Soylu Atalı. Borçalıda yaşayan soydaşlarımıza qarşı açıq düşmənçilik davranışı

Gürcüstan dövləti yenə iç üzünü göstərdi. Biz dəfələrlə yazmışıq, Borçalıda yaşayan türk toplumuna qarşı həmişə ayrı-seçkilik siyasəti yürüdülüb. Başqa sözlə, siyasi repressiyalar həyata keçirilib. Bunun psixoloji hazırlıqlarını ən çox sıradan bilinən adamların əliylə gerçəkləşdirib. Guya təsadüfi adamlar xuliqanlıq törədirlər. Əgər dövlətin özünün repressiv davranışları olmasaydı, deyərdik, xuliqan adamlar aranı qatırlar. Axı dövlətin özünün yanaşması – tarixi toponimlərimizi dəyişdirməkdən tutmuş soydaşlarımızın mülkiyyət hüquqlarına, təhsilinə, ruhani ünvanlarına (toplumun qutsal tapınaq kimi qəbul elədikləri yerlərə xaç asmalar) qarşı qanunsuzluqlarda davamlı olaraq özünü göstərmişdir. İndi də göz görəki Başkeçid (sonrakı Dmanisi) rayonunda insanlarımıza qarşı çağaşırı zorakılıqlar baş verir (əslində cinayət törədilir), Gürcüstan dövləti isə “el ağsaqqalı” rolu oynayıb zorakılıq törədənlə zorakılığa uğrayanı barışdırır. (Mollanı öyrədib bu addımı atmaq özü eybəcərlikdir. Nə vaxtdan molla dövlətin inzibati funksiyalarını yerinə yetirməyə başlayıb?!). Heç kim cinayət məsuliyyətinə cəlb olunub sorğulanmır. Açıq şəkildə görünür ki, soydaşlarımıza qarşı davranışlar, öncələrdə olduğu kimi, birbaşa dövlət siyasətinin bir parçasıdır. Şübhə var ki, soydaşlarımıza hücum edənlər arasında dövlət təhlükəsizlik-kəşfiyyat strukturlarının adamları da yox deyil. Məsələ ciddi araşdırılsa çox şeylər aydın olar. Bu cür oyunlar soydaşlarımıza qarşı yeni deportasiya hazırlıqlarından soraq verir. Heç kim yenə də priyomlar işlətməsin ki, burada Ermənistanın, Rusiyanın əli var. Başqasının “əli” nə deməkdir, sənin hüquq mühafizə orqanlarıyın gözü qarşısında qanunların çeynənir, sən isə heç kimi sorğulaya “bilmirsən”. Onda nə dövlətsən?! Axı kor deyilik, olaylar necə başlayır, necə inkişaf edir, hamısını görürük.

Azərbaycanın dövlət qurumları heç nəyə səsini çıxartmır, həmişə olduğu kimi, “qorxu siyasəti”nin tələbində davranmaqla yetərlənir. Sıradan insanlarımız da olaylara baxış sərgiləyəndə ehtiyatlı davranır, Gürcüstan dövlətinin çıxarlarına sayğı ilə yanaşmağa çalışırlar.

Ancaq sayğı ilə göz önündə tutulan Gürcüstan dövləti istədiyi vaxt istədiyi kimi ayrı-seçkilik siyasətini yürüdür…

18.05.2021.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv