Bəxtiyar Hacıyevlə bağlı bir sıra bilgilərim olduğundan tutuqlu olduğu dönəmdə onun yararına geniş yazı yazmadım. Ancaq bütünlüklə susqunluq da sərgiləmədim. Insan hüquqları baxımından yanaşmaqla kiçik statuslar yazdım: Bəxtiyara özgürlük!
“Tutuqlu olduğu dönəmdə”,- o indi də tutuqludur. Onunla bağlı içdə də, dışda da çoxlu çağırışlar yayılmaqdadır: tutsaqlıqdan çıxarma çağırışları. Sözsüz, bunlar hamısı gərəkdir, gərəkli çağırışlardır. Bir ucu ABD-nin keçmiş dövlət katibi Hilları Klintona gedib çıxan o çağırışlara qarşılıq olaraq rejim özünün KQB resurslarını işə salaraq Bəxtiyarla bağlı kompromat xarakterli videosessiya yayımladı. İndi buna görə sosial şəbəkədə bir çoxları, başlıcası da müxalifətçilər, hakimiyəti “əxlaqsız”, “mənəviyatsız” olmaqda suçlayırlar. İndi ortada olan nədir: Bəxtiyar bütünlüklə “haqlı”, hakimiyət bütünlüklə “haqsızdır”- bizim müxalifətin 30 ildən bəri dəyişməyən düşüncəsi belədir. Bu, demokratik düşüncə deyil, eləcə dəyişməz, yıpranmışç düşüncə görsənişidir.
Yoldaşlar, qardaşlar, siz nəyə görə bu hakimiyətin nə hakimiyəti olduğunu bilirkən onun xarakterinə varmaq istəmirsiz? Mən AXC hakimiyətinin başında duranları KQB arxivlərini açmamaqla, KQB parlamentini buraxmamaqla dönüklük etdiyini, o dönüklük üzündən ölkənin TƏRTƏR SOYQIRIMINA uğradıldığını, bugünkü faciəli duruma salındığını yazırkən bir çoxlarınız- kimiləriniz acıq-qıcıqla başını bulayır, kimiləriniz söyüş-təhqirə əl atırsız. Niyə, bilirsiz? Ələşdiri (tənqid) kültüründən uzaq olduğunuza görə. Siz yalnız düşmən gözündə gördüyünüz hakimiyətə ələşdiri gözüylə baxa bilirsiz. O üzdən bu “xamır çox su aparır, çox su aparacaq”. Otuz il qabaq aldanıb sevdiklərinizi bu gün də eləcə sevmək sizin başlıca uğursuzluğunuzdur- bunu biləsiz!
Yeri gəlmişkən, dünən sizin “ölkənin ən dəyərli, ən müdrük, ən uzaqgörən siyasətçisi, Məhəmməd Əmin yoluna bağlı dövlət xadimi” adlandırdığınız birisi KQB arxivlərinin açılmaması, KQB parlamentinin buraxılmaması üçün sonadək dirəniş göstərdi. Demək, o nə etdi? Bugünkü rejimin ortaya çıxmasına gərəkən yolu açdı. Ortada bir çox bölücü-dağıdıcı faktalar da var, burada onları sadalamağın yeri deyil. İllərlə dönə-dönə demişəm, yazmışam, düşüncəmizdə ələşdiriyə üstünlük verməklə içimizdən arınmadıqca uğursuzluq yol yoldaşımız olacaq.
Yalnız düşmən düşərgəsinə deyil, öz düşərgəmizə də açıq gözlə, ayıq baxışla, ələşdiri istəyi ilə baxmağı öyrənməliyik. “Ələşdirilməyən qonu çürüyər”, deyirlər. Düşərgəmizdəki çatışmazlıqlara, əyintilərə göz yumduqca çürümə ortamı qaçılmaz olacaq.
Harvardda oxumuş Bəxtiyara qayıdıram. Bir çox baxımdan Harvardda oxumaq çox da böyük üstünlük deyil, ən böyük üstünlük gerçək yurddaş olmaqdır. Yüksək bilik qazanmısansa, bu sənin özəl üstünlüyündür, yüksək yurddaşlıq dəyərlərinə yiyələnmisənsə, bu sənin bütün ölkəyə gərəkli toplumsal üstünlüyündür.
Hamı yazır: “Şəxsi həyat toxunulmazdır”. Doğrudur, çox doğrudur. Sivil açun üçün bu bir aksiomdur: Özəl yaşam toxunulmazdır! Ancaq… bu, sivil açun üçün keçərli aksiomdur. Aksiom nədir? Danılmaz gerçək! Yalan, korrupsiya rejiminin aksiomu başqadır; onu- o aksiomu- dövlət yönətiminin bütün aşamalarında ta məhkəməyədək gündəlik görmək olar.
Baxın, kimsə Yasasal hüququndan yararlanmaq istəyi ilə küçəyə çıxırkən “sən qanunu pozmusan, polisə müqavimət göstərmisən” yalanıyla tutub məhkəməyə aparır, məhkəmə yalan ortağına çevrilməklə ona ən azı otuz sutka “iş” verir. Rejim bir belə var-yatırı olan ölkəni elə yerə gətirib çıxarıb, burada ən geniş, ən gerçək “iş” yerləri məhkəmələrdədir.
Yuxarıda deyildiyi kimi, Bəxtiyarın bir görüntüsü deyil, serial görüntüləri yayılıb- burası pis deyil, olduqca pisdir. Birincisi, Bəıxtiyar hansı ölkədə yaşadığını bilməliydi. Demək olmaz bilməyib, bilmək istəməyib, bu isə politika ilə uğraşan istənilən kimsə üçün yolverilməz görsənişlərdəndir. İkincisi, Bəxtiyar Harvardda oxumuş birisi olaraq politika ilə uğraşan kimsənin davranış düzgüsünü (düzgü- norma) bilməli idi. Sözsüz, bilməmiş deyil. Demək, burada da bilərəkdən bir saymazlıq var. Biz belə görsənişləri çox asanlıqla bağışladığımıza görə Batı politikasında olan düzgünlükdən çox uzağıq.
Baxın, bizdə on günün içində ondan artıq qız-qadın öldürülür. Öldürənlər kimlərdir? Əri, oğlu, qardaşı. Hamımıza aydındır: namus adına. Biriləri politik olaraq bizim çiynimizdə, bizdən necəsə yararlanmaqla partiya başına, hakimiyət başlarına qalxıb min bir oyundan çılxırkən, ölkəni yuxarılardan pozğunluq, namussuzluq yoluna sürükləyirkən tükümüz də tərpənmir. Öldürülən o qadınların da, indiyədək öldürülməyən neçələrırinin də yolsuz yönətimin yaratdığı yoxsulluğun qurbanı olduqlarını kimsə düşünmək istəmir. Burası da unudulmamalıdır: o qızlar, o qadınlar Az tv-lərin izləyicilərə gündəlik görk elədiyi, örnək olaraq tanıtdığı yüngül yaşam yolundan keçib gedirlər: bacarıqlıları Duibaya, bacarıqsızları Bakıdakı çoxsaylı ərəbxanalara…
Televiziyada işləmişəm, başında durduğum qurumda mənədək də, məndən sonra da kimsənin yaratmadığı gerçək demokratik rejim yaratmışam. İnformasiya studiyasının direktoru olaraq yalansız-propaqandasız informasiya uyğulamışam. İnformasiyanın yalnız xarakterini deyil, dilini də dəyişmişəm- gündəlik gərgin çalışmalarla! Gerçəkçi demokratiya prinsipi ilə işləmişəm. Kimsə deməsin “Cəbhə hakimiyəti idi, ona görə”. O çağlar da bir çoxları çox bulaşığa batdı. Mən sovet dönəmində düzgün işlədiyim kimi onda da düzgün işlədim. Sonadək düzgün. Düzgün oldum, düzgünlük yaratdım! Başqa bir çoxları bunu bacarmadılar: ən aşağılardan ən yuxarılaradək.
Əkrəm Əylisli bir qonuşmamızda prezident olmuş keçmiş oxul yoldaşıyla bağlı belə dedi: “Təmiz adam idi, ancaq təmizkar deyildi”. Olduqca gözəl, ölkəmizin gələcəyini düşünən gənclik üçün çox dəyərli yol göstəricisidir. Politikada, dövlət işlərində yalnız təmiz olmaq deyil, ondan qat-qat artıq təmizkar olmaq, çevrənin də təmizliyinə çalışmaq gərəkir. Prezident tribunasından: “Ölkəni başdan ayağa rüşvət bürüyüb”,- dediyi üçün onu bu gün də ürəkdən alqışlayanlar var. Təmiz olduğu kimi təmizkar da olsaydı, bir ilin sonunda “ölkəni başdan ayağa rüşvət bürüyüb” deyəsi olmazdı: bax, təmizkarlığın fəlsəfəsi budur! Özümdən yuxarıların bir çox təpkilərinə, çevrədəki birilərinin yağıcasına yanaşmalarına baxmayaraq, mən sonadək o fəlsəfənin yolçusu oldum: o üzdən çoxlarının önündə dilim uzundur…
Topalaşıb yalançı suçlamayla məni işdən çıxardılar: kimə nə etdiklərini bildiklərindən bu gün də qabağımda susqundurlar. Sözsüz, elə tez yıxılacaqlarını bilsəydilər, o qələti etməzdilər…
Ey gənclik, bunları sizin üçün yazıram: harda olsanız, nə etsəniz dilinizi gödəldəcək işlərdən çəkinin. Başlıcası da politika alanında. Unutmayın, ən gizli işlərində belə politika alanında baş verənlər sonadək gizli qalmır- oğurluqla ərsəklik kimi. “Ən böyük biclik düzlükdür”,- deyib ulularımız.
Bəxtiyardan da öyrənməyiniz gərəkir. İndi açıq görünür: hakimiyət Harvardı bitirmiş bir gənc olaraq Bəxtiyarı öz kadrına çevirmək, ondan öz kadrı kimi yararlanmaq istəyib. Düzünə qalsa, burada pis nəsə yoxdur: istər-istəməz hakimiyətə bir az intellektual imic qazandırmaq gərəkir. Deyək, Harvard imici. Rüşvət-korrupsiya rejimində Harvard- bunun nəyi pisdir?!
Bəxtiyar oyuna gedib. Oyunda gələcək güvənlik üçün tələ elementi də olub. Bu fakta da biz müxalifət açısından deyil, rejim gerçəyindən yanaşmalıyıq: getmə, etmə- yolunu, yerini bil!
Gəncdir, sözsüz, onun sevgilisi, sevib yaxınlıq etdiyi kimsə ola bilərdi, rejim obyektivinə düşsəydi belə, kimsə ona nəsə deyə bilməz, toplumsal qınağa tuş gəlməzdi. Açıq görünür, onunla geniş oyun oynanıb: belə yerdə “şəxsi həyat toxunulmazlığı” kimlərinsə çox istəməsindən asılı olmayaraq keçərli olmayacaq. Biliksiz diplom verən “Odlar yurdu”, “Təfəkkür” kimi “universitetlərdə” oxumuşların belə oyunlara getməyi necə doğaldırsa, Harvardda oxumuş birisinin bu sayaq odisseyası, başqa sözlə Don Juan obrazında görüntülənməsi doğallıqdan bir elə uzaqdır.
Hakimiyəti bir qırağa qoyaq. Bu, xalqın milyonlarını, milyardlarını oğurlayanlara “ali məhkəmə” sarayında yasadışı yerinə yasaiçi “əmlak hüququ” qazandıran hakimiyətdir. İki yol var: bununla olmaq, buna qarşı olmaq. İkisində də düzgün oyunçu olmağın gərəkir: orada oranın, burada buranın düzəninə uyğun oynamalısan.
Yuxarıda televiziyadan niyə söz saldım? Görmək istədiklərimi görmədiyim, eşitmək istədiklərimi eşitmədiyim üçün Az tv-lərə baxmırm. İş elə gətirdi keçən axşam İTV-də gedən “Baş tutan tələ” sənədli filminə baxdım. Filmdə DTX əməkdaşlarının “Ermənistan” gizli tapu qurumu ilə ilgili işləm göstərilir. Filmdəki bir çox epizodlar uğurlu işləm baxımından adamda istər-istəməz sevinc doğurur. Yeri gəlmişkən, mən oradakı bir sıra işləm ayrintilarının filmə salınmasını düzgün saymıram- orası gerçək professionallıqdan uzaq görsənişlərdir. Ermənilərlə bizim savaşımız bitməyib, iyrənc erməni xarakteri üzündən bitəcək də deyi; ta ermənilər Türk coğrafiyasını tutub duranadək. Ona görə belə filmlərdə, verilişlərdə, yazılarda bütün işləm ayrıntılarına varmaq yolverilməzdir.
Bəxtiyarla bağlı iş isə Azərbaycan gəncliyinə yönəlik bəlli politikalar baxımından antixalq, antidövlət xarakterlidir. Bunlar xalqın, dövlətin gücünə güc qatmaqdan çox uzaq- “bizimlə deyilsənsə, bizim düşmənimizsən” politikalarıdır. Bunlar yalnız ölkənin bugününü deyil, gələcəyini də qaraldacaq politikalardır