Deyilənə görə, bir polis “Allahı təhqir eləyib”. Buna qarşılıq olaraq Taleh Bağırzadə aclıq aksiyası keçirir. Bir partiya rayon şöbələri də qatılmaqla, Taleh Bağırzadə ilə bağlı arxadurma kampaniyası başladıb. Kimliyindən asılı olmayaraq, hüququ tapdananın hüququnu qorumaq partiya görəvlərindən biri olaraq tanınır.Buna kimsə nəsə deyə bilməz, ancaq indilikdə biz hüququ qoruma faktından qat-qat artıq politikanlıq görürük.
Başdan başlayaq.
Bir daha, deyilənə görə, polis “Allahı təhqir eləyib, Tale Bağırzadə buna görə aclıq eləyir”.İstər-istəməz soruşmaq gərəkir: Allah kimdir, Taleh Bağırzadə kimdir? Allahın hüquqları yerdə qorunmur, qoruna bilməz; elə olsa dünyanı qan bürüyər.
Quranda dönə-dönə vurğulanır: Allah böyükdür, hər şeyi görəndir, biləndir. Quranda Allahın böyüklüyü dünyaüstü böyüklük olaraq vurğulanır, eləcə də Allah dünyaüstü güc olaraq tanıdılır. Gerçəkdən bu belədirsə, onda Allahın hüquqlarını qoruma aksiyası nə deməkdir?
Demirsiz adamlardan ağaclaradək Yer üzündə nə var hamısını Allah yaradıb? Belədirsə, Allahı sevmək də, sevməmək də onun yaratdığının (burada adamın) öz işi, öz hüququdur.
Allahın yerdə vəkili yoxdur, ola bilməz; elə olarsa, Allah alllahlıdan çıxar. Allahın böyüklüyü onun vəkilsizliyində, başqa sözlə, kimsədən, kiminsə hüquq yardımından asılı olmamasındadır. Kiminsə Allaha öz yanından vəkillik eləmək istəyi çox yumşaq desək, anlaşılan deyil. Yaradana necə yanaşmaq yaradılanın öz hüququdur: o bilər, Yaradan bilər.Yaradanı sevmək də, sevməmək də yaradılanın toxunulmaz hüququdur.Burada kimsənin araya girməyi daha çox araqarışdırıcı xarakter daşıyır. Belə bir deyim var: “Özün bil, Allahın bilsin”. Məncə, bu, Allah adına, belə desək, Allahın statusuna uyğun ən doğru-düzgün yanaşmadır- fəlsəfi yanaşma! Taleh Bağırzadə də belə yanaşma sərgiləyə bilərdi…
Bir polis “dovşan” deməklə xalqı aşağıladığı üçün çox düzgün olaraq DİN sistemindən qovuldu.Orada nə olmuşdu? Yurddaşın Konstitusiya hüququ pozulmuşdu! Polisin Allahı aşağılamasında isə Konstitusiya pozuntusu olmadığından polis elə sərtliklə cəzalandırıla bilməz: onu cəzalandırıb-cəzalandırmamaq Allahın işidir. Adamlar var gündüz xalqın cibinə girib oğurluq eləyir, sonra evindəmi, məsciddəmi namaz qılıb dönə-dönə Allahdan bağışlanmasını diləyir. Kim bilir, bəlkə, o polis də elələrindəndir. Oldu, olmadı: yenə özü bilər, Allahı bilər.
Bəlli bir partiyanın rayon şöbələri ilə birgə Taleh Bağırzadə ilə bağlı qızğın araxdurma kampaniyası qıraqdan çox da yaxşı görünmür. Ən çox da onu xalqa milli düşüncə daşıyıcısı kimi tanıtmaq çabaları baxımından.Ortada isə adamın irançı olması, panfarsizmə qulluq etməsi faktları var. Özü də görüntülü faktlar.
Baxın, T.Bağırzadə İran mollasının əlini öpməklə nə deyir:”Tribunamız zəifdir, sağ olsun, müxalifət bunun üçün bizə şərait yaradıb.Onların ehtiyacı var bizə. Onlar bizi tanıyırlar, biz onlara deməmişik demokratıq.Xamenei mənim rəhbərimdir və qırmızı xəttimizdir”. Beləcə, İran mollasının əlini öpərək ona hesabat verir. Bu çıxışda Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı olan bir proje sərgilənməkdədir. Ancaq anlayanlar üçün. Doğrudanmı partiyada bunu anlamırlar?!
İslam pərdəsi altında gizlənən İran-fars rejimi Azərbaycan dövlətinə, dövlətçiliyinə düşmən olduğunu indiyədək dönə-dönə sərgiləyib. 1828-ci ildə Rusiya ilə Qacarlar dövləti arasında bağlanan bağlaşmaya uyğun olaraq Araz çayı sınır olmaqla Azərbaycanın quzeyi Rusiya asılılığına keçdi. Sonralar yaradılmış indiki qondarma “Ermənistan” da o çağlar quzey Azərbaycanın bölünməz parçasıydı. Qondarma “Ermənistanla” sıx qardaşlıq ilişkilərində bulunan İran islam respublikasının başında duranlar indiyədək dönə-dönə Azərbaycanı “İranın bir parçası” adlandıraraq bizdən topraq istəyində bulunurkən bircə yol da “Ermənistana” yönəlik belə çıxış etməyiblər.
T.Bağırzadə başda olmaqla Azərbaycandakı panfarsistlərin “qırmızı xətti” olan Xamenei çıxışlarının birində deyir: “Biz birinci Qarabağ savaşında ermənilərə arxa durmuşuq, yardım etmişik, yeni savaş olsa yenə ermənilərə arxa duracaq, ermənilərə yardım edəcəyik”. Bizdəki panfarsistlərin ölümünə göz yaşı axıtdığı terrorbaşı general Q.Süleymani də Azərbaycana qarşı ermənilərlə iş birliyində idi.
T.Bağırzadənin yeni bildirisi yayılıb:”Ağdamda məsciddə donuz saxlayanlarla Bakıda polis idarəsində Allahı təhqir edənlər arasında heç bir fərq yoxdur”. Ağdam məscidində donuz saxlayan erməniliyə sonadək arxa duran, yardım edən rejimin başçısı “qırmızı xəttindirsə”, sənin özünlə də o rejim arasında heç bir fərq yoxdur. Qarabağ uğrunda savaşda Azərbaycan indiyədək 50 min Şəhid verib. Yuxarıda Xameneidən verilən alıntı istər-istəməz onu ermənilərlə Azərbaycana saldırı ortağına çevirir.
Burası ayrıca vurğulanmalıdır: Türkiyə olmasaydı İran fars rejimi erməniliklə birgə Quzey Azərbaycanıçoxdan ələ keçirmiş olardı. Bizim erməniliklə 44 günlük uğurlu savaşımızdan acıqlanan İran ordu komandanının Azərbaycana min, prezidentinin on min raket atacaqları ilə bağlı bağırtılarını unutmamışıq. Atardılar- arxamızda Türkiyə olmasaydı.
T.Bağırzadə İranda 40 milyondan artıq Türkün kimlik hüquqlarının bütünlüklə tapdanmasına, Türk varlığının danılmasına səssiz qalırkən bizim tariximizə də panfarsist ideologiya açısından yanaşır:”Şah İsmayıl dövründə türk söhbəti olmayıb”. Görəsən, yuxarıda sözügedən partiyada bunun nə demək olduğunu anlayan varmı? O partiyada anlayırlamı İrana bağlı bir din adamının Azərbaycan tarixinə bu sayaq girişimi nə deməkdir? Bu yalan yalnız bügünkü Azərbaycan Türklüynün varlığını danmaq deyil, eləcə də bizim keçmiş kimliyimizi-tarixdəki varlığımızı danmaq deməkdir. Bu görsənişin qısaca adı missiyadır- Türklüyü danmağa yönəlik panfarsist missiya!
Ortada dinin alətə çevrilməyi faktı var- bunu görmək çoxmu çətindir?!
Ortada bir də T.Bağırzadənin bitkin ideoloji bazaya söykənməsi faktı var. Partiyanın isə ideologiyasızlığı faktı ortadadır. İstənilən partiya üçün bu qarantiyalı yenilgənlik görsənişidir.
Allahsızcasına törədilmiş qanlı Tərtər soyqırımına, eləcə də allahsızcasına baxımsız qalaraq özünü öldürən 32 Qazinin ölümünə barmaqarası baxıbölkə boyu Allahın hüququnu qoruma kampaniyası aparmaq nə deməkdir? İslamın yaradıcısı nə deyirdi:”Bir könül tikmək yüz Kəbə tikməkdən üstündür”.
AXCP proqramına görə, partiya Azərbaycanda demokratik hüquq dövləti qurmaq istəyir. T.Bağırzadənin dediyinə görə, onlar Azərbaycanda islam dövləti qurmaq istəyirlər.Görünür, “Müsəlman birliyi” yaratmaq bundan ötrüdür.Putin Rusiyası çevrəsində demokratik dövlət görmək istəmədiyi kimi, din dövləti olan İran da çevrəsində, başlıcası da İranda yaşayan Türklüyə etki göstərəcək Azərbaycanda,demokratiya yönümlü dövlət görmək istəmir.
1979-cu ildə İranda Tudə partiyası dinçilərlə birləşib şah hakimiyətini devirdi. Dinçilər Partiyanın lideri Nurəddin Kiyanuri başda olmaqla tudəçiləri qıraraq təkbaşına hakimiyət qurdular. Aradan qırx il keçib, başqa cür düşünmək yasaq edildiyindən İranda indiyədək repressiyalar ara vermir. 90-ların başlanğıcında Tacikstanda Xalq cəbhəsi dinçilərlə birgə hakimiyət qururdu. Dinçilər cəbhəçiləri qırmaqla təkbaşına hakimiyət qurdular. Tacikstanı sonu görünməyən qırğınlardan Rusiya qurtardı. Rusiya İranın din yoluyla Tacikstanı ələ keçirməkdə olduğunu görərək iranyönlü rejimi devirib İ.Rəhmanovu hakimiyətə gətirdi.Tarixdən öyrənmək gərəkdir. Azərbaycanda indiki İran modeli rejim qurmaq istəyi Azərbaycanı indiyədək olduğundan qat-qat artıq itkilərə uğratmaqla sonuclanar. Azərbaycan üçün alternativsiz bir seçim var: demokratik hüquq dövləti!
Cəbhəçi yoldaşlar, İran islam respublikasında 40-50 milyonluq Türkün bütün hüquqları, o sıradan, doğma dilində yazıb-oxumaq hüququ tapdanır. Doğma dilində yazıb-oxumaq hüququnun tanınmasını istəyən Abbas Lisani kimi oğullar tutulub illərlə türmələrdə çürüdülürkən başında Taleh Bağırzadənin duruğu “Müsəlman birliyi hərəkatının” bu yöndə bircə çıxış etdiyini, İran rejiminə bircə çağırışda, yüngülcə qınaqda belə bulunduğunu gördünüzmü? Görmədiz, görə bilməzsiz: İran rejimi onlara belə hüquq vermir, tanımır.T.Bağırzadənin hüquqlarını qoruyun, ancaq onu birilərinizin yazdıqlarında olduğu kimi xalqa milli lider-milli savaş adamı olaraq tanıtmağa çalışmayın…
P.S. Şah İsmayılın qurduğu dövlət bir çox yağı yalanlarına baxmayaraq, Türk soylu, Türk dilli, Türk kültürlü dövlət idi. Şah İsmayılın ordusu da Türk ordu qurallarına uyğun qurulmuşdu. Onun ərəbbaşlı xəlifə sultan Səlim Yavuza yenilməsi o savaşa könülsüz qatılmaqla Türk ordu taktikasından yararlanmaq istəyindən daşındığı üçün olmuşdu.
İranda min ildən artıq hakimiyət sürən Türklər farslara, farsın qondarma dilinə sayğıyla yanaşdılar. 97 il bundan qabaq ingilislərin yardımıyla İranda hakimiyətə yiyələnən farslar dinlə, Allahın adıyla alver eləməklə Türklüyün tək dilini, kültürünü deyil, Türk varlığını bütünlüklə danmaq yolu tutur. Buradakı uzantılarının çalışmalarından göründüyü kimi, Xamenei rejimi özünün panfarsist ideologiyasını Quzey Azərbaycanda da yaymaq üçün şiəlikdən yararlanmaqla böyük iş aparmaqdadır.
Tanrıdan (Allahdan) gəlmə kimliyimizi: dil-kültür varlığımızı qorumaqla, Böyük,Bütöv, Özgür, Demokratik,Çağdaş Azərbaycan uğrunda savaş bizim boyun borcumuz olmalıdır- ən başlıcası da Azərbaycan gəncliyinin. Bəlli bilməliyik: kimsə bizim yerimizə bu savaşı aparası deyil.Dönə-dönə vurğulamaq gərəkir: bu savaş bizim KİMLİK-VARLIQ savaşımızdır!
Biz allahsızcasına bizim varlığımızı danan farsa da, fars uzantılarına daTürtkün-Türklüyün olmadığı yerdə farsın da ola bilməyəcəyi gerçəyini anlatmalıyıq! Ermənilər TÜRKSÜZ ERMƏNİSTAN yaratdıqları kimi, farslar da TÜRKSÜZ İRAN yaratmaq istəyindədirlər…
Xaliq Bahadır Azərbaycandakı panfarsizm
Oktyabr 14th, 2022 admin