TÜRK XALQININ STRATEJİ YOLU

Ürəyinizdə Ata Günəşi olsun!

Bu günlərdə “Türk Xalqlarının Strateji Yolu” adlı bir yazını oxudum. Soylu Atalının oxumağımız üçün önərdiyi bu yazı tatar türklərinin ideoloji baxışlarını əks etdirir. Yazını Azərbaycan türkcəsinə qiyabi tanıdığım Əlisəfa Mehdi bəy çevirmişdir. Soylu Atalı bu yazıya ciddi önəm vermiş, bu axtarışı millətləşmə yolunun müəyyənliklərindən biri kimi dəyərləndirmişdir.
1997-ci ildə işlənib ortaya  gətirilmiş bu ideoloji baxışda türk xalqlarının xilası üçün Türk Birliyinin yaranmasının vacibliyi irəli sürülür. Toplumun milli şüurunun oyanması, türk millətinin birliyi üçün dil, əlifba, inanc kimi vacib məsələlər önə çəkilir, bunlarla bağlı sorunlar dilə gətirilir. Məsələn: dilimizdə ərəb – fars mənşəli alınma sözlərin çoxluq təşkil etməsi, qədim əlifbamızın qorunub saxlanmaması, bir neçə dəfə dəyişdirilməsi və b.k. məsələlər. Üçüncü  əsas məsələ kimi inanc məsələsi vurğulanır. Türkün eləcə də, başqa xalqların yad ideolojilərin basqısı altında yavaş – yavaş milli kimliyini itirməsi, özgələşməsi, get – gedə sıradan çıxması izah olunur. Türkün də islam mədəniyyətinin basqısı altında inkişaf edə bilməyəcəyi vurğulanır. Türkün qədim inancı olan Tanrıçılıq inancına üz tutmaq qurtuluş yolu olaraq göstərilir.

Bu yazını oxumağı önərməklə yanaşı baxışları Asif Atanın Mütləqə İnam dünyabaxışına yönəltmək istəyirəm.

Hər bir xalqın özünəxas mədəniyyəti, milli dəyərləri vardır. Xalq, millət bu dəyərlərlə var olur, tanınır. Bu dəyərlərə sahib çıxıb gələnəyə çevirdikdə böyük gücə çevrilir. Bu səbəbdən haqqında bəhs etdiyimiz ideologi baxışda İslam özgəçiliyinin türk milli dəyərlərini sıradan çıxartması düşüncəsi doğrudur. Bu baxımdan Asif Atanın işləyib ortaya gətirdiyi Mütləqə İnam dünyabaxış sistemini araşdırıb öyrənmək, ona üz tutmaq gərəkdir. Mütləqə İnam dünyabaxışı türkün, bütövlükdə İnsanlığın qədim mənəvi dəyərlərinə əsaslanaraq 6 ideya ortaya çıxarıb. Bu inam sistemində başlıca olaraq İnsana İnam məsələsi önə çəkilir. Millətləşmənin, türkün hər cür basqılardan qurtuluş yollarının fəlsəfəsi, nəzəri, praktiki yönü Asif Atanın “Qutsal Onluğu”nda əsaslı şəkildə yer tutur. Mütləqə İnam dünyabaxışı milli – mənəvi,  insani dəyərlər açısından yarandığına görə, biz bu sistemin təkcə türkün deyil, bütövlükdə bəşəriyyətin varoluşunun təməl quruluşu kimi görürük.

Asif Ata Ocağında Orxon-Yenisey əlifbası çağımızın yazı tələblərinə cavab verə biləcək bir biçimdə işlənib hazırlanmış, bu əlifba ilə bir çox Ocaq ədəbiyyatları çap olunmuşdur. Biz əlifbanın bu biçiminə Ocaq-Türk abesi deyirik. Bundan başqa Mütləqə İnam sisteminin günsıra (təqvim) yaradıcılığı var – bütünlüklə təbiətin, insanın halına uyğun bir şəkildə biçimlənib hazırlanmışdır.

Ona görə hər kəsi Mütləqə İnam dünyabaxışının ortaya qoyduğu yaşam sisteminə üz tutmağa, onu öyrənib düşünməyə çağırırıq. Varikən dağa-daşa düşmək, keçmişin qalıqlarını diriltməyə çalışmaq vaxt itirməkdir. Keçmişin ləyaqəti Mütləqə İnam sistemində var, yaşadılır.

İndi Əlisəfa bəyin çevrisində tatar türklərinin axtarışını baxışınıza sunuruq.

Atamız Var olsun!

Asif Ata Ocağının Evladı Göytəkin Atalı

 

 

TÜRK XALQININ STRATEJİ YOLU

 1987-ci ildə Moskvada Krım Tatarlarının etiraz göstəriləri Tatarıstanda böyük həyəcan oyatdı, millətçi hərəkatın yenidən canlanmasına yol açdı. Bu milli oyanış və dirəniş çox qısa sürədə böyüdü və onun sayəsində Tatarıstan Respublikası 30 avqust 1990-cı ildə bağımsızlığını elan etdi. Bu elandan sonra Tatar Milli Hərəkatında (TMH) yer alan aydınların bir çoxu insanları özgürlüyə qalxındıran milli ideologiyanın insanların ehtiyaclarını ödəmədiyini anladı və bu çatışmazlığı doldurmaq amacı ilə araşdırmalara başladılar.

Bir komanda olaraq aparılan iş nəticəsində – dünya xalqları, sivilizasiyalar, ideologiyalar, dinlər, ənənələr, dəyərlər və bir çox digər sahələrdə ortaya çıxan şərtlərin məzmunu olaraq 1997-ci ildə “Türk Xalqlarının Strateji Yolu” ideologiyası yazıldı. Bu ideologiya təkcə tatarları deyil, Türk Birliyi gərəkliliyinin qaçılmaz olduğu düşüncəsinə gələn bütün türk ellərini qapsadı.

1997-ci ildən bəri TMH-dan olan bilim insanları, araşdırmaçı-yazarlar, jurnalistlər, siyasətçilər türklərin olduğu bütün ölkələri gəzdilər, aydınlarla görüşdülər, bu ideologiyanı bütün Türk Dünyasına yaymağa çalışdılar.

Bu çalışmalar çərçivəsində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Azərbaycan, Krım, Türkiyə, Qaqauz Vilayəti, Saxa, Altay, Çuvaşiya, Fin-Uqor respublikaları (Finlandiya, Macarıstan, Estoniya, Udmurtiya, Mari-El, Mordova), Başqa ölkələrdə və türk toplumlarında Qaraçay, Dağıstan və digər ölkə və türk toplumlarında görüşlər, konfranslar oldu, kitablarda, jurnal və qəzetlərdə məqalələr dərc edildi, bəyanatlar verildi. Türk Dünyasının özündən doğulub ilk ideoloji olan – İsmayıl Qaspıralının “Dildə, Fikirdə və İşdə Birlik” bilgisinden sonra daha da gəlişdirilmiş, milli ortamların ağılla alqıladığı və sürətlə yayılan bu fikir dünyanın gündəminə gəldi. Bu yeni axımı (cərəyanı) “Bağımsızlıq və Dildə, Fikirdə İşdə Birlik” olar adlandırmaq mümkündür.

Strategiyanın ana fəlsəfəsi 3 nəzəriyyəyə əsaslanır. Bunlar:

  1. Nüvə nəzəriyyəsi
  2. Çətir nəzəriyyəsi

III. Hun-Turan nəzəriyyəsidir (Türk Dünyasının Gələcəyi Proqramı)

  1. NÜVƏ NƏZƏRİYYƏSİ

Millət bir sistemdir. Sistemlər cazibə qüvvəsi ilə yaşam tapırlar. Sistemin ən vacib elementi Özək-dir. Makro dünyada bizə tanış sistem Günəş Sistemidir və bu sistemin özəyi Günəşdir. Günəşin cazibə gücünün azalması halında sistem də zəifləyir.

Biologiyada isə hüceyrənin nüvəsi yoxdursa, sitoplazma yaşaya bilməz. Bioloji dünyada Özəyin görəvi DNT və hüceyrə özəlliklərinin davamlılığını təmin etməkdir. Hüceyrənin keçmişini və gələcəyini Özək depolayır və təyin edir.

Bu gün elm adamları təbii nüvəni süni nüvə ilə əvəz etmə sınağını ediblər. Sınaq gedişində hüceyrə süni nüvənin özəlliklərini alıb. Məsələn, qırmızı süni nüvə yavaş-yavaş yaşıl rəngli hüceyrəni qırmızıya dönüşdürür. Bundan belə bir sonuc çıxarmaq mümkündür; hüceyrə nüvəyə görə dəyişir. Bilindiyi kimi, fizika və biologiya qanunları dəyişmir və bir-birinə bənzəyir. Maddi qanunlarla ifadə olunan dünyanın mənəvi və düşüncə dünyası ilə bənzər xüsusiyyəti var.

MİLLƏTİ millət edən RUHI NÜVƏNIN ən önəmli ünsürü – DİLDİR. Dil bir milləti digər bir millətdən ayırd edən və bununla da millət oluşumunu quran sözlü ünsiyyət vasitəsidir. Gələnək, mədəniyyət və buna bənzər anlayışlar dil ilə ifadə olunur.

İkinci ünsür Əlifba-dır. Əlifba dilin yazılı şəkili, millətin görsənən kodudur. Əlifba da Dil kimi bilgi ötürmə və ünsiyyət vasitəsidir. Məsələn, Göytürk yazısı ilə bizə 1300 il öncə Türk tarixində yaşanmış olaylar gəlib çatdı.

Üçüncü ünsür BÖYÜK İDEAL-dir. İnsanların ruhsal xarakterinə görə mənəvi ehtiyacları vardır. Mənəvi ünsür olan milli ağılın olması üçün Böyük İdeal-ın olması gərəkdir. Bu İdeal millətin dünyadakı yaşamına işıq salmaqdadır. Dünyada var olan ideallar arasında Semit dinləri (Yəhudilik, Xristianlıq, İslam), Buddizm, Kommunizm kimi fəlsəfi baxışlar fərqli coğrafiyalarda və dövrlərdə insanlara yönəltmişdir.

Bu 3 ünsür insanın milli mənlik şüuru üçün gərəklidir. Toplumun milli şüuru – öz Ana Dili, öz Əlifbası və öz Böyük İdealı deməkdir. Bir millətdə bu üç ünsürün olması o millətin güclü və qalxınmış olması, varlığını sürdürməyə davam etməsi və inkişaf etməkdə olması deməkdir.

Bir bütün olan Milli Şüuru Nüvə Nəzəriyyəsi çərçivəsində bir məxrəc şəklində bu cür formulə etmək mümkündür;

Nüvənin oluşduğu 3 ünsür – paydadır. O, 3 rəqəmi ilə göstərilir. Bir millətdə var olan, özünə aid ünsürlər məxrəcdir (hər bir ünsür bir vahid ekvivalentə uyğundur).

TÜRK TOPLUMLARININ ÇOXUNDA Ruhi Özək (Nüvə) 1/3 hissəsidir. Belə ki:

Dil: bir tərəfdən İslamın təsiri ilə ərəb və fars dillərindən, digər tərəfdən Rusiya hökmranlığı nədəni ilə rus dilindən və onun vasitəsi ilə Avropa dillərindən çoxlu söz alınmasına baxmayaraq, Türkcə, bir dil olaraq böyük ölçüdə qorunub qalmışdır. Buna görə də Dil ünsürünü (elementini) məxrəcdə 1 vahid olaraq pay kimi göstərə bilərik.

Əlifba: Türk toplumlarının heç birində özümüzə aid, dünyanın ən qədim əlifbalarından olan Atalarımızın Runik Orxon Əlifbası qorunmayıb. Müxtəlif Türk toplumları Latın, Kiril və Soğd əlifbalarından yararlanırlar. Latın əlifbası Runik əlifbasının dəyişdirilmiş bir halı sayılsa da, türklərə aidlik kodunu itirib. Buna görə də Əlifba ünsürü məxrəcdə 2-ci vahid olaraq pay kimi göstərilə bilməz.

Böyük İDEAL-a gəlincə: Türklərin Dünya Görüşünü yansıdan, Atalarımızın ruhları ilə bağlantılı olan, özümüzə aid Tenqri (Tanrı) inancımız, yaxın-uzaq 1000 il öncə çoxumuz üçün tərk edilməyə başladı, onun yerini Semit xalqların və Buddizmin idealları tutdu. Buna görə də, türklər arasında Atalarımızın inancını qoruyub saxlayan bir neçə türk xalqı istisna olmaqla, Böyük İdeal ünsürünü (elementini) məxrəcdə 3-cü pay vahidi olaraq göstərə bilmərik.

Beləliklə, 1/3-lik mənəvi-ruhi özək gücü türklərin çəkim gücünün – cazibə gücünün zəif olduğunu göstərməkdədir.

Bu düstur digər millətlər üçün tətbiq edildikdə, aşağıdakı nəticələr çıxır;

RuslardaAvropa xalqlarında 2/3 nisbətindədir. Dil və Əlifbanın özlərinə aid olduğu söylənə bilir, buna görə də pay olaraq 2 vahidə uyğun gəlməkdədirlər. Böyük İdeallar-ı – Xristian-Yəhudi idealından uyğunlaşdırılıb deyə, bir pay vahidi olaraq sıfırdır.

Gürcülərdə və Ermənilərdə 2/3 nisbətindədir. Ruslarla müqayisədə əhalisi və torpağı az olsa da keyfiyyət baxımından ondan daha üstündürlər. Gürcülər və ermənilər tarix boyunca öz dillərindən və əlifbalarından əl çəkməmişlərdir (Sovet dönəmində bütün türk xalqlarının əlifbaları iki dəfə dəyişdirilərkən, erməni və gürcü əlifbalarına toxunulmamışdır). Əhalisinin az olmasına baxmayaraq, həm SSRİ -də, həm də indi idarəetmədə nüfuzludurlar və yurd dışında da güclü lobbiləri vardır.

Yəhudilərdə və ərəblərdə 3/3 deyə bilərik. Yəhudilərin keyfiyyəti və səmərəliliyi yuxarıdakı örnəklərdə göründüyü kimi, ərəblərdən daha üstündür. Dünyanın böyük bir qisminə yayılan Xristianlığın (İsəviliyin), İslamın, İudaizmin (Musəviliyin) ideallarını dəyişik formalarda bəşəriyyətə daşımaları nədəni ilə Yəhudilərin dünya çapındakı ruhi-mənəvi gücünün indi 5/3 olduğunu da söyləmək olar.

Bir milləti özək (nüvə) çəkim- cazibə gücünün 3/3 olması durumunda UYARLILIQ – SİVİLİZASİYA olaraq tanıya bilərik. Bu nədənlə ərəblər islamın, yəhudilər isə yəhudiliyin bir uzantısı olan Xristian və İslam Sivilizasiyasının kökünü oluşdurmaqdadırlar. Bundan dolayı İslam sivilizasiyasının güclənməsi daha çox ərəblərin və yəhudilərin yararına, Xristian sivilizasiyasının güclənməsi isə yəhudilərin yararınadır. Yəhudilər 2000 il boyunca dövlətsiz qalmalarına baxmayaraq Dil, Əlifba və İdeal (Din) birliyi ilə özlərini qorudular və gücləndirdilər və Xristian sivilizasiyası gücləndikdə öz dövlətlərini qurdular. Yəhudi ideallarının Xristianlıq vasitəsi ilə bütün dünyaya yayılması ilə yəhudilərin dünyadakı təsir gücü və fəaliyyəti daha da artdı.

Bu gün çəkim gücü yüksək olan başqa xalqlar ÇinlilərYaponlardır. Bu iki xalqda da çəkim gücü 3/3-dür. Çinlilərin əhaliyə görə, yaponların isə keyfiyyətdən dolayı daha üstün təsir gücü oluşmuşdur.

Hindistanda yaranan Buddizmin ayinlərini öz dinlərini tərk etmədən və gücsüzləşdirmədən qəbul edən çinlilər və yaponlar bu dinləri öz içlərinə  – özəklərinə (nüvələrinə) soxmadılar, dış bir qabıq olaraq yararlandılar.

Yenidən bioloji hüceyrə nüvəsinə dönsək, Xristian xalqlar və ərəblər dışındakı müsəlman xalqlar, bayaqdan izah etdiyimiz kimi, hüceyrəyə süni nüvənin təsiri altında öz nüvə özəlliklərini itirmişlər. Burada göründüyü kimi, Semit irqinin oluşdurduğu süni nüvə ərəb və yəhudilərdən dışındakı bütün müsəlman və xristian xalqları öz təsiri altına alaraq onların Özək (nüvə) yapısını dəyişdirməkdədir. Millətlərin Öz İdeallarını yenidən canlandırmamaları durumunda Xristian xalqların Milli Şüuru yəhudi idealları içərisində əriyəcək, qarışacaq; müsəlmanlar isə ərəbləşəcəklər.

  1. ÇƏTİR NƏZƏRİYYƏSİ

Bu nəzəriyyə Nüvə nəzəriyyəsinin üzərində qurulmuşdur. Bu gün dünyaya təsir edən 3 böyük sivilizasiya var. Türklər İslam Mədəniyyətinin, Qərb xalqları Xristianlıq Mədəniyyətinin, Çin, Yapon və Koreyalılar Buddizm Mədəniyyətinin çətiri altındadır. Bu sivilizasiyalar iqtisadi, siyasi və texnoloji güc baxımından belə sıralana bilər: 1. Xristianlıq, 2. Buddizm, 3. İslam.

20-ci əsrdə dünyada başqa 2 sivilizasiya da var idi: 1. Kommunizm (1917-1991) 2. Milli-Sosializm (1922-1945).

Rusiya, Kommunizm Çətiri altında bir super dövlət olaraq dünyanın 2 “qütbündən” biri idi. Bu çətir soyuq müharibə (informasiya savaşı) ilə yıxıldı. Almaniya Milli-Sosializm Çətiri altında super bir dövlət durumunda idi. Bu Çətir də isti savaşla yox edildi.

Günümüzdə yıxılma sırası İslam Çətirinə çatdı. Xristian Çətiri İslam Çətirini dağıtmaqla və ya çox gücsüzləşdirməklə uğraşmaqdadır.

Gələcəkdə Xristianlıq və Buddizm arasında dartışma dünyaya damğasını vuracaq kimi görünür. Bu çarpışma iqtisadi, mədəni, ideoloji və bəlkə də qaynar bir savaş olaraq görüləcək. Nüvə nəzəriyyəni bilənlər bu dartışmanın sonunda Buddizmin qazanacağını təxmin edirlər.

Türk Dünyasının özünə məxsus bir proqramının olmaması halında dünya düzəninin gələcəkdə yuxarıda deyildiyi kimi olması gözlənilir.

III. HUN-TURAN NƏZƏRİYYƏSİ

Bu gün türklərdə yuxarıda göstərdiyimiz nədənlərdən dolayı Nüvənin (Özəyin) çəkim gücü zəifdir. Özümüzün varlığımızı qorumaq, dünyadakı çabalarımızı artırmaq və gücləndirmək istəyiriksə, Özək gücümüzü artırmağımız gərəkdir.

Yaponiya bizim üçün örnək olmalıdır. Yaponlar bu gün 4 əlifba sistemindən yararlanmaqdadır. Bunlardan 2-si özlərinə aid HiraganaKatagana, 3-cüsü Çin Heroqlifi olan Kanji və 4-cüsü dış dünya ilə ilişgilər üçün işlədilən Latın əlifbasıdır.

Türklərdə rəsmi olaraq latin, kiril, ərəb və soğd əlifbaları işlənməkdədir. Ayrıca digər əlifbaların işlənildiyi Müsəlman Türklərdə din açısından ərəb əlifbası da təsirini sürdürməkdədir.

Nüvəmizi gücləndirmək adına bu əlifbaların yanında Göytürk Dövləti dönəmində işlədilən və Türklərin öz əlifbası olan GÖYTÜRK RUNİK ƏLİFBASININ hər bir soydaşa tanınması və işlədilməsi təmin edilməlidir. Dil qaydaları baxımından türk dilləri üçün ən uyğun olan Runik türk əlifbasının istifadəsi dilimizin ifadə edilməsi və qorunması baxımından çox önəmlidir. Xalqımızın görmə kodu olan Runik Əlifba türkcəmizin qorunmasını, yabançı sözlərin dilimizdə türkləşməsini təmin edir. Bu əlifbanın işlənməsi və geniş yayılması halında Türk Dünyasının Özək çəkici-cazibə gücü 1/3-dən 2/3 -ə yüksələcəkdir.

Nüvə çəkiciliyini daha da gücləndirmək üçün köhnə TÜRK İNANCI – Tengri (Tanrı) İnancını, Türklərin Dünyaya Baxış Sistemini, fəlsəfi və elmi baxış açılarını günümüzə uyğunlaşdırmaq və xalqa öyrətmək gərəkməkdədir. Tengri inancının geniş yayılması durumunda çəkim-cazibə gücümüz 3/3 olacaqdır.

Min il əvvəl Buddizmi qəbul etmiş 4 millətdən (Yapon, Çin, Monqol və Tibet) 2 -si (Yapon və Çin) bu gün güclüdür, digər 2 -si (Tibet və Monqol) zəifdir. Bunun nədəni, ilk 2 millətin öz dəyərlərini tərk etmədən Buddizmi bir qabıq halında işlədərək öz nüvələrini gücləndirmələri, digər 2-sinin isə öz dəyərlərini tərk edərək Buddizmi ön plana çıxarmaları, yad bir nüvəni mənimsəyərək özgür kimliklərini itirmiş olmalarıdır.

Biz türklər bu örnəklərdən dərs almalıyıq. Tarixə baxsaq, Göytürklərdə Nüvə Gücünün 3/3 olduğunu görürük. Bu fenomen TURAN SİVİLİZASİYASININ təməlini oluşduracaqdır. Turan Mədəniyyətinin güclənməsi və böyüməsi Milli Şüurumuzu da yüksəldəcəkdir.

Türklərin tarixində ilk böyük xəta Göytürklərdən sonra Uyğurlar dövründə (745-841) 763-cü ildə toplum ruhumuza yad bir Özək (Nüvə) olaraq Maniçilik inancının (dininin) və Soğd əlifbasının qəbul edilməsi idi. Bununla da Özək gücü azalmış, Turan Mədəniyyətinin yad Mani Sivilizasiyasının Soğdiya nəzarətinə keçməsinə səbəb olmuşdur.

Türklərin gələcəkdə hansı Çətir altında olması gərəkliyi yuxarıdakı ifadələrdən asanlıqla anlaşıla bilir. İslamı gücləndirmək və Osmanlı kimi bir Çətiri yenidən qurmaq bizi geriyə sürükləyəcək və yoxa çıxmağımıza gətirə biləcək yanlış bir yoldur. Türklərin yenidən Turan Mədəniyyət Çətirini yenidən qurması gələcəyimiz üçün qaçılmazdır.

Min il öncəki Turan Sivilizasiyasının güclü dönəmində Turan Çətiri altında türklərdən başqa, əqrəba toplumlardan olan Fin-Uqor, Monqol, Koreya, Yapon, Macar və Sibir xalqları var idi. Bu toplumlar o zamanlar Hunlar adlandırılırdı. Bu gün isə Ural-Altay (yəni Turan) adlandırılmaqdadır. TURAN – hamımızı yaxınlaşdıran və birləşdirən bir anlayışın adıdır.

Turan Sivilizasiyası sıra ilə: 1. Hun, 2. Göytürk, 3. Çingiz Xan Çətirləri altına girdi (İslam çətiri deyil). İndi ideoloji savaş ilə 4-cü dövrü yaşamaqdayıq. Yuxarıda adı çəkilən millətlərin və toplumların günümüzdəki təməl çilələri (problemləri) türklərlə eynidir. Məsələn, Fin-Uqor və Macarlar üçün Xristian mədəniyyəti təməl deyildi. Monqollar, Yapon və Koreyalılar üçün də Buddizm təməl deyildir. Hamısının milli mənliklərini qorumaq borcu və çiləsi vardır. TURAN adı verilmiş Çətirin yenidən qurulma gerçəkliyi onlar üçün də zərurətdir.

Turan Çətiri altına Pakistan kimi digər xalqlar da girmək istəsələr, Böyük Avrasiya Çətiri qurula bilər. Bu Çətir altında Birlik, DirilikVarlıq olur.

SAVAŞ (MÜBARİZƏ) METODLARI

Keçmişdən bu günə qədər millətlər və toplumlar davamlı olaraq bir -birləri ilə fərqli şəkillərdə savaş və mübarizə içindədirlər. Savaşın fərqli üsulları vardır.

Mənəvi (ruhsal) savaşlar:

  1. Metodoloji savaş (Metodologiya). Biz bu dartışmanı 1300 il öncə uduzduq.
  2. Xronoloji savaş (Tarix). Bu mübarizədə Xristian Sivilizasiyasına yenildik. Tariximizi onlar yazırlar.
  3. İdeologiya savaşı (Psixoloji savaş). Bura təhsil, media, mədəniyyət, incəsənət daxildir. Olayları Xristian Sivilizasiyasının gözlüyü ilə görüb dəyərləndiririk. İdeologiya savaşı düşmən xalqları yönəltmək, idarə etmək üçün istifadə olunan bir növ psixoloji strategiya xəttidir. Bilgi (informasiya) insanların şüur, şüuraltı və davranışlarını proqramlaşdırdığı üçün ideoloji savaş çox təsirli və dəyərli bir metoddur. Çünki İdeoloji savaşda insanlara qarşı anti qüvvələrin nizamsız və qaranlıq bir şəkildə idarə etməsi təmin olunur. Fəqət, insanlar bunu görə bilmir və düşünə bilmir.

Maddi savaşlar:

  1. İqtisadi savaş.
  2. Narkotik vasitələrlə savaş. Hər cür narkotik, siqaret və alkoqol ilə insanlar korlanır.
  3. Silahlı savaşlar (İsti savaşlar). Tarixdə kommunizm sivilizasiyası mənəvi savaşla (soyuq savaşla), milli-sosializm sivilizasiyası silahlı savaşla məhv edildi.

Bu savaşlardan ən təsirli olanı Metodoloji Savaşdir.

Min il sonra gündəmə gələn Türk Xalqlarının Strateji Yolu İdeologiyası ən önəmli mübarizə üsulu olan Metodologiya təməli alaraq və bu bilgilərə dayanaraq yaradıldı. Türklərin mübarizəsi də Metodoloji  savaş olmalıdır. Bu mübarizə türkləri uğurlara aparacaqdır.

Dilimizə çevirdi: Əlisafa Mehdi

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv