Uzun, uzun bir yolu keçib getdik, arxadaş,
Bu açunu su kimi içib getdik, arxadaş.
Yanğı içində qaldıq… yolumuz bitər oldu,
Biz yetəməz olana özgələr yetər oldu.
Ölkəmizi sevməyi çoxlarına öyrətdik,
Biz gerçəyi bitirdik, biz düzgünlük ürətdik.
Bacardıq-bacarmadıq, nələr oldu-olmadı,
Bir yol tutduq sonadək: Özgürlük idi adı!
Bir yol tutduq sonadək – bizi o yol yaxınlaşdırmış, o yol birləşdirmiş, o yol arxadaş eləmişdi. O yol Sovet dönəmindən başlamışdı. Sovetin yıxılıb dağılmasından keçdik. Bir sosial-politik formasiyadan başqasına keçid dönəmini yaşadıq. Üzləşdiyimiz (birilərinin satqınlığı, dönüklüyü üzündən üzləşməli olduğumuz) acımasız diktaturanın, yırtıcı kapitalizmin bütün acılarını yaşayası olduq. Biz o uzun dönəmi elə-belə, passiv yurddaş olaraq yaşamadıq, sürəkli çarpışma içində yaşadıq…
Öyrənci olduğum çağlardan (tələbəlik illərindən) Azərbaycan radiosuna yazılar yazırdım. Orada ən çox bəyəndiyim, daha çox özümə doğma sandığım kollektiv Ədəbiyat, ədəbi dram baş redaksiyasının İncəsənət, radio teatrı bölümü idi. Orada olan demokratik ortamdan başqa redaksiyalarda görmək olmazdı. Bölümün başqanı İntiqam Mehdiyev idi. Uzun illər Azərbaycan radiosunun ən sevilən verilişlərindən olan “Bulaq” orada başlıca olaraq İ.Mehdiyevin redaktəsi altında çıxırdı. Başqa bir sıra redaksiyaların tapşırıqlarını yerinə yetirməklə yanaşı, arada “Bulaq”da yazırdım. Yazılarım bəyənildiyindən ayrı-ayrı redaksiyalarda hansısa gözləntilərlə bağlı mənə dönə-dönə söz vermişdilər: “Bu yer (o yer) boşalsın, səni işə götürəcəyik”. Yer boşalır, məni deyil, bir başqasını işə götürürdülər. Beləcə illər keçib gedirdi.
Sonralar dostlardan biri mənə işə girməyin yolunu öyrətdi. Sən demə, “yaxşı qələmin var, yer boşalsın, səni işə götürəcəyik” kimi sözvermələr yalan, başaldatma imiş. Youlnu öyrənib, işə düzəldim. “Sonra harda yer boşalsa, səni yaxşı işə keçirəcəyik”, deyə, məni məktublar redaksiyasına işə götürdülər. Düzü, bu iş ürəyimcə deyildi, ancaq bir az işləyəndən sonra yaradıcı adam üçün buranın bir ara yaxşı görkü toplama yeri olduğunu anladım. Bir neçəsini çıxmaqla, redaksiyada yaradıcı adam yox idi, çoxu Sovet dönəminin poçt işçilərinə çox oxşayan yaşlı qadınlar, kişilər idi. Gəlirdilər, bir-birinə yad kimi məktubları çeşidləyir, günorta yeməklərini yeyir, yenə məktubları çeşidləyir, sonra da çıxıb gedirdilər. Onların arasında uzun, demək olar, arıq birisi var idi, onun altdan-altdan hamıya, daha çox da yekəxana davranışları, kosmetik parlaqlığı ilə seçilən bir qadına necə göz qoyduğunu çox görmüşdüm. O qadında özünü kişilərə yaxmaq istəyi necə güclü idisə, onda da o qadına baxmaq istəyi eləcə güclü idi. Gününü daha çox telefon danışıqlarıyla keçirən o qadın arada iki-üç saatlığa yoxa çıxır, sonra qayıdıb otaqdakıları üstən aşağı süzərək keçib yerində oturur, sonra da döşlərinin arasından bükmə pullar çıxarıb saymağa başlayırdı. Belədə qadının başı öz işinə qarışdığından mən göz altından uzun adamın ona necə acıqla baxıdığını görürdüm. O qadın otaqdakı qadınların ən gözəli idi, ancaq mənə qalsaydı, onu Teleradio verilişləri komitəsinin qapısından içəri buraxmazdım: onun davranışları, özünü aparması, lap elə üzünün qatbaqat kosmetikası olduqca bayağı idi. Bir gün otaqda ikimiz olanda Uzun adam mənə o qadından, onun “pis yolda” olduğundan danışdı.
Dostlardan biri mənə onun özünün “çox dolaşıq adam” olduğunu demişdi. Sovet dağılandan sonra o adam Məkkəyə gedib “hacı” oldu. Görünür, bir çox başqaları kimi o da bu yolla suçlarını yumaq istəyirdi…
Mənə yaradıcı iş tapşırılmışdı. Çeşidlənən məktublar üzərindəı işləyir, sonra onlarla bağlı analitik yorum yazırdım. İşimi qurtaran kimi İncəsənət bölümünə qaçırdım. Orada bütünlüklə başqa atmosfer (başlıca olaraq yaradıcı düşüncə atmosferi) vardı. Biz bir qatda idik, otaqlarımız da bir-birinə yaxın idi. Ora üçüncü qatdan – Valid Sənaninin baş redaktor olduğu Xəbərlər redaksiyasından Tahir Abbasov adlı bir jurnalist də gəlirdi. Özü də çox gəlirdi: mən gələn kimi. Bizim tanışlığımız oradan başlamışdı. Orda olan, Tahir başda olmaqla ora yığışan jurnalistlərdə olduqca güclü yumor duyğusu vardı. Bizi tez-tez o otağa toplayan bir də bizə özgü güclü yumor duyğusu idi. Bizim sonu görünməyən yaradıcılıq söhbətlərimiz, öcəşmələrimiz, polemik dartışmalarımız yumorsuz ötüşmürdü. Yumor da nə yumor: bir-birindən gözəl, bir-birindən anlamlı!
İntiqam Mehdiyev, Gülbəniz Hüseynova, İlyas Babayev, Səmədağa Zamanov, Ağalar Mirzə bölümün əməkdaşları, bizlərsə (Tahir Abbasov, mən, bir sıra başqaları) “İncəsənətin”, gündəlik qonaqları idik. Gülbəniz xanımla Tahirin (onlar tələbəlik yoldaşıydılar) atmacalı-yumorlu dialoqlarından olmazdı! Onlar ikilikdə ayrıca bir “Radio teatrı” oluşdururdular. Tahirin bütünlüklə tikana bürünmüş atmaca-yumorlarına Gülbəniz xanımdan savayı hansısa xanım dözməzdi. Ancaq Gülbəniz xanım incimək, küsüb geri çəkilmək nədi, Tahirlə sözün gerçək anlamında atmaca döyüşünə çıxırdı. Belə bir-birindən gərgin döyüşmələrin-söz atışmalarının sonu qaçılmaz olaraq otağı başına götürən, qapı açıq olanda bütün koridora yayılan qəhqəhələrlə bitər, bundan sonra dağılışar, yüksək tonusla görəcəyimiz işlərin dalınca gedərdik.
Bir gün yenə yığışmışdıq. O çağlar bizim ekizlər bir yaş, ola bilsin, yaşyarımlıq olardılar. Gülbəniz xanım məndən onları necə tanıyıb ayırdığımızı soruşdu. Başqaları da, ilgiləndilər, soruşdular: “Doğrudan, onları bir-birindən necə ayırırsız?” Dedim, hamı da anladı. Bircə Məleykə uzun-uzadı düşüncəyə dalandan sonra soruşdu: “Doğrudan, onları bir-birindən necə ayırırsız?”. Otaqdakılar bir-birininin üzünə baxıb gülüşdülər. Məleykənin gözlərini mənə zilləyib baxdığını görüb, bayaq hamıya anlatdığımı ona ayrıca anlatmalı oldum. Məleykə yenə uzun-uzadı düşündü, sonra yenə soruşdu: “Başa düşmədim, onları bir-birindən necə ayırırsız?” Yenə hamı gülüşdü. Mənsə: “İndi bir anekdot danışaram, anlaşılar”, dedim. Məleykəni “kürd qızı” adlandıranlar vardı.
Anekdot belə idi. Bir dutsağa ölüm qərarı çıxarılıbmış. Rəis işçilərdən birinə onu aparıb güllələməyi tapşırır. Adam dutsağı aparır, yarağı üzünə qaldıran yerdə dutsaq qanrılıb deyir: “Onsuz da məni öldürəcəksən, qoy sənə bir olay danışım, sonra öldür”. Adam yarağı endirib, dutsağı dinləyir. Dutsaq sözünü bitirəndən sonra adam gülməkdən uğunub gedir. Sonra da gülüb-gülüb ölür. Dutsaq gətirildiyi yerə qayıdır. Aradan bir neçə gün keçmiş rəis onu gülələməyi başqa bir işçiyə tapşırır. Birincidə olan olur: dutsaq yenə sağ geri qayıdır.
Aradan bir neçə gün keçmiş rəis yığıncaq keçirib baş verənləri danışır, o dutsağı kimin könüllü güllələməyə aparmaq istədiyini soruşur. İşdəki gizlinin qorxusundan hamı susur. Bir kürd qalxıb ürəkli-ürəkli deyir: “Mən onu aparıb güllələyərəm”. Rəis sevincək: “Apar!”, deyir.
Adam dutsağı aparır, aradan az keçmiş qayıdır gəlir. Rəisin qabağında dik durub: “Güllələdim!” deyir. Rəis adama ödül verir, üstəlik, çətin tapşırığı uğurla yerinə yetirdiyi üçün onu bir aylığa evə buraxır.
Bir ay keçir, adam işə qayıtmır. Rəis işçilərdən birini onun evinə göndərir: “Get, gör niyə gəlmir?”. Evin xanımı bildirir: “Kişiyə nə olmuşdusa düz 29 gün nəsə düşünə-düşünə gəzdi, 30-cu gün birdən onu gülmək tutdu. Güldü, güldü, öldü”. Otaqdakılar astaca gülüşdülər. Məleykə matdım-matdım hamının üzünə baxıb soruşdu: “Görəsən, o niyə bir ay sonra ölüb?” Otağı dəli bir qəhqəhə bürüdü. İntiqam oturduğu stolun arxasında qalxıb, enir, qəhqəhə içində əllərini stola çırpırdı. Gülbəniz xanım üzünü əlləriylə tutub gülürdü. Səmədağa qarnını tutub divara söykənərək gülürdü. Kimsə özünü qapıdan çölə atıb koridorda gülürdü. Məleykə nəsə olmamış kimi, yenə matdım-matdım yan-yörədə gülməkdən uğunub gedənlərə baxırdı. Baxdı, baxdı, üzünü mənə tutub dedi: “Bunlar dəli olublar, nədi, boş-boşuna nəyə gülürlər?!” Məleykəyə: “Bilmirəm”, deyib, otaqdan çıxdım.
O çağlar Teleradio verilişləri komitəsində texniki işçilərlə birgə 3500 adam vardı. Yaradıcı kollektivlərdə qruplaşmalar, demək olar, qaçılmaz idi. Biz komitədəki rüşvət almayan azlıqdan idik. Biz ayrı-ayrılıqda güclü xarakterlər idik, ancaq kollektiv olaraq güclü deyildik. Mən bunun niyəsini çox-çox sonralar oxuyub öyrəndiklərimdən bildim: az-çox demokratik düşüncəli, güclü xarakterli adamlarda kollektivçilik duyğusu güclü olmur. Bu üzdən onlarda kollektiv olaraq özünü qoruma üstünlüyü də olmur. Bizdə olmayan belə bir üstünlük başqalarında, başqa qruplaşmalarda var idi. Belə desək, başqaları kollektiv olaraq qalxanlı, biz kollektiv olaraq qalxansız idik. Ancaq təklikdə, ayrı-ayrılıqda deyil, kollektiv olaraq.
Tahirlə mənim ayrıca bir “çatışmazlığımız” da vardı: biz komunist deyildik, sonadək də olmadıq. Bizim ikimizdə də kompartiyaya ayrıca antipatiya vardı. Tahir Xəbərlər redaksiyasında redaktor ştatında idi, sonralar məni Uşaq redaksiyasında boşalmış yerə redaktor ştatına keçirdilər. Sovetlər dağılanadək bu bizim ən yüksək statumuz olacaqdı. O çağın düzəni beləydi. Biz Sovetin özümlü “düzlən!” komandasına boyun əyənlərdən deyildik. Bacardıqca, o sistem -“düzlən!” komandasından yayınır, yayınmağa çalışırdıq…
Xalq hərəkatı başladı. O günlər bütün Bakıda olduğu kimi, komitə işçiləri də işdən çıxanda, demək olar, hamılıqla Azadlıq meydanına gedirdilər. O günlər Azadlıq meydanı hamı üçün işdən sonrakı iş yeri kimiydi: qadınlı-kişili minlərlə adam gündəlik olaraq Azadlıq meydanına getməyi özünə borc bilirdi.
Biz Meydana daha çox Tahirlə birgə gedirdik. Elə Meydanda da bir tutulduq. Biz də bir çoxları kimi gecələr Meydanda qalırdıq. Arada evə gedib gecəni evdə keçirirdik. O gün, dekabrın 4-ü, axşamüstü, evə gedəcəkdik. Nümayiş komitəsindən çıxıb getmək istəyirkən rusların gecə Meydanı dağıdacağını eşitdik. Bundan sonra mən qalacağımı bildirdim. O da qaldı. Gecə 4-5 arası ruslar Meydanı dağıtmağa başladılar. Qarışıqlıqda bir-birimizi itirdik. Tezdən bizi Meydanın bir qırağına yığıb blokadaya almışdılar. Ruslar məni tutub Bayıl türməsinə apardılar. Tahirin Şüvəlan türməsinə aparıldığını sonra bildim.
SSRİ-nin başqa qabaqcıl respublikalarında olduğu kimi bizdə də Xalq cəbhəsi ideyası aktuallaşmışdı. Xalq cəbhəsi Təşəbbüs mərkəzində idim, Komitədə XC-nin Dayaq dəstəsini yaratmaq mənim boynuma düşürdü. Komitədə sonadək güvənəcəyim başlıca iki adam vardı: Tahirlə Ağası Hun. Ağası saya bir texniki işçi idi, ancaq ideyaca yetkin, bizim ulusal ideallara sonunadək bağlı birisiydi. Onların yaxından yardımıyla Dayaq dəstəmiz tezliklə genişlənib böyüdü: jurnalistlər, rejissorlar, texniki işçilər sıralarımıza qatıldılar. Sonralar sayımız daha da artdı, ancaq bu elə də yararlı artım deyildi; AXC gücləndikcə bütün ölkədə AXC-yə böyük axın yaranırdı. AXC-yə sonra qoşulanlar başlıca olaraq “kabab iyinə” gələnlər idi. AXC hakimiyəti dönəmində belələrinin daha çox önə çıxmaları hakimiyətin tezliklə gözdən düşməsinə gətirdi. Gərəkən liderlik olmayanda yeni qurulan hakimiyətdə basabas qaçılmaz olur. Basabas olan yerdə isə mənliyini qorumağa yönəlik utancaqlıq, çəkingənlik üzündən gerçək ideya-ideal adamları qaçılmaz olaraq uduzurlar. AXC hakimiyətə yeni gələn günlərdə mən bütün bunları dönə-dönə gördüm. Birilərinin hansısa postu tutmaq, ələ keçirmək üçün “mən cəbhəçiyəm!” deyə, necə haray-həşir qopardıqlarını, özlərini necə ora-bura vurduqlarını çox gördüm.
Ölkənin bu başından o başına kim harda Cəbhə başında durmuşdusa, orda da hakimiyət başına gəlir, gəlməyə çalışırdı: bilik, bacarıq arxa plana keçmişdi. Deyildiyi kimi, gərəkən liderliyin yoxluğu üzündən gərəkən seçənək də yox idi. Kimlərsə indi də bunu Cəbhənin hakimiyətə gəlməyə “hazır” olmadığı ilə bağlayırlar. Mənsə bu baxışı bütünlüklə yalan, yanlış sayıram. Bəlli liderliklə yüz il də qalsaydı Cəbhə hakimiyətə gəlməyə “hazır” olmayacaqdı. Bu, faktdır – indilik üstündə ayrıca dayanmaq istəmədiyim danılmaz fakt.
Milli müdafiə şurasında olduğuma görə 20 Yanvardan sonra məni Teleradio verilişləri komitəsindən uzaqlaşdırmışdılar. “Azadlıq” qəzetində otururdum, ancaq Komitə ilə üzülüşməmişdim: Komitə Dayaq dəstəsinin başında durmaqla gərəkənləri edirdim. Komitədə işdən çıxarılmağım əl-qolumu daha da açmışdı. Yeri gəlmişkən, A.Mütəllibov dönəmində Komitə Şirkətə çevrilmişdi.
Dayaq dəstəmizdə olan böyük çoxluq hakimiyət dəyişikliyindən sonra ortadakı bəlli prinsipdən çıxış edərək, Şirkətin başında durmağımı istəyirdi. Bundan ötrü onlar dönə-dönə redaksiyaya, evimə gəldilər. Onlar mənim Elçibəylə görüşüb danışmağımı istəyirdilər, boyun qaçırırdım. “Hamısı məni tanıyır, – deyirdim, istək onlarındı – necə bilərlər, elə edərlər”. Elçibəy Yaqub Məmmədovun kadrı olan M.İsmayıla üstünlük verdi. Sonra yoldaşlar mənim birinci yardımçı (müavin) olmağıma çalışdılar, Elçibəy burada da üstünlüyü Naxçıvan Televiziyasındakı yeyinti-mənimsəmə nədənilə oradan qovulmuş Səfər Alışarlıya verdi. (A.Mütəllibov dönəmində S.Alışarlını Naxçıvan Televiziyasına Elçibəy başçı qoydurmuşdu). S.Alışarlı Naxçıvan Teleşirkətində etdiklərini sonra bizim Teleradio verilişləri şirkətində edəcəkdi, özü də daha böyük ölçüdə. Burada söhbət Elçibəyin Şirkətə ayırdığı 3 milyon dolların başına açılan oyundan gedir…
Mən İnformasiya studiyasının, Tahir isə yeni yaradılan “Xoş gördük” studiyasının direktoru olduq. İki arxadaş olaraq ikimiz də Televiziyaya düzgünlük gətirdik. Günlərin bir günü prezident Elçibəy parlament tribunasından ölkənin rüşvət-korrupsiya içində olduğunu deyəcəkdi. Bu deyilənlərin bizim başında durduğumuz qurumlara azacıq da bağlılığı, ilişkisi yox idi: biz sözün yaxşı anlamında dövlət içində dövlət yaratmışdıq: rüşvət-korrupsiya adına nəsə olmayan, ola bilməyən dövlət! Biz o dövləti böyük çətinliklər, çarpışmalar, gündəlik sinir sarsıntlarına dözərək qoruyub saxlayırdıq. İş o yerə çatdı mən 92-ci il oktyabrın 3-də işdən getməklə bağlı raport yazası oldum. Biz yalnız dışdakı oğru-korrupsionerlərin deyil, eləcə də içdəki oğru-korrupsionerlərin ardıcıl basqıları ilə üzləşməli olmuşduq. Sözsüz, başlıca dövlət proqramının başında durduğumdan ən çox basqılar mənə, mənim studiyama olurdu. İstər içdən, istər dışdan bu studiya üzərində ağalıq etməyə çalışanlar, buna can atanlar çox idi. Ən yamanı da nə idi: yuxarlarda güvəniləcək bir kimsənin yoxluğu! Elçibəyin özünün də sonralar dediyi kimi, ölkədə dərəbəylik idi. Bu dərəbəyliyi doğuran bir yandan Elçibəyin kəsərsizliyi, qanunçuluqdan uzaq olmasıydısa, başqa bir yandan Ali sovetin sədri İsa Qəmbərin yaratdığı İKİHAKİMİYƏTLİLİK idi…
Alınıb-satılmaz studiya direktorları olaraq biz iki dəyirman daşının arasında qalmış kimiydik. 92-nin oktyabrında mənim işdən getməyimə yol verməyənlər 93-ün 14 aprelində məni qondarma “dövlətə xəyanət” suçlaması ilə işdən çıxardılar. Tahir təkləndi. O çağadək biz bacardığımız kimi bir-birimizi qoruyurduq. İçdə də, dışda da çoxlarının qorxusu məndən idi, məni də birinci “vurdular”.
Hakimiyətə qaytarılan H.Əliyev Babək Məmmədovu (Hüseynoğlu) Şirkətə sədr qoydu. Biz Radionun Məktublar redaksiyasında işləyən çağlarda Babək mənə H.Əliyevlə qohum olduqlarını demişdi. “Xoş gördük” studiyasını yerli-dibli yox eləməklə Tahirlə iş köklü olaraq bitirildi. Mənimlə bağlı ortaya gözlənilmədən başqa davranış çıxdı. Babək mənimlə dönə-dönə görüşüb H.Əliyevin ismarışını çatdırdı: “Heydər müəllim sənə harda istəsən iş vermək istəyir”. Qabaqkı görüşlərimizdə yumşaqlıqla “nəsə istəmədiyimi” bildirmişdim, sonuncu görüşümzdə önəridən kəsinliklə boyun qaçırdım. Sonra da yaradılan sorunlar nədənilə Şirkətdən gedəsi oldum. Eləcə Tahir də gedəsi oldu. Bundan sonra biz istər-istəməz ruh didərginlərinə çevrildik.
Yenidən “Azadlıq”a qayıtmışdım, ancaq “Azadlıq” daha o “Azadlıq” deyildi: bizim Nəcəf bəylə yaratdığımız, yaşatdığımız “Azadlıq” yox idi – biriləri onu oğurlayıb ələ keçirmişdilər. Qanunsuzluq başa çıxmış, bizim qoyub getdiyimiz qanunçu-etik davranışların yerini bütünlüklə başqa davranışlar tutmuşdu. O üzdən tez-tez kimlərləsə dalaşmaq, dartışmaq gərəyi yaranırdı. Buna görə dönə-dönə qəzetdən getməli olmuşdum.
Tahir də beləcə qəzetdən-qəzetə keçməli olurdu. Bir ara o, Məmməd Nazimoğlunun yeni çıxarmağa başladığı qəzetdə işlədi. Məmmədlə işləməyi ürəyindən idi, ancaq qəzet yaxşı alınmadığından çox çağ pulsuz olurdu. “Azadlq”da qəzetin satışı yaxşı olsa da, birilərinin oğurluğu üzündən biz də qonorarımızı çətinliklə alırdıq.
Ölkədə əli dörd bir yana yetən KQB hakimiyəti qurulmuşdu. Başqa yerlərdə olduğu kimi, müxalifət düşərgəsində də KQB-nin uzantıları çox idi. Çoxu da başda durur, müxalifətə yön verirdi. Bir də liderliy ələ keçirən özgüdükçü-pulgüdükçülər vardı. Belə ortamda isə diktatsız keçinmək olmur. Hakimiyətdə də demokratiya ritorikası altında diktat, müxalifətdə də demokratiya ritorikası altında diktat: gerçəklik belə idi. Hakimiyətdə də, müxalifətdə də diktata yenilməyənlər pulsuzluqla-çörəklə sınağa çəkilirdi. Görməyi bacaranlar hakimiyətdəki böyük korrupsiyanın balaca modellərini müxalifət düşərgəsində görə bilərdilər. Görə bilənlər! Belələri isə çox az idi. O üzdən görənlərin, görməyi bacaranların təpkiləri qaçılmaz olaraq uğursuzluqla sonuclanırdı. “Demokratik” çoxluq düzgünlük carçılarının səsini çox asanlıqla boğa bilirdi. Qabaqcadan gərəyincə düzülüb-qoşulmuş “demokratik” səsvermə prosedurlarında onlar gərəkdiyindən çox az səs toplamaqla “ödülləndirilirdilər”. Beləcə, düzgünlüyə çalışanlar gec-tez dışlanıb düzdə qalası olurdular. Bir sıra oxşar liderlik-konseptual davranış dayanışmalarından diktat mexanizmi hakimiyətdə olduğu kimi müxalifətdə də çox yaxşı işləyirdi. Böyük çoxluğun politik-ideoloji baxımdan yetkinlikdən uzaq olması faktı da birilərinin işinə çox yarıyırdı…
Pulsuzluq üzündən çoxdandı evdə soyuducu boş idi. Belə günlərin birində verilməyən qonorar dartışmasından sonra acıqlı-acıqlı çıxıb evə gedirdim. Redaksiyanın qapısından çıxan yerdə başda duran əməkdaşlarımızdan biri ilə qarşılaşdım. O, “Azadlıq”ın ilk əməkdaşlarından idi. Yaxşı qələmi vardı, ancaq, demək olar, yazı yazmırdı – onun işi başqa idi. Üzümə zillənib, soruşdu: “Sənə nə olub?” Acıqla keçib getmək istədim, qabağımı kəsib: “Bildim”, dedi, sonra da pencəyimin üst cibinə 50 dollar qoydu. O çağlar addımbaşı olan valyutadəyişmə yerlərinin birində dolları manata dəyişib Tahiri görməyə tələsdim. Onların redaksiyası S.Vurğun küçəsindəki həyət evlərinin birindəydi. Onu bayıra çağırdım. Olduqca üzgün durumda idi, niyəsini soruşmadan ona pul verdim. Gözləri işıqlandı. Tutqun səslə: “Bu gün evə gedib özümü asacaqdım”, dedi. Dura bilmədim, dönüb getdim.
Ona “Azərbaycan jurnalistikasının flaqmanı” deyirdim. Gerçəkdən o, çox talantlıydı, Obrazlı düşüncə baxımından taysız idi. Televiziyanın “Xəbərlər” redaksiyasında onun bir-birindən gözəl, unudulmaz süjetləri getmişdi. Onlardan ən unudulmazı “Qaragilə” süjeti idi. Onu Rübabə Muradovanın oxuduğu unudulamaz “Qaragilə” mahnısına yazmışdı. Rübabə xanımın oxuması necə gözəl, etkili idisə, süjet də eləcə gözəl, etkili idi. Elə gözəl, obrazlı süjetlər yalnız onun qələmindən çıxa bilərdi. Belə bir dəyərli jurnalist, belə bir üstün qələm adamı yalnız əyilməyi bacarmadığı, özünü-sözünü urvatsız etmək istəmədiyi üçün evinə çörək alıb aparmağa pul tapmırdı…
Dəyərləri dəyərsizləşdirən dönəmlə üzləşmişdik.
Bir gün “Azadlıq”a gəlmişdi. Onunla Sirusun yanına getməyimi istəyirdi. Sirus Təbrizli onda Mətbuat, informasiya naziri idi. Bir çağlar bizim Sirusla aramız yaxşı olmuşdu. Ancaq Sirus qarşı düşərgəyə keçəndən sonra mən onunla qurtarmışdım. Tahir bunu bilirdi. Ona: “Özün get”, deyirdim. O isə: “Sən Sirusla məndən yaxın olmusan, – deyirdi, – indi mənim ona elə işim düşüb, sən mütləq getməlisən”. Uzun çək-çevirdən sonra gedəsi oldum. Onun xarakterinə yetik idim: çox gərəkməsə, kiməsə ağız açan, söz deyən deyildi.
Sirus bizi çox yaxşı, deyərdim, böyük sevinclə qarşıladı. Onun uzun stolu vardı. Bizi aparıb stolun o başında, özünə yaxın yerdə oturtmaq istədi. Mən dirəşib yerimdən tərpənmədim, stolun bəri başında oturdum. Onlar başa keçdilər. Onların nə danışdıqları mənim üçün önəmsiz idi, o üzdən kabinetə göz gəzdirirdim. Özüm də bilmədən baxışlarım Sirusun arxasındakı iki metrlik portretin üzərində dayanmışdı. Bildiyiniz kimi, bu, H.Əliyevin potreti idi.
“Nədi, nəyə baxırsan?” – Sirus baxışlarımı tutub, mənə yönəlmişdi. “Elə-belə” – dedim. Sirus əl çəkmədi, gülə-gülə: “Mən səni yaxşı tanıyıram, bilirəm, şəklə baxa-baxa düşünürsən: Sirus hara, Heydər Əliyev hara?” Sonra da: “İndi sizə bunun niyəsini danışacam”, dedi. Bir az ara verib, başladı: “Bilirsiz, mən Əbülfəzin, İsanın, Pənahın acığına gedib Heydər Əliyevlə birləşdim. Vəzifəyə, pula görə getmədim. Buna görə də Heydər Əliyev hakimiyətə qayıdandan sonra onunla görüşmədim. O özü bir gün məni çağırıb soruşdu: “Hamı gəlib məndən vəzifə istəyir, sən niyə gəlib vəzifə istəmirsən?” Dedim: “Heydər Əliyeviç, mən sizə vəzifə üçün kömək eləmədim, mənə vəzifə gərək deyil”. Heydər Əliyeviç bir də soruşdu: “Axı layiq oldu-olmadı hamı məndən vəzifə istəyir, sən niyə istəmirsən?” Dedim: “Elə-belə, Heydər Əliyeviç, istəmirəm”. Heydər Əliyeviç bir də soruşdu: “Sirus, sən bunun niyəsini mənə deməlisən, niyə vəzifə istəmirsən?” Onda mən də ondan soruşdum: “Heydər Əliyeviç, olar sizə bir olmuş əhvalat danışım?” Dedi: “Danış”. “Deməli, əhvalat belədi. Özbəkistanda yaxşı döyüşkən xoruzlar olur. Bakılılar döyüşdürmək üçün bir vaxtlar Daşkənddən xoruz alıb gətirirmişlər. O vaxtlar Daşkənd-Bakı təyyarəsi gecə uçardı. Gecənin bir çağı xoruz banlayıb adamları yuxudan oyadır, yatmağa qoymurmuş. Buna görə yolçular şikayətlənirlər. Sərnişinlərin çoxsasylı şikayətlərindən sonra Daşkənddən xoruz gətirmək qadağan edilir. Bakılılar bundan sonra Xoruz gətirməyin yeni metodunu düşünüb tapırlar. O metod nə olur? Xoruzun dalına yağ çəkirlər. Xoruz bundan sonra banlaya bilmir, banlamaq istəyəndə eləcə “qıkk” eləyib qalır”. Heydər Əliyeviç bu əhvalata bərkdən, uzun-uzadı güldü. Gülüb qurtarandan sonra dedi: “İndi bildim məndən niyə vəzifə istəmirsən. Səni Mətbuat və informasiya naziri qoyuram, elə bu gün get otur yerində”. Bundan sonra mənim başqa yolum qalmadı”.
Sirusu çoxdan, “Ulduz” jurnalında işlədiyi çağlardan, tanıyırdım. Dikbaş, sözünü dik üzə deyən birisiydi. Yamanlıqlarla da barışmazdı. Özünün dediyi kimi o, “Əbülfəzin, İsanın, Pənahın acığına” gedib H.Əliyevə qoşulmuş, onunla birgə partiya yaratmışdı. YAP-ın başlıca qurucusu da o idi. Onun adını çəkdiklərinə acığını düzgün sayırdım kimi, onların acığına H.Əliyevlə birləşib ölkədə antisistem qurulmasına nədən olduğunu onun bağışlanmaz suçu sayırdım.
Bilməyənlər üçün bildirmək gərəkir: Sirus Xalq hərəkatında əməyi olan tanınmışlardan idi. Ancaq AXC hakimiyətində tək Sirusa deyil, Hərəkatda əməyi olmuş, üstün rol oynamış çoxlarına yer verilməli ikən, verilmədi. Hakimiyətdə Etibar Məmmədova, Nemət Pənalıya, eləcə də hərəkatdan çıxmış bir çox başqalarına yer verməklə, ən azı, keçid dönəmi üçün uzlaşma-koalisiya hökuməti qurmaq olardı. Bunun yerinə nə oldu? Adı çəkilən üçlük yalnız H.Əliyevin komunist-KQB komandası ilə koalisiya yaratmaqla qalmadı, daha dərinə gedərək kadrları H.Əliyevin “məsləhəti” ilə seçib yerləşdirmək yolunu tutdu.
Burada sözügedən-getməyən Hərəkat adamlarından neçəsiylə dönə-dönə öcəşmələrimiz olub, onları kimlərinsə “acığına” xalqa dönüklük etməkdə suçlamışam. Burada isə onların bir baxımdan düzgün olduqlarını vurğulayıram: onlar hakimiyətdən paylarını ummuş, ala bilməmişdilər. Umduqlarına yetməyəndən sonra dönüklük yolunu tutmuşdular. Gerçəklik baxımından yanaşsaq, yuxarıdakı “yoltutma” ilə buradakı “yoltutma” – onların etdikləri ilə bunların etdikləri oxşar kateqoriyalı görsənişlərdir. Kimlərsə bu qarşılaşdırmaya görə məni qınaya bilərlər, o üzdən belə bir fakt gətirirəm: gördüyüm bir çox dəyərli işlərə baxmayaraq, yuxarıda dediyim kimi, 93-cü il aprelin 14-də məni qanunsuz olaraq, qondarma “dövlətə xəyanət” suçlaması ilə işdən çıxardılar. Hərətkatçı, AXC-nin qurucularından idim, Mən də “acığa” gedib birilərinə qoşular, məni özlərinin cinayətkar oyunlarının qurbanına çevirən bəlli hakimiyət yetkililərindən öc almağa çalışardım. Mən bunu etmədim. Niyə? Uğrunda uzun illər çarpışma apardığım ideallara – Özgür, Demokratik Azərbaycan idealına, ona qovuşmaq istəyimə görə! Belə desək, mən başqaları kimi Xalqımdan, Ölkəmdən, Dövlətimdən deyil, özümdən keçdim. Soruşuram: bunu hamıdan gözləmək olarmı? Hamıya bu sayaq idealist ölçülərlə yanaşmaq olarmı? Sözsüz, olmaz. Hakimiyət başında olanlar, başlıcası da az-çox demokratik hakimiyətin başında olanlar daha çox politik çıxarlara, politik kateqoriyalara, politik dəyərlərə üstünlük verməklə, gərəkən güc balansı yaratmalıdırlar. Onlar nə etdilər? Onlar bir çox öncül Hərəkat yoldaşlarını görməzdən gələrək, çağın təpkisiylə dağılmış imperiya sisteminin yetirmələrinə üstünlük verdilər. Onlar korrupsioner komunist komandasıyla koalisiya yaratdıqlarını gizlətmirdilər də. Rəsul Quliyevi baş nazirin baş yardımçısı qoymuş prezident Elçibəy sonralar deyəcəkdi: “Məni sən yıxdın, Rəsul, sənin pulların yıxdı”. Gerçəkdə, Rəsulun suçu yox idi: suç tanıya-tanıya onu, onun kimiləri gətirib AXC hakimiyətində yüksək postlara çıxaranda, çıxaranlarda idi. Belə bir deyim var: canavarı ha bəsləsən də, gözü meşədə olacaq. Onlar meşə adamları, başqa sözlə, qanunsuzluq yolçuları idilər…
AXC hakimiyəti dönəmində ölkədə iki başlıca politik güc var idi: Elçibəyin bir addımlığında öz oyunlarını oynamaqla öz komandasını yaradan Ali sovet sədri İsa Qəmbər, Naxçıvanda oturub öz oyunlarını oynamaqla öz komandasını yaradan (Bakıda!) H.Əliyev. Prezident statusuna görə üstün güc yiyəsi olan Elçibəy özünün yararsız prezidentliyi üzündən gerçəkdə hansısa güc yiyəsi deyildi. AXC hakimiyətində Elçibəyin az-çox güvənəcəyi bir güc var idisə, o, “Yurd”çular idi. Onlar da çətin çağların yararlısı ola bilmədilər.
Yeri gəlmişkən, bunu mənə o çağlar yaxın olduğum “Yurd” öncüllərindən biri danışmışdı. İ.Qəmbər bir gün onu Ali sovetə çağırmış, qanunverici üstünlüklə buyurmuşdu: “Mənim bayrağımın altına keçməlisiz!”. Adam bunun baştutmaz olduğunu bildirincə, illərlə özünü xalqa demokrat kimi sırıyan, sırımağa çalışan İsa Qəmbər utanmazcasına birbaşa demişdi: “Sizi əzəcəyəm!”. İ.Qəmbərin istəyi nə idi? Elçibəyi bütünlüklə, sonunadək təkləmək. Onun Pənah Hüseynovla Arif Hacıyev başda olmaqla çox aktiv yardımçıları da vardı. Acınacaqlısı nədir? Bu adamlar elçibəyçi ritorika ilə indi də çoxlarını aldada bilirlər. Bir sıra elçibəyçilər “komandasının Elçibəyə xəyanət etdiyini” deyirlər. Faktlar isə “xəyanətin” qarşılıqlı olduğunu göstərir.
Bütün bunları niyə yazıram? Bizim Tahir bəylə bu yöndə illərlə öcəşmələrimiz, dartışmalarımız olub. O, Elçibəyi çox sevir, Elçibəyə aşırı sevgisi üzündən onun bir dənə də yanlışını, suçunu görmək istəmirdi. Bizim onunla çoxillik, mən deyərdim, bənzərsiz arxadaşlığımız yalnız bu yerdə ayrılır, barışmazlıq qazanırdı. Beləcə, sonadək o da öz dediyində qaldı, mən də öz dediyimdə qaldım. Mən xaraktercə sevgi adamıyam, ancaq mənim üçün politikada sevgi deyil, fakt önəmlidir, fakt aparıcıdır, fakta üstünlük verilməli olduğu düşüncəsindəyəm. Faktlar isə, M.Qorkinin dediyi kimi, “yaman tərs nəsnədir”.
Ortaq dostumuz yerində olmuş Sirusa yenidən qayıdıram. Sirus necə yenilməz olduğunu YAP-ın bəlli qurultayında doğruladı. YAP-da yardımçısı olan H.Əliyevin bir addımlığında Sirus qurultay tribunasından bütün ölkəyə hayqırdı: “Yeni Azərbaycan partiyası simasız quldurlar partiyasıdır!” Bu, Sirusun-əyriliklərlə barışmaz olan Sirusun! – özünə çıxardığı ölüm qərarı idi. Bunun ardınca ortaya belə bir qərarın çıxarılması doğal idi:
Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
- Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi ləğv edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
- Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 19 aprel 2001-ci il, № 470
Sirusun gerçəkçi çıxışı “ümummilli lideri” necə özündən çıxarmışdısa, o, eləcə Sirusu işdən çıxarmadı, onun başında durduğu nazirliyin özünü biryolluq çıxdaş elədi.Özü də hansı adla? “Dövlət idarəetmə strukturlarını təkmilləşdirmək” adıyla! Çıxışından göründüyü kimi, Sirfus YAP-da dövlət qurumlarının yetkinləşdirilməsini (“təkmilləşdirməsini”) istəyən TƏK adam idi. Bu baxımdan da o, YAP-dan çıxdaş edilməli TƏK adam idi, edildi. YAP-da Sirus kimi “yad elementlərə” yer ola bilməzdi-Sirus YAP-a qatılmaqla yolunu azmış düzgünlük yolçusuydu!
Bunu da yazmaya bilmərəm. İllərin birində Sirusla bağlı kəskin bir yazı yazmışdım. Acığa, onun çoxlarına bəlli olmayan soyadını yazmışdım: Sirus Zendadel. Ertəsi günü tezdən Sirus cib telefonuna zəng vurub danışmağa başladı. Xırda bazarlıq üçün həyətə düşmüşdüm. Başqa bir yandan da bir gün qabaq Rövşənlə danışmışdım: Novxanıya gedib, qum alamalıydıq. Dönə-dönə: “İndi işim var, sonra danışarıq”, desəm də, Sirus ara vermədən danışırdı. “Laldili” aldığım göyərtini, kartofu telefon qulağımda evə verdim, Sirusdan “50 saniyə” ara istəyib, Rövşəni çağırdım. Rövşən çıxdı, yola düşdük. Sirus ara vermədən danışırdı. “Laldili” qum yığdırdım, qumu bağa apardıq – Sirus danışırdı. “Mənim atam Təbrizin ən dəyərli kişilərindən olub, özü də tanınmış inqilabçı idi. Zendadel onun soy adıydı. Mən bilirəm, sən onu mənim acığıma yazmısan. Özün də birincini yazmırsan, bir neçə dəfə yazmısan. Bax, mən o kişinin oğluyam. Sənin məndən niyə xoşun gəlmədiyini də bilirəm…” Ona bir də atasının soyadını yazmayacağımı dedim. “Bundan sonra özün bilərsən, – dedi,- mən sənə atamın necə dəyərli kişi olduğunu dedim. Gör sənə nə deyirəm: mən Əbülfəzin, İsanın, Pənahın acığına gedib Heydər Əliyevlə yaxınlaşdım. İndi bilirsiz, neyniyəcəm? Səni, Tahiri, Şahvələdi, Elnur Astanbəylini, Rövşəni… sizin hamınızı bir yerə yığacam, nə olub, necə olub, hamısını danışacam. Bilirəm, siz düzgün adamlarsız, ona görə istəyirəm hər şeyi biləsiz. Mən satılmış adam deyiləm, mən nə elədimsə acığa elədim. Ancaq gördüz, sözümü də dedim-kişi kimi…”
O, bəlkə də, dayanmadan iki saat danışdı. Onda da nazir olsaydı, bezib telefonu söndürərdim. Ancaq o, çoxdan nazir deyildi. Danışdıqlarından göründüyü kimi, onda suçluluq kompleksi yaranmışdı, o belə bir kompleks yaşayırdı. Bizimlə görüşüb acılarını bölüşmək, yüngülləşmək istəyirdi. Mənim illərlə tanıdığım Sirus o deyil, bütünlüklə başqasıydı: dikbaş, söz götürməyən, gerçəkçi davranışları, çıxışlarıyla hamıya meydan oxuyan Sirus! O indi bir çağlar birilərinin “acığına” etdiyi suçun-yanlışın acısını yaşayırdı. Yaman olurmuş suç yaşantısı, suş kompleksi!
Sonra onun hansısa qəzetdə çıxışını oxudum. Ölkənin batıb-getdiyini, buna görə radikal müxalifət yolunu tutub, rejimlə savaşa başlayacağını bildirirdi.
Sonra onun Nabrandan sorağı gəldi: “ürək tutmasından” öldüyü bildirilirdi…
Telefonda dedikləri hərdən yadıma düşür, düşünürəm: “görəsən, o bizi yığıb nələr danışacaqdı”? Onu bilməsəm də, bunu bilirəm: Özünü “düz” çıxarmaq üçün saatlarla danışacaqdı. Bizə isə inanıb-inanmadığımızdan asılı olmayaraq, yalnız onu dinləmək qalacaqdı…
Tahirlə arada Sirusdan da danışar, düzgün jurnalist, ölkənin dəyərli aydınlarından biri olaraq onun itkisinə – ölümdən qabaqkı itkisinə çox acıyardıq!
Onunla arxadaş-dost olanların hamısı bilir: bu yöndə ona çatacaq kimsə yox idi. Mən özüm başda olmaqla, bizlərdəın kimsə arxadaş-dost olaraq onun yerini verə bilməzdik: obrazlı düşüncəsi-yaradıcılığıyla da, arxadaş-dost davranışlarıyla da o, gerçəkdən fenomenal birisiydi. Daş-divar hörgüsündən suvağa, bağbanlığa-üzümçülüyədək onun bacarmadığı iş yox idi: gərəkirkən hamımızın köməyinə gəlir, bizə gördüyü işi, bəlkə də, özünə gördüyündən, görəcəyindən qat-qat artıq istəklə, ürəklə görürdü. Bütün bunlarınsa bir başlıca nədəni vardı: o, olduqca böyük, dedikcə geniş ÜRƏK yiyəsi idi. Onda əski Türklüyə bağlı, əski Türklükdən gələn paylaşmaq duyğusu çox boyük idi. Əski Türk Törəsində deyilir: “Bölüşərik tox olarıq, bölüşmərik yox olarıq”. Onda elə bir oxuyub öyrənmək alışqanlığı yox idi. (Buna görə onu dönə-dönə qınamışdım). Ancaq onda anadangəlmə, ola bilsin, Tanrıdangəlmə üstünlüklər vardı. Dediyim kimi, onlardan biri də onun yüksək bölüşmək-paylaşmaz bacarığı, bənzərsizliyi idi.
Yüksək duyumuna, sözü göydə tutmaq bacarığına görə onunla biz daha çox elliptik cümlələrlə, belə desək, quş diliylə danışar, bir-birimizi bir neçə sözdən yetərincə anlayardıq. Bizi tez-tez söz savaşına çıxaracaq, aramızda sərt öcəşmə yaradacaq, kəskin polemika doğuracaq bir “qırmızı cizgi” vardı: politik baxışlarımızda üst-üstə düşməyən, uzlaşmayan bir sıra ayrılıqlar. Ancaq ideoloji baxımdan aramızda elə bir baxış-düşüncə dartışması olmurdu. Daha doğrusu, demək olar, buna gərək yaranmırdı.
Qardaşı Kamil doğma yerləri – Məngələn Ata yüksəkliyi uğrunda döyüşlərdə Şəhid olmuşdu. Biz Tahirlə Füzulidə olanda döyüş yoldaşları bizə Kamilin üstün döyüş bacarığından, igidliklərindən çox danışmışdılar. Tahirin Kamili qardaşlarının hamısından çox sevdiyini bilirdim. Hərdən yoldaşlar arasında Kamildən söz düşürdü. Belədə Tahirin üzündə igid qardaş sevgisindən doğan tutqun bir işıqlıq yaranırdı. Biz onun danışmasını, ürəyini boşaltmasını istəyirdik. Sözləri seçə-seçə, sonalaya-sonalaya, elə bil qardaşına ayrıca üstünlük qazandıracaq nəsə deməkdən çəkinə-çəkinə danışırdı. Onda Onda igid qardaşını başqa Şəhidlərimizdən ayırmaq istəməmək böyüklüyü var idi. Eşq olsun belə böyüklüyə! Bu, Ölkə sevgisiylə dolu bir ürəyin Böyük, Bütöv sevgi görsənişlərindən biriydi.
Füzulidə doğulmuşdu (Əhmədalılar köyündə), Füzulidə böyümüşdü, ancaq onun üçün ayrıca bir Füzuli rayonu yox idi: o, Güneyli-Quzeyli, “Ermənistanlı-Naxçıvanlı” Azərbaycanı bütöv görür, bütöv qavrayır, bütöv sevirdi – ondan ötrü Füzuli rayonu, olsa-olsa, o BÜTÖVÜN kiçicik bir parçasıydı. Eşq olsun belə sevgiyə! Eşq olsun belə sevgilərə!!
Ermənilər Füzuli rayonunu tutandan sonra onun rayondakı qardaşları da ailələliklə qaçqına çevrildilər. Onları bizim kənddəki evimizə gətirməsini istədim. O nə desə yaxşıdır: “Mənim qardaşlarım harda olsa adamlarla yola gedərlər, bir əmizadamız var, çox tərs adamdı, heç kimlə yola gedən deyil, onu yalnız Bahadır əmi yola verər. Bir də, – dedi -, onun iki qızı var, o qızlar üçün də sizə sığınmaq yaxşı olar”. Elə də etdi, qardşalarını deyil, qohumunu bizə apardı.
Onunla bizim kənddə çox olmuşduq. Atamla çox tez dostlaşmışdı. Atam çoxlu kitab oxumuşdu, üstəlik, atamızda da anadan-Tanrıdangəlmə bir çox gözəl, dəyərli, ona seçkinlik qazandıran özəlliklər var idi. Bu da onların tezliklə dostlaşmalarına nədən olmuşdu. Biz kəndə Tahirsiz gedəndə atamın birinci soruşduğu bu olardı: “Tahiri niyə gətirməmisiz?” Atamın qorxusu başlıca olaraq məndən idi: mənim xarakterimdəki bir sıra barışmazlıqlara görə atam nəyin üstündəsə Tahirlə aramın dəyə biləcəyindən qorxurdu. Ancaq, yuxarıda dediyim kimi, aramızdakı bir sıra baxış-düşüncə ayrılıqlarına baxmayaraq, biz Tahirlə sonadək ən yaxın arxadaş olaraq qaldıq. Bizi birləşdirən, sonadək arxadaş olaraq saxlayan hansısa özəl güdüklər deyil, ortaq Ulusal ideallarımız idi. Bu baxımdan da Tahir tək mənimlə deyil, eləcə də qardaşlarımla yaxın dost idi.
Tahirin qohumu (biz ona “Xanış dayı” deyirdik), bəlkə, onun dediyindən də artıq tərs adam idi. Az bir arada kənddə onun dalaşmadığı çox az kimsə olardı. Kənddə atama böyük sayğı olduğundan adamlar Xanış dayı ilə çox da dərinə getməz, daha çox ondan atama gileylənməklə yetərlənərdilər. Xanış dayı atamdan yaşca balaca olmasa da, atama “Bahadır əmi” deyirdi. Bir gün ondan niyə belə dediyini soruşanda onun yansıtması çox gözlənilməz oldu: “Ə, Bahadır əmi bu kənddə ən böyük adamdır”. O, olduqca doğru-düzgün, onu tanıyanların dediyi kimi, “haqqı nahaqqa verməyən” kişlərdən idi. Atam da belə tanınırdı. Onun dəyərləndirməsi də, atama böyük sayğısı da bəlli bir oxşarlıqdan qaynaqlanırdı. Ancaq, atamda Xanış dayıda, elə bir çox başqalarında da olmayan böyük demokratizm vardı.
Bir yay günü qardaşımla kəndə getmişdik. Bizim illərlə çoxlu qonaqlıqlar-yığıncaqlar görmüş Qoşadügün (Göyrüş) ağacının altında oturub çay içirdik: atam, biz iki qardaş, bir də atamızın xalası oğlu Telman. Xanış dayı gəlib yanımızdan, ikicə addımlıqdan, bizə əyri-əyri baxaraq salam vermədən keçdi. Biz başımızı buladıq, genişürəkli, gözəl könüllü atam gülümsünərək soruşdu: “Xanış niyə gəlib çay içmirsən?” Xanış dayı azca geri qanrılıb acıqlı-acıqlı dedi: “Mən Ter-Petrosyan oturan məclisdə oturmaram”. Biz qardaşımla bir-birimizin üzünə baxdıq. Telman arxayınlıqla bizə baxıb dedi: “Özünüzdən şübhələnməyin, o məni deyir”.
Sən demə, haçaqsa onların arasında otlaq üstündə dartışma-dalaşma olub. Sonralar bunu gülə-gülə Tahirə danışdım, acıqlandı: “Görürsən, məni qınayırsan, Bahadır əmi olan yerdə elə söz demək olar?! Mən gərək onu sizə aparmayaydım”. “Sən onların işinə qarışma, – dedim, – atamın xalası oğlu olduğuna baxma, Telman da dinc adam deyil”. Beləcə onu toxtatdım.
Yumorsuz ev qaramat olar. Atam başda olmaqla bizdə hamı yumoru sevirdi. Çətin dolanışıq çağlarında belə evdə incə yumor, incə gülüş olardı. Aşırı ağırbaşlı Xanış dayı yumor tanımaz, yumoru sevməzdi. O üzdən Xanış dayı olan yerdə biz də istər-istəməz özümüzü ağırbaşlı aparmalı olurduq – Xanış dayının bizdən inciməsini istəmirdik. Bircə atam bu tabudan qıraqda dururdu. Ancaq Xanış dayı bizim yığıncağımızda olanda atam da çox dərinə getmirdi. Aşırı ağırbaşlığı – xarakterinin çox ağır olması üzündən Xanış dayı üç yol evlənməli olmuşdu. Birinciylə ikinci ayrılıb getmiş, yalnız sonuncusu – Əntiqə xala ona sonadək dözmüşdü. Bu dözüntüyə görə “Qəhrəman qadın” adı vermək olardı. Üç evlilikdən onun bir yığın uşağı vardı. O biriləri evli, yanında olan iki qızı (Şahnaz, Sevan) subay idi. Onlar “Tahir əmini” çox istəyirdilər. Ola bilsin, “Tahir əminin” dadlı-duzlu yumoruna görə. Onlar istəyirdilər biz kəndə “Tahir əmisiz” getməyək. Bilmirəm, bunu qaraqabağ Xanış dayı da istəyirdimi? Ancaq bunu bilirəm: Xanış dayı çox çalışqan, əməksevər, dedikcə doğru-düzgün adam idi. Belə adamlara onların çox çatışmazlıqlarını keçmək olar. Bizim doğru-düzgünlüyü sevən atamız əməksevərliyi ilə birgə doğru-düzgünlüyünə ayrıca dəyər verməklə, Xanış dayını çoxsaylı qınaqlardan qoruyurdu. Kim bilir, bəlkə də, atamızın belə ayrıca, üstün özəlliklərinə görə Xanış dayı deyirdi: “Bu kənddə Bahadır əmidən böyük adam yoxdur”.
Başqa bir yay günü yenə qardaşımla kəndə getmişdik. Atam, anam, kənddəki qardaşım, balkonda oturmuşduq. Xanış dayı gəlişimizi eşidib görüşməyə gəlmişdi. Bizdən necəliyimizi soruşdu, qarşılıqlı olaraq biz də onun necəliyini soruşduq, Xanış dayı dərindən bir köks ötürdü, aşağı-yuxarı baxıb öz-özünə danışırmış kimi asta-asta dedi: “Allah cəbhəçilərin əvini yıxsın, Qarabağı satdılar, Fizulini satdılar, bizi əvsiz qoydular, yurd-yuvamızı dağıtdılar, çöllərə saldılar”. Hamı suçlu kimi başını aşağı salmışdı. Atam gülərək dilləndi: “Xanış, cəbhəçilərin evi yıxılsa bilirsən nə olacaq?” Xanış dayı nəsə olmamış kimi atamdan soruşdu: “Nə olacaq?” Atam: “Ev yıxılsa, altında qalacaqsan”, – dedi. Hamımız gülüşdük. Xanış dayı suçunu anlamış kimi başını aşağı salıb susdu.
Qardaşım rayonda Xalq cəbhəsini yaradanlardan idi. Özü də rayon Cəbhəsinin başında dururdu. Evini Xanış daygilə vermiş, gəlib atamgilə yığışmışdılar. Xanış dayıgil 1993-ün yayından 2000-ci ilin yayınadək qardaşımın evində qaldılar. Onlar 2000-ci ilin yayında gəldikləri yerə – Əhmədalılara qayıtdılar. Atamgildən ayrılanda ağlaşmışdılar…
Biliksiz Xanış dayının cəbhəçiləri suçlaması boşuna deyildi: o çağlar Az TV-də, ölkə içində durmadan Xalq cəbhəsini gözdən salmağa yönəlik qaralama kampaniyası aparılır, Qarabağı Xalq cəbhəsinin “satdığı” deyilirdi. Xanış dayının “Allah cəbhəçilərin əvini yıxsın, Qarabağı satdılar, Fizulini satdılar” deməsi doğma yurd-yuva itkisindən doğan yanğının beyinlərə yeridilmiş müxaniki yansıtması idi.Viktor Hüqo belə yerdə deyir: “Diktatura, despotizm dış düşməndir; bir ölkəyə soxulan düşmən o ölkənin coğrafiya sınırlarını pozduğu kimi diktatura da əxlaq sınırlarını pozur”. Beləliklə, ağ qaraya, qara ağa, doğru oğruya, oğru doğruya, düz əyriyə, əyri düzə çevrilir. Bir sözlə, ölkədə nə var baş-ayaq edilir. Sonuc asan yönətim-yalanla yönətim, aşırı ağalıq olur!
Bir gün bağda söhbətləşirdik. Atamdan söz düşdü, nəsə dediyimdə sözümü kəsdi: “Dayan, bunu sənə çoxdan demək istəyirəm: sən niyə Bahadır əmidən danışanda “rəhmət” demirsən?” Bir az susub dilləndim: “İllər keçsə də, atamın yoxluğuyla barışa bilmirəm”. Onun gözləri parıldadı, çiyinləri qalxdı, əyildi. Əlini asta-asta pencəyinin cibinə apardı. Bir siqaret yandırıb, ağır-ağır sümürdü, sonra tutqun baxışlarla haralarasa baxaraq durdu, sonra da ağır addımlarla bağa düşdü. Bağ uzunu var-gəl eləyir, nəsə düşünür, düşünürdü…
Keçən il iyunun başlanğıcında axşamüstü mənə zəng vurdu: “Təcili yardım” maşınındayam, məndən hansı modula aparılmaq istədiyimi soruşurlar. Hansına getsəm yaxşı olar?”. “Zığa get”, dedim. Zığda bir il qabaq olmuşdum, başım çəkmişdi deyə, koronadan anladığım nələrsə vardı. Onun səsi korona xəstəsinin səsinə oxşamırdı. Aradan az keçmiş ondan ikinci zəng gəldi: “Məni Gənclikdəki “Yeni klinikaya” gətiriblər”. Demək, ondan hansı modula getmək istədiyini soruşmuş, o, Zığa getmək istədiyini bildirəndən sonra onu “Yeni klinikaya” aparmışdılar. Çox danışa bilmədik: “Yemək yeyirəm”, dedi. Başıma gələnlərdən bir daha onun korona xəstəsi olmadığını düşündüm.
2020-ci ilin başlanğıc çağlarında olanlar olurdu: o çağlar koronaya yoluxmalar çox az olduğundan əllərinə keçəni yalançı “korona” diqanozu qoymaqla, çoxsaylı modul xəstəxanalara aparırdılar. Tapşırıq belə idi: xəstəxanalar dolmalıdır. Koronaya yoluxmalar geniş yayılandan sonra başlıca modul xəstəxanalara düşmək daha çox böyük pul bahasına olurdu: 3-5 min arası. Onda açıq alver gedirdi, ancaq, nəyə görəsə o çağlar o açıq alveri görüb-bilməyənlər koronaya yoluxmalar səngiyib seyrələndən sonra Zığ modulun baş həkimi ilə “Yeni klinikanın” baş həkiminin tutulmasına göstəriş verdilər. Adı çəkilən klinikanın ikisində də işlər yaxşı qurulduğundan çoxları o iki klinikadan birinə düşmək üçün 3-5 min arası pul verirdilər. Bunu bilməyən yox idi. O tutuqlamalar nəyə görə yoluxmalar səngiyib seyrələndən, xəsətəxanalar boşalmağa başlayandan sonra baş verdi – burası aydın deyil.
Öz payıma düzgünlük üçün deməliyəm: mənim Zığ modula götürülməyimdə dostların əməyi olmuşdu. Başqa sözlə, məni ora pulsuz götürmüşdülər. Bəs başqalarını? Bildiyim konkret faktlar vardı: Zığ modula da, “Yeni klinikaya” da xəstələri 3-5 min manata götürürdülər. Bunu hamı bilirdi, bircə Səhiyə nazirliyi başda olmaqla, dövlət qurumları “bilmirdi”. Mənə indiyədək qaranlıq qalan budur: onların baş həkimlərini nəyə görə pandemiya səngiyəndən, böyük pul yığımı bitəndən sonra tutdular? İndiki rejim qanunlarından çıxış etməklə, yalnız belə düşünmək olar: görünür, ortada oğurluq olub. Başqa sözlə, yuxarıya “atıblar”…
Dediyinə görə, bir gün qabaq oğlu ailəsiylə birgə Tahirgilə qonaq gəlib. Kabab bişiriblər, yeyib-içib şənləniblər, sonra da şadyanalıqla ayrılıblar. Ertəsi günü onun ürəyindən ağrı tutub. Tezyardım çağırıblar. Tezyardım onu 5 saylı xəstəxanaya aparıb. Oradan onu 1 saylı “mərkəzi” şəhər klinik xəstəxanasına – el arasında “cəlladxana”, “Semaşko” adlanan rüşvətxanaya aparıblar. Orada ona – ürəyi ağrıyan adama – koronavirus diaqnozu qoymaqla “Yeni klinikaya” aparıblar. Orada bir sıra görəcək görsənişlər baş vermişdi. Bir də, həkim resepti. Həkim resept yazmış, “bu dərmanı tapmalısız” , demişdi. Bütün Bakıda o dərmandan tapılmamışdı. Sonda dərmanın yerini, belədə çox olduğu kimi, həkim özü demişdi: “Nəsimi bazarının yaxınlığındakı aptekdə var”. Korrupsiyaya bulaşmış dövlətdə başqa dövlət qurumları sayaq səhiyə sistemi də eləcə bulaşıq içində olur. Dərman Türkiyədən gətirldiyindən on qat artıq qiymətə alındı, xəstəxanaya çatdırıldı… gərəksiz oldu! Necə də gözəl deyilib: “Öz vətəndaşına bu qədər diqqət, qayğı göstərilən ikinci ölkə yoxdur”. O hansı ölkədir? “Yeni Azərbaycan” ölkəsi! Konstitusiyadakı başqa yurddaş hüquqları kimi, bizdə sağlamlığın qorunması hüququ da var (41-ci m.). Ancaq korrupsiya repressiya rejimində bizim bütün başqa yurddaş hüquqlarımız necə qorunursa, sağlamlıq hüququmuz da eləcə qorunur: pul-para, rüşvət-satınalma yoluyla!
AXC hakimiyəti dönəmində Bakıda çoxlu boş ev vardı, ona, bir də Ağası Huna o evlərdən verilməsi üçün çox çalışdım, vermədilər. Sovet dönəmindən Teleradio verilişləri komitəsində belə bir görkü (praktika) olmuşdu. Tahirin 2-ci Alatavada çox da yararlı olmayan bir daxması vardı, sağ olsun, dəyərliyə dəyər verməyi bacaran bir iş adamı evini yenidən qurmaq üçün ona yardımçı oldu.
Son illər “Mədəniyət” qəzetində işləyirdi. Baş redaktor başda olmaqla, kollektivin qayğısı, sayğısı onu çox sevindirirdi. “Mənə, – deyirdi, – elə qayğı, elə sayğı göstərirlər, utanmalı oluram”. Kimsədən qayığısını əsirgəməyən başqalarının ona olan qayğısından utanırdı. Bu, adamlara umacaqsız yarıyan kimsələrə özgü ayrıca özəllikdir.
Kəskin ayrılan ideoloji baxışlarımıza görə o da, mən də komunist deyildik, sonadək də olmadıq. Ancaq komunistələri yamsılamaqla ona “yoldaş Abasov” deyirdim. Qızlarım balaca olan çağlarda onun ev telefonuna zəngi mənə belə çatdırılırdı: “Ata, Abbasov Tahir əmi səni telefona çağırır”. Onlar “Abasovu” da “Tahir əminin” adı bilirdilər. “Abbasov Tahir əmi” isə bütün bunları özünün dadlı-duzlu yumoruyla qarşılayır, uşaqların o sayaq adlandırmayla məni telefona çağırmaları onu güldürür, şənləndirirdi.
O, dərin, dəyərli düşüncələri, dadlı-duzlu yumoru ilə sevinərək yaşamaq üçün yaranmışlardan idi, ancaq yaşamı elə olmadı. Sözsüz, adına o “yaşam” dediyimiz bütünlüklə başqa cür də ola bilərdi. Di gəl, onda o bizim tanıdığımız, tanıdığımıza uyğun olaraq yüksək dəyər verdiyimiz Tahir Abbaslı deyil, ölkədəki yüzlərlə prinsipsiz, qədrini qursağına qurban verən bozbulanıq jurnalistlərdən biri olacaqdı. Bizdəki sağlam düşüncənin, sağlam davranışın, mənliyini qorumaqla yaşamağın alternativi budur: prinsipsizlik, qədrini qursağına qurban vermək. O, prinsiplərində dönməz birisiydi. Necə olur-olsun mənliyini qorumaq, özünün idealist dəyərlərinə sonadək bağlı qalmaq o prinsip dəyişməzliyində başlıca yer tuturdu.
2.03.2022.