Asif Atanın Mütləqə İnam Ocağı elimizin – bütövlükdə Azərbaycanın dəyərli aydını İsa Mehdioğlunun (Doxdur İsa) ölümü ilə bağlı bütün yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir.
Yurdu, Ulusu var olsun! Ulusumuzda yaşasın!
Soylu Atalının İsa Mehdioğlu ilə bağlı yazdığı “tanıtım” xarakterli bir yazısını oxucuların baxışına sunuruq.
Çağımızın Örnək Aydını
“İnsan həyata bilinməyən (naməlum) olaraq gəlir, bilinməyən olaraq gedir”. Bu söz Asif Atanın sözüdür. Bu sözü çoxluğa aid eləmək olar. Çoxluq, həyata niyə gəlib, niyə getdiyini yaşamı boyunca dərk eləmir. Ona görə həyat çoxluğa əyri görünür, dünya anlamsız gəlir. Ona görə çoxluq həyat uğrunda öz növündən olanlarla döyüşür. Ancaq ayrı-ayrı insanlar həyatın mənasını görə bilir, insanın öz mənasından ayrılmasını dərk edir. Mənəvi, siyasi pozuntuların bununla bağlı olduğunu kəsdirə bilir. İnsanlığın yaşama gəlişi üçün çaba göstərir. İnsanlığın millət düzeyində varlığını qorumaq, mədəniyyətin bərpa olunmasını sağlamaq üçün ömür verir. Bu cür insanlara aydın (ərəbcə ziyalı) deyilir. Biliyini, savadını, elmi olanaqlarını öz məişətinin gəlişməsinə bağlayan insan aydın sayılmaz. Ona görə istənilən savadlı, bilikli, diplomlu adamı aydın saymaq doğru deyil. Doğruçu, aydın insanın diplomu olmaya da bilər. “Aydın”lıq biliklə mənəviyyatın birliyindən oluşur…
Aydın məsələsi ilə bağlı düşüncələri genişləndirmək də olar. Ancaq bu yazının yönünə görə gərək bilmirik. İstəyimiz – milli ərdəmliyi ilə örnək olan bir aydınımızı tanıtmaqdır. Düşünülə bilər, hər bir insan, ömrü, düşüncəsi, sözü, çalışmaları ilə özü özünü tanıtmalıdır. Bu məntiqi biz doğru sayırıq. Ancaq zaman anarxiya qaranlığına bürünəndə aydınların işığını dözülməz həyat ortamı ilə üzləşən insanlar görə bilmirlər. Zaman onlara ayrı şeylər göstərir, yalançı böyüklər tanıdır. Ona görə düşünməyi bacaranlar özlərindən öncəki örnək düşünərləri tanıtmağa borcludurlar. Ancaq bunu təkcə həyata gözünü yumanlar üçün eləmək doğru deyil, çalışmaq olanaqları azalmış yaşlı insanlar üçün də eləmək gərəkdir. Hər kəs öz sağlığında əməyinin qiymətləndirilməsini görməyi haqq edir…
İndi giriş sözünü bitirib haqqında danışacağımız aydının kimliyinə üz tutaq. Bu aydın Borçalı mahalının Kəpənəkçi köyündən olan İsa Mehdioğludur. Sayğılı oxucu! İndi Azərbaycanda yersiz bir gələnək yaranıb: dost dostun, qohum qohumun haqqında yersiz öygülər yazır. Az-çox yazarlığı olan adamlar bir-birindən belə şeylər umurlar. Bəlli çevrənin gözündə böyük görünmək acıdırlar. Biz belə bir yalanın peşində deyilik, ola bilmərik. Bir neçə il bundan öncə tanınmış şair Akif Səmədlə bağlı bir yazımız çap olundu. Yazı belə başlayırdı: “Söz Tanrıdan aşağıdır, ancaq Tanrını da tanıdan, anladan Sözdür”. Sözlə oyun olmaz. Oyuna salınan sözün işığı olmaz. Balaca ürəklərdə, qaranlıq düşüncələrdə söz bəslənilməz, böyüməz. Biz bunları anladığımız üçün sözə qarşı dönüklük etmirik. Sözü hər yerə, hər kəsə yamaq-calaq vurmuruq…
Qayıdaq İsa Mehdioğlunun kimlik məsələsinə. Onun uşaqlıq illəri Sovet dövrünün ilk çağlarına düşüb. Bu dövr milli məsələlərin aradan qaldırıldığı, oxullarda qondarma “sovet xalqı” şüurunun aşılandığı bir dövr idi. Borçalının biryolluq gürcüləşdirilməsi, yalançı qardaşlıq etkisi altında yad mədəniyyətin üstün duruma gətirilməsi, doğma Azərbaycana onun bir parçası olan Borçalının ayrı respublika kimi baxması düşüncələrin yönünü dəyişməkdə idi. Bununla belə, ulusal gələnəkləri bilən, milli folklordan örnəkləri öyrədən bir ailədə böyüməyi də İsa Mehdioğlu üçün üstünlük saymaq olar. Özünün dediyinə görə böyüklərindən Oğuz xanın dastanını dinləyib, Yurdu Borçalının Oğuz xanla bağlı olduğunu öyrənib. İsa Mehdioğlunun sonrakı yaşamı milli ruhda formalaşaraq ideya adamına çevrilməsi də bəlkə bu deyilənlərə borcludur… O, tibb üzrə yüksək oxul bitirmişdir. Həkim kimi çalışmalarını sürdürərkən bir sıra elmi yazılar (məqalələr) yazmış, tibb jurnalında çap etdirmişdir. “Azərbaycanda donorluğun tarixi və qanköçürmədə əhəmiyyəti”, “Hemotoloji xəstəliklərin diaqnostikası və müalicəsi” adlı kitabları basılmışdır. Bununla o, yalnız xəstələrə qulluq göstərməklə yetərlənməmiş, toplumunun sağlam gələcəyi üçün elmi ədəbiyyatların yaranmasına qatqı göstərmişdir. Ancaq İsa Mehdioğlunun fəlsəfi görüşləri olduğu üçün düşüncələri sonrakı axtarışlarında daha da qabağa getmişdir. O, təkcə ixtisas uzmanı kimi deyil, yuxarıda vurğuladığımız kimi, ideya adamı kimi formalaşmışdır. Elə sonrakı kitabları da ideya axtarışlarının sonucu kimi araya gəlmişdir. Onun baxışlarını ən çox təsəvvüf fəlsəfəsi çəkmiş, türk milli kimliyini də bu açıdan öyrənməyə çalışmışdır. “Təsəvvüf tarixinə yeni baxış”, “Təsəvvüfdə vəhdəti-vücud fəlsəfəsi”, “Türk dünyasında Zülqərneyn fenomeni”, “Türk dünyasında Xızır fenomeni” adlı kitablarında milli ruhun kökləri, gələnəklərdə necə yaşaması, milli özünüqoruma sisteminin ayrı-ayrı özəllikləri yer tutur. Bütün bunları oxuduqca İsa Mehdioğlunun Millət sevgisi, vətən duyğuları sevgimizə işıq salır, ürəyimizə sevinc dalğaları gətirir. Onun əsərlərindən biri də “Ailənin sağlamlıq kitabı” adlanır. Burada da biz onu İnsanlığın ləyaqətinə sadiq görürük. Toplumunu sağlam görmək, onun yaşamında zərərli etkiləri açıb göstərmək İsa Mehdioğlunun aydınlıq ləyaqətindən doğan bir görsənişdir. Yaşının ahıl çağlarında belə elmi axtarışlarını öz toplumunun sağlamlığına yönəltməkdən qürur duyduğunu görürük.
Əslində İsa Mehdioğlunun yaradıcılıq axtarışları yaşamının məntiqi davamıdır. O, necə yaşayıbsa elə düşünüb. “Necə düşünübsə, elə də yaşayıb” da deyə bilərik. Onun milli sorunlarımızla bağlı ayrı-ayrı qayğılarını, rahatsızlıqlarını, sözün doğru anlamında, öz soyu, eli üçün də, bütövlükdə Azərbaycan insanı üçün də örnək saya bilərik. Millət öz aydınlarının qayğıları ilə mariflənir, öz aydınlarının ağrıları ilə işıqlanır…
Sovet quruluşunun son çağlarında milli məsələlər yenidən qabarmağa başladı. Yalançı “Vahid Bəşər” ideologiyasının basqıları altında sıxışdırılan Milli kimlik məsələsi gündəmə gələndə bundan hər bir millət yararlanmağa çalışdı. Burada da Borçalının taleyi mürəkkəb durumdan çıxmadı. Gürcü millətçiləri Borçalıda yaşayan türklərin oyanışından rahatsız olmağa başladılar. Onların öz dədə-baba yurdlarından köçməsi üçün hər cür basqı göstərdilər. Özəl təbliğat qurdular, guya Borçalılar bu yurda 17-ci yüzildə gəliblər. Şah Abbas onları bu torpaqda yerləşdiribdir. Bununla bağlı kəndlərə minlərlə vərəqələr atmışdılar. Buna görə İsa Mehdioğlu rayon rəhbərliyi ilə görüşmüş, onlarla qovğa edib belə əməllərindən daşınmağa çağırmışdır. Onlar bu faktları guya Azərbaycanın Milli Ensiklopediyasından götürdüklərini bildirmişlər. İsa Mehdioğlu Azərbaycan Elmlər Akademiyasında olmuş, onları bu məsələyə aydınlıq gətirməyə çağırmışdır. Qarşılıq görməyəndə qovğa eləmiş, sonralar “Yiyəsiz Borçalı” adlı haray yazmışdır.
Gürcüsoylu akademik Musxelişvili bir elmi yazısında belə bir fakt göstərmişdir: Eranın 5-ci yüzilində indiki Bolus rayonuna özgün olan ərazidə Kapanakçı şəhəri olmuşdur. İsa Mehdioğlu bu faktı əldə tutalqa edib rəsmi Tiflisə üz tutmuş, Kəpənəkçinin 1500 illiyini rəsmi şəkildə keçirməyə icazə istəmişdir. Bununla o, türklərin Borçalıya 17-ci yüzildə yerləşdirilməsi yalanını ifşa etməyə çalışmışdır. Rəsmi Tiflis həmin yazı faktının üzünü çıxarmaqla bərabər çoxsaylı qollamalarla (imzalarla) təsdiq olunmuş məktub istəmişdir. Nə yazıqlar, bu məsələdə İsa Mehdioğlunun sözünə söykək olmamış, məsələ qapanmışdır…
Eloğlumuz yalnız bir bölgənin qayğıları ilə deyil, bütövlükdə milli kimlik şüurumuzun sorunları ilə də ilgilənmiş, ayrı-ayrı çağlarda ayrı-ayrı yazıları ilə çağırışlar eləmişdir. O sıradan dilimizin özümləşməsi ilə bağlı istəklərini ortaya qoymuşdur. Akademiyanın Dilçilik İnstitutuna dönə-dönə məktublar yazmış, dilimizin arınmasına, qorunmasına yönəlik çağırışlarda bulunmuşdur. Borçalıda bəzi tarixi abidələrin şəklini çəkib Akademiyaya sunmuşdur. Bu abidələrlə bağlı axtarışlara gərək olduğunu sübutlamışdır. Orada Alban abesi ilə yazıların olduğunu göstərmişdir. 90 yaşının astanasında “Türk dilinin sözlüyü”nü hazırlamışdır. Bütün bunlar onun Millətinə, Vətəninə tükənməyən sevgisindən qaynaqlanır.
İsa Mehdioğlu illərdir, Asif Atanın Mütləqə İnam Dünyagörüşü ilə də ilgilənir. Dönə-dönə Ocaq tədbirlərinə qatılmış, üst-üstə düşən düşüncələrilə bağlı sevincini, sevgisini ifadə etmişdir. Belə bir aydındır İsa Mehdioğlu – örnək qeyrəti, örnək ləyaqəti, örnək çalışmaları ilə sevgimizi oxşayan, mənliyimizə dost olan Azərbaycan aydını! Dünya səninlə çox gözəl görünür, Yaşa, var ol, sayğılı Eloğlu!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
(arxiv)