Yanlış Əqidədən İmtina!
Saxta Müəssisələrdən İmtina!
Rütbələrdən, vəzifələrdən, mükafatlardan İmtina!
Yalançı kitablardan, sözlərdən, çağırışlardan İmtina!
Ağlı, Ürəyi, Həqiqəti buxovlayan süni silahdaşlıqdan İmtina!
Parniklərdə becərilmiş İdrakdan, Bədiiyyatdan İmtina!
Yanlış Dostluqdan, Ümumbəşərilikdən İmtina!
Cənnət Xülyasından İmtina!
Haylı-Küylü Əzəmətdən İmtina!
İntizam pərdəsi altında köləlikdən İmtina!
Sədaqət pərdəsi altında yaltaqlıqdan İmtina!
İclas səmimiyyətindən İmtina!
Sədəqə verəni Allah saymaq günahından İmtina!
Dilindən ayrı düşməyin Elindən ayrı düşmək olmasını anlamamaq fəlakətindən İmtina!
Vətənsevərliyi Millətçilik möhürüylə damğalamaq qəbahətindən İmtina!
Mənsəbpərəstlərin mənəvi paklığına inam yanlışlığından İmtina!
Yalana alışmaq bəlasından İmtina!
Bugünlə kifayətlənmək, Bugünə pərçimlənmək miskinliyindən İmtina!
Saxta Xalq xidmətçilərinin cəfakeşliyinə İnamdan İmtina!
Müasir, qabaqcıl, tərəqqipərvər görünmək eybəcərliyindən İmtina!
Təqlidçiliyi Nicat Yolu saymaq bədnamlığından İmtina!
Yeni Ailə, Yeni Məhəbbət, Yeni Məişət xurafatından İmtina!
Zorun Ruhu məhv etməsi qənaətindən İmtina!
Bugünün Mütləq labüdlüyü iddiasından İmtina!
Dəbdəbəli nikbinlikdən və sızıltılı bədbinlikdən İmtina!
Zorun Zəka üzərində qələbəsinə İnamdan İmtina!
Mühitin İnsanı Köləyə çevirməsi iddiasından İmtina!
“Yenilikçi” özündənayrılma, özünə qarşı çevrilmə, özünə yadolma səfalətindən İmtina!
Elmin, texnikanın Bəşərə səadət gətirəcəyinə sadəlöhv etiqaddan İmtina!
Peyğəmbərlərin indiki Dünyaya gərəksizliyi cəhalətindən İmtina!
Ölçülü Həqiqətdən İmtina!
“Xalq Ruhunun tərcümanlarına” etiqaddan İmtina!
Laboratoriyalarda yaradılmış tarixi şəxsiyyətlərdən İmtina!
Bu İmtinalar – Zəruridir!
Zəkanı və Ürəyi zərərli, zəhərli təsəvvürlərdən təmizləmək gərəkdir!
Onları əsl, həqiqi fikirlərlə, duyğularla zənginləşdirmək üçün!