Soylu Atalı Gərəkən Xatırlatma

Hələ Birinci Dünya Savaşı sonrası, yəni Osmanlının çökməsi ilə Türkiyənin qurulması çağlarında Azərbaycanı Bolşevik Rusiyası işğal etdi. Başqa sözlə, Azərbaycanın işğalından 3 il sonra Türkiyə Cümhuriyyəti quruldu. Bu gün bəzi antitürk ünsürlər iddia edirlər ki, Atatürk Azərbaycanı o çağlar Leninə satdı. Kökündən yalandır, Atatürkə də, türklüyə də böhtandır. Ağır, yoxedici savaşdan zorən qurtulan gənc Türkiyə Cümhuriyyəti (söhbət Birinci Dünya Savaşından, eləcə də, Türkiyənin qurulması çağlarında Birinci Dünya savaşının uzantılarından gedir) sovetlər imperiyası ilə savaşa girə bilməzdi. Girsəydi Türkiyənin özü bolşevik imperiyasının işğalına uğrayardı. Bir sözlə, Azərbaycan işğal olundu. Sovet imperiyası antitürk güclərin yardımı ilə Türkiyə Azərbaycan arasında Azərbaycan torpaqları hesabına Ermənistan adlanan ələbaxan, yağı bir dövlət qurdu. Bununla da, sovetlərin dağılmasına qədər, Türkiyə nə Azərbaycanla, nə də başqa Türk Respublikaları ilə hər hansı bir ilişki qura bilmədi. Türkiyə özü başqa güclərə dayanaraq özünü Sovetlər İmperiyasının basqısından qorudu. Mən niyə biraz öncəyə gedib bu cümlələri yazdım, çünkü bu günkü çağımıza əslində o vaxtdan baxmaq gərəkdir. Bu günkü durumumuzda alınan-alınmayan məsələlər o dövrün uzantılarına görədir.

Sovetlər dağılandan sonra Yeni Türk Birliyinin yaranması üçün uğurlu ortam yarandı. Ancaq nə yazıqlar, Türk dövlətlərinin yönətimində olan insanlar özgür, bağımsız öndərlər deyildilər. Başqa güclərin çıxarılarına uyğun politikalar yürütmək zorunda idilər. Bu gediş isə yaranmalı olan sağlam Türk Birliyini bir çox illər dala atdı.

Sovetlərin dağılmasından 30 il keçdi. Ancaq hələ də arzu olunan Türk Birliyi qurulmayıb. NATO kimi, KTMT kimi dünyəvi birliklərin etkisində olan Türk dövlətlərinin Böyük Birlik yönündə diplomatiya sürdürmələri olumsuzdur. Yaxın illərdə gözlənilmir də. Biz istəsək də, istəməsək də gerçəklik budur.

Bir il öncə Azərbaycanda başlayan vətən savaşı bir çox mətləbləri aydınlatdı. Öncə onu deyək, xalqın özünə güvəncində donmuş buzlar hardasa əridi. İnsanlarımız şəhidlik zirvəsinə ucalıb vətənin böyük bir kəsimini işğaldan qurtardı. Ancaq sonuc ürəkaçan olmadı. Bəlli oldu ki, bu savaş Rusiyanın razılığı ilə, Rusiyanın istədiyi koşullar (şərtlər) altında Rusiyanın istədiyi yerə qədər sürdü. Doğrudur, burada Türkiyə ilə Pakistan da Azərbaycana diplomatik yardımlar göstərdilər. Türkiyənin PUAları düşməni yenməyimizdə bənzərsiz qatqılar göstərdi. Belə də olmalı idi. Türkiyə-Azərbaycan bir varlıq, bir candır. Ancaq bir daha vurğulayıram, Türkiyənin Azərbaycanda varlığı Rusiya ilə eşit düzeydə belə deyil. Başqa bir yandan, Türkiyə Azərbaycanda təmsil olunduğu NATO güclərinin istədiyi qədər var. Yalnız bağımsız Türkiyə ilə bağımsız Azərbaycanın iç-içə olması, Birlik yaratması alına bilər. Bu bağımsızlıqlar nə vaxt yaranacaq?! – Bunun tezliklə olacağını demək çətindir. (Ancaq qaçılmazdır).

Bununla belə, Türkiyədə Azərbaycan sevgisi, Azərbaycanda Türkiyə sevgisi var, ancaq bütövlük hələ yaranmayıb, yaranmalıdır. Bizim, Türkiyə-Azərbaycan olaraq, başqa yolumuz da yoxdur!

 

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv