Xaliq Bahadır Şah süvariləri- şər atlıları

İstənilən ulus, istənilən ölkə üçün ortaq dəyərlər olur. O dəyərləri qorumaq ellik üçün ortaq borc olur. Ortaq dəyər deyilən ayrıca olaraq hakimiyətin, ayrıca olaraq müxalifətin, eləcə də toplumun hansısa kəsiminin deyil, bir ulusun, bir ölkənin, bir dövlətin gücünə güc qatan, onun tutacağı yolu bəlirləyən birləşdirici, bütövləşdirici aydın, aparıcı düşüncə sistemi olur. Belə bir ortaq dəyər Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə, Türkiyədə Mustafa Kamal Atatürkdür.Azərbaycanda Məhəmməd Əmin, Türkiyədə Atatürk toplu olaraq ULUSAL DÜŞÜNCƏ SİSTEMİNİ oluşdurur. Oluşdurublar, oluşduracaqlar- alternativsiz olaraq! Bizlər çağdaş, özgür düşüncəmizlə onların ideallarına gərəkən yeniliklərlə yeni yön verə bilərik. Bunlar uğurlarımızı artıracaq, uğurlarımıza dayanıqlıq qazandıracaq yönlər, yöntəmlər olmalıdır.
Amerika üçün Corc Vaşinqton nə deməkdirsə, Azərbaycan üçün Məhəmməd Əmin, Türkiyə üçün Atatürk o deməkdir- alternativsiz olaraq!Amerika üçün Vaşinqton, Azərbaycanla Türkiyə üçün Məhəmməd Əminlə Atatürk qurucu babalardır- yenə alternativsiz olaraq!
Məhəmməd Əminlə Atatürk bizim üçün doqma deyil: dünən, bugün, gələcək üçün yolumuzu aydınladan alternativsiz öndərlərdir. Bizim borcumuz onları öyrənmək, onları anlamaq, onları gərəkdiyi kimi dəyərləndirməkdir. Ancaq onları gərəkdiyi kimi dəyərləndirmək üçün Azərbaycana Məhəmməd Əmin, Türkiyəyə Atatürk sayağı bütün əriş-arğacıyla bağlanmaq gərəkir.
1993-dən Azərbaycanda Məhəmməd Əmin, 2002-ci ildən Türkiyədə Atatürk dışlanmaqdadır. Bu yöndə indiyədək bir çox yazılar yazmışam: istər Azərbaycan, istərsə də Türkiyə ilə bağlı.
Azərbaycanda Məhəmməd Əminə qarşı ilk çıxış 1993-ün hakimiyət dəyişikliyindən sonra parlament tribunasından edilmişdi: “Məhəmməd Əmin kim  olub?” Ondan sonra dövlət qəzetlərinin öncüllüyündə Məhəmməd Əmini söyüb yamanlama sürəci başlamışdı. Bunlar toplumu bölüb parçalamağa yönəlik başlanğıc idi- indi göründüyü kimi, bəlli bir rejimin sonunadək sürəcək başlanğıc.
Türkiyədə Atatürkün dışlanması Ərdoğanın bu çıxışından başladı: “Kamalizmi qafalardan silmək üçün minarələr süngümüz olmalıdır”. Ərdoğan bundan az sonra demişdi: “Biz milliyətçiliyi ayaqlar altına alan bir iqtidarız”.Türkiyəni Atatürk yolundan döndərən Ərdoğan 20 illik hakimiyəti boyunca Türkiyə köylərində 20 mindən artıq oxulu qapadıb, bunların yerinə imam hatip oxulları- mollaxanalar açdı. Qızı Süməyyanı Amerikanın İndiana universitetində oxudan, sonra özünə danışman eləyən Ərdoğan Türkiyənin üzünü din fanatizminə yönəltdi. Bunun nədənini ən yaxşı onun özündən öyrənirik: “Çobanlığın fəlsəfəsini anlamayan insan yönətəməz. Mən də bir çobanam”. Diplomsiz Əroğanın bunu hardan öyrəndiyini bilmək üçün ABD-nin keçmiş prezidenti R.Niksonu tanımaq gərəkir. Nikson deyirdi: “İslam ölkələrində demokratiya, hüquq dövləti qurulmasına yol verməməliyik.Egitim (təhsil) sisteminin din özülləri üzərində qurulması gərəkdir. Başlarındakı çobanı ələ keçirməklə ölkəni biz yönətməliyik. Bu baxımdan gərəkənləri etmək görəvimizdir”.
Atatürk deyirdi: “Uşaqlarınızı padşahçı deyil, milliyətçi yetişdirin”. Ərdoğan başlanğıcdan sonunadək Atatürkün dediklərinin tərsini etdi. Ancaq Türkiyədə Atatürkə-Atatürkçülüyə bağlı oturuşmuş dövlətçilik gələnəkləri olduğundan Ərdoğan orada Türklüyü-Türkçülüyü-Ulusalçılığı (millətçiliyi) sonunadək yenə bilmədi- Ərdoğanın dinçi ritorikasına aldanmışların da ayılmasıyla bu gün Türkiyədə Atatürkçülük- Atatürk ideyaları yenidən qalxıb qabarmaqdadır.  Atatürkə- Atatürk ideyalarına yenildiyini görən Ərdoğan bu  gün- 20 illik Atatürk yağılığından sonra! – özünü topluma Atatürkçü kimi göstərmək, milliyətçi olaraq tanıtmaq  üçün dəridən-qabıqdan çıxır. Ərdoğanlı-Ərdoğansız, bu gün Türkiyədə Atatürkə-Atatürk düşüncə sisteminə qayıdış qarşısıalınmaz sürəcə dönüşür. Ən başlıcası, Türkiyə gəncliyi Atatürk ideyaları ilə körüklənib kükrəməkdədir!
Azərbaycanda durum bir az başqadır. Yaxın-uzaq imperialist güclərin təpkiləri, çeşidli saldırıları üzündən bizdə uzaq tarix yaddaşımızdan başqa oturuşmuş ulusalçılıq- dövləıtçilik düşüncəsi yox yerindədir. Ancaq… sürəkli təpkilərəbaxmayaraq, toplum arasında Məhəmməd Əmin ideyaları, Məhəmməd Əmin sevgisi yalnız yaşarılığını qoruyub saxlamır, getdikcə özünü daha artıq doğruldur- Ərdoğan Türkiyəsində olduğu kimi!
Aznews. az saytı yanvarın 31-də, M.Ə.Rəsulzadənin doğum günündə, onunla bağlı yalan, şərləmə-böhtan dolu yazı yayımlayıb. Sözsüz, bu, düşünülmüş bir işdir. Yazan bəllidir: o, ilkin gənclik çağlarından oxşar işlərlə uğraşmaqdadır- bilənlər bilir. Tarix bilimləri doktoru Cəmil Həsənli ona olduqca etkili, dəyərli yanıt verib. Hamı fb-də o yalançı yazı yiyəsini söyüb yamanlayır. Ancaq saytın adını çəkən, adını çəkibən üstünə gedən yoxdur. Saytın başında duran tarix gerçəklərindən uzaq, ortaq dəyərimiz saydığımız Öndəri aşağılamağa, gözdən salmağa yönəlik bir yazını niyə yayımlayıb? Özü də onun doğum günündə. Özü də toplumsal qınaqdan çəkinmədən. Demək, haralarasa bağlı sifariş var. O sifarişə bağlı arxayınçılıq var. O sifariş birbaşa da ola bilər, birbaşa olmaya da bilər: onun olub-olmadığını biz bilmirik. Ancaq bizim görüb bildiyimiz budur: ölkədə Rəsulzadəni aşağılama, gözdənsalma ortamı var. Özgüdükçülər, mənliyini pula satanlar, doğruları qoyub, toplumu yalanla yemləmək istəyənlər üçün çox yararlı, çox əlverişli bir ortam. Bu, toplumu bölüb parçalama, toplum arasında çəlişki yaratma ortamıdır. Bax, başlılca politik sifariş burada, bölüb parçalamaq, çəlişki  yaratmaq, olanı daha da dərinləşdirmək istəyindədir. Ulusun, toplumun bir araya gəldiyi, birliyə yönəldiyi dönəmlərdə ortaya beləcə bölücülük görsənişləri çıxarılır: sən demə, “Məhəmməd əmin elə-belə, boşuna bir lidermiş, başlıca lider o deyil, Əlimərdan bəy Topçubaşı imiş”. Belə bir çıxışı biz 1993-cü ildə ən yüksək tribunadan eşitmişdik. Belədirsə, demək, birbaşa göstəriş almağa gərək yoxdur: yeri gəlib, çağı çatıb- döşə getsin
Ortada çox önəmli faktor da var: “Medianın inkişafı agentliyi”. Ölkədə sağlamlıq üçün yararsız ərzaq ürətilməsinin, tükətilməsinin qarşısını almalı olan “Ərzaq təhlükəsizliyi agentliyinin” o ərzaqların geniş çeşiddə yayılmasındakı roluna çox bənzəyən “medianı inkişaf etdirmə” görsənişi!
İndi ortaya bir reystr qanunu da atılıb. Bütün jurnalistlər o qanundan yararlana bilməz. Bəri başdan bilmək olar: o qanundan yaralananlar gerçək jurnalistika subyektlərindən qat-qat artıq rejim jurnalistikasının subyektləri olacaq. Azərbaycan nəşriyatında çoxlu sayda reket qəzet var. Azərbaycan jurnalistikasını yolsuzluq jurnalistikasına dönüşdürmüş Əli Həsənovun seçimi ilə uzun illər Mətbuat şurasının başında durmuş Əflatun Amaşov çıxışlarının birində ölkədə geniş yayılmış reket jurnalistikasından danışarkən demişdi:“Azərbaycanda bir ailənin 30 qəzeti var”. Amaşov sonadək o adı, eləcə də reket jurnalistlərin adlarını çəkmədiyindən onların reystr qanunundan gen-bol yararlanacaqları quşqu doğurmur. Saytlardakı tək yazı başlıqları biliksiz, jurnalist etikasındanuzaq qondarma jurnalistikanın ölkədə necə geniş yayıldığını açıq göstərir. Belələri üçün Məhəmməd Əminlər dəyər deyil, ola bilməz. Özəl çıxarlarını ulusal çıxarlardan üstün tutan belələri üçün ortaq dəyər, ortaq çıxar anlayışı yoxdur, ola bilməz: dəyərlərə baxışın necəliyi dəyərlilikdən keçir.
Türkiyənin açıqlama sözlüyündə “milliyətçilik” anlayışına belə aydınlıq gətirilir: “Maddi, mənəvi açılardan (baxımdan) millətin, ölkənin çıxarlarını hər nədən üstün tutma anlayışı, ulusalçılıq”.
Yuxarıda sözü gedən yazıda Məhəmməd Əminin qurucusu, yaşadanı olduğu Müsavat partiyasından da danışılır. Yenə yalan yolututulmaqla. Məhəmməd Əminin özütək partiyası da sonunadək Özgür, Demokratik Azərbaycan idealına bağlı qaldı. Bu bağlılıq partiya ilkəsində başlıca yer tutur, partiyanın ideya özülünü oluşdururdu: MİLLƏTÇİLİK.Müsavatın imperialist Sovet dövlətinə- imperialist Sovet ideologiyasına yaratdığı sorun ən çox ulusalçılılq-millətçilik ilkəsinə görəydi.
Ulusalçılıq yaxın-uzaq bütün imperialist güclərin ən çox qorxduğu,  yoxluğuna, olmamasına çalışdığı ideologiyadır. Millətçilik milləti bir araya gətirmə, birləşdirmə bütövləşdirmə baxımından eləcə də antidemokratik rejimlərin ən çox qorxduğu, varlığıyla barışmadığı, barışa bilmədiyi konseptual baxışdır, ideoloji sistemdir.“Diriliklərin ən dəyərlisi milli dirilikdir”,- deyən Ulu Öndər bir də bunu deyirdi: “Millətçilik deyən olay bir insan birliyinin öz varlığını qorumasından başqa bir nəsnə deyildir”.Yer üzünün harasında olur olsun, Öz varlığını qoruma gərəyi ortaya çıxırkən QURTULUŞ QURŞAĞI olaraq ulusalçılıq-millətçilik birləşdirici dəyər olaraq qaçılmazlığa çevrilir.
Azərbaycanda Məhəmməd Əmin, Türkiyədə Atatürk bütöv bir sistemdir- ulusalçı sistem. Onlar dövlət quruculuğunda hegemonluğu ulusa qazandırırdılar. Ulusun hegemon olduğu yerdə ulusal düşüncə hegemon olur. Ulusal düşüncənin hegemon olduğu yerdə imperialist ağalığa, sümürgəçiliyə yer qalmır. Biri o birinin endirilmiş Bayrağını qaldıran Məhəmməd Əminlə Atatürkün böyüklüyü, böyüklüyünə bağlı yenilməzliyi onların ölümsüz ideyalarına, qurduqları dövlətin ulusalçı özəlliyinə bağlıdır.
Bizdə Məhəmməd Əmin partiyasının adını götürən bəlli bir partiya böyük atılım göstərisiylə ortaya çıxsa da, uğursuz oldu. Nədən? Ortada Məhəmməd Əmin adına bağlı adlandırma vardı, öz yox idi. Hansı öz? Məhəmməd Əmin Özü, başqa sözlə, Məhəmməd Əmin idealı, Məhəmməd Əmin dönməzliyi, Məhəmməd Əmin yenilməzliyi! Bir də Məhəmməd Əminə özgü Özgürlük, Demokratiya istəyi, dirənişi…
Günlərin bir günü partiya yığışıb ulusalçılıq-millətçilik ilkəsini partiya proqramından çıxardı. Partiyanın oçağkı yetkililərindən biri bu “yeniliyə” jurnalistlər qarşısında belə aydınlıq gətirmişdi: “Avropa liberallar ittifaqına girmək üçün belə etdik”. Beləcə, onlar Avropa Liberallar birliyinə qatılıb böyümək istəyində bulunurkən… kiçildikcə kiçilib, yoxluğa yuvarlandılar.
Onların etdiyi böyük Məhəmməd Əmin yolundan- ideolojisindən üz döndərmək idi. O demişdi axı: “Madam milliyətçiyik, madam milli dövlət bağımsızlığını istəyirik, onda bizim üçün nə kosmopolit liberalizm, nə də kommunizmə yönəlmə düzgün olmaz. Bizcə, bizə gərəkli tək sosial sistem MİLLİ BİRLİK sistemidir”.
Məhəmməd Əminin endirilən Bayrağını qaldırmış Atatürk də milliyətçiliyi partiya Proqramının baş ilkəsinə- prinsipinə çevirmişdi. İndiyədək çoxlu başqan dəyişmiş Cümhuriyət Xalq Partiyası (CHP) o ilkəni bugünədək qoruyub saxlamaqdadır.
Ulusalçılıq- gerçək, intellektual ulusalçılıq!- sosial-politik yüklərin ən ağırıdır.Yetən ona yüklənmək istər, ancaq ağırlığına dözüb dayananlar çox az olar…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv