Söhbətimizi türk ruhundan başlayırıq. Türk ruhunun mahiyyəti, mənası, canı inanclıq deməkdir. Türk ruhu qədər inanc ruh yoxdur, bəlkə almanlarda da bizdən aşağıdır. Lakin bu inanclıqda itaət yoxdur, qismətçilik yoxdur, cənnətçilik, cəhənnəmçilik, xurafat və cəfəngiyyat yoxdur. Türklər Göyə inanıblar, Göyün özünü ilahi varlıq sayıblar. Göy burda islam Göyü deyil, qətiyyən. Burda Allahın taxtı yoxdur, tacı yoxdur. Göy – ucalıq rəmzidir. Harda olursa olsun, türk başının üstündə Göy görüb. Atilla da Göy görüb, o biriləri də. Nə qədər ki, onlar Göyə pənah gətiriblər, Göyə tapınıblar – çox məğrur olublar. Türk məğrurluğu, türk vüqarı hədsizdir, əvəzsizdir, bənzərsizdir. Burda heç bir şişirtmə yoxdur. Ona görə mahiyyətcə türk ruhu antiislamçıdır. İslam sözünün mənası itaətdtr. İslam qorxudur və mahiyyətcə Göydə Allah olanda Yerdə hökmdar olur, hökmdar rəiyyət tələb edir. Bu, türklərdə olmayıb, belə qorxu, belə təbəqələşmə, belə ağaçılıq türklərdə olmayıb, türk ruhuna uyğun deyil. Bu birinci.Bizim məqsədimiz budur ki, bu türk ruhu bərqərar olsun, bu inanclıq. Yalançı inam yox, islam yox, xristianlıq yox, buddaçılıq yox, musəvilik yox – əsil inam, yalansız inam. O ucalıq və o müqəddəslik. Ona görə türk ruhu bu günlə uyuşmur, bu günlə döyüşür. Türk ruhu qərbçiliyə də qarşıdır. Qərbçilikdə inanc yoxdur, qərbçilikdə varidat var, gəlir var, kapital var, ticarət var, hər şey alınıb satılır. Ona görə türk ruhu bəlkə də elə bəşəriyyətin xilasıdır. Hər halda mən buna tam inanıram və bizim Ocağın da bir məqsədi türk ruhunu tək bərqərar eləmək yox, təsdiq eləməkdir. Bütün dünya pulçuluğa şığıyır. Bu, türk ruhuna ziddir.
Türk ruhunun ikinci xüsusiyyəti ondan ibarətdir ki, türk ölümlə öcəşir, amma öldürməkdən həzz almır. Türkün ölümlə öcəşməsinə misallar hədsizdir. Atilla dövranı da bəsdir, Səlcuqların XI əsrdə dünyaya şığıması da bəsdir. Sonradan yaradılan möhtəşəm Osmanlı imperiyası da bəsdir, Babək üsyanı da bəsdir.
Amma ömründə türkdə sadizm, öldürməkdən həzz alma olmayıb. Bunu Atadan əvvəl Cəvahirləl Nehru deyibdir. Siyasətçi olsa da, burda o, çox yaxşı deyib: Monqollarla türkləri müqayisə eləyir və deyir ki, monqollar öldürməkdən həzz alırdılar, türklər isə döyüşdən həzz alır. İndiki dövrdə isə ölümlə öcəşmə yoxdur, ölümdən qorxma var və öldürməkdən həzz var.
Burda yerə-göyə sığmayan xəstəlik var, sadizm var. Elə bununla əlaqədar onu da demək lazımdır ki, türklər ona görə Bizans imperiyasına qalib gəldilər ki, onlar quldarlığı ləğv elədilər. Hara gedirdilər, azadlıq aparan xilaskar kimi gedirdilər. Çox böyük, lazımlı işdir Türk ruhunun bu cəhəti. Bu saat, cinayətkarlığın Yerə-Göyə sığmadığı bir vaxtda, insan toyuqdan ucuz olduğu bir zamanda, başkəsənlik az qala müqəddəsləşəndə, bax, türkün bu ölümlə öcəşməsi, döyüşkənliyi, və eyni zamanda öldürməyi sevməməsi, sevməyə-sevməyə öldürməsi böyük psixoloji və ruhani bir sərvətdir ki, bunu bəşər öyrənməlidir. Bu ikinci.
Üçüncü, türk birsifətlidir. Həmzəlikdən uzaqdır. Türk Koroğludur mahiyyətcə. Hədsiz dərəcədə mərddir, üz-üzə döyüşən, üz-üzə gələn. Qılınc çıxardaq, görək kim güclüdür. Arxadan vuran deyil, yəni diplomat deyil, siyasətçi deyil, ticarətçi deyil. Yəqin ki, sən məndən inciməzsən mən desəm ki, türkün ticarət möcüzəsinə inanmıram. Mən Türkün İdrak möcüzəsinə inanıram, onun filosofluğuna inanıram və indi o zahiri möcüzədən ki, danışırlar, türk möcüzəsi adı altında, Çikaqo məktəbinin siyasi iqtisadiyyatı əsasında yaranan o tacirlik – mən bunu türkə yaraşdırmıram.
Türkdən Həmzə çıxmayıb. Bütün ticarət, bütün siyasət hamısı Həmzəlikdir, biclikdi, aldatmadı, oyundu. Mən istəyirdim ki, türkün ruhu qalib gəlsin və siyasət meydanından çıxsın, ticarət meydanında çox az qalsın. Təbii ki, bu günün söhbəti deyil, amma bu günün xilasıdır.
Və nəhayət, dördüncü mahiyyəti – türk ruhunun qadına hörməti. Hədsiz dərəcədə ilahiləşən qadınlıq. De görüm, qadına münasibətin nədir, deyim sən kimsən. Bu, müəyyən mənada bir ölçüdür, bir meyardır. Türk qadını çox yüksək tutub. Avropada bəlkə yalnız almanlar bizə bərabərdir. Ona görə ailə məsələsi əsasdır. Qadınla kişi ayrılmayıb, qadını çadraya bükməyib, qarğa paltarında qadın gəzməyib, qadın güləşib, sabahkı kişisiynən, bəzən yıxıb onu. Bir-birinin canına and içirdilər. Gətirdilər indi qadını çevirdilər qapalı bir qarğaya.
İslam Şərqin belini əydi ki, Qərb onun belini qırsın. İki fəlakəti var Şərqin, ikisi bir-birinə bərabər. Qərbdə əxlaqsızlıqla pulçuluq qol-boyun olub, hər şey satılır, o cümlədən parnoqrafik biznes yaranır. Bədən satılır, hərraca qoyulur.
Bax, gör necə gözün var!.. Sonra gözün içindən papiros düşür!.. O göz ki, Füzuli şeir yazmışdı. O dodaq ki, onnan su içirdi Nəsimilərimiz, Füzulilərmiz, indi onun əvəzinə görürsən ki, o ağızdan top çıxdı, reklam topu. Murdarlıqdı bu! İslam ondan da pisdir. Şərqin bir yağısı yox, iki yağısı var, bir-birinə yağı olan, bir-birini sevdirən, bir-birini müdafiə eləyən mahiyyətcə. Qorxudur islamnan Qərb, deyir, mən olmasam, sən bu günə düşəcəksən, ay Şərq, bundan da pis olacaqsan. Qorxudur və özünü saxlayır. İslam da Qərbnən qorxudur ki, fahişəxanalara çevirəcəklər Şərqi. Əslində ikisi də bir şeydir.
O türk ki islamnan döyüşür, qərbçilərlə döyüşmür – o, pis döyüşçüdür. O türk ki, Qərbnən döyüşür, islamnan döyüşmür, o da pis döyüşçüdür. Mən istəyirəm ki, türk ruhu dünyaya hakim olsun. Çox fikirləşəndən sonra mənim nəticələrim budur ki, əgər türk ruhu, mən dediyim o dörd ideya qalib gəlməsə, bəşər indiki səviyyəsində, totalitarizm – demokratiya səviyyəsində məhv olacaq.
Qaranlıqlar Yarılsın!
1993.