Cəmiyyət Qanunları İnsanı qoruyan görünür, – əslində o, cəmiyyəti qoruyur – cəmiyyət – cəmiyyət qanunları vasitəsiylə özünü qoruyur.
Cəmiyyət Qanunları Ağalığı qoruyur əslində.
Cəmiyyəti Xalq üçün yaranan bilirlər, görürlər, – əslində isə cəmiyyət əsas etibarilə Ağalıqdan yaranıb, Ağalıq üçün yaranıb.
Ağalıq meylindən, ehtirasından yaranıb.
Cəmiyyətin Ağalıqdan yaranması o qədər də bilinmir, görünmür, gizlədilir, pərdələnir, ancaq əslində cəmiyyəti yaradan ağalıq olub.
Cəmiyyət ən çox Ağalıqdan yaranıb – cəmiyyət Ağalıq hökmündən, Tələbindən yaranıb, – Adamların bir qismi Ağa olmaq istəyiblər və cəmiyyət yaranıb – xalq üzərində hakimiyyət yaranıb – sonralar onu xalq hakimiyyəti adlandırıblar.
Cəmiyyət Nökərlik üçün yaranıb – adamların çox qisminin rəiyyətləşməsi – ağalara xidmət etməsi üçün yaranıb – ancaq xalq üçün yaranan bilinib, görünüb.
Cəmiyyətin Nökərlik üçün yaranması gizlənilib, pərdələnib, – nökər nökər çağrılmayıb – Xalq çağrılıb, Vətəndaş çağrılıb.
Cəmiyyət Qanunları – Nökərliyi qoruyub, nökərliyi yaradıb; – xalqı qoruyan görünüb, bilinib.
Cəmiyyət – Təbəqəçilik üçün yaranıb – Yüksək Təbəqənin Aşağı Təbəqə üzərində Hakimiyyəti üçün – ancaq xalq üçün yaranan görünüb, bilinib; Cəmiyyət Qanunları Təbəqəçiliyi qorumaq üçün yaranıb, – Təbəqəçilik Qanunları olublar əslində.
Cəmiyyət yaşadıqca Təbəqəçilik yaşayıb – cəmiyyət Təbəqəçiliyi yaşadıb.
Xalqı Qoruyan bilinən, görünən Cəmiyyət Qanunları insanlar arasında Yadlığı qoruyub əslində.
Cəmiyyət yaşadıqca Yadlıq yaşayıb, – cəmiyyət, Yadlığı yaşadıb.
Cəmiyyət Azadlıq Qanunu elan edib – Ağalıq Azadlığını, Nökərlik Azadlığını, Təbəqəlik Azadlığını, Yadlıq Azadlığını Təsdiq edib.
Azadlıq Qanunu Əsarəti qoruyub.
Cəmiyyət, Bərabərlik Qanunu elan edib – Ağalıq Bərabərsizliyini, Nökərlik Bərabərsizliyini, Təbəqəlik Bərabərsizliyini, Yadlıq Bərabərsizliyini Təsdiq edib.
Bərabərlik Qanunu Bərabərsizliyi qoruyub.
Cəmiyyət, Ədalət Qanunu icad edib – Ədalətsizliyi Təsdiq edib. Ədalətsizlik Ədalət adıyla Təsdiq olunub.
Ədalət Qanunları yaşadıqca, Ədalətsizlik yaşayıb.
Cəmiyyət Qanunları Cəmiyyətə yarayıb – İnsana yaramayıb.
ASİF ATA. CƏMİYYƏTİ QORUYAN
Avqust 27th, 2021 admin