Ölüm Varlığı öldürə bilmir, biçimi dəyişir. Varlıq əbədidir. İnsanın həm mənəvi keyfiyyətləri gələcəyə gedir, həm də fiziki varlığı. Dünyaya ümidsiz baxıb ölümün ötəsində başqa dünya axtarmaq əbədiliyə tərsdir. Var olmaq üçün Dünyanın əbədiliyinə inanmaq gərəkdir. Var olmaq üçün sevmək, sevdalı ömür yaratmaq gərəkdir. Ölən Gerçəklikdən gedir, Mənada qalır. Mənanın Doğuluş, Yaranış özəllikləri var. Fiziki ölən Doğuluşla daim yenilənir. Budur, atamla anamın sevgisindən böyük bir soy yaranıbdır. Tam 68 illik bir ailə həyatı 68 insan əmələ gətirib. Atamın ölümündən 15 il keçdi, bu gün ölümünün ildönümüdür. Arxasında buraxdığı soyunu – övladlarını, nəvə-nəticələrini, kötücələrini sayıram – 68 insan! Budur fiziki ömrün davamı.
Atamın xatirəsi hər bir övladının qəlbində ən uca ünvana – Sevgi ünvanına çevrilibdir. Bu ata-ana sevgimizi ötürürük övladlarımızın qəlbinə. Bizi sevib yaşadan övladlarımız atamıza, anamıza olan sevgilərimizlə bir yerdə sevib yaşadırlar. Yüzillər sonra da yaşayacaq soylarımızın könlündə atamıza, anamıza olan sevgimiz var olacaq. Yeni sevdalı ürəklər əmələ gətirəcək. Beləcə, insan doğulduğu andan əbədi sabaha yol gedir. Bu yol könül yoludur, sevgi yoludur – Sevdalı könüllərin yoludur.
Atamın soyu, Ulusu, Vətəni var olsun!