Tehrandakı Azərbaycan elçiliyinə bəlli basqından sonra Azərbaycanda İrana yönəlik savaşçı söyləmələr durmadan artmaqdadır. Qısası belədir: “İrana həddini bildirməyin çağı çatıb”.
Bu gün Azərbaycanda İrana yönəlik kəskin ritorika sərgilənməkdədir. Özgürlükdən, özgür yanaşmalardan bütünlüklə uzaq televiziyalar yurddaşlarımızın İrana olan acığını daha da körükləyir.
Bəllidir “İran islam respublikası” adlanan dövlət uzun illərdən bəri, demək olar, ara vermədən, antiAzərbaycan politikaları yürüdür. İllərlə dönə-dönə genişliyi ilə yazmışıq, indi qısaca demək yetər: Azərbaycana yalnız yamanlıq etməyə yüklənmiş İran fars rejimi başlanğıcdan sonadək erməni terror dövlətinə, qaniçən erməniliyə arxa durub, yardımçı olub- Xocalı soyqırımını, ermənlərin Qarabağda törətdikləri çoxsaylı qırğınları, böyük dağıntıları gözardı etməklə! Azərbaycanın Qarabağdakı yarımçıq uğurunun belə qondarma “islam dövlətini” necə özündən çıxardığı, onun Azərbaycana yönəlik politikalarının daha da aqrerssiv xarakter aldığı bəsbəllidir. Yaxın günlərdə geniş sərgilənən Tehran-İrəvan qardaşlığı da, Paşinyanın arvadının İranda saraydan məscidə, məsciddən saraya yüksək qarşılanmaları da istər-istəməz yurddaşlarımıza öz etkisini göstərməkdədir. Bütün bunlara baxmayaraq, planetin indiki qarışan durumunda biz toxtaq olmalıyıq!
Yaxın-uzaq çevrəmizdə çox böyük oyunlar gedir. Ortada bizi İranla savaşa sürükləməyə çalışan güclər var. Biz o güclərin oyununa getməməliyik. İranın bir sıra strateji obyektlərinin bombalanmasından bir gün keçsə də, indiyədək onu kimin bombaladığı bəlli deyil. Belə bir durumda nə baş verə bilər? Biz bir neçə gün qabaq Tehrandakı elçiliyimizə basqınla bağlı İrana qızdığımız kimi, İran da bizə qıza bilər. Beləcə, qarşılıqlı olaraq barmaqlar tətiklərə uzana bilər: gerçəyi sonadək araşdırıb öyrənmədən…
1829-cu ildə Tehranda Rusiyanın elçibaşısı A.S.Qriboyedov elçiliyə basqın yoluyla öldürüldü. Ortada iki erməni qadınla bağlı söz-söhbət vardı. Başqa sözlə, indiki kimi, “ailə-məişət” söhbəti. Demək olar, iki yüz il işin gerçəyi Rusiyada da, Rusiyadan qıraqlarda da bilinməz oldu. Gerçəklər İngiltərənin o çağkı Tehran eçibaşısının yazdıqları ortaya çıxandan sonra bəlli oldu: İrandan keçməklə Hindistana quru yolu açmaq istəyən İngiltərə dövləti Qacarlar dövlətiylə (indiki İran) Rusiyanı salışdırıb bir-birinə qırdırmaq üçün Qriboyedovun öldürülməsini planlamışdı. İngilis agenti olan mollanın dilindən elçiliyə basqın fətvası verilmiş, qızışdırılmış kütlə əlinə keçəni götürüb elçiliyə cummuşdu. Qacarlar dövləti Abbas Mirzə başçılığında ölüm-qalım sorunu ilə üzləşmiş, satılıb ələ alınmış birisinin cinayətini yumaq üçün Rusiyaya çox böyük ödünc verməli olmuşdu. Ancaq Qacarlar dövlətini o çağlar çox güclü olan Rusiya saldırırsından qoruyan yalnız Abbas Mirzənin sevimli oğlu Xosov Mirzəni çox sayda qızıl-gümüş, Nadir şahın Hindistandan gətirdiyi “Kuhi-nurun” üstündə qurbanlıq göndərməyi deyil, bir də I Nikolayın Qriboyedovu sevməməyi olmuşdu.
Sözün qısası
Henri Kisincer deyir: ”Dış politika prioritetləri bəlirləmə bacarığıdır”. Yeri gəlmişkən, H.Kisincer bunu da deyib: “Biz ABD-İsrail-İngiltərədən oluşan savaş birliyinin parçasıyıq”. Düşünməyə dəyər.
19-cu yüzildə Rusiya Qacarlar dövlətiylə savaşa çıxanda sonadək Rusiya ilə savaşan da, qırılan da farslar deyil, Azərbaycan Türkləri oldu. Unutmayaq: o taylı, bu taylı bizim bir Azərbaycanımız var.