Xaliq Bahadır Londonda baş verənlər

Belə bir deyim var: itik bir yerə gedər, güman min yerə. London Azərbaycan elçiliyinə bir qrup azğın dinçinin saldırısı çox keçmədən çoxlu versiyalar doğurdu.
Bir qrup qarageyimli-islamçı əliyalın olaraq çox asanlıqla Azərbaycan elçiliyində, belə desək, hakimiyəti ələ keçirdi. Sonra da azacıq, ötəri olsa belə dirənişlə qarşılaşmadan üçboyalı Azərbaycan bayrağını çıxarıb, yerinə qara islam bayrağını asdılar. İngilis polisi nəyə görəsə soyuqqanlı izləyici rolunda idi- bunu anladıq. Bəs Azərbaycan xalqının-Azərbaycan vergiverənlərinin pullarıyla  diplomatik korpus adına illərlə kef çəkən “məmur” yığını harda itib-batmışdı? “Hərbi attaşesi”, “mühafizə xidməti” haralarda gün keçirirdi? Biz diplomatiyamızın korrupsioner rejim diplomatiyası olduğunu, diplomatik korpuslarımızın olduqları ölkələrdə diplomatik işlərdən qat-qat artıq başqa dolaş-bulaş işlərlə uğraşdıqlarını çoxdan bilirik. Azərbaycan elçiliklərinin bayrağı ilə birgə ən birinci içindən qorumasız olduğunu da bildik. Burası dövlətçilik baxımından olduqca önəmli görsənişdir.
Qarabağda 18 yaşında gənclərimiz Bayrağımız uğrunda gözlərini qırpmadan ölümə gedirkən, Londonun ortasında, elçilik binasında, xalqın puluyla illərlə kef çəkənlər əliyalın azğınların bayrağımıza saldırısı qarşısında qorxaqcasına dabanlarına tüpürüb qaçırlar.
Kimsə cəzalandırılacaqmı? Yox! Cəzalandıracaqlarının yerinə göndərəcəkləri dəyərli kimsələr varmı? Yoxdur! 29 ildə yetişdirdikləri belələridir!

Versiyalar
Çoxlu versiyalar oldu. Doğaldır. Göz önündə baş verən olayla bağlı az-çox düşünmək, gördüyünü analiz etmək bacarığı olanların hamısının hansısa versiya ilə (versiyalarla) çıxış etmək hüququ var. Burada pis olan nədir? Biriləri əlində bir dənə də fakt olmadan yalnız özünün versiyasını düzgün sayır, başqalarının versiyalarını ələ salıb dışlamaqla, yalnız öz versiyasını düşüncələrə yeritməyə çalışır. Sonra da demokratiyadan dəm vururlar. Sən yalnız əlində tutarlı faktlar olurkən başqa versiyaları dışlaya bilərsən. Aradan üç gün keçməsinə baxmayaraq, indi də ortaya elə bir fakt qoyulmayıb.
Mən ilk baxışdan İran vesiyasını irəli sürmüşdüm. İkinci gün daha bir versiya irəli sürdüm: ingilis versiyası. Üçüncü versiyanı bir neçə gün gözləmək istəyi ilə ürəyimdə tutmuşdum. İndi, üç gün sonra, onların üçündən də danışmaq olar.

  1. İran versiyası. Bu versiya özünü indidən doğrultmaqdadır: saldırını düzənləyənlər arasında Qum yetirmələri var. Tək elə bu fakt İran verisyasını doğrulamağa yetərlidir, qalanı olayı araşdıracaq görəvlilərin işidir. Olay yerində 8 saldırğanın tutuqlanması düzgün sorğulama olarsa, çox qaranlıqlara aydınlıq gətirə bilər.
  2. İngilis versiyası. İngilislər müsəlman ölkələrində islamın ayrı-ayrı qollarının (təriqətlərinin) yayılmasında aparıcı rol oynayırlar. Özünün kolonialist ideyalarına bağlı qalan ingilis dövlətinin son yüz ildə bu baxımdan ən kəsərli, eləcə də ən əlverişli yarağı islam olub.
  3. Səudiyə Ərəbistanında kökcə ərəb olmayan indiki Səudlar hökumətini yüz il qabaq ingilislər qurublar. İran şahı Məhəmməd Rza böyük neft pullarına arxalanaraq İranı sosial-ekomomik baxımından gəlişdirib qabacıl sənaye-texnologiya ölkəsinə çevirməkdə idi. İngilis kökənli Xomeynini “imam” adıyla qabağa verməklə çevriliş yoluyla ölkədə islam rejimi quruldu. Bu rejim çağdaşlaşma yolunda olan İranı keçib gəldiyi keçmişin dibinə atdı.

1993-cü ildə Azərbaycandakı hakimiyət çevrilişində, indiki çoxillik Əliyevlər hakimiyətinin qurulmasında ingilislər başlıca rol oynamışdılar- bp-nin birbaşa qatqısıyla.
İngiltərənin keçmiş baş baxanı, Böyük Orta Doğu Projesinin indiki başqanı Toni Bleyer deyir:”B.Britaniya son 20 ildə Orta doğuda kəskin sorunlarla üzləşib. Biz vəhabi ideyalarını daha çox yayaraq, siyasi islam düşüncəsinin qarşısını almaq qərarına gəlmişik”. Açıqgözlü oxucu görməyə bilməz: Azərbaycanda vəhabiliklə fars şiəliyi (şühubilik) yanaşı yayılmaqdadır. Azərbaycan elçiliyinə saldırı düzənləyənlərin baş qurmayı isə, bəlli olduğu kimi, Londonda yerləşir.
AŞPA-nın bütün yığıncaqlarında Qross kimi düzgün, alınıb-satılmaz deputatlar Əliyevlər hakimiyətini antidemokratiya yolu tutmaqda suçlayırkən ingilis deputatlar Putin, Ərdoğan deputatlarından daha böyük enerjiylə bu hakimiyəti savunmağa qalxırdılar.
Azərbaycanda 2013-cü il prezident seçkisini izləyən ATƏT müxalifətin seçkidə 58 faiz səs topladığını bildirmişdi. İngilis deputat Robert Valter bu sonucu baş-ayaq çevirməklə İ.Əliyevin 85 faiz səs topladığını söyləmişdi. Beləliklə, AŞ PA-da ATƏT-in deyil, İngiltərə hökumətinin qərarı keçərli olmuşdu.
1993-dən bu yana ingilis kolonial politikası Azərbaycanda böyük uğurla gerçəkləşməkdədir. Bütün prezident seçkisi öncələri Əliyevlərin istər ingiltərədə, istərsə də Amerikada başlıca propaqanda tezisləri bunlar olub: “Bizə arxa durmasanız Azərbaycanda millətçilərlə islamçılar hakimiyətə gələcək”. Ardıcıllıqla aşındırılan təhsil sistemi özü ilə birgə millətçilik ideologiyasını da aşındırıb. Başqa bir yandan, ardıcıllıqla aşındırılan təhsil sistemi din fanatizminin az qala bütün ölkəni bürüməsinə gətirib çıxarıb.
Ölkəyə gələn milyardlarla dollarlıq gəlirin korrupsiyaya uğraması üzündən, eləcə də işsizliyin, ardıcıl qiymət artımlarının yaratdığı yoxsulluqdan çıxış yolu kimi xalq üzünü dinə çevirməli olur. Bu isə istər içdə, istər dışda əlbir olan antimilli güclərin çox istədiyi görsənişlərdəndir. Gerçəkdə onların çox qorxduqları, adını belə eşitmək istəmədikləri ulusalçılıq-millətçilikdir.
Londonda baş verənlər nələrsə əldə etmək üçün eləcə uyarı xarakterli qorxutma da ola bilər…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv