İnsan cəmiyyəti ona görə yaratdı ki, tək qalmasın, başqalarıyla birləşsin, qüdrətini, gücünü artırsın, hamılaşsın, xudpəsəndliyinin üzərində qələbə çalsın. Bu arzu onun qarşısıalınmaz cismani və mənəvi tələbindən dogmuşdu.
İnsan özündə qala bilməzdi, özünü başqalarında tapmalıydı. Bu, mənəviyyatın Mütləq hökmü idi. Ancaq cəmiyyətdə insan özünü təsdiq edə bilmədi. Çünki cəmiyyət bütöv şəkildə Mütləq səviyyəsinə qalxmadı; cəmiyyətdə Mütləqin yalnız nişanələri, əlamətləri var idi və onlar naqis keyfiyyətlərlə əhatə olunmuşdur. İnsan öz təkliyindən ayrılıb cəmə qovuşmaq istədi, bu – Mütləqin təzahürü idi. Ancaq cəmiyyət Mütləqin tələblərindən uzaq idi. O, özündə Mütləqin nişanələrini gəzdirirdi, ancaq həm də Şəri yaşadırdı. Bu baxımdan, bəşər tarixi Mütləq ilə Şərin döyüşü tarixi sayılmalıdır.
Cəmiyyət şərdə, naqislikdə, çirkinlikdə dayanmadı, cünki onun daxilində Mütləq var idi və o, cəmiyyəti bir vəziyyətdə dayanmaga, qalmaga qoymurdu. Ancaq cəmiyyətin gedişi heç vaxt Mütləqin tam qələbəsiylə nəticələnmirdi, çünki həmişə cəmiyyətdə Mütləqlə yanaşı, qeyi-Mütləq, anti-Mütləq, şər, eybəcərlik, naqislik olurdu. İnsanın Mütləq mahiyyətli arzusu həmişə nisbi, natam şəkildə həyata keçirdi.
İnsan özünü tapmaq üçün cəmiyyət yaratdı, ancaq özünü cəmiyyətdə itirdi. O, öz qüdrətini, gücünü, imkanlarını realizə etmək üçün cəmə qovuşdu, ancaq onun qüdrətini, gücünü, imkanlarını cəmiyyət sahibləri mənimsədilər.
Tənhalıqda insan “məni” insana ağırlıq edirdi, cəmiyyətdə o, həmin “Məndən” əl çəkməli oldu. Birincidə “Mən” var idi, ancaq o, yükə çevrilmişdi, ikincidə o, yoxa çıxdı. Birincidə insan özünü “Mənliyinin” sərəncamına vermişdi, ikincidə cəmiyyət hakimlərinə. Birincidə insan təklik qazanmışdı, ikincidə zülm. Zülm insanın əlindən ləyaqətini alır, onu özündən tam ayırır, əşyalaşdırırdı; insana sahiblik edirdilər və bu sahiblikdə o, yox olurdu.
O, ot kimi, daş kimi, çöp kimi yaşayırdı.
Cəmiyyətdə Şərin Mütləqlə düşmənçiliyi kəskin, amansız və ardıcıl şəkildə meydana çıxırdı: Mütləq dediyini Şər inkar edirdi. Ancaq Mütləq ölmürdü, yaşayırdı, özünü Ədalət Arzusu şəklində büruzə verirdi. Həmin arzu ən murdar cəmiyyətdə belə yaşayırdı. Cəmiyyət onu məhv etməyə çalışırdı, bacarmırdı, əbədi tələbi ürəklərdən qova bilmirdi. Son nəticədə həmin Arzu zülmkar cəmiyyəti dağıdırdı və onun yerinə yeni cəmiyyət yaradırdı. Ancaq həmin cəmiyyətdə ədalət bərqərar olmurdu, elan edilirdi, vəd olunurdu, lakin həyata keçirilmirdi. Orada Mütləqin yalnız nişanələri görünürdü. Cəmiyyət yenə də natam, nisbi məziyyətlərə malik olurdu. Mütləq yenə Şərin əhatəsində yaşyırdı. Bəzən hətta Şər Mütləqin üzərinə kölgə salırdı. Bu vaxt insanlara elə gəlirdi ki, Mütləq onları tərk edib, dünya Şərin əlindədir. Ancaq Ədalət hissi ən qaranlıq səmada belə parlayır, cəmiyyəti bir vəziyyətdə, bir məqamda dayanmağa qoymur və insanların qəlbində Azadlıq adlanan ülvi arzu yaradırdı.
Bir zamanlar insan cəmiyyətdən azad idi, ancaq dünyadan, təbiətdən asılı idi. Sonra insan cəmlə birləşdi, dünyadan asılı olmadı, dünyanı özünə ram etdi, ancaq başqa insandan asılı oldu, başqası onu özünə tabe etdi, azadlığını əlindən aldı.
İndi insan özünün insandan asılılığını dəf etməyə başladı. Cəmiyyətlə vuruşdu, azad cəmiyyət arzuladı. Elə bir cəmiyyət ki, insan səlahiyyətlilərin, amansız, antiinsani qanunların köləsinə, alətinə çevrilməsin. Bu döyüşdə o, müxtəlif yollar aradı, gah dövləti tam ləğv etmək fikrinə düşdü, gah cəmiyyətin yüksək silkini öldürüb, aşağı silkini saxlamaq istədi, ancaq arzusuna çatmadı, itirilmiş “Mən” bərpa olmadı. Mütləq cəmiyyətə hakim olmadı, yalnız nişanə, əlamət kimi aşkara çıxdı. Ancaq nişanə, əlamət kimi təzahür edən Mütləq cəmiyyəti özüylə razılaşmağa, barışmağa qoymadı, onu özündən kənara çıxmağa sövq etdi. Təkcə Mütləqlə yox, həm də Şərlə, natamla, nisbiylə səciyyələnən cəmiyyət Mütləqin təsiriylə, hökmüylə Mənfiylə döyüşdü, ancaq onu məhv etmədi, yer üzündən silmədi. Şər yenidən bərpa olundu, yaşadı. Şərsiz cəmiyyət yoxdur, ancaq Mütləqsiz də o, yoxdur. Şər ölmür, fəqət Mütləq də ölmür. İnsan taleyinin faciəviliyi və böyüklüyü elə bundadır. İnsan idrakı və mənəviyyatında İnamla Şübhəni, Kədərlə Ümidi birgə yaşadan budur.
Şər özünü cəmiyyətdə hakim sayanda belə, Mütləq mövcud olur və Şərin məhvini hazırlayır. Lakin bir şəkildə, bir vəziyyətdə, bir tarixi məqamda məhv olan Şər, başqa şəraitdə, başqa biçimdə yenidən meydana çıxır. Ancaq Mütləqi yox edə bilmir. Şər olan yerdə Mütləq də olur, Mütləq olan yerdə Şər də.
Cəmiyyətdə İnsan özünün yaradıcı mahiyyətini aşkara çıxarmaq istəyirdi. O, bu mahiyyəti dövlət yaratmaqda görürdü. Dovlət onun iradəsinin, ağlının və duyğularının təsdiqi olmalıydı. O, Mütləq Qüdrətin ifadəsi kimi düşünülmüşdü. Dövlət Qanunlarında İnsan Özünün təbiət, heyvanat üzərində qələbəsinin rəmzini görürdü. O, həmin qanunlara müqəddəslik əzəməti vermək xəyalındaydı. Onlar insanın ləyaqətini qorumalı, vüqarını təsdiq etməli, onu ucaltmalı, yüksəltməli, Mütləqə yaxınlaşdırmalıydı. Əslində isə Qanunlar insanı sevmədi, alçaltdı, kiçiltdi, dövlət insanı zəbt etdi. Ancaq cəmiyyətin daxilində Şərlə yanaşı, heç vaxt ölməyən, itməyən Mütləq cəmiyyəti həmin qanunlarla kifayətlənməyə, onlarda qapılıb qalmağa qoymadı, onu yeni qanunlar aramağa, özünün indiki vəziyyətindən kənara çıxmağa vadar etdi. İnsan ona görə cəmə qovuşdu ki, xalisləşməyə, insaniləşməyə, mənəvi təmizlənməyə meyildə özünə arxa, dayaq tapsın. Ona elə gəldi ki, başqalarıyla birləşəndə o, öz yırtıcı, heyvani xüsusiyyətlərindən daha mütəşəkkil şəkildə azad ola biləcək. Ancaq cəmiyyət insandakı yırtıcılığı daha da alışdırdı, insanilik, bəşərsevərlik əvəzinə insanların bir-birinə qənim kəsilməsi qəbahəti peyda oldu, insan insana heyvani münasibət bəslədi, bir-birini didib-parçaladı, qırıb-tökdü, vəhşiləşdi.
Mütləq niyyət həyata keçmədi. Ancaq Mütləq insanları vəhşiləşmə məqamına əbədilik pərçimlənməyə qoymadı, onu daxildəki eybəcərliklə döyüşməyə çağırdı, lakin Şəri ürəklərdən qova bilmədi. Mütləqlə Şərin döyüşü davam edir…
ASİF ATA. Cəmiyyətdə Mütləq
Aprel 30th, 2023 admin