XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu.
Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı.
Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı.
Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, Rusiya sahibkarı adlı hadisə yaranmışdı; koloniya ölkələrinin yuxarı zümrəsi sürətlə komprodorlaşırdı – əcnəbiləşirdi, özgələşirdi… Şərqdə yaranan panislamizm Qərb–Rusiya Birliyinə qarşı durmurdu; ona uyğunlaşırdı, imperialist birlik panislamizmdən bəhrələnə bilirdi: çevik siyasət nəticəsində panislamizmdən Qərb–Rusiya sözəbaxanı düzəlirdi.
Pantürkizm nəzəriyyə səviyyəsində qalırdı. Qərb–Rus hegemonluğu xalqları əzirdi: sosial-demokratçılıq dünyəvi proletar inqilabı təbliğ edirdi, Şərq əzginləşmiş, üzülmüşdü, Azərbaycan ruslaşır, farslaşır, kapitalistləşir, xurafatlaşırdı…Müsavatçılar millətçiydilər. Bu, çox gərəkli, zəruri, yüksək məziyyət idi: beynəlmiləlçi, kosmopolit imperiya məfkurəsinə qarşı çevrilmiş düzgün yol, xətt, yön idi… Müsavatçıların məqsədi — Milli Dövlət yaratmaq idi, Milli Dövlət vasitəsiylə Milli Dirçəlişə nail olmaq idi: Müsavat millətçiliyində daşnak utopiyası və qəsbkarlığına bənzər yırtıcılıqdan əsər-əlamət yox idi, həmçinin gürcü əyanlığına bənzər təşəxxüsdən də azad idilər müsavatçılar: uca ziyalılıq səviyyəsindəydi Müsavat millətçiliyi, fitri yurdçuluq səviyyəsində…
Marksist millətçi ola bilməz, çünki marksizm millətlərin bir-birinə qovuşması və vahid fövqəlmillət — xalq yaranması ideyasına əsaslanır…
Marksistin yurdsevərliyi qeyri-təbii və sünidir.
O, gec-tez «məhv olmalı», «ləğv olmalı» bir varlığı necə sevə bilər? O ləğvinə, məhvinə çalışdığı bir varlığı necə sevə bilər?
Marksist şüur – üzvi surətdə antimillətçi, beynəlmiləl, kosmopolit şüur idi. Bu səbəbdən də həm imperialistlər, həm kommunistlər millətçiliyə qarşıydılar… Nərimanovların yurdsevərliyi marksist, kommunist «yurdsevərliyi» idi: yəni əslində kosmopolit, beynəlmiləlçi «yurdsevərlik» idi; Nərimanovların Rəsulzadələrə qarşı durması zəruri idi: beynəlmiləlçilik mahiyyətcə antimillətçilikdir: — hakim millət beynəlmiləlçilik tələsində millətləri əridir, məzlum millət həmin tələdə əriyir…
XX əsrin siyasi dünyası Millətçiliyə qarşıydı — millətçilik Fədakarlıq Rəmzinə çevrilmişdi.
Müsavatçılar Milli Dövləti tək qura bilmədilər: İttihadçılarla və sosialistlərlə birgə qurmalı oldular. İttihadçılar islam kosmopolitizmi, sosialistlər marksizm kosmopolitizmi gətirdilər hökumətə; Bayraq çoxrəngləşdi, şüar çoxmüddəalaşdı: islamlaşma – türkləşmə – qərbləşmə calağı yarandı.
Millətçilik kosmopolitizmlə, özümlük özgələşməylə çulğalaşdı.
Mahiyyətcə Birlik əvəzinə — ideoloji, siyasi xaos yarandı: həmin xaos – qarışıqlıq – Milli hökumətin devrilməsini əsaslandırdı; əslində Müsavat Partiyasından başqa parlamentin heç bir partiyası Milli hökuməti müdafiə etməyə cəhd göstərmədi.
Ağamalıoğlunun «O olmasın, bu olsun!» məzhəkəçiliyi buna aydın sübutdur.
Müsavatçılar kommunist təhlükəsini tam qavramadılar; kommunist təbliğatına, yalanına — fəhlə hakimiyyəti, zəhmətkeş dövləti vədinə qarşı — öz həqiqətlərini deyə bilmədilər; zəhmətkeşləri kommunist mövhumatından ayıra bilmədilər. Bu səbəbdən zəhmətkeşlər Milli dövləti müdafiə etmədilər.
Müsavat hökuməti güclü dövlət yarada bilmədi, bolşevik Rusiyasının zorakılıq, fitnəkarlıq əməlini düzgün qiymətləndirmədi; ölkəmiz demək olar ki, müqavimətsiz zəbt olundu.
28 May millətçilik dərsidir — öyrənməli, ötməli.
İşıq ayı, 14-cü il. Bakı.
(May, 1992).