İstənilən olay kimi, Rusiya-Ukrayna savaşı da, dünyada da, bizim toplumumuzda da fərqli baxışlar ortaya çıxarıb. Hər bir baxış yiyəsi də öz baxışını ədalətli sayır. Bu da doğaldır, kimsə baxış sərgiləyirsə, baxışını haqlı saymalıdır. Bir kəsim deyir, Ukraynanın dövlət başçısı Batının oyununa gəldi, ara yerdə Ukrayna xalqı fəlakətlərlə üz-üzə qaldı. Bir kəsim deyir, Ukraynanın başqa yolu qalmadı, öz vətəninin bağımsızlığını Rusiya işğalından qorumalı idi. Mənim baxışım da belədir, yəni Ukrayna öz bağımsızlığını qorumalı idi, qorumağa çalışır da. Hansı dövlətin kimi qızışdırmasından asılı olmayaraq, bu savaş başladı, onu da Ukrayna deyil, Rusiya saldırdı. Ukrayna ya Donbası, Luqanskını, Kırımı itirməyə razı olub Rusiyaya boyun əyməli idi, ya da, vətəninin bütövlüyünü qorumaq üçün ölüm-qalım savaşına qalxmalı idi. Gözləmək olmaz ki, nə vaxtsa Rusiya addımı dala qoyub imperialist siyasətindən əl çəkəcək. Rusiya dövlət kimi qurulmayıb, imperiya kimi düşünülüb. Onun indiki sınırları içərisində olan ərazilər öz torpaqları deyil ki. Ona görə Rusiya özü ölüm-qalım savaşı aparır, necə eləsin, varlığını qorusun. Rusiya öz varlığını başqa dövlətlərdə qorumaq savaşı aparır əslində, yoxsa bir gün əsarətdə saxladığı Türk varlıqları ayrılıb bağımsız olmaq istəsələr, Rusiyanın siyasi varlığına son qoyulacaqdır. Ona görə bu gün Rusiya ağlasığmaz vəhşiliklər törədir. Mənim üçün də ağrılıdır, insanların məhv edilməsi, hər cür antihumanist mənzərələrin yaranması. Ancaq Ukrayna dirəniş göstərməsəydi, sınır dövlətlərin hamısını Rusiya işğal edib bağımsızlıqlarına son verəcəkdi. Ona görə bu gün bütün sınır dövlətləri, eləcə də barış istəyən bütün dövlətlər Ukraynanın haqlı savaşını tutmalı, ona, hər kəs gücü içində kömək etməlidir. Batının Ukraynaya yardım eləməsinə gəlincə, bu, ya elə, ya belə olmalı idi. Yəni Batı Rusiya qorxusunun öz sınırlarına yaxınlaşmasını əngəlləməli idi. Başqa bir yandan dünya ağalığı uğrunda çəkişmələrdə Batı öz üstünlüyünü əldən vermək istəmir. Bu da çağdaş dünya düzəninin (humanizmdən uzaq olsa da) tələbidir. Mənim sayğım Batının dünya çapında yürütdüyü siyasətin yanında deyil. Çünkü Batı da imperialist siyasət yürüdür. Ancaq Ukraynaya yardımını doğru sayıram. Belə götürəndə Batı heç Rusiyanın parçalanmasını da istəmir. Çünkü Rusiya parçalansa “Türk Birliyi” kimi yeni bir güc mərkəzi yarana bilər, bu da Batı üçün arzuolunmaz bir məsələdir. Sadəcə Batı Rusiyanın başına öz kadrını gətirib, onu (Rusiyanı) yönətilən bir dövlət halına gətirmək istəyir.
Biz bu yöndə illərdir yazırıq, deyirik, ona görə bu qonunu davam eləmirik.
O ki qaldı “Türk Birliyi” məsələsinə, bunu ən çox biz istəyirik. İllərdir, basın yayınlarında yazırıq da. Ancaq bu Birliyi Türk dövlətlərinin başında duran indiki antitürk diktatorlar yaratmayacaq. Bu Birliyin yaranması üçün sağlam Milli Qüvvələr yetişməli, Türk dövlətlərinin başına keçməlidirlər. Bilirik ki, bu da sadə proses deyil. Bununla belə, guya dış güclərə qarşı, Türk dövlətlərinin başında duranda diktatorları savunmaq gərəkdiyini düşünməyi də yersiz sayıram. Onların işi talançılıqdır, tayfa çıxarlarını ödəməklə hakimiyyətlərinin ömrünü uzatmaqdır. Hərdən bir toplumların gözünə kül üfürmək üçün türklükdən, Türk Birliyindən söz açmaq da yalandır, yalançılıqdır. Toplumlarımızın içində Türkçülük, Türk Birliyinə meyillənən proseslər gedir. Sadəcə bu proseslərə (dövlətlərimizin başında duran diktatorlar) nəzarət eləmək, özlərini Türklüyün hamisi kimi göstərməyə çalışırlar. Onların buyruğunda olanlar da, sosial şəbəkələrdə milli düşüncələrə qarşı hədyanlar söyləməklə, aşağılamaqla görüntüləri dəyişməyə çalışırlar.
Soylu Atalı Zelenskini suçlayanlara
May 7th, 2022 admin