- Yerində, addımla, marş!- orduda olduğumuz dönəmdə bizə verilən komandalardan biri beləyidi.
Biz ölkəmizdə belə bir komandayla yaşayanlar durumundayıq.Ölkədə böyük, gerçək gəlişmələr yalnız oğurluq alanındadır.Bilim, kültür baxımından yerində addımlamaqdan uzağa getmirik.Dil baxımından da eləcə.
Dil deyincə də göz önünə daha çox Nəsimi adına Dilçilik institutu gəlir. Düzü, sonralar ilgilənmədim onlar dovşanı necə adlandırdılar: dooşanmı, tavşanmı? Onlar bir neçə il öncə də ortaya olduqca ilginc bir ideya atmışdılar: qoşa hərflə yazılan ərəb sözlərini tək hərflə yazaq. Onlar hansı sözlər idi: təyyarə, müvəffəqiyyət, nailiyyət, səlahiyyət kimi sözlər.Onda yazmışdım, bir daha yazıram: mən bu kimi sözləri keçən yüzildə çıxdaş eləmişəm: yerli-dibli. Nə üçün? Dilimizdə onların çox yaxşı, çox da asan qarşılığı olduğu üçün.
Baxın: təyyarə- uçaq, müvəffəqiyyət- uğur, nailiyyət- yetənək, səlahiyyət- yetki.
Dilimizdə əski türkcəmizdən gəlmə bir söz var- şenlik.Bu söz indi də ölkənin batı bölgələrində çox işlənir.Şen farsların “abad” sözünün türkcə qarşılığıdır.Açıqlama sözlüyündə şen-şenlik “yaşayış üçün hər cür şəraiti olan” yer deyə göstərilir.ölkəmizdə Noraşen, Vartaşen, Qutqaşen yer adları vardı, onları “erməni” yer adları sayaraq ucdantutma dəyişdilər.O biriləri deyə bilmərəm, Qutqaşen sözünün kökündə də türkün QUT-UĞUR sözü dururdu.Məncə, bu, qutlu-uğurlu yer anlamını bildirir.Biz qabağa getmək istəyəyndə beləcə tələskənliklə yanlışa yuvarlanırıq.
Tarixdən bilindiyinə görə, Şəkinin əski adında da “şen” anlayışı olub: Sakaşen.
Türkiyənin açıqlama sözlüyündə şen sözünün anlam çalarları belə göstərilir: sevincli, mutlu, əyləncəli. Göründüyü kimi, bizdəki anlamlardır.
Yazılarımda çox işlətdiyim Batı, Doğu, Güney, Quzey sözləri birilərində çox qıcıq doğurur, mənim bu sözləri Türkiyə türkcəsindən götürdüyümü deyirlər.Birincisi, anlaşılmazdır: yazılarında kefin istəyincə ərəb-fars sözləri işlət, kimsədə qıcıq doğurmayacaq, türkcə sözlər isə kəsinliklə acıq-qıcıq doğurur- nəyə görə? Bilməzəm.
Yuxarıda göstərdiyim açunun yönünü bəlirləyən sözlərə gəlincə… Açun sözündən başlayaq. Bu, ərəbcə “dünya” sözünün dilimizdəki qarşılığıdır.Türklüyə yağı Sovet dönəmində buraxılmış “Azərbaycan dilinin izahlı lüğəti” kitabından götürmüşəm. Açunun yönlərini bəlirləyən o türkcə sözləri də sözügedən kitabdan götürmüşəm.Dilçilərin, tarixçilərin, yazarların, jurnalistlərin, bir çox başqalarının evində o kitabların dördü də var, ancaq, demək olar, hamısında da toxunulmamış qalır.Məndə isə uzun illərin işləkliyindən onların dördü də, demək olar, cırılıb-dağılan durumdadır.İş-lət-mək-dən!
Bir çoxları üçün evdə kitablar qarşısında durub telegörüntü sərgiləmək üçündür.O üzdən onlar dilçi, tarixçi, yazar-jurnalist, politik, politoloq olaraq ölkənin böyük bir bölümünün necə adlandırmalı olduğunu bugünədək bilmirlər. Bilmədiklərindən də anlayışları qarışdırırlar: Güney Azərbaycan/ Cənubi Azərbaycan.(Quzey Azərbaycan/Şimali Azərbaycan, Batı Azərbaycan/Qərbi Azərbaycan, Güney Qafqaz/ Cənubi Qafqaz- bunlar da o sıradandır). Bizim “ən yeni tarix” kitablarımızda da belədir.Bu isə birbaşa “Təhsil nazirliyi” adlandırılan özüllü yeniliklərdən uzaq, Akademiyanın Dilçilik qurulu kimi gerilikçi baxanlığın suçudur.
Anlayışları qarışdırmaların arxasında hansısa dəyərsizliyin dayandığını bilməliyik.Başlıcası da bu anlayışlar ulusal gərəklərimiz, ulusal çıxarlarımız ilə bağlı ikən qarışdırılır.Təhsil baxanlığı yöntəmində (yöntəm- sistem) göstərilən anlayışların qarışıdırlması, özü də illərdən bəri dəyişməz olaraq qarışdırılması orada tez-tez baş verən baxan dəyişikliyinin eləcə ad özəllikli olduğunun açıq görsənişidir.Demək, bugünədək o çağaşırı dəyişikliklər aldadıcı olduğundan hansısa köklü dəyişikliyə gətirməyib.Eləcə də Dilçilik qurulunun başındakı çağaşırı dəyişikliklər kimi. Eləcə də başqa dövlət qurumlarındakı gerçək dəyişikliyə gətirməyən yalançı, aldadıcı dəyişikliklər kimi.
Açun yönlərinin “Azərbaycan dilinin izahlı lüğəti” kitabındakı açıqlamalarına baxaq:
Doğu, is. Gündoğan, günçıxan tərəf.
Batı, is. (məh.) Günbatan tərəf, qərb.
“Məh.” Qısaltması bilirsizmi nə deməkdir? “Məhəlli söz”. Bu bilirsizmi nə deməkdir? Böyük Türk ulusunun bir parçası olaraq bu bizim özümüzü aşağılamağımız, alçaltmağımız, bir az da kəskin desək, farsca nadanlığımıza bağlı özünükiçiltməyenilgənliyimizdir.Biz açunun bu başından o başına at çapanda, açunun dörd bir yönünə ox atıb yurd salanda ərəb yox idi. Açun yönlərinin adlarını da bilirdik- başqaları bilməyəndə bilirdik. İndi ərəbin “qərb” dediyini başa çıxarıb öz sözümüzü “məhəlli söz” deyə ayağa salırıq.Bunu edənlər kimlərdir? Bizim “təhsil, elm adam” adlananlarımız!
Güney, is. 1.Cənub. Gün düşən yer, gün tutan yer.
Quzey, is. Dağın, evin və s.-nin gün düşməyən, günəş görməyən yeri.
Siz indi gedin yenə ərəbin dediyini deyin: qərb, şərq, cənub, şimal.Ancaq unutmayın: yaranışdan yiyəsi olduğunuz Türk dili açunun ilkin yaranış dili- Ana dilidir.
Yuxarıda dilimizdəki yön yerinə “tərəf” yazıldığını gördünüz.Türkcə yön, ərəbin dilində “tərəf” deməkdir.Bizim “elmlər doktoru, professor, alim, akademik” dilçilərimiz seçim qarşısında hansına üstünlük verirlər? Ərəbcəyə! Belə özgəçi, yağı düşüncəli “elm adamlarını” çay aşağı axıdıb, çay yuxarı axtarasan!
Yeri gəlmişkən, sizi sözlükdəki (dilçi “akademiklərimiz” ərəbcə yazırlar: “lüğət”) çoxsaylı oxşar “izah”lardan biri ilə tanış eləyirəm.
Uydurma- həqiqətdə mövcud olmayıb birisi tərəfindən uydurulan əsilsiz şey…
Uydurma öz sözümüzdür, çox saya da açıqlaması var: yalan; başqa sözlə, yeri olmayan yalan- mən onu belə açıqlayıram.Mənim açıqlamamdakı sözün hamısı özümüzündür.Başqa sözə gərək də yoxdur. İndi “akademik” dilçilərimizin “izah”ına baxın.Bəri başdan bunu deyim: “izah” ərəbcə, “açıqlama” öz dilimizdədir. Demək, “akademiklər” UYDURMA sözünün nə olduğunu anlatmaq üçün 8 söz işlədiblər, o sözlərin vur-tut üçü (olmayıb, birisi, uydurma) özümüzündür, qalanı (həqiqət, mövcud, tərəfindən, əsilsiz, şey) ərəbcədir.Belə dilçilər bizdə yalnız AMEA-da deyil, ölkə boyu səpələkdir.Onlar orta oxullarda oxuyub-öyrənirlər, sonra universitetlərdə oxuyub-öyrənirlər, sonra da oxuyub-öyrəndikləri sayaq da oxudub-öyrədirlər.Beləcə, “Yerində, addımla, marş!”
Türkiyə Açıqlama sözlüyü ilə bizdəkinin bir sıra söz kimlikləri uyğun gəlmir.Onlardan bir azını bura köçürürəm.Qoy dovşan/ doşan adıyla uğraşan dilçilərimiz türkiyəli dilçilərlə birgə belə sözlərin gerçək kimliyini bəlirləsinlər.Bunlar, görəcəyiniz kimi, Türkiyə sözlüyündə başqa, bizim sözlükdə bir başqa kimliklə bildirilən spzlərdir.
Azərbaycan Türkiyə
Sərt- türkcə Sərt- farsca
Ki, bağ.- türkcə Ki bağ.- farsca
Və, bağ.- türkcə Və bağ.- ərəbcə
Amma, bağ.- türkcə Ama/amma bağ.- ərəbcə
Sabun- türkcə Sabun- ərəbcə
Xoca- türkcə Xoca- farsca
Pul- türkcə Pul- farsca
Hər- türkcə Hər- farsca
Nə, bağ.- türkcə Nə bağ.- farsca
Bəli- türkcə Bəli- farsca