Asif Atanın (ədəbiyyatla bağlı problemlərə yönəlik) Mirzə İbrahimova məktubu

 

 Hörmətli Mirzə müəllim!
Ehtiramımı qəbul edin.
Mənim son illərdə tənqid sahəsində fəaliyyətsizliyimin səbəbləri haqqında Sizə müraciət etməyə ehtiyac duyuram.
Mən öz tənqidi yaradıcılığımda həmişə aşağıdakı prinsipə əsaslanmışam:
əsil ədəbiyyat təqlidçiliyə, qondarmaya, süni yenilikçiyə yaddır, o, xalq mənəviyyatının ifadəçisi olduğundan təbii, özünəməxsus şəkildə inkişaf etməlidir, Qərbi yamsılamaq – hünər deyil, erudisiya həyatiliyi əvəz edə bilməz, tənqid bir qrupun mənafeyini yox, bütün ədəbiyyatın mənafeyini qorumalıdır, o, yaradıcılıq növüdür, bu səbəbdən də bədiilik, üslub əlvanlığı, idrakla hissiyatın vəhdəti tənqidin ümdə cəhəti olmalıdır.
Mən ədəbiyyata bu nöqteyi-nəzərdən yanaşmışam, tənqidimizin ideya-bədii inkişafına xidmət etməyə çalışmışam.
Yazıçılar İttifaqının rəhbərliyində boşluq, “vakuum” yarananda (mən bunu belə qiymətləndirirəm), Elçin tənqid üzrə katib təyin olunanda mənim tənqidi fəaliyyətim imkansızlaşdı.
Elçinin tənqid rəhbəri kimi əsas işi:
1) “yeni nəsr” konsepsiyasını təsdiq etmək (bununla bağlı Akif Hüseynovun məruzəsi əsasında xüsusi bir həşəmətli konfrans təşkil olundu).
2) Mənim əleyhimə biri-birinin ardınca kampaniyalar təşkil etmək, dedi-qodu, intriqa, fitnə toxumu səpmək.
3) Məddah tənqid yaratmaq, əsas etibarı ilə Elçin və “elçinçilərlə” məşğul olan son dərəcə iddialı, ədalı, haylı-küylü, kal, tərbiyə buxovundan azad olmuş, daxilən boş, yekəxana K.Vəliyevlər, hərcayi Aydınlar törətmək olub.
Təsəvvür eləyin: Əkbər Ağayevin diliylə mənim televiziya verilişlərimi inkar edirlər, Gülruh Əlibəyova fəallaşır və “Xaqanilik” məqaləsini rədd edir, Rəhim Əliyev nəsr haqqında fikirlərimi bəyənmir, Ş.Hüseynov adlı dissertasiya mütəxəssisi tapırlar və “Müdriklik səlahiyyəti” kitabımı ləğv edirlər, məni “Azərbaycan” jurnalının redaksiyasından çıxarırlar, bunu bilən xalqın qəhrəman oğulları Gəray Fəzli və Nahid Hacıyev televiziya verilişlərini ixtisara salırlar, korrektura olunmuş, hazır kitabı məhrum Əliağa Kürçaylının əliylə plandan çıxarırlar, “Drujba narodov” jurnalındakı məqaləmi geri qaytarırlar, “Sovetski pisatel” nəşriyyatı kitabım haqqında fikrini şimşək sürətilə 180 dərəcə dəyişir və s. və i.a.
Ardıcıl şəkildə inadla, həvəslə bədxahlıq əməli törədildi.
Desəm ki, Elçinin tənqidə rəhbərliyinin əsas nəticəsi həmin əməldir, mübaliğə saymayın, həmin fəaliyyətin müsbət nəticəsi yoxdur, Azərbaycan tənqidi “Elçin dövründəki” qədər miskin vəziyyətdə olmayıb. Son illərdə bir samballı, problem məqalə belə yaranmayıb.
Tənqidin düşmənləri arasında Elçinin adı qızıl hərflə yazılmalıdır.
(Onu da deyim ki, Sizin Elçinin yaradıcılığına yüksək qiymət verdiyinizi bilirəm. Mən də onu qabiliyyətsiz nasir saymıram. Ancaq, yeri gəlmişkən, Elçin nəsrinin həyatdan çox “İnostrannaya literatura” jurnalından çıxdığını da, Baladadaşların, Mirzoppaların neorealistik, Qərb mənşəli olduqlarını da demək istəyirəm).
Qabiliyyətsiz nasir olmayan Elçin son dərəcə fitnəkar, mənsəbpərəst, şöhrət hərisi, gözə kül üfürən, yüngül, mərifət zəncirindən azad, “balaca məninə” sadiq adamdır.
O, tənqid rəisliyində ədəbiyyata yox, özünə xidmət elədi, ancaq daxilən hədsiz dərəcədə qorxaq olduğundan qrupa arxalandı, həm də qrupa işlədi.
Onun tənqid meyarı belə oldu: Elçinçiləri tərifləyən tənqid zəif də olsa, ibtidai də olsa, – yaxşıdır, onları tərifləməyən tənqid güclü də olsa, yüksək səviyyəli də olsa, – pisdir!
Tənqid üzrə katib mövcud oldu, tənqid mövcud olmadı.
Elçin və “elçinçilər” mənə nə üçün nifrət edirlər?
Çünki mən onların əsərlərini Azərbaycan sovet nəsrinin başlanğıcı hesab etməmişəm, elçinçilərin iddiası özlərini nəsr əlifbasının ilk hərfi saymaqdır.
Onlar yazıçılıq eləməkdən daha çox ədəbiyyata hakimlik eləmək arzusundadırlar, nadirlik xülyasındadırlar, yeni nəsr hay-küyünün səbəbi budur.
Mən həmin cəfəng iddiaya uymamışam, qrup tənqidçisi olmamışam, bütöv ədəbiyyatımıza xidmət etmişəm, “elçinçilərin” əsərlərini obyektiv şəkildə təhlil etmişəm, bədii zirvə saymamışam, müsbət və mənfi cəhətlərini açıb göstərmişəm…
Bu “elçinçiləri” qane etməyib, özlərinin özləri haqqında fikriylə mənim onlar haqqında fikrim arasındakı təzad onları qəzəbləndirib.
Elçin kiçik bir zamanda böyük eybəcərliklər törədə bildi.
C.Novruzun əzəli zəifliyindən istifadə edib Yazıçılar İttifaqını şpana səviyyəli adamlarla doldurdular.
“Azərbaycan” jurnalının müzakirəsi yadınızdadır.
Bağırışmalar əvvəldən təşkil olunmuşdu, şpanaya əvvəldən tapşırıq verilmişdi. Onlar təhqirə qarşı çıxış etmirdilər, həqiqətdən qorxurdular.
Mənim çıxışımda bir neçə əsəbi ifadələr var idi. Onları ixtisar eləyib, çıxışı çap etmək olardı.
“Ocaq” haqqında deyilənlər saxta danos idi. 1975-ci ildə Universitetdə “Estetik və etik tərbiyə klubu” yaradıldı.
Həmin klubda mənəviyyat, gözəllik, idrak məsələləri müzakirə olundu, ədəbiyyatımızın, sənətimizin problemləri öyrənildi.
Klub sözünü sonradan Ocaq sözüylə əvəz etdik, çünki bu söz özündə üç rəmzi məna gəzdirir:
Ocaq – işıq, istilik, yanmaq rəmzi.
Ocaq – ailə rəmzi.
Ocağın sədri olmaz, Atası olar.
Bu səbəbdən də Ocağın iştirakçıları mənə Ata deyə müraciət elədilər. Tələbələrin müəllimə ata deməsi, hər halda ona “oqurçik” deməsindən yaxşıdır.
Şam – Şərqdə yanmaq rəmzidir, Füzulinin yadigarıdır. Buna görə də məclisimizi şam işığında keçirirdik. Son illərdə çox şeylər haqqında düşünmüşəm. O cümlədən ziyalı aqibəti haqqında.
Yaxşı niyyəti çirkaba bulayırlar və özlərindən iyrənmirlər. Mənim iclası tərk etməyim insani ləyaqətimi qorumaq üçün idi, şpana özünü son dərəcə sərbəst aparırdı. Bəlkə də mən səhv etmişəm…
Hörmətli Mirzə müəllim! Mən sizə məsləhət vermək fikrində deyiləm! Atam məni ağsaqqallardan öyrənmək ruhunda tərbiyə edib. Mən sizə yalnız özümün bəzi mülahizələrimi bildirmək istəyirəm.
Elçini tənqid rəhbərliyindən uzaqlaşdırmaq lazımdır. Əyər bu çətin məsələdirsə – tənqid katibliyini ləğv etmək gərəkdir. Bu katiblik özünü heç cürə doğrultmayıb. “Azərbaycan” jurnalını ağlı başında olan, samballı, nüfuzlu, yetkin şəxsə tapşırmaq, dələduzluq, iddiaçılıq və kəmsavadlılıq vəhdətini təmsil eləyən Əkrəm və onun əlaltıları qəbahətinə son qoymaq lazımdır.
“Müasir nəsr və ictimai həyat”, “Poeziya və zaman” mövzularında konfranslar keçirmək, son ildəki ədəbi prosesi hərtərəfli tədqiq etmək, düzgün qiymətləndirmək, bədii meyar xaosunu aradan qaldırmaq lazımdır.
Bu işin ağırlığının bir hissəsini öz çiynimə götürə bilərəm: yüksək tələblərə cavab verən məruzə hazırlamağa çalışaram.

1983-cü il.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv