XALİQ BAHADIR Mirzələrimizin Mirzəsi (oxumuşlarımızın oxumuşu)

 

Mirzə Cəlil yazırdı: “Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.
Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”.
Mirzə Fətəli (1812-1878) 19-cu yüzildə, Mirzə Cəlil (1869-1932) 19-cu yüzillə 20-ci yüzilin arasında yaşadı. Onların ikisindən də öyrənəcəyimiz çox nəsnələr var- bizi aydınladacaq-işıqladacaq, gələcəyə aparacaq nəsnələr.
Öyrənmək üçün oxumaq gərəkdir, biz isə oxumaqdan qaçırıq. Elə bil bizim üçün “çox oxuyan çox bilər” deyil, “çox oxumayan çox bilər” düşüncəsi daha keçərlidir.
Baxırsan, biriləri tariximizi ələk-vələk eləyir;araşdırma üçün deyil, özünün düşük düşüncəsinə yaraşdırmaq üçün. Başqa sözlə, qaralamaq, gözdən salmaq üçün. Nə qananlıq, nə duyarlıq: ona yarlıq, buna yarlıq.
“Babək dinimizə qarşı vuruşduğu üçün o mənim qəhrəmanım ola bilməz”. Bunu deyən partiya başçısından soruşmaq gərəkir: Babək hansı yüzildə yaşayıb, sən hansı yüzildə yaşayırsan? 21-ci yüzildə sənə “doğma” olan din 9-cu yüzildə ərəbin qılıncı ilə yayıldığı üçün Babəkə yad olmaya bilməzdi.
Elə o partiya başçısı (“demokrat partiyası”) tarixdəki bir çox ünlülərimizi qaraladığı kimi, Mirzə Fətəlini də qaralayır: sən demə, Mirzə Fətəli “rusun əlaltısı” imiş. Bu bir partiya başçısına, daha çox da “demokrat” adlanan partiyanın başçısına azacıq da yaraşmayacaq yanlışdır. Gerçəyə qalsa, bu, az-çox oxumuş istənilən kimsəyə yaraşmayacaqyanlış yanaşmadır.
Bugünlərdə sosial şəbəkədə Mirzə Fətəliyə “əxlaqsız” damğası vurulduğunu da gördük. Bir də nə gördük? Belədə çox gördüklərimizin birini: böyük susqunluq. Kimlərsə belələrinə qarşılıq verməməyə, onları paylaşıb tirajlamamağa çağırır. Onda, bizim dəyərlərimizi qorumaq borcumuz hara getdi? Bir də, sənin ortada olanı görməzdən gəlməyin nəyi dəyişir?
Özünü “inanclı” gözündə görənlərin Mirzə Fətəlini yamanlamasını anlamaq olar: axı, onlar Mirzəni “dinsiz” sayırlar. Görünür, belə düşünənlər təkcə “inanclı” bürüncəyinə bürünənlər deyil.
Yeri gəlmişkən, bizdə son illər geniş yayılmış bu “inanclı” sözünün üstündə  azacıq da olsa dayanmaq gərəkir. Göründüyü kimi, bizdə kişili-qadınlı şəriət düzəni ilə yaşayanlara“inanclı” deyilir. Sözün kökündə “inanmaq” anlayışı dayanırsa, bu ayrımçılıq nə deməkdir?
Biz “inanclı” sözünü daha çox müxalifətçilərdən eşidirik. Onlar yaxından-uzaqdan dinlə uğraşanlara “inanclı” deyirlər. Onların “inanclı” dediklərinin bir çoxu sonradan “İranın adamı” çıxıb. Gerçəkdən “Vətən sevgisi imandandır”sa, vətənsizliyin adamı olmaq nə deməkdir?
Qadınlı-kişili çoxlu müxalifətçi tanıyıram, düzgünlük yolu tutaraq şərə boyun əymədikləri üçün doğmaları-yaxınları ilə birgə illərin uğursuzluqlarını yaşayıblar, yaşayırlar. Ən böyük, ən dopğru inanclılar, bax, belə alınıb-satılmaz kimsələrdir. Hansısa dinlə uğraşmaq, oruc tutmaq, namaz qılmaq istənilən kimsənin özəl işidir. Şərə qarşı durmaq, şərlə barışmamaq, ona dirəniş göstərmək, onunla çarpışma aparmaq- budur ən böyük inanclılıq! Bu inanclılığın böyüklüyü, üstünlüyü onun toplumsal özəlliyində, başqa sözlə, hamıya yararlı, hamıya gərəkli, hamıya dəyər qazandırmaq güdüyündə, amacındadır.
Mirzə Cəlil yazırdı: “Gözlərimi açandan dünyanı qaranlıq görmüşəm”. Mirzə Cəlildən çox illər öncə dünyaya göz açmış Mirzə Fətəli o qaranlıq dünyanı çoxdan yaşamaqda idi.
Mirzə Fətəli qaranlıq yağısı, işıqlıq yolçusu idi. Mirzə Fətəlinin inancı işıq idi, işıqlıq idi. O öz inancının yalnız yolçusu deyil, eləcə də carçısı, başqa sözlə, yayıcısı-missioneri idi.
Mirzə Fətəli demokrat bilgiyayar (ərəbcə- marifçi) idi.
Babəkin əlində qılınc olan Mirzə Fətəlinin əlində qələm olmuşdu.
Qılıncın qələmə, qələmin qılınca dönüşdüyü dönəm idi. İkisində də amac bir idi: işıqlığa çalışmaqla aydınlığa varmaq.
Babəkin güvəni, arxa-dayağı ölkəsi ərəb işğalına uğrasa da, düşüncəsi ərəb işğalına uğramayan yurddaşlar-ölkədaşlar idi.Ötüb keçən yüzilliklər Mirzə Fətəliyə elə bir olanaq, elə bir şans saxlamamışdı. O yalnız çiyinləri üzərindəki epoletlərə güvənə bilərdi.
Mirzə Fətəli gerilik qaranlığında qalmış ulusunu işıqlığa çıxarmaq üçün gecə-gündüz çalışır, çalışır, çalışırdı. Ə.Haqverdiyev “Mirzə Fətəlinin faciəsi” yazısında deyir: “1849-cu ildə canişin Vorontsovun əmrilə Tiflisdə teatr binası tikildi. Erməni, gürcü, Azərbaycan dilindəteatr əsərləri yazmaqçün canişin 3 komisyon yaratmaq əmri verdi. Erməni, gürcü komisyonları tezliklə işə başladı, Azərbaycan komisyonunda işləməkçünsə M.Fətəlidən başqa bir adam tapılmadı. Bu da bir faciə…”. O çağlar Tiflisdə, bəlkə də, gürcülərdən, ermənilərdən çox azərbaycanlı yaşayırdı. Ancaq… Mirzə Fətəlidən başqası…tapılmamışdı! Gerçəkdən faciə idi…
Mirzə Fətəli qollarını çırmayıb, 1850-1855-ci illərdə arda-arda altı komediya yazmışdı. Ancaq… o komediyaları ortaya çıxaracaq bir toplum olmamışdı. Komediyalarında o, qadınlı-kişili geriçi düşüncəmiz-davranışlarımızla bizi özümüzə göstərib deyirdi: bəsdir qaranlıq içində qaldığınız, yata-yata yamangünlü olduğunuz, ayılın, oyanın, oxuyub öyrənməklə sizi yüzillərlə geridə qoyan uluslara çatmağa çalışın.
Mirzə Fətəli soydaşlarının qaranlığa bürünmüş geriliyinə acıyırkən, onlar da onun “dinsizliyindən” doğan qabaqcıllığına acıqlanırdılar.
Tək Azərbaycanda deyil, bütün Yaxın Doğuda dramaturgiyanın ilk yaradıcısı olaraq tanınan Mirzə Fətəli komediya janrına nə üçün üstünlük verdiyini belə açıqlayırdı: “Pis iş görnəyə adət etmiş insanın təbiətinə kritika üsulu ilə yox, atacasına və mehribancasına yazılmış moizə və nəsihət heç vaxr təsir etməz. Həmişə nəsihət və moizə oxumaqdan iyrənən insan təbiəti kritika oxumağa hərisdir. Ümid edirəm ki, öz əsərlərinizi göstərdiyim əsaslara uyğun tamamlayacaq və bu yolla millətəbirxidmət etmiş olacaqsız.Buyolla yeniyetmələrə, istedadlı gənclərə öyrədəcəksiz ki, gələcəkdə bu fənnin millətimiz arasında şöhrəti ucalsın” (Mirzə Mülküm xana məktubundan).

 Reformist Mirzə Fətəli

 Oxuyub öyrənməklə qabaqcıl Avropa düşüncəsini mənimsəmişdi. Avropanın ardıcıl reformalar yoluyla öncül düşüncə lokomotivinə dönüşdüyünü bilirdi. Qabaqcıl Avropa düşüncəsiylə bağlı bilgiləri ona dinclik vermir, içində olduğu qaranlıq ortamın işıqlığa çıxması üçün durmadan çalışır-çabalayır, əlindən gələni edirdi. Qaranlıq coğrafiyasının  genişliyi, dərinliyi üzündən əlindən gələn çox az nəsnə olurdu. Demək olar, bütün Asiya, bütün Doğu dünyası böyük bir qaranlıq içində idi. Üzləşdiyi çətinliklərin başlıca nədənlərindən biri bu idi: qaranlıq coğrafiyasının genişliyi, genişliyin doğurduğu dərinliyin dibsizliyi.
Qaranlıqdan çıxış yolu olaraq İrana, Türkiyəyə üz tutur, dövlət düzəyində danışıqlar aparır, bölgənin iki böyük Türk dövlətini reformalar yoluna yönəltməklə onların Avropa tipli üstün bilik-kültür dövlətlərinə dönüşmələrinə çalışırdı. Başlanğıc olaraq əlifba reformasını önə çəkir, bir çox çətinlikləri ilə tanınan ərəb abesindən Türk dilinə daha yaxın olan latın abesinə keçmək çağırışlarında bulunurdu. Nə yazıqlar, onun gəlişməyə, qabaqcıl düşüncəyə yönəlik bütün çağırışları göydən asıla qalırdı.
Geriçi düşüncənin, nadanlığın dövlət düzəyində geniş yayılması, dövlətin dərin qatlarına işləməsi Osmanlını da, Qacarlar dövlətini də çıxmaza gətirib çıxarmışdı. Osmanlı dövləti də, Qacarlar dövləti də gələ-gələ aşınıb kimyasını dəyişmişdi: Osmanlı dövləti ərəbləşmiş, Qacarlar dövləti farslaşmışdı. İslamın “göydə Allah, yerdə padşah” buyruğu öz işini görmüş, milyonlar Allahın quluna, padşahın köləsinə dönüşmüşdü. Toplumsal yenilgənlik psixolojisi, böyük çoxluğu bütünlüklə sarmış “Allah bilər” düşüncəsi dinclik dolu sınırsız ağalıq doğurduğundan,padşahlar dövlətdəki dəyişməz durğunluğuhansısa irəliləyişə gətirəcək ən yüngül reformadan belə üstün tuturdular.Onlar,- aşağı-yuxarı bütün dövlət adamları,- ən başlıcası,xalqı cənnət nağıllarıyla yuxuya verən, “göydə Allah, yerdə padşah” söyləmələriylə sürüləşdirən din böyükləri ilə birgə bu dünyada gerçək cənnət yaşamı yaşayırdılar.
O gözəl cənnət yaşamı Mirzə Fətəlidən çox sonralara, ta 20-ci yüzilin ilk onilliklərinədək sürəcəkdi. Ardıcıl reformalar yoluyla bilim-texnologiya baxımından çox qabağa getmiş Avropa İngiltərə başda olmaqla, onları- Osmanlını da, Qacarları da- bir gün başıaşağı tarixin zibilliyinə tullayacaqdı.
Gərəkən əkləmə. Aradan iki yüz il keçib, dəyişmişik? Yox. Başqa bir Mirzəmiz- Sabir deyən kimi: “Necə görmüşsə də Nuh öyləcədir”. Ya da: “Şimdi hamanız”. İndiki dillə desək, onda necəydiksə, indi də eləyik. “Bizi gömdü yerə minbərdəkilər”. Ancaq tək yox, özgüdükçü, başıboş dövlət başçıları ilə birlikdə. Avropa-Batı ardıcıl reformalar, bir-birindən demokratik seçki yoluyla durmadan qabağa getdi, gedir. Bizdə nə baş verir? Yalançı seçkilər, yalançı “islahatlar”. Sonunda yalana bürünmüş gerilikçi toplum, yalan içində, oğurluq-korrupsiya ortamında çürüyən dövlət. Bu baxımdan biz çox böyük öyünc duyğusuyla özümüzü Osmanlı ilə Qacarların son dönəm torunları-yetirmələri yerində görə bilərik. Ancaq ərdoğansayağı o öyünc duyğusu (“biz Osmanlı torunlarıyıq”) ilə yanaşı,gərək arada poetik Mirzəmizi də oxuyaq: “İstiqbalımız lağlağıdır”. Başqa sözlə: gələcəyimiz… uruscadır!
Böyük Mirzə Fətəli uşaq kimi əlimizdən tutaraq bizi düşdüyümüz, uğradığımız qaranlıqdan işıqlığa çıxarmaq, aydın gələcəyə yönəltmək, aparmaq istəyirdi, bizsə uşaq dirənişiylə də deyil, uzunqulaq dirənişiylə ona qarşı çıxır, onun əlindən qurtulmağa, ondan uzaq olmağa çalışırdıq…
Görünür, doğrudan da tarix nəyisə öyrətmir.  Daha doğrusu, biz tarixdən nəsə öyrənmirik. Istər birey, istər toplum, istərsə də dövlət olaraq.
Batı (Avropa) yüz illər öncə yalnız politik, sosial-ekonomik reformalara getmədi, eləcə də dinləbağlı reformalara getdi.Avropa dini dövlətdən, dövlət işlərindən büsbütün uzaqlaşdırmaqla sxolastik baxışlar sistemini dövlətə, dövlətçiliyə ayqırı sayaraq onunla biryolluq üzülüşdü. Bu kəskin dönüş Avropa dövlətlərini birdən-birə on illərlə irəliyə atdı. Bizdə (Doğuda) yolsuz, başqa sözlə,oğru-korrupsioner dövlət başçıları bu gün də dindən hakimiyəti əldə saxlama aləti olaraq yararlanırlar…
Böyük Türk ölkəsi olan Rusiya tarixdən öyrənmədiyi, öyrənmək istəmədiyi üçün bugünkü yenilgənlik, bugünkü dağılma durumundadır. Ucsuz-bucaqsız, doğal qaynaqları tükənməz “matuşka” Rusiyanı yaman günə qoyan başsız dövlət başçıları qanmazcasına imperiya illüziyalarına qapılaraq dövləti qabaqcıl ideyalarla gəlişdirib gücləndirmək yerinə, ordu gücünə coğrafiyasını daha da genişləndirmək yolu tuturlar. Bu isə bir filmdə deyildiyi kimi: “məbədə aparan yol deyil”.
Biz tarixdən örənmirik, öyrənə bilmirik, öyrənmək istəmirik. O üzdən gücümüzü itirmişik, itiririk.
İngilislər tarixin ən başarılı öyrənciləridir. O üzdən ingilis gücü tükənməz, ingilis dövləti yenilməzdir.
Böyük, uzaqgörən Mirzə Fətəlinin komediyalarında acı gülüş obyektinə çevirdiyi qadınlı-kişili bir-birindən biliksiz, bir-birindən geri düşüncəli, bir-birindən qanmaz-nadan- bütün bunlara görə vurdumduymaz personajların prototipi olan geniş kütlə Türkiyədə Osmanlı, İranda Qacarlar dövlətinin devrilməsinə, başqa sözlə, göydəki Allahın yerdəki padşahının yerlə bir edilməsinə (özü də “kafirlərin” əliylə!) soyuqqanlı baxaraq duracaqdı. Nəyə görə? Osmanlıda dövlətin başında duranların ərəbləşərək Türklükdən üz döndərməsinə, Qacarlarda dövlətin başında duranların farslaşaraq Türklükdən (Türklüyündən-özlüyündən!) uzaqlaşmasına, birincidə də, ikincidə də Türklərin- dövləti oluşduran etnosun!- yad bir varlıq kimi aşağılanıb dışlanmasına görə! Osmanlını da, Qacarlar dövlətini də oluşduran bir etnos idi:Türk-Oğuz etnosu. Yuxarılarda baş verən sonrakı aşınmalar-uıusal kimliyin itirlilməsi faktı başqa bir fakta, dövlətlə dövləti oluşduran varlıq arasında dərin uçurum yaranmasına gətirib çıxarmışdı.
Burasını dönə-dönə vurğulamaq gərəkir: Osmanlı dövlətini də, Qacarlar dövlətini dəsoy-kökü bir Türkiyə Türklüyü ilə Azərbaycan Türklüyü qurmuşdu. Başda duranların biliksizliyi, qanmazlığı-nadanlığı üzündən dövlətquran etnos ikisində də dövlət hakimiyətindən-dövlət yetkisindən, demək oloar, bütünlüklə uzaqlaşdırılmaqla dövlət içində dövləti dağıtmağa yönəlik ANTİSİSTEM oluşmuşdu. Osmanlı dövlətində ərəbliklə ermənilik, Qacarlar dövlətində farslıqla ermənilik başlıca dağıdıcı faktor rolunu oynayırdı.
Yeri gəlmişkən, 19-cu yüzildə Doğunun ən öncül düşüncə ərlərindən olan Şeyx Cəmaləddin Əfqani (1838-1898) də Mirzə Fətəli kimi düşünür, deyirdi: “Dövlətin gücü ədalətindən, millətin diriliyi elmindən asılıdır”. Ərəbistandan Tatarıstanadək bütün islam dünyasında reformist din adamı olaraq tanınan Şeyx Cəmaləddin islamın başlıca qurallarından birinə qarşı çıxaraq “milləti ümmətdən üstün” sayırdı. Əfqani Güney Azərbaycan Türkü idi, Əfqanıstanın Baş baxanı, Qahirə universitetinin professoru, ünlü “Ərəbi-paşa” qalxımının (üsyan) başçılarından olmuşdu. Günsəlliyini indiyədək itirməmiş bu dəyərli sözləri də o demişdi: “Getdim Avropaya islam gördüm, müsəlman görmədim. Gəldim Doğuya müsəlman gördüm, islam görmədim”. Şeyx Cəmaləddin Əfqani bu sayaq orijinal düşüncəsinə- çağını çoxqabaqlamış baxışlarına görə… İstanbul türməsində öldürülmüşdü…

 Onun ikinci doğuluşu

 Güney Azərbaycanın Xamnə köyündə doğulmuş Fətəli Şəkidə, ana babası Hacı Axund Ələsgərin yanında böyümüşdü. Babası onu da özü kimi ruhani görmək istədiyindən mədrəsəyə qoymuşdu. Sözsüz, mədrəsədən başlayan yol Fətəlini ölkəmizin din böyüklərindən biri kimi yetişdirəcəkdi. Ancaq, elə olmadı.
Mədrəsədə çoxluqdan seçilən qabaqcıl görüşlü bir xoca vardı: gözəl qoşuqları ilə sonralar Avropada belə tanınan Mirzə Şəfi Vazeh. Mirzə Şəfinin öyrənciləri çox idi. O balaca çoxların arasında yaşından böyük düşüncəsiylə başqalarına-yaşıdlarına bənzəməyən birisi vardı. Onun adı Fətəli idi. Bir gün Mirzə Şəfi ona yaxınlaşıb soruşdu:

  • Böyüyəndə nə olmaq istəyirsən?

Balaca düşünmədən bildirdi:

  • Böyüyəndə ruhani olmaq istəyirəm.

Mirzə Şəfi onu-başqalarından düşüncəli baxışlarıyla seçilən öyrəncisini qayğılı gözləriylə süzüb, soruşurmuş kimi dilləndi:

  • Fətəli, sən də riyakar və şarlatanmı olmaq istəyirsən?

Ayrıca qayğıyla deyilmiş bu bir neçə söz balaca Fətəlinin Böyük Mirzə Fətəliyə dönüşməsi üçün bütünlüklə bəs etdi. Beləcə, kiçicik bir anlatmadan dünyalarca işıqlı böyük yaradıcı, çağını çox ötüb keçmiş qabaqcıl düşüncə Əri doğuldu!

 Yenilik girişimləri, yenilik dirənişləri

 Füzuliyə qarşı çıxırdı, ancaq bu, tanrısal Füzuli poeziyasına görə deyildi: ola biməzdi Mirzə Fətəli kimi duyğusal birisi Füzuli poeziyasına, Füzuli poetikasına qarşı olsun. Mirzə Fətəlinin istədiyi özülünü qoyduğu, gəlişməsinə çalışdığı realist ədəbiyatın, epik janrın başlıca yaradıcılıq işinə çevrilməsi idi. Yerindən duranın şeir yazmağa cumduğu, lirik janrın bütün ədəbiyatı sardığı ortamda Füzuliyə qarşı çıxmaq sözün gerçək anlamında füzulluğa (füzulluq-boşboğazlıq, naqqallıq) qarşı çıxmaqdan özgə nə ola bilərdimi?!
Mirzə Cəlil yazırdı:”Mirzə Fətəlinin günahı əsrinin əhli-imanlarının gözündə sonsuz imiş,səbəb budur ki, o əl vurduğu məsələlərin hamısından “qan qoxusu” gəlirdi”. Onlardan biri din, o birisi qadın sorunu idi. Mirzə Fətəli sonadək dinin doğurduğu cəhalətlə çarpışdı. Mirzə Fətəlidən sonrakı yüzillikdə Atatürk deyəcəkdi: “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”. Atatürkdən az qala yüz il qabaq Mirzə Fətəli bu gerçəyi anlamış, ən qorxulu düşmən olaraq onun aradan qalxmasına çalışmışdı. Buna görə onu “dinsiz” sayır, “kafir” adlandırırdılar. Yeni yaradılan avtomobildən yeni yaradılan uçağa, telefonadək bütün texnologiyaları “Allaha asilik”, “kafir işi” adlandıran din böyüklərinin o texnologiyalardan gözünüzün qabağında necə yararlandıqlarına baxın: günü bu gün də gerilik içində-düşüncə qaranlıqğında saxladıqları milyonları aldatmaqla əldə etdikləri pullarla bahalı maşınlarda gəzir, bahalı uçaqlarda uçur, bahalı telefon gəzdirirlər. Onlar sonadək bilimin, kültürün, texnologiyanın gəlişməsinə çalışmış Mirzə Fətəlini, Mirzə Fətəli kimiləri günü bu gün də “dinsiz”, adlandırır, “kafir” sayırlar. M.Ə.Sabir bu yerdə deyirdi:

Zahida, gəl soyunaq bir kərə paltarımızı,
Çıxaraq zahirə batindəki əfkarımızı.

Mirzə Fətəlinin yaradıcılığı bütünlükldə geriçi düşüncə ilə-cəhalətlə barışmaz-dönməz çarpışma örnəyidir.Biriləri onun yaradıcılığını, başlıcası da komediyalarını göz altına alıb “xalqı aşağıladığını”  deyirlər. Ancaq bilərəkdənmi-bilməyərəkdənmi orasını unudurlar: o özündən nəsə quraşdırmır, nələrsə toqquşdurmurdu: gördüklərini, bildiklərini saya bir dillə açıb ortaya qoyurdu. Onun açıb ortaya qoyduqları biliksiz, kültürsüz bir toplumun gündəlik davranış biçimləri, gündəlik yaşantıları idi. Bu isə realist yaradıcılıq yolunun (metodunun) dəyişməz yasalarındandır.
Onun obrazlar qalereyası başlıca olaraq belə idi: bilikdən, kültürdən uzaq oğurluq, quldurluq, yolkəsənlik, soyğunçuluq, alıb-aldatmaq bacarığıyla öyünəngənclər, gününü cəhalət içində keçirən yaşlılar.Eləcə də o aydınlıqdan uzaq dəyərsiz toplumun qız-qadın kəsimi: bilikdən, kültürdən uzaq, mövhumata-gerçəkdə olmayan nəsnələrə uyub, cadu-pitiklə uğraşan, cəhalət içində can çürüdənbaşıbağlı yığını.

B.Vahabzadə deyir:

Zülm nə din bildi, nə dil, nə Vətən;
Cəhalət uydurdu islam adına.
Açıqfikirlilər qaçdı ölkədən;
Dözməyib cahilin xurafatına.

Burada B.Vahabzadə bilərəkdən bir “yanlışa” yol verib: tarix boyu zülm dinlə bir olub, daha doğrusu, despotlar tarix boyu dinə söykənməklə, başqa sözlə, cəhalətdən-xurafardan yararlanmaqla, Oğuznamədə deyildiyi kimi, “qanla qanun” eləyiblər; yaratdıqları hüquqsuzluq-cəhalət  qaranlığında özlərinə sınırsız ağalıq qurublar. Filosof-yazar Mirzə Fətəli bu sayaq dərinliklərə baş vurmaqla cəhalətin istər dövlət başçılarına-hökumətlərə, istərsə də din böyüklərinə öz çıxarları üçün gərəkdiyini bildirirdi.
“Mən bütün dinləri puç və əfsanə sayıram”,- deyən Mirzəmizin əfsanə saymadığı, illərlə yolçuluiğunu yapdığı başlıca bir nəsnə vardı: çağdaş biliklərə, çağdaş kültürə yiyələnməklə insanlıq qatında yüksək yer tutmaq.Mirzə belə toplumsal yüksəlişin yarımçıq, yetərsiz olacağını komediyalarının qadın personajlarıyla bəlirləyirdi. Mirzə Cəlil bununla bağlı yazırdı: “Mirzə Fətəli Axundovun komediyalarının türk səhnəsində görsənməsi bir böyük tarixdirsə, buna iki şey bais olubdur:biri budur ki, Mirzənin komediyaları ümumiyətlə xeyli dəyərli əsərlərdi; eləbir dəyərli əsərlərdir ki, onlarla nəinki bizim yox yerində olan səhnəmizfəxr edə bilərdi, bəlkə bir belə pyeslər başqa qabaqcıl millətlərin səhnələrini bəzəyə bilərdilər.Biri də budur ki, Mirzə Fətəlinin komediyalarında Şərq qadını ilk kəz səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağlayıbdır və orada birinci kəz kişilər içində görünübdür”.
Mirzə Cəlil Mirzə Fətəli komediyalarının göstərilərini oxucuya belə çatdırır: “Qafqazın bir çox şəhər və hətta qəsəbələrində cavan həvəskarlar komediyaları tamaşaya qoymağa başladılar və ona baxmayaraq ki, qadın rolunda səhnəyə çıxanlar o vaxtlarda cavan oğlanlar idi, tamaşaçılar səhnədə ancaq türk qadınlarını görürdülər və böyük məharətlə yazılmış bu əsərlər qadınların halını elə ustalıqla tamaşaçılara çatdırırdı ki, xam tamaşaçılar hərdən şübhələnib səhnədəkiləri gerçək qadın sayırdılar. Ta ki, bir az vaxtda Mirzə Fətəlinin qadın tiplərinin adları hər bir yerdə camaatın dilinə düşdü. <…>Bunun nəticəsində müsəlman camaatının köhnə qafalıları başladılar həvəskarları töhmətləndirməyə,o babətdən ki, onlar teatrlarda müsəlman arvadlarının adını çəkirlər; çünkü necə qabaqca deyilibdir müsəlman arvadlarının adını çəkməyin özü qələt iş, “qələt” sayılırdı.
Az qala yüz il sonra belə özü də gerilikçi düşüncə adamlarının saldırısına uğrqdığından cibində tapança gəzdirməli olan Mirzə Cəlildən gözəl Mirzə Fətəlini kim anlayardı?! Onlar bir çox baxımdan ayrılmaz yol yoldaşı, ideya qardaşı idilər. O üzdən 20-ci yüzilin Mirzəsi 19-cu yüzilin Mirzəsindən yazanda elə bil özündən, özünün yaratdıqlarından, eləcə də özünün yaradıcı yaşantılarından yazırdı: “Mirzə Fətəlinin komediyalarının qadın tipləri-əsrin məişətindən götürülmüş bir fotoqraf şəkilləri kimidir. Əsərlərdə göstərilən qadınların durumları, davranışları o məişətin qadın sifətlərinin bir canlı örnəyidir. Orada qadınlar bir duru aynada görsənən kimi görsənirlər. Onun üçün orada biz müxtəlif tiplərlə, müxtəlif sifətlərlə qarşılaşırıq. Bir surətdə ki, bu əsərlər məişətin aynasıdır, təbiidir ki, burada biz qadınların yaxşı sifətləri ilə pisini də, müsbət sifətləri ilə mənfisini də görə biləcəyik və başqa cür də ola bilməzdi ki, qoçaq və bacarıqlı qadınlar içində (“Hacı Qara”) qorxaq və bacarıqsız qadın olmasın (“Mürafiə vəkilləri”) və habelə sədaqətli, doğru və dürüst qadından savayı hiylə və saxtakarlığa mail qadın tapılmasın (“Mürafiə vəkilləri”) və özgə cürə ola bilməzdi”.
Mirzə Cəlil ardınca özünün də amacı olanı Mirzə Fətəlinin amacı olaraq açıqlayır: “Mirzə Fətəlinin məqsədi bu deyildi ki, əsrin qadınlarını hər bir eyib və nöqsandan ari qələmə versin və onların eyiblərini gizlətsin. Bir para xam yazıçılar kimi belə etmiş olsaydı, o daha Mirzə Fətəli olmazdı”. Bunun ardınca Mirzə Cəlil özünün açıqlamasına çox gərəkən bir açıqlama da verir, daha doğrusu,verməli olur: “Hətta bir sıra qadın tipləri üzdə qoçaq görünsə də, bu qoçaqlıq başlıca olaraq ailə içində ortaya çıxır, bədrəftarlığa da bir az maildir  (Şərabanıxanım, Nigar). Bu da təbiidir. əlli, altmış və yüz il bundan qabaq Qarabağ, Şəki, Şirvan ölkələrində yaşayan qadınlardan bundan artıq bir şey gözləyə bilmərik. O səbəbə ki, o əsrin kişiləri də eləcə nadan və vəhşi idilər. O qadınların ərləri və qardaşları vaxtlarını daha çox quldurluq və qaçaqçılıqla keçirirlərmiş və o mühitdə yaşayan qadınlar, əlbəttə ki, bu sayaq kişilərə gedib arvad olmaqla öyünərmişlər (“Xırs quldurbasan”da Zalxa ilə Pərzad)”.
Beləcə, Mirzə Fətəlinin birbaşa demədiklərini, birbaşa anlatmadıqlarını ona yoldaş, ona qardaş sonrakı Mirzə birbaşa deyir, birbaşa anladır: qabaqcıl, gəlişmiş toplum yetişdirmək yolunda öncə Mirzə Fətəlinin, sonra özününetdiklərini anlamayanlara anlatmaq üçün!
İndi 21-ci yüzildir, Mirzə Fətəlini, Mirzə Cəlili anlamayıb dışlayanlar indi də yetərincədir- bu isə, söz yox, onlardan daha çoxöz çıxarları üçün toplumun gəlişməsini əngəlləyənlərin, qabaqcıl toplum yerinə gerilikçi toplum yaradanların suçudur.
Qafqaz canişini Mixail Romanovun yanına get-gəldən, dirənişli çalışmalardan sonra Qori öyrətmənlər seminariyasında Azərbaycan bölməsi açdırmaqla az bir arada Azərbaycana çoxlu aydın qazandırmışdı.

Quş uçuşu

Mirzə Fətəli Azərbaycan-Türk düşüncəsinin Nəsimidən 500 il sonra yetişdirdiyi yeni işıq axını- düşüncə projektoru idi.Düzdür, aradakı 500 ildə Azərbaycanın böyük yetirmələriçox olmuşdu, ancaq onlardan Nəsimiyə ən yaxın gələni Mirzə Fətəli idi. Nəsimi “Ənəlhəq” yazdısa, Mirzə Fətəli “Kəmalüddövlə məktublarını” yazdı. Nəsiminin poeziya diliylə dediyini Mirzə Fətəli proza diliylə dedi. Ancaq Nəsiminin 14-cü yüzildə birbaşa öz adından dediyini Mirzə Fətəli 19-cu yüzildə özgəsinin adından deməli oldu.
İstər öz adından, istər özgə adından deyilsin, burada başlıca amac gərəkəni, gərəkli bildiyini demək idi. Kişidə kişiliyi (ərəbcə desək, insanda insanlığı) ucaltmaqla ona tanrısal dəyər qazandırmaq.Kişilərə (insanlara) quşlar kimi uçub göylərə ucalmaq üçün qanad verilməyib, ancaq onlara quşlara verilməyən verilib-mənlik duyğusu! Bireylər mənliyini qorumaqla, mənliyini uca tutmaqla özünə quş uçuşuna bənzər ucalıq qazandıra bilərlər.
Mənliyini qorumaq umacaqlarını, başqa sözlə, istəklərini sınırlamaqdan keçir. “Ənəlhəq” də, “Kəmalüddövlə məktubları” da iki filosofun bir baxşı yerindədir: sürünmək üçün yaranmışlardan olmamalı!
Nəsimidən sonra aradan beş dənə yüz il keçsə də, Nəsiminin “Məndə sığarikən cahan, mən bu cahana sığmazam”,- böyüklük, ucalıq fəlsəfəsi Allah sevgisinə deyil, Allah qorxusuna uğrayanların yaratdığı böyük qorxu üzündən, demək olar, yoxluğa dönüşmüşdü.
Nəsimi də, Mirzə Fətəli də kişidə kişiliyi (insanda insanlığı) ucaltmaq üçün doğulmuşardan idi. Bizim borcumuz, ən azı, onları anlamağa çalışmaqdır. Onları, onlar kimi işıqlı düşüncə Ərlərini söyüb-yamanlamaq isə borc deyil, professiyadır-anlamazlıq-nadanlıq professiyası!

***

Mirzə Şəfi düzgün yol göstərməklə Mirzə Fətəlini yaratdı. Bəs Mirzə Fətəli? Orasını Türk açununun böyük ideoloji öndərlərindən olan Əli bəy Turandan (Hüseynzadə) öyrənirik.Altı yaşında atasını itirmiş balaca Əli Tiflisdə şeyxülislam olan babası Əhməd Hüseynzadə Səlyaninin yanında böyüyüb. Əhməd Hüseynzadə çağının bilikli adamlarından olub. Bu üzdən Mirzə Fətəli ilə yaxın olublar. Əli bəyin yazdığına görə, Mirzə Fətəli axşamlar onlara gələr, gecə keçənədək oturub söhbətləşərmişlər. Mirzə Fətəlinin babası ilə kəskin öcəşmələrindən acıqlanan 7 yaşlı  Əli, dediyinə görə, gecələrin birində çıxıb evdən gedərkənonu öldürməklə bağlı planlar qururmuş.
Babası Əlini mədrəsəyə göndərmək, oxudub özü kimi ruhani etmək istəyirmiş. Mirzə Fətəli uzun çək-çevirdən sonra Əlini rus-tatar oxuluna qoydurur. Oxulda yaxınlaşdığı gürcü yoldaşlarından biri bir gün ona deyir:”Əli bəy, siz xoşbəxt xalqsız, sizin sayınız çoxdur, biz gürcülər isə çox azıq”. Əli o  gürcü yoldaşına belə qarşılıq verir:”Başqa bir çox xalqlara baxmış, bizim də sayımız elə çox deyil”. Gürcü gənc Əli bəyə elə bir söz deyir, bu söz onun varlığını uçundurur:”Əli bəy, siz Türklər say çoxluğundan bütün Yer üzünə yayılmısız, o üzdən xoşbəxt xalqsız”. Gürcü gənci Əliyə o çağadək bilmədiyini bildirir-Türk olduğunu!
Rus-tatar oxulunu bitirdikdən sonra Əli bəy Peterburq universitetində oxuyur. Universiteti bitirib Bakıya gəlir, Bakıda çox duruş gətirməyib, İstanbula gedir. Böyük Türk ölkəsi olaraq getdiyi Türkiyəni xəlifəliyin doğurduğu ümmətçi, gerilikçi düşüncə üzündən Türklükdən çox uzaq düşmüş görən Əli bəy tezliklə Ttürkiyədəki başlıca görəvini anlayaraq qızğınlıqla işə girişir. Çox keçmədən o, İstanbul universitetinin başlıca ideoloq-xocasına çevrilməklə xəlifəliyin etkisiylə Türklüyün dışlanıb çıxdaş edildiyi, unudulduğuTürkiyə boyunca böyük Türklük axımı başladır.
Aradan illər keçəcək, Türkiyədəki böyük aydınlar ordusubir sıra ünlüləri başda olmaqla, özünü Əli bəy Turanın yetirməsi adlandıracaqdı.
Böyük Atatürk Türkçülüyün görkəmli ideoloqu Ziya Göyalpı özünün  ideya-mənəvi atası olaraq dəyərləndirirdi.  Ziya Göyalp isəözünü Əli bəy Turanın yetirməsi olaraq tanıdırdı. Əli bəy Turan bu gün də tək Azərbaycanla Türkiyənin deyil, bütün Türk açununun başlıca ideoloqlarından biri olaraq tanınmaqdadır.
Beləliklə, Mirzə Şəfi Mirzə Fətəlini yaratdısa, Mirzə Fətəli də Əli bəy Turanı yaratdı. Ancaq… təkcə onumu?! Yox da yox! Mirzə Fətəlinin böyük ideya yaradıcılığı bu gün də sürməkdə, yeni-yeni qabaqcıl ideya-görüş ardıcılları yetişdirməkdədir.
Ölüm ayağında olan qoca filosofdan-Kəmalüddövlə” yaradıcısından soruşmuşdular: “Mirzə, siz nə sayaq dəfn olunmaq istərdiniz?”. – “Ölülərin əziyətindən dirilərin nə sayaq qurtulmasınınmənimçün elə bir önəmi yoxdur. İstədiyiniz kimi  dəfn edə bilərsiz”,- demişdi.
O, Doğu boyda qaranlıq içində par-par parıldayan böyük bir Ulduz idi. Böyük, parlaq, ancaq…Tək- təmtək bir Ulduz!

Son söz yerinə

Görkəmli rus tarixçisi V.Klüçevski deyir: “Tarix nəsə öyrətmir, ancaq keçmişdən dərs almayanları cəzalandırır”. Biz bugün- 21-ci yüzildə!- bir çox baxımlardan toplumsal olaraq gerilikçi-düşkündurumdayıq. Görünür, keçmişdən öyrənmədiyimiz, görüb-götürmədiyimiz üçün düşdüyümüz uğursuz durumdan qurtula bilmirik. Keçmişimizin qaranlıq-uğursuz dönəmləri bizə görk olmadıqca, beləcə,bizə qurtuluş olmayacaq.
Öquznamədə deyilir: “Kölənin sufisindən, türkün biliksizindən qorxmaq gərək”. Olduqca acınacaqlı görsənişdir: bu gün biz “kölənin sufusi, türkün biliksizi” yerindəyik- Türkiyədə də, Azərbaycanda da!O üzdən qorxuluyuq, ən acınacaqlısı isə budur: toplumsal olaraq biliksiz-gerilikçi durumubuzla biz özgələri üçün deyil, özümüz üçün qorxuluyuq. Bu baxımdan biz özü özünü yenəcək anlaşılmaz bir varlıq, bundan daha yamanı- özü özünü sancıb öldürəcək çayan (əqrəb) yerindəyik!
Tərtər soyqırımı kimi bizim özümüzü, Ölkəmizi, Dövlətimizi, Dövlətçiliyimizi yox etməyə yönəlik qandondurucu, tükürpərdici qırğın faktına toplumsal olaraq susqun qalmağımız indiki anlaq, düşüncə, baxış duruumuzun ən parlaq portreti deməkdir: bax, yaşa. Ancaq bir an sonra Öz olaraq, Ölkə, Dövlət olaraq yoxluğa dönüşə biləcəyini düşünərək yaşa: belədə, bəlkə, düşdüyün durumdan çıxış yollarını arayıb-axtarasan…

26.07.22.

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv