Göytəkin Atalı. Sevdalı Ürəyin pıçıltıları (Rabindranat Taqora doğma)

 ***

Sevgi ilə dolu Ürək – Sevginin onda yaratdığı qanadlarla, dünyanın həşirindən çox uzaqlarda, əngin göylərdə uçar.

***

İnsan nə yaşadı?! – Çapdı, taladı, öldürdü, dağıtdı. Dünyanın Mənasını, təbiətin gözəlliyini deyil, azğınlığı, eybəcərliyi səslədi içinə. Bunlar insanın ömrünü zəncirlədi, xoşbəxtliyi onun üçün əlçatmaz elədi. Ömründə xoşbəxtlik yaratmadı, dünyada xoşbəxtlik aradı, tapa bimədi. İNSAN ola bilmədi.

***

Hər ötən günümüz ömrümüzdə səslənən bir nəğmə olmalıdır.

Məqsədimiz bu nəğmənin notlarını gələcəyə çatdırmaq olmalıdır.

***

Şüuru köləliyə köklənən insan – yaşamını boş xülyaya inanmaqla sürdürür. Hər şeyi Allahdan gözləməklə təsəlli tapmaq gücsüzlüyün, acizliyin göstəricisidir.

***

Ürəyinizin dərin qatlarında duyduğunuz kiçik bir qığılcımı belə, önəmsiz saymayın. O bir anda alovlanıb bütün varlığınıza hakim olmağa qadirdir.

***

Böyük Sevginin yaratdığı coşğun duyğuların, qəlbin həyəcanlı, titrək çırpıntılarının qarşısında sözlər çox vaxt aciz qalır. Ona görə dilin yerinə üzün ifadəsi, gözlərin həsrəti danışar.

***

Sevmək – sevgiliyə qovuşmağa can atmaq, onunla Bir olmaq deməkdir. İnsanın Allaha Sevgisi gerçək olsaydı, onunla bir olmağa can atardı. Saysız – hesabsız günahlarla Ondan uzaqlaşmaq yolunu tutmazdı.

***

Həsrət – qəlbin ən dərin qatlarında kök salmış yara kimidir. Hər alınan nəfəs o yaranı sızıldadar, ruhun fəryadı göylərin bağrını dələr.

 ***

Sevgiylə döyünən ürəyin həyəcanlı titrəyişi zərif bir çiçəyin mehin təsirindən titrəməsi kimidir.

 xxx

Həsrət – insan qəlbindəki ən ülvi duyğuları oyadar. Bəzən bir söz, bir anlıq səslənən musiqi, titrəyən yarpaq, nəfəsə çevrilən çiçək ətri, yüngülcə əsən meh – dünya boyda həsrət oyadır insanın qəlbində. Sözlərlə anladılması çətin olan bu duyğular bəzən insan qəlbində tufana dönər, adamın içində şimşəktək oynar.

İnsan sevdikcə, özünü, dünyanı qarşına alacaq qədər güclü duyar. İçinə həsrət yeriyəndə isə dizlərinin taqəti tükənirmiş kimi heysizləşər. Bununla belə, onu yaşamaq nə qədər ağır olsa da, sirli bir gözəllik də var həsrətdə. Çünkü  Həsrət – dönməz Sevgidən danışar, Sevginin böyüklüyünü göstərər…

Xəyal Dünyası

Bir anda sanki gizli bir əl insanı bu dünyadan alıb başqa bir dünyaya götürər. İnsan gerçək dünyanın gedişini unudub başqa dünyada yaşamağa başlayar. Bir-birini əvəz edən gözəl yaşantıların gətirdiyi xoşbəxtlik insanın gülümsəyən üzündə, sevinc işığı parıldayan gözlərində ifadə olunar. Bu yaşantıların etkisindən ürəyi titrəyər, bəzən heç özü də duymadan göz yaşları yanağında izlər açar. Birdən gizli bir səs bütün bunların həqiqi yaşantılar deyil, xəyal olduğunu pıçıldar. Bir anda qeybə çəkilər xoşbəxt dünyası. İçində hiddətlə bir sual baş qaldırar – axı niyə?! Niyə bütün gözəlliklər xəyal olaraq yaşanmalıdır?! Sonra insanın içini bürüyən o hiddət dərin bir kədərlə əvəz olunar.

İnsan bu üç duyğunun bir-birini əvəz etdiyi zaman içində sanki əzabla yoğrulub özünə dönər. Bu halları yaşadıqdan sonra insan sanki özünü daha möhkəm, daha inamlı, eşqli, həvəsli hiss edər. Qəribədir deyilmi?! İnsanın bu yeni halı onu Yaşamın gözəlliyinə daha möhkəm bağlayar, ömür yaşamaq eşqi ilə yenilənər…

Atamız Var olsun!

Ata Ayı, 43-cü il. Göyçay.

(sentyabr, 2021).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv