(Müxalifətdə yer tutub ərdoğançılıq etmək)
Bu günlərdə “Ərzurumda baş verənlər sizə tanış deyilmi?” başlıqlı status paylaşdım. Trollardan öncə bir “müxalifətçi” qaçaraq özünü yetirdi. Yetirdi, özü də Aleksandr Matrosovcasına. Uzun-uzun yanıtlarla Ərdoğanı savunmağa girişdi. Adam çoxillik ərdoğançı dirənişiylə bəlli bnirisi olduğundan onunla polemikaya girməyi yersiz sayıram. Ancaq ərdoğansayağı dinçi birisi olaraq onun adamları yanıltmağa yönəlik çıxış epizodlarını yanıtsız buraxmaq da olmaz.
O, müxalifətin iki illik keçid projesinin “çox yanlış olduğunu” bildirir. Mənsə o projeni Türkiyənin üzünü Ərdoğanın uzaqlaşdırdığı demokratiyaya dönüş baxımından çox düzgün sayıram. Başqa bir yandan o proje mənə çox doğmadır.
Demək, belə. 2000-ci ilin payızında atasının sağlıq durumu ilə bağlı sorunlar yaşanırkən İ.Əliyev turneyə çıxaraq, atasının hakimiyətə gətirilməsində başlıca rol oynamış anqlosakslarla görüşlər keçirməyə başladı. Onun anqlosakslara anlatdığı nə idi: “Qarşıdan gələn seçkidə sizi sevməyən millətçi müxalifətə deyil, sizi çox sevən bizə yardımçı olmalısız”.
Müxalifətin başında duranları yaxşı tanıdığımdan onların qarşıdan gələn seçki öncəsi uzlaşmaya gəlib birləşməyəcəklərini bilidim. Ölkədə yaradılmış antidemokratik durumu uzun-uzadı analiz etdikdən sonra iki illik keçid projesi irəli sürdüm. O projeyə görə, müxalifətarası intriqalardan uzaq olan İlyas İsmayılov müxalifətin birgə çalışmalarıyla prezident seçilməli, gərəkən demokratik qanunvericiliyin yaradılması, demokratiyaya keçid platformasını uyğulama sonucunda iki il sonra prezident olmaq istəyənlərə bərabər olanaq doğuracaq düzən içində yeni seçki keçirilməli idi.
Olmadı. Nədən? Ortada tapşırıq da, “mənəmlik” hikkəsi də vardı. 30 illik sürədə müxalifətin bütün birlikləri o daşlaşmış ikilik (tapşırıq, hikkə) üzündən dağıldı.
Mənim İ.İsmayılovun adını çəkməyim kəsin deyildi, Lalə Şövkətin də, başqa birisinin də adı çəkilə bilərdi. Başlıcası projenin anlayışla qarşılanıb bəyənilməsi idi. Onda mənim İ.Əliyevin prezident olmaq üçün çalışmalara başladığı ilə bağlı uyarıma Ə.Elçibəyin sevimlisi P.Hüseynov belə yanıt vermişdi: “Əhəmiyətsiz, qeyri-mümkün fərziyə”. Düz 20 ildi İ.Əliyev prezidentdir, P.Hüseynov isə çox uğurlu rejim peyklərindən biridir. Müxalifətin birliyinə gəlincə, Pənah Hüseynovla Arif Hacılı öncüllüyündə “vahid namizəd” olaraq isa Qəmbərin propaqandası aparılırdı.
Bu gün demokratiyadan çox danışan Arif Hacılı o çağlar demokratiyaya bütünlüklə ayqırı olan belə bir ilginc çıxışda bulunmuşdu: “Müxalifətin vahid birliyi ancaq Müsavatın prezidentliyə namizədi dəstəklənəcəyi təqdirdə mümkün ola bilər”. Bu, bəri başdan müxalifətin böyük, demokratik birliyinə “yox” demək idi. Sonuc bəllidir.
Dinçi-ərdoğançı adamın mənim statusda Ərdoğanla bağlı yazdığıma yanıtı: “Sizin cavabınız çoxsaylı deyil, heç bir faktdan istifadə etmirsiniz, sadəcə özünüzün subyektiv fikrinizi yazırsınız”.
Qardaş ölkə olaraq mən uzun illərdən bəri Türkiyədə baş verənləri yaxından izləyən, bu yöndə çoxsaylı analitik yazılar yazan biriyəm. Kimlərsə bizim Türkiyə ilə yaxından ilgilənməyimizə ironiya ilə yanaşırlar. Belələri geopolitikanın da, saya politikanın da nə olduğunu anlamayanlardır. Türkiyə bizim yalnız qardaşımız deyil, eləcə də Rusiyadan sonra ən böyük qonşumuzdur. O üzdən Türkiyədə baş verənlər: demokratik-antidemokratik sürəclər Azərbaycandan yan ötə bilməz. Qardaşlıqdan savayı bir də buna görə biz Türkiyədə baş verənləri başqa ölkələrdə olduğu kimi soyuqqanlı izləyə bilmərik: yaxından-uzaqdan qatqı sərgiləməyimiz olamazdır.
Ayrıca olaraq Ərdoğanla bağlı faktlara gəlincə, o faktların bir çoxunu indiyədək dönə-dönə yazmışam, bu yazının sonunda da bir sıra örnəklər göstərəcəm.
Adam görün məni nəylə “gözdən” salır: “Madam belə Atatürkçü, millətçisiniz niyə Məhərrəm İncəni dəstəkləmirsiniuz?”
Nə mutlu mənə, biriləri kimi, diktator alışqanlılğıyla Türkiyəni bölücü din-təriqət dövlətinə dönüşdürən ərdoğançı deyil, Türkiyənin bütünlüyünün başlıca ideya güvəncəsi olan Atatürkçüyəm (demək, millətçiyəm!). Məhərrəm İncəyə gəlincə, onun indiki politik duruşunu düzgün saymadığım üçün bu gün ona qarşıyam. Hə, 2018-ci il prezident seçkisində prezidentliyə adayMəhərrəm İncəyə yazılarım-statuslarımla sonadək yardımçı olan mən bu gün ona qarşıyam. Müxalifət partiyalarında illərlə yer tutub dinçi düşüncəyə qapsanmaqla REALPOLİTİKANIN nə olduğunu anlamayanlarabunu anlamaq çətin işdir.
Bu gün Ərdoğanın, Türkiyədən Azərbaycanadək ərdoğançıların söyüş obyektinə çevirdikləri altılı masa Ərdoğanın 21 illik hakimiyətinin sonucu olaraq gətirib çıxardığı çıxmazdan çıxış yolu olaraq düşünülmüş projedir- Türkiyə politikasına yolsuzluq, söyüş, aşağılama, alçaltma (təhqir), yalan… gətirmiş birisinin doğurduğu proje!
Hansısa partiyanın, hansısa birisinin o birlikdə olmasını mən istəməzdim ancaq nə etməli?- Ərdoğanın qurduğu, 21 ildən bəri böyük uğurla yönətdiyi yöntəm (sistem) ölkədə belə bir durum doğurub.
Adam öz yanından quşqulanaraq deyir: “Mənə demokratiya filan dərsi keçməyin sizin demokrat olmadığınızı bilirəm”. Bizlərdən kimin gerçək, kimin saxta demokrat olduğu bir illik hakimiyət dönəmində ortaya çıxdı. Onda aşağıdan yuxarıya çoxları demokratiya ilkələrini aşaraq rüşvətə bulaşdı, korrupsiyaya qurşandı. Mənsə məndən öncələr də, məndən sonralar da rüşvət içində olan bir qurumu yetkilərimin yetən yerinədək (yetkilərimin yetən yerinədək!) demokratikləşdirdim, özüm rüşvət almadım, başqalarını da almağa qoymadım. Eləcə də mən partiyada-müxalifət arasında o başdan bu başa açıq, qorxusuz-çəkinəcəksiz olaraq demokratiya çarpışması apardım. Uzun illərdən bəri ikinci elə örnəklər yaradan olubsa, göstərilsin- çoxillik çıxışlarım da, yazılarımda ortadadır. Demokratiyanın nə olduğunu bilmək, anlamaq üçün din-təriqət yolçusu deyil, demokratiya yolçusu olmaq gərəkdir.
Ərdoğandan seçmələr:
“Mən böyük Ortadoğu projesinin eş başqanıyam”.
ABD-dən yönətilən o proje Türkiyəni, bütünılükdə bölgəni böılüb parçalamaq üçündür.
“Kamalizmi qafalardan silmək üçün minarələr süngümüz olmalıdır”.
“Kamalizmi qafalardan silmək üçün” Türkiyədə hündür minarəli çoxlu məscid tiktirdi, yüzlərlə sivil oxulu qapadıb yerində imam hatip oxulları- mədrəsələr açdı.
“Mən 15 min imam hatip yetişdirmişəm, 5 min də yetişdirəcəm, olacaq 20 min. Ondan sonra Türkiyədə PKK-nmın kökünü kəsəcəm”.
Kəsdimi? Yox da yox! Onun ABD qarşısında Türkiyəni din dövlətinə dönüşdürmək öhdəliyi vardı.
“İmam hatip oxulları bu ölkənin, bu millətin göz bəbəyi olacaq”.
Dediyini etdi: Fövqəladə hallar baxanlığına 8 milyard 75 milyon 405 min tl ayırıkən, Diyanət baxanlığına 35 milyard 910 milyon 653 min tl ayırdı. Öyrətim, Kültür baxanlıqları kimi önəmli baxanlıqlara da yad-yarıtmaz yanaşama ilə pul ayırdı. Beləcə oxumuşların, bilim adamlarının ölkədən axınını yaratdı, ardınca: “Onlar bizə gərək deyillər”,- dedi.
“Biz milliyətçiliyi ayaqlar altına alan bir iqtidarız”.
İndi xalqı ələ almaq üçün özünü milliyətçi, eləcə də Atatürkə, Türklüyə sayğılı birisi olaraq tanıtmağa çalışır.
Ərdoğan dini hakimiyət alətinə dönüşdürən ilk Türkiyə dövlət başçısıdır. Türkiyəni din dövlətinə dönüşdürmək Ərdoğana bir də Türklüyü yenmək üçün gərəkən araçdır.