Soylu Atalı Əlacsızlıq diplomatiyası

 

İllər öncə “Balanslaşdırılan faciələrimiz” adlı yazı yazmışdım. Uluslararası güclər Azərbaycanda uluslararası problem yaradıb, hər yöndən Azərbaycana basqı yaradılanda bizim mətbuatımızda yanlış təbliğatlar aparılırdı. Güya Azərbaycan hakimiyyəti balanslaşdırma siyasəti apararaq, uluslararası güclərin basqısına dirəniş göstərirdi. Ancaq o çağlar da aydın görünürdü, indi də. Ortada heç bir balanslaşdırılan durum yox idi. O çağlar  Güney Qafqaz çıxarıların, mənafelərin aktiv toqquşduğu bölgə deyildi. Çəkişmələr başlıca olaraq Orta Doğuda gedirdi. Azərbaycanda isə hakimiyyət vətənin var-yatırını pay-puş eləməklə öz yerini möhkəmlətməyə çalışırdı. Onda da yazmışdıq, yaxın çağlarda çıxarıların toqquşması Güney Qafqaza keçəcək. O zaman Azərbaycan hakimiyyətini seçim qarşısında qoyacaqlar. Toqquşan güclərdən birinə boyun əyməlisən deyə. Bununla belə, elə o çağlarda adını balanslaşdırma qoyduqlarına baxmayaraq, Azərbaycan hakimiyyəti daha çox Rusiyanın buyruğunda davranırdı. Aprel döyüşləri də, ikinci Qarabağ savaşı da Rusiyanın istəkləri ilə baş vermişdi. Biz bunları 44 günlük savaş dönəmində yazanda, bizə qarşı çıxanlar az olmadı. Onlar deyirdilər, ordumuzun əməyini azaltmayın. Biz ordumuzun əməyini azaltmamışıq. Ordumuz öz görəvini yerinə yetirib. Siyasi hakimiyyət hansı qərarı verirsə, ordu öz işini başarı ilə yerinə yetirir. Məsələnin siyasi sorumluluğunu ordu daşımır. 44 günlük savaşda ordunu dayandırmasaydılar, bu gün Qarabağda erməni ordu  birləşmələri də olmazdı.
Bir sözlə, Qarabağ məsələsində siyasi hakimiyyətin yanlışlarını dilə gətirəndə, ordunun adını qabağa verməklə hakimiyyəti bizdən qorumaq, yanlışlara, suça ortaq olmaq deməkdir. Bunu da hakimiyyətdən yararlanan, özünü xalqdan ayıran kəsim eləyə bilər. Kimlərsə bunu yanlışdan da edə bilər. Məsələn, bəzən adamlar hakimiyyətin yanlışlarını savunurlar, elə bilirlər dövləti savunurlar. Ya da tərsinə, dövləti savunanlar hakimiyyətin yanlışlarını savunan kimi görünürlər. Bu da ona görə baş verir ki, hakimiyyətlə dövlət, hakimiyyətlə xalq arasında birlik yoxdur. Hakimiyyət dövlətin çıxarılarından daha çox öz çıxarılarını düşünür. Bu cür dolaşıq yanaşma ən son ABD Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana gəlişi ilə özünü göstərdi. Hakimiyyətə bağlı olanlar Amerikanı ikili standartla davranmaqda suçladılar. Siyasi müxalifət isə yarıtmaz siyasət yürütdüyünə görə hakimiyyəti suçladı. Belə götürəndə bu yanaşmaların hər ikisi doğru idi, ancaq nisbi xarakter daşıyırdı. Bütöv yanaşma deyildi. Yəni hakimiyyət hər şeyi ABD-nin üstünə atmaqla öz suçlarını pərdələyir, siyasi müxalifət isə qərəzli davranaraq həm də ABD-nin dəyirmanına su tökmüş olur.
Başqa bir yandan, Azərbaycanda hər zaman olduğu kimi, erməni lobbisinin gücünü “ilahiləşdirmək” təbliğatı gedir. Nensinin gəlişini belə erməni lobbisinin gücünə bağlamaq, ya suçu ABD-nin üzərindən uzaqlaşdırmağa qulluq etməkdir, ya da ABD-nin siyasi niyyətlərini gözardı etməkdir. Başqa sözlə, ABD-nin Güney Qafqaz siyasətini doğru dəyərləndirməməkdir. Bəllidir ki, sovetlər dağılandan sonra ABD Güney Qafqaza əsasən Minsk qrupu ilə girmişdir. Bu qrupdakı davranışları da hər kəsə bəllidir. Daha sonra Batı yönlü Paşinyanın çabaları ilə qabağa getmək istədi. Rusiya Azərbaycanın əli ilə, 44 günlük savaşla Paşinyanı cəzalandırdı. Həm də Minsk qrupunun etkisini ortadan qaldırmaqla ABD-nin siyasi etkisini azaltmağa çalışdı. ABD isə Rusiyanı Ukrayna ilə savaşa soxub zəiflətməklə uğraşdı. İndi Azərbaycana qarşı Ermənistanı ayaqlandırmağa çalışır. Bunun üçün ona gərəkən siyasi yardımlar da edir. Qarabağı Azərbaycanın ərazisi kimi tanımır. “Qarabağ xalqı” ifadəsi işlədərək qondarma qurumu qeyri-rəsmi tanımış kimi davranır. Ancaq Azərbaycanda bəzi təbliğatlar gedir ki, güya ABD kimi dövlətlər güclünün, qalibin yanında olurlar. Əgər buna inansaq, onda gərək biz, Azərbaycanı güclü, qalib saymayaq. Söz yox , Azərbaycan hələ tam qalib deyil. Sülhməramlı adı ilə Rusiyanın içimizə gəlişini də gözə alsaq, Azərbaycanın nəinki yenilgən, fəlakətli bir durumda olduğunu görərik.
ABD isə güclünün, qalibin yanında ola bilər. Ancaq Türkün gücünün yanında ola bilməz. Burada da biz, lokal gücü olanla strateji gücü olanı fərqləndirməliyik. Türk strateji gücü olan faktordur. Dünyaya ağalıq edən güclər onun yanında olmaz, tərsinə qarşısında olar. İndi Güney Qafqazda ən çox baxış mərkəzinə gətirilən Zəngəzur məsələsidir. Azərbaycan hakimiyyətinin Göyçə, Zəngəzur bölgəsinə iddialar səsləndirməsi də baxışları özəl olaraq Zəngəzur məsələsinə çəkir. Biz bu cür iddiaların səsləndirilməsini kökündən yanlış sayırıq. Güya Göyçəyə, Zəngəzura iddia edəndə ermənilər Qarabağdan çıxacaqlar?! Belə ucuz davranışlar nəyə gərəkdir?! Axı Qarabağda Rusiya oturub. Ermənini orada qoruyur ki, özü Azərbaycandan çıxmasın. Rusiya təminat verməsə Qarabağda erməni yaşamaz. Söz yox, təkcə Göyçə, Zəngəzur deyil, bütün Ermənistan Azərbaycan torpağıdır. Ancaq kimdir bu gün sənə Göyçəni, Zəngəzuru verən?! Azərbaycan Rusiyanın tapşırığı ilə Ermənistanın bəzi ərazilərinə girər, ancaq qala bilməz. Tapşırıqla girdiyi kimi, tapşırıqla da geri çıxar. Məsələnin ən qorxulu yanı odur ki, Azərbaycanın keçmiş ərazisi ilə (yəni Zəngəzurla) indiki ərazisi (Qarabağ) alver predmetinə çevrilə bilər. Bizi buna sürükləyə bilərlər. Biri var erməni Azərbaycanın sınırında olsun,  biri də var ortasında. Qarabağ Azərbaycanın ortasıdır. O zaman Azərbaycan dövlətçiliyinin tarix səhnəsindən sıxışdırılması planı gerçəkdən davam etmiş olar. Azərbaycanın siyasi cəsarəti varsa, Qarabağı işğaldan qurtarmaq üçün uğraşmalıdır. Zəngəzur bundan sonrakı aşamadır. Rusiya Qarabağda oturub. Ona görə Azərbaycan erməni ilə Qarabağda deyil, Göyçədə toqquşur. Bu Rusiyaya gərəkdir, desin ki, sülhməramlı olaraq Qarabağda sakitliyi qoruyuram. Erməniyə də gərəkdir, desin ki, KTMT Ermənistanı qorumur. Paşinyan Batıya meyilliyinə haqq qazandırsın. Eləcə də Batıya gərəkdir, desin ki, Azərbaycan işğalçılıq siyasəti yürüdür. Ona görə erməniyə açıq şəkildə yardım eləsin, Minsk qrupunu da bərpa eləsin. Bizə görə, Azərbaycan hakimiyyəti əlacsızlıq diplomatiyası ilə qorxulu oyunlara girir. Azərbaycan hakimiyyəti çoxdan bunları önləməli idi. Yəni iç politikanı (daxili siyasəti) dəyişməli idi. Dövlətin sosial, siyasi gücünü artırmalı, böyük sorunlara dirəniş hazırlamalı idi, eləmədi. Korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluqlara ortam yaratmaqla dövlətin xalq adlanan gücünü sındırdı. Ölkə zaman-zaman ayrı-ayrı qruplara, setkalara, 5-ci, 6-cı kalonlara parçalandı. Rusiya, İran, Batı ölkənin içində elə oturuşdu ki, hər an qarşıdurmalar yarana bilər. İçəridə yaranan bu cür tendensiyalar dış siyasətin gücünü daim azaltmağa doğru etki göstərdi. İndi çox şeylər çətinləşib. Milli qüvvə yetişməsə, milli strategiya hazırlanmasa yaxın gələcək üçün normal proqnozlar vermək özünü doğrultmayacaq.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv