Ortada birisinin Gültəkin Hacıbəylini məhkəməyə vermək istəyi ilə bağlı yekə bir dartışma var. Mən o dartışmaya qarışmaq istəmirdim. Ancaq qarışası oldum. Şəmşad Ağanın statusunu oxuyandan sonra. Daha doğrusu, statusla bağlı bir sıra postları, ən başlıcası da Rafiq Cəlilov adında feysbukdan tanıdığım adamın postunu oxuyandan sonra.
Bir çoxları özlərini elə aparırlar, elə yazırlar- nəsə olmamış kimi. Böyük say baxımından Azərbaycan Türk ölkəsidir. Türklər isə tarixə tolerantlıq damğasını vurmuş bir uluis olaraq tanınır. Mən indi çox fakta əl atmayacam. İndilikdə bircə fakt göstərirəm. 1926-cı sayımına görə, SSRİ-də 195 xalq vardı. 1989-cu il sayımına görə xalqların sayı 128-ə enmişdi. Göründüyü kimi, vur-tut 70 ildə 67 xalq asimilyasiya edilmişdi.
20-ci yüzilin başlanğıc çağlarında rus-ingilis gücləri Azərbaycan coğrafiyasında indiki qondarma “Ermənistan dövlətini” yaratdılar. Ermənilər az bir arada qanlı qırğın, terror yoluyla “Ermənistanı” TÜRKLƏRDƏN arındırmaqla monoetnik ölkə yuaratdılar. Biz də elə bir ölkə yarada bilərdik, yaratmadıq- bacarmadığımız üçün deyil, TÜRK olduğiumuz üçün, yalnız TÜRK olduğumuz üçün yaratmadıq!
Türklər min ildən artıq İranın yiyəsi oldular. İranın yiyəsi olduqları o min ildən artıq dönəmdə Türklər farsların dilinə, kültürünə böyük sayğıyla yanaşdılar, onları hakimiyətlərinə ortaq etdilər. 1925-ci ildə ingilislərin yardımıyla İranda hakimkiyətə yiyələnən farslar o çağdan bu çağadək- istər şahlıq dönəmində, istərsə də din dövlətinə dönüşdürülmə dönəmində- Türkün dilini, kültürünü, bütünlükdə Türk varlığını dandılar, danırlar. Biz bizimlə bir ölkədə yaşayanlara bunların hansını etmişik? Birini də etməmişik- Türk olduğumuz üçün, yaranışdan bizə özgü olan Türk böyüklüyünü, Türk humanizmini dönməzcə yaşatdığımız üçün!
Azərbaycanda minilliklər boyunca Türklər hakimiyət sürüblər. Onlar özlərindən qat-qat artıq azlıqda olan xalqları qoruyublar.Bunun ən yaxşı palitrası Azərbaycanın bugünkü etnik çoxboyalığıdır. Bizim Qarabağ uğrunda savaşda çiyin-çiyinə vuruşduğumuzu demək belə artıqdır.
Dönə-dönə yazmışam, bir daha yazıram: çoxsaylı araşdırmaları ilə tanınan türkoloq L.N.Qumilyov yazır: “Türk kültüründə irq ayrı-seçkiliyi yox idi”. Bax, Türklərin bütün Yer üzündə bənzəri olmayan tolerantlığı buradan qaynaqlanırdı. Bu tolerantlığın özünün qaynağı isə Tanrıçı Türklüyün yaranış ilkələri, o ilkələrə bağlılıq idi.
Gəlirən çağımıza.Çağımızda nə baş verir? Bəlli bölgədən olan biriləri sosial şəbəkədə açıq-açığına Türklərə yağılıq aşılayan yazılar yazırlar.Açıq-açığına, gizlətmədən. Bir qrupu Türkləri “qaniçən”, baçkəsən”, “vəhşi” adlandırırkən bir başqaları, demək olar, ardıcıllıqla “biz aborigen xalqıq, türklər Azərbaycana 11-ci əsrdə gəlmiş işğalçılardır” propaqandası aparırlar.Onların bizə vurduqları başlıca damğa isə budur: “pantürkistlər”. Kim dilinə Türk sözünü gətirirsə, yetə-yet “pantürkist” olur. Belələri sonunda onlara “separatçı” damğası vurulmasından gileylənirlər. Biri var idi, internet doluydu onun Türklüyə yağılıq aşılayan yazılarıyla. Özü də az-çox tanınmış birisiydi. Bir gün onu belə araqarışdıran yazılara son qoymağa çağırdım.O məni “pantürkist” adlandırmaqla qalmadı, “ siz türklər qaniçənsiz, vəhşisiz, sizi qaz kameralarına doldurub qırmaq lazılmdır”, yazdı . Bundan sonra ona belə yazası oldum: “Sən separtçısan, səninlə MTN uğraşmalıdır”. Səsi kəsildi.
Şəmşad bəyin yazısı çoxlarına dil verdi, onlardan biri də Rafiq Cəlilovdur.Onu fb-dəki bir sıra oxşar yazılarından tanıyıram. Onlardan birini yada salıram. O, bir gün yazmışdı: ”Bizim Qarabağda vuruşan talış batalyonunu türklər qırdılar”.Demək, biz özümüzü Türk adlandıranda bunlar ilan vurmuşa dönürlər: istəyirlər özümüzü “azərbaycanlı” adlandıraq.Ancaq nəyə görəsə özləri bizə “türk” deməkdən ayrıca kayf tuturlar. Ona yalan yazmaqla düşmənçilik yaratdığını, belə yazılar yazmaqdan çəkinməsini yazdım. Dediyində durdu, onda mən doğma əmim oğlu ilə bağlı fakt göstərdim. Əmim oğlu 1994-çü il aprelin 24-də şəhid olmuşdu. Araşdırmışdım, öyrənmişdim: tabor xəyanət yoluyla qırdırılmışdı. O tabor R.Cəlilovun yazdığı kimi, ayrıca bir bölgə taboru deyildi. Savaş boyunca elə qırğın faktları az olmamışdı.R.Cəlilov Şəmşad bəyin statusuna yanıtında lağ eləməklə “beşinci kolon” anlayışını da kimlərinsə yersiz damğası sayır. TƏRTƏR SOYQIRIMI ilə bağlı üzə çıxan faktlar içimizdəki “beşinci kolonun” tək gücünü göstərmir, eləcə də onun panoramını yaradır.
24 apreldə- yalançı “erməni genosidi” günü!- taboru ermənilərə “pay” verən generalın adı da bəllidir. Sonralar üstü açılan bir çox qırğın faktlarından bilindiyi kimi, o general Kremlin içimizdəki “beşinci kolon” yetkililərindəndir. Ortada ayrıca olaraq Polad Həşimov, TƏRTƏR SOYQIRIMI kimi faktlar var…
R.Cəlilov yanıtında “kürdlərə- PKK-çı,talışlara- separtçı, türklərə- hakimiyətin tulası…” damğası vurulduğunu bildirir. Burada da adam iç üzünü göstərir. Özü kimilərin bizə vurduqları başlıca damğa “pantürkist” ikən görün nə deyir, hansı söz birləşməsinə əl atır. Yeri gəlmişkən, bilərəkdən biriləri indiki hakimiyəti “türklərin hakimiyəti” adlandırmaqla bizi başqa xalqları “əzməkdə, hüquqlarını əllərindən almaqda” suçlayırlar. Özləri də çox gözəl bilirlər: indiki hakimiyət dönəmində ən çox hüquqları tapdanan da, ən çox əzilən də bizik. Bunun niyəsi isə bəllidir: sayımız çoxdur, güclüyük, hakimiyəti uzun illər qoruyub saxlamağın yolu bizi əzməkdən, bizi hüquqsuz duruma salmaqdan, bununla başqalarını da “qandırmaqdan” keçir.
Dostlar mənə Avropadan bir bildiri göndərmişdilər. Azərbaycandan qaçıb Avropaya sığınmış bir tanınmış bildirini Avropa birliyinə göndərib. Bildiri başdan-ayağa yalan, qaralamadır: “Azərbaycanda türklər hakimiyəti ələ keçirib talışlara zülm edirlər, talışların maddi-mədəniyət abidələrini dağıdırlar” kimi söyləmələr.
Bu sayaq yalançı, araqarışdıran, düşmənçilik yaratmağa yönəlik çıxışlara onların üzdə olan tanınmış soydaşları niyə təpki göstərmir? Axı, bunu hamıdan qabaq onlar özləri etməlidirlər. Bir hüququç ardıcıl olaraq bizim Türklüyümüzü danan yazılar yazır, özünün düşüncə ortağı olan soydaşlarının yazdıqlarını paylaşır, hamı da susur. Niyə? Biz Türk deyiliksə, nəyik, “azərbaycanlı”? Belədə soruşulur: nəyə görə “azərbaycanlı” yalnız biz olmalıyıq?
Yox, biz Türkük, özümüz də bu yerlərə Türklüyə yağı Sovet tarixçiliyinin-Sovet ideologiyasının beyinlərə yeritdiyi kimi, 11-ci yüzildə gəlməmişik- bu yerlərdən göyərmişik! Bunu yalnız bizim deyil, eləcə də fransızların, almanların arxeoloji qazıntıları doğrulayır. Bunu ondan qabaq açunun ən böyük bitiklərindən olan “Dədəm Qorqudun Bitiyi” doğrulayır. O bitiyin yaşı isə Sovet bəlirlədiyindən (X! yüzil) çox-çox əskilərə gedir.
Son olaraq deyəcəyim nədir? Gəlin bir-birimizə sayğıyla yanaşaq, bizim ellik uğurumuzun qarşılıqlı sayğıdan keçdiyini unutmayaq. Bizim düşmənçiliyimizin bizə deyil, bizim üzərimizdə sonsuzadək ağalıq etmək istəyənlərə uğur qazandırdığını bilək.
44 günlük savaş birgə tökülən qanlarımızla bütün Azərbaycanı birləşdirmişdi. Nə oldu? Ardıcıllıqla parçalama çıxışları edildi. Eləcə də ardıcıl bahalaşma- qiymət artımlarıya xalqın Qarabağ sevincini sarsıtdılar, özgüvənini öldürdülər. Beləcə, “Sən yoxsan, biz varıq!”, dedilər. Biz Türk, Talış, Tat, Ləzgi, Avar, Saxur, Yəhudi olaraq Qarabağ savaşındakı itkilərimizin ağrı-acısını birgə yaşadığımız kimi, bugünlərin planlı olaraq yaradılan qudurğan qiymət artımlarının ağrı-acılarını da birgə yaşamalı oluruq.
Tanrı Türkü qorusun- diləyinə gəlincə, Almaniyada Alman, Fransada Fransız, İngiltərədə İngilis nə deməkdirsə, Azərbaycanda Türk o deməkdir. Bəlli bilinməlidir: burada Türklüyün sağlığı hamının sağlığı, Türklüyün uğuru hamının uğuru deməkdir. Bu gerçəyi danmaq Azərbaycan gerçəyinin özünü danmaq deməkdir. Azərbaycan isə bizim hamımızın evimiz deməkdir: Türkündən Talışına, Ləzgisindən Yəhudusinədək. Ev isə o evdə yaşayanların birgə çalışmaları ilə şen olur.
Xaliq Bahadır. Azərbaycan gerçəyi
Dekabr 5th, 2022 admin