Evimizin yaxınlığındakı kitab mağazasına getmişdim. Kitablara baxırdım. Qarşıma belə kitab çıxdı: “Şüuraltının gücü”. Çoxdankı alışqanlığımla düşündüm: “Türkcəmizdə belə olmalıdır: “Bilincaltının gücü”. Bu, məndə açun dillərinin ən gözəli, ən dolğunu, ən yetkini olan gözəlim Türk dilinə sonsuz sevgidən qaynaqlanan alışqanlıqdır: tək kitab mağazalarında deyil, şəhəri gəzəndə də gördüyüm yad sözləri dilimizə çevirir, sonra da dilimizin özümlü gözəlliyinin dadını çıxarıram. Bilirəm, indiki ağalığa bağlı pul düşkünlüyündən belə görsənişlər kimlərəsə bayağı görünə bilər, qoy olsun.
Hə, kitabı açdım: “Qanun nəşriyyatı”. Bir vərəq çevirdim. Nə olsa yaxşıdır: “Mündəricat”. Kitab əlimdən sürüşüb düşdü. Avar şairi Rəsul Həmzətovun gözəl bir “səkkizliyindən” bu sözləri andım:
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
Şahbaz Xuduoğlunun bir çox “tərcümə” kitablarına baxanda Dilimizə istəyimdən məni az qala ağlamaq tutur. Nəyə görə 21-ci yüzilin bu çağında Türkcə İÇİNDƏKİLƏR yerinə ərəbcə “mündəricat” yazılmalıdır? Şahbaz Xuduoğlunun Dilimizi pis bildiyini çoxdan yazmışam. Burasını özü bilər.
Ancaq yayın (ərəbcə, nəşriyat) işinə gəlincə, burada ona “özü bilər” hüququ vermirik, verə bilmərik: burası Dilimizin arındırılmasına, qorunmasına, gəlişdirilməsinə, gözəlliyinə bağlı ellik alan, toplumsal çıxar yeridir. Birincidə hquq Ş.Xuduoğlunun, ikincidə bizimdir…
İstədiyimi tapmadığımdan o mağazadan çıxıb yaxınlıqdakı “Zəka” kitab mağazasına üz tutdum. Düzü, biznes gərəkləırinə daha çox üstünlük verldiyindən intellektual baxımdan çox da “zəka”lı olmayan “Zəka” kitab mağazalarını bəyənmirəm. Ancaq yaxınlıqda başqası olmadığından ora yönələsi oldum. Qapı ağzında ingilis dövləti Azərbaycan neftini sümürdüyü təki, əlindəki siqareti sümürən gənc satıcı tez-tələsik başımın üstünü aldı: “Nə yardım eləyim?” Onun kəskin siqaret qoxuyan üst-başına baxıb: “Gərək deyil”,- dedim.
Yenə özümlü kitabsevər acgözlüyümlə kitablara baxmağa başladım. Birdən qarşıma nə kitab çıxsa yaxşıdır: “Bilincaltının gücü”. Kitabı açdım. İstanbulda çıxmış kitab. Bir vərəqini çevirdim: “İçindəkilər”. Bayaq baxdığım ktabın, belə desək, özgün (orijinal) olanı. Ş.Xuduoğlunun buraxdığı kitabda yazılmışdı: “Tərcümə”.
Stolumun üstündə bir kitab var: “Sun Tzu. Hərb sənəti”. “Qanun nəşriyyatı”. “Tərcümə”. Ondan bir neçə cümlə oxuyandan sonra əlimə qələm almaqdan özümü saxlaya bilməmişdim. Yararsız ÇEVİRMƏ üzündən kitab sonucda başdan ayağa yasıq-yazıq oldu. Yazıq!
“Tərcümə” deyil, ÇEVİRMƏ, “tərcüməçi” deyil, ÇEVİRMƏN olmalıdır.
Stolumun üstündə bir də Orxan Pamukun kitabı var: “Atamın davulu”. “Türkcədən tərcümə”. “Qanun nəşriyyatı”. Beş-on cümlə oxuyandan sonra əlimə qələm alası oldum: yarıtmaz çevirmə üzündən.
“Türkcədən tərcümə”. “Qanun nəşriyyatının” bu sayaq “qanunsuz” yayınları çoxdur. Ha yazırıq, düzəlmir, saya bir yanlış belə aradan qaldırılmır. Bu, Şahbaz bəyin yalnız Dilimizə deyil, eləcə də bizə-Dilimizin arılığına, gəlişməsinə, gözəlliyinə çalışan sağlam ələşdiri-sağlam tənqid adamlarına sağlam yanaşmadan uzaq sayğısızlığıdır.
Dönə-dönə yazırıq, böyük Sabir yüz il qabaq demişdi:
“Osmanlıcadan tərcümə türkə” – nə deməkdir?
Türkiyədə ərəb-fars qarışıqlı dildə çıxan kitabları özünün ərəb-farsca qüarışıqlı diliylə bir az da korlayıb “türkcədən tərcümə” yazmağın adı nədir? Bunu Şahbaz bəydən soruşmaq gərəkir. “Türkcədən tərcümə edəni” yerinə belə olmalıdır: Dilimizə işləyəni.
Yüz il qabaq bizim Dilimiz TÜRK dili adlanırkən, Türkiyədə dilin adı “Osmanlı” idi. Türk yağısı Stalin Dilimizin adını dəyişib “Azərbaycan dili” etsə də, Azərbaycanlı,Türkiyəli Oğuz Türkü olduğumuzdan, hansı güc öz istəyinə uyğun Dilimizin adını nə qoyur qoysun Öz itmir, Özlük dəyişmir- Dilimiz fonetikası, qramatikası baxımından Türk dili olaraq qalır (Türk dilinin qramatikasını pozan ərəbcə “tərəfindən” sözünü çıxmaqla). Bizim borcumuz bizə ötürülmüş bu Dili yararsız yad sözlərdən arındırmaq, gəlişdirmək, çevikləşdirmək, dolğunlaşdırıb daha tutumlu etməklə, daha da gözəlləşdirib bizdən sonra gələnlərə ötürməkdir. Bu baxımdan Şahbaz bəy bizi anlamağa, bizim sağlam ələşdirilərimizə sağlam yanaşma sərgiləməyə borcludur.
Hamılıqla bilməliyik: nələrdəsə yönümüz-baxışımız ayrı ola bilər, ancaq Dilimizi arındırmaq, böyük söz saxlancımızdan yararlanmaqla gəlişdirmək baxımından yönümüz-baxışımız bir olmalıdır: sözsüz, Demokratik anlaşma axarında yollaşmaqla!
Hə, bir də bunu demək gərəkir: Qanun yayın evinin çox az olsa da, dəyərli ÇEVİRMƏ örnəkləri də var: bunlar Araz Gündüzün, Vaqif Əlixanlının cevirmələridir. Bəlkə, başqası da var- görməmişəm, deyə bilmərəm. Bu çağadək görüb dəyərləndirdiyim adını çəkdiklərimdir. Düzdür, o çevirmələr də bütünlüklə ürəyimcə deyil, ancaq başqalarından kəsinliklə seçilirlər.
Yarıtmaz redaktə işlərindən ayrıca danışmaq gərəkir.
Moskvada yazarların çox sevdiyi, kitabını onun redaktə etməsini istədiyi Yelena Şubina adında ünlü bir yayın redaktoru var. Məncə, bizdə də eləsini, elələrini axtarıb tapmaq olar…