onlar Peyğəmbərin qızına belə, açıq sayğısızlıq göstərmişdilər. “Fatimə mənim bir parçam, ürəyimin ürünü, ruhumdur. Onu incidən məni, Məni incidən Allahı incitmiş olar” deyən Peyğəmbərin qızını, ailəsini incitmişdilər. Beləcə, sonralar bütün İslam dünyasını sarmış bir düşmənçiliyin özülü qoyulmuşdu. (Bir sıra ərəb topluluqları Əbu Bəkrin xəlifəliyini legitim saymadıqlarından xüms, zəkat kimi vergiləri verməkdən boyun qaçırırdılar, bu isə dövlət xəzinəsinin boşalmasına aparıb çıxara bilərdi. Bu üzdən də necə olur olsun Əli başda olmaqla Əhli-Beytə beyət etdirmək gərəkirdi. Bu gərək nədənilə Ömər Əbu Bəkrin xəlifəliyini tanımasalar, Əlinin evinə od vurub yandıracağını demişdi).
Göstərdikləri susqunluğa görə Fatimənin müsəlmanlardan inciyib üz döndərdiyi yuxarıda göstərilib. Burada İslamın özünə bağlı administrativ quruluş özəlliyi olduğunu vurğulamadan keçmək olmaz: Xəlifə hakimiyəti sınırsız idi, xəlifəyə qarşı çıxmaq (üsyan etmək) Allaha qarşı çıxmaq (üsyan etmək) sayılırdı…
Dövlət xəzinəsi.
Dövlət xəzinəsi hələ Məhəmmədin sağlığında yaradılmışdı. Elə o çağlar yaşayanların sıralaması (siyahısı) tutulmuş, ayrı-ayrı müsəlman ailələrinin soylarının əskiliyindən asılı olaraq tutulmuş (“istila”edilmiş) torpaqlardan gəlir götürmək hüququ bəlirlənmişdi. Ərəb soy göstəricisinin (şəcərə) uzunluğuna bağlı önəmi buradan qaynaqlanır. Ələ keçirilən qənimətlərdə, yenilən ölkələrdən alınan vergilərdə Allahın, Peyğəmbərin, ordunun (orudunu oluşduranların) payı vardı. Bu üzdən də İSTİLALAR dönəmində vergi aparatı çox genişləndirilmişdi. Tutulan, ələ keçirilən ölkələrdə can vergisindən tutmuş, torpaq vergisinədək bir çox vergilər alınırdı. Müsəlman olmaq istəməyənlərin üzərinə daha çox, daha ağır vergilər qoyulduğundan müsəlmanlığa keçmək getdikcə daha çox “könüllü” olurdu.
Babək
Xilafət ordusu daha çox ölkələri tutduqca ələ keçirilən QƏNİMƏTLƏR, vergi yığımı daha da artaraq dövlət xəzinəsini gen-bol doldurur, ərəbləri varlandırdıqca varlandırırdı. Dünənədək bomboz səhralarda yarıac-yarıtox gün keçirən ərəblər getdikcə cah-cəlala bürünürdülər. Xəlifə sarayını isə pozğunluq bürüyürdü. Peyğəmbər demişdi: “Ümmətim üçün mənəviyatı məhv edən mühitdən qorxuram”. Tutulan ölkələrin sayına uyğun olaraq, gələn gəlirlər də artır (ələ keçirilən çoxsaylı canlı-cansız QƏNİMƏTLƏRLƏ birgə), bu isə öz sırasında xəlifə sarayında MƏNƏVİYATI MƏhV EDƏN MÜHİTİ daha da genişləndirib dərinləşdirir, bu da öz sırasında tutulan ölkələrdə vergilərin durmadan artırılıb ağırlaşdırlmasına gətirirdi…
Doğudan Batıya xiləfətin yayıldığı bütün İslam coğrafiyasında din adı altında daha çox hakimiyət-mülkiyət (var-dövlət) savaşları gedirkən Azərbaycanda öncə Cavidanın, ondan sonra Babəkin başçılığı ilə bağımsızlıq savaşı aparılırdı. Babək Azərbaycan mənliyi uğrunda xilafətlə 22 il (816-838) savaşdı. Bu savaş boyunca 6 xəlifə ordusunu darmadağın etdi. Ərəblər Babəki, babəkçiləri sonda xilafət ordusunda qulluq edən başqa bir türkün – Afşinin əlilə yenə bildilər. Ən pozğun xəlifələrdən biri olaraq tanınan Mötəsim Babəki özünə başkənd etdiyi Samirəyə apardıb orada şaqqalatdı. Babəkin qızlarını isə əsir edib özünün böyük hərəmxanasına qatdı.
Qırmızı bayraq altında vuruşan babəkçilərə QIRMIZILAR deyirdilər. Babəkin 22 illik bənzərsiz savaşı xilafətin çöküşünə, Azərbaycanın bağımsızlığına yol açdı.
Babəkdən sonra ərəblər Babəki, babəkçiləri gözdən salmağa yönəlik lənətləmə propaqandasına başladılar. Yüz illər boyunca onları kefcil, pozğun adamlar kimi lənətlədilər. A.Müllerə görə, əyləncə aşiqi kefcil, pozğun adamlar ulusal-özgürlük axımı kimi böyük, çətin işə qatılmazdılar. Xilafəti başdan ayağa bürümüş siyasi intriqalar Babəki yenməklə xilafətin qurtarıcısı olaraq tanınan ordu komandanı Afşindən də yan keçmədi. Xəlifənin buyruğuna uyğun olaraq, onu tutub dustaq etdilər. Afşin dustaqlıqda acından öldü.
Ərəb qaynaqlarında Babəki, babəkçiləri aşağılamaqla onların çoxillik uğurlarına özləri üçün yararlı don geydirməyə çalışılır. Düzgünü isə Səid Nəfisinin yazdığıdır: “Babəkin uğurlarının başlıca nədəni xalqın birliyində, ərəb istilaçılarına, onların hakimiyətinə qatlaşmamaqda axtarmaq gərəkdir”. Burada Səid Nəfisinin önə çəkib vurğuladığı nədir: Babək olayına, bir çoxlarının etdiyi kimi, dinli-dinsiz baxışından deyil, saldırqan – saldırıya uğrayan (İstilaçı – istilaya uğrayan) baxışından yanaşılmalıdır.
Babəkin, babəkçilərin 22 illik (bütövlükdə, 61 illik) ardıcıl savaşları boşuna getmədi: onların sarsıdıb gücdən saldıqları ərəb imperiyasına daha bir sarsıntı yenə yenilməz Azərbaycandan gəldi. Azərbaycan Türkü Məhəmməd Sac uğurlu savaşlar yoluyla Güney Azərbaycanda ərəblikdən asılı olmayan dövlətin özülünü qoydu. Saclılar dövlətinin ən görkəmlisi, Məhəmmədin qardaşı Yusif Sac, çox keçmədən Güneylə Quzeyi birləşdirməklə Bütöv Azərbaycan dövlətini qurdu.
Xəlifə əl-Müqtədir Yusifə qarşı 20 minlik ordu göndərdi. Daha iki komandan qoşunu ilə ərəb ordusunun yardımına gəlsə də, Yusif özünün 7 minlik Azərbaycan qoşunu ilə birləşmiş ərəb ordusunu darmadağın etməklə (üstəlik, çoxlu əsir götürməklə) Azərbaycana bir daha yenilməzlik qazandırdı! Saclıların ərəb imperiyası üzərindəki böyük uğurları Azərbaycan dövlətini, Azərbaycan dövlətçiliyini bir daha dirçəltdi, onun özünün 1925-ci ilədək sürən geniş imperiyaya çevrilməsinə gətirib çıxardı. Başında Qacarların durduğu sonuncu Azərbaycan imperiya dövlətini ingilislər dağıtdılar…
Son söz yerinə
Son illər Güney Azərbaycanda önəmli bir gələnəyin özülü qoyulmuşdu: iyun ayında Babək qalasına EL YÜRÜŞÜ keçirilirdi. Özülünü 1925-ci ildə ingilislərin qoyduğu fars rejimi Böyük Babək adından qorxuya düşərək Qalaya yürüşü yasaqladı. Azərbaycanın yenilməzlik-bağımsızlıq simgəsi olaraq Babək adı İranda, – Türk dilini-Türk kimliyini yasaqlayan şovinist fars rejimində, – bu gün belə böyük qorxu doğurmaqdadır! Bu baxımdan da QIRMIZI Babək Bayrağı bizm çoxdan bəlirlənmiş gerçək kimliyimizdir!! Babəkə, Babəkliyə, Babəkliyimizə doğru – qurtuluşumuz özümüzə özgələşmədən dönüb, özümləşməyədir!!!
P.S. Babəki hələ də “dinsiz-imansız” adlandırıb lənətləyənlər, ən azı, Peyğəmbərlərinin bu buyruğunu unutmamalıdırlar: “Vətən sevgisi imandandır”. Babəkin savaşı Vətən savaşı idi.
Qaynaqlar:
- Azərbaycan tarixi, I cild, Bakı – 1994.
- Anri Masse. İslam, Bakı – 1992.
- Q.E.fon Qrünebaum. Klassik islam (600-1258), Bakı – 1998.
- Səid Nəfisi. Azərbaycan qəhrəmanı Babək, Bakı – 1990.
- Haydar Baş. İmam Əli, Bakı – 2013.