Xaliq Bahadır. Türkiyə seçkisi demokratiya, antidemokratiya güzgüsündə

Türkiyədə keçirilən prezident seçkisi orada olduğu kimi Azərbaycanda da toplumu iki yerə böldü: dəyişiklik istəyənlər-istəməyənlər. Başqa sözlə desək, demokratiyaistəyənlər-istəməyənlər.

Türkiyədəki seçkinin durğunluq durumundakıAzərbaycanda virtual olsa belə yüksək qatılım doğurması çox önəmlidir. Biriləri bunu lağ obyektinə çevirirlər. Yanlış yanaşmadır. Uzun illərdən bəri yalanlarla aldadılan,  repressiyalarla qorxudulan Azərbaycan toplumunun qardaş Türkiyədəki prezident seçkisinə o sayaq aktiv qatqısı onun Azərbaycan üçün, özü üçün dəyişiklik dilədiyinin, istədiyinin göstərgəsidir.

Seçki öncəsi biz Sözçü televiziyası öncüllüyündəTürkiyə mediasından oradakı toplumun necə iki düşərgəyə ayrıldığını ayrıntılarınadək görə bildik. Azərbaycanda oxşar iki düşərgəyə ayrılmanı daha çox sosial mediadan gördük.

İstər seçki öncəsi, istər seçki dönəminin görsənişləri Azərbaycana baxmış Türkiyədə demokratiya olduğunu yansıdırdı. Bizdə bir çoxları o kimi görsənişlərə aldanaraq Ərdoğanı demokratik lider sayırlar, ancaq Türkiyəni demokratiyadan antidemokratiyaya gətirib çıxaran Ərdoğan praqmatik baxışlarıyla tanınan gerçək bir diktatordur.

Burasını anlmaq gərəkdir: çox istəsə belə,Ərdoğan Əliyevlərin Azərbaycanda qurduqları diktaturanı Türkiyədə qura bilməzdi. Nədən? Türkiyədə Atatürk dönəmindən qalma, Ana yasa ilə doğrulanan oturuşmuş demokratik dövlətçilik var idi. Azərbaycanda oturuşmuş demokratik dövlətçilik olmadığından Əliyevlər burada çox çətinlik çəkmədən özlərinə gərəkən rejimi qurdular. Ərdoğanı Azərbaycana bağlayan başlıca nədən aralarındakı oxşar düşüncədən doğan rejim ortaqlığıdır. Ərdoğan beş il də hakimiyətdə qala bilsə, İki rejim arasındakı antidemokratik, eləcə də korrupsioner oxşarlıqlar daha da artacaq.Bu isə Türkiyədə də, Azərbaycanda da diktaturanın daha da oturuşmasına gətirəcək. Bunu Türkiyədə də, Azərbaycanda da görənlər, bilənlər az deyil. İndiki seçkiyə orada da, burada da böyük qatqı buna görədir.

Genəl görsəniş belədir: dəyişiklik istəyənlər Ərdoğanın 21 illik hakimiyətinə son qoyulmasını, indiki status-kvodan barınanlar, eləcə də durğunluq-dəyişməzlik dəyirmançıları onun qalmasını istəyirlər.

Bütün avtoritar rejim başçıları hakimiyət sürəsini daha çox iki yolla uzadırlar:  toplumu içdən bölüb-parçalayaraq ölkəni iç düşmənçiliklərinə sürükləməklə, bir də dışda düşmən obrazları yaradaraq qorxu altında toplumu istədiyi kimi yönətməklə. İstər Azərbaycanda, istər Türkiyədə bu görsənişlərin ikisi də ortadadır.Ortada olanın biri budur: Azərbaycanda da, Türkiyədə də elitada özünə yetərincə yer etmiş özgüdükçü politikalar keçərlidir.İkisində da bir yandan yarıtmaz, o bir yandan özgüdükçü politilar üzündən ekonomika durmadan başıaşağı getməkdədir.

Doğal qaynaqlar baxımından Güney Qafqazın ən varlı ölkəsi olan Azərbaycanın ekonomik göstəriciləri ilə doğal qaynaqlardan yoxsul qonuşarın ÜDM üzrə göstəricilərinə baxın: Gürcüstan- 7,1%, Ermənistan- 12,2 %, Azərbaycan- 0,4 %, Doğal qaynaqları aşıb-daşan ölkədə bu bir də nəyin göstəricisidir, bilirsizmi? Avtoritar, başqa sözlə, Tək adam rejiminin- Tək adam yönətiminin doğurduğu düşkün durumun göstəricisi.Çeşidli sonuclarıyla özünü topluma yansıdan durğunluq durumundan çıxmağın iki yolui ola bilir: devrim, böyük birlik yoluyla yetişilən demokratik dəyişiklik. Birinci yol ağrılı olduğundan çağdaş açunda üstünlük ikinci yola verilir.

CHP başqanı Kamal Qılıncdaroğlu çoxillik Ərdoğan rejimindən qurtuluş üçün uzun sürəli çalışmalarda bulunmaqla seçki öncəsi müxalifətin böyük birliyini yarada bildi. K.Qılıncdaroğlu birilərinin düşündüyü kimi, çox da üstün, xarizmatik lider olmaya bilər, ancaq onun oğru-korrupsioner bir rejim sonrası üçün bütün Türkiyənin qarşı çıxmadığı, sayğı sərgilədiyi çox önəmli üstünlüyü var: doğru-düzgün olması!

İngiltərəni düşdüyü çoxillik durğunluq bataqlığından dartıb çıxaran M.Tetçerdən rus jurnalist soruşmuşdu: “Rusiya oğurluq-korrupsiya-durğunliuq bataqlığına batıb, onu o bataqlıqdan necə çıxarmaq olar?” Tetçer demişdi: “İstənilən ölkəni düşdüyü bataqlıqdan çıxarmaq üçün bir neçə doğru-düzgün, namuslu adam gərəkdir”. Bizim istəyib-istəmədiyimizdən asılı olmayaraq,  Türkyədə bu gün o adam Kamal Qılılncdaroğludur.

Türkçü, Türk ulusalçısı olaraq mən Məhərrəm İncəylə Sinan Oğana üstünlük verərdim, ancaq Türkiyəyə-bizə gərəkən uğuru qazandırmaq baxımından indi onların çağı deyil. Bu üzdən də Millət ittifaqındakı bir sıra partiyaların, partiya başqanlarının ideyalarını bölüşməsək də, KEÇİD dönəmi lideri olaraq Qılıncdaroğluna üstünlük verməyimiz gərəkir.

***

Nələrisə anlatmaq üçünötəri də olsa ayrıntılara varmağımızqaçılmazdır. Müxalifət düşərgəsində Ərdoğanın sözçüsünə çevrilmiş AXCP yetkilisi Murad Sultan illərlə  olduğu kimi indi də bütün neqativ faktları görməzdən gələrək seçki ilə bağlı Ərdoğanı savunmaqdadır. Onun kəsinliklə Qılıncdaroğlu ilə bağlı olan-olmayan faktları qabardıb dönməz dirənişlə Ərdoğanı savunması gerçək bir Türkiyə sevgisi deyil, dinçi-islamçı Ərdoğan sevgisidir. Türkiyəni gerçəkdən sevən kimsə 21 illik hakimiyəti boyunca ölkəni demokratiyadan döndərən, dini dövlətə daşımaqla çağdaşlıqdan uzaqlaşdıran birisinə bunca bağlı olamaz.Demokratik proqramlı bir pariyanın yetkilisi olan adamın bu yanda çoxillik Əliyev hakimiyətinə qarşı çıxıb, o yanda onun ekiztayına dönməz dirənişlə arxa durması özümlü bir absurddur.

AXCP yetkililərindən olan dostumuz Məmməd Talıblının bir neçə gün öncə Murad Sultanla bağlı etdiyi bir paylaşıma toxunmaq gərəkir. Məhəmməd bəy.M.Sultanla bağlı deyir: “Demokratiyanın təməl anlayışlarını qavramaq gücündə olan dünyagörüşlü insandır”. Doğrudanmı belədir? Belədirsə, nəyə görə o, 21 illik hakimiyəti boyunca Türkiyədə demokratiyanın özül (ərəbcə- təməl) anlayışlarını aradan aparan Ərdoğanı xalqa demokrat olaraq tanıtmağa çalışır? İndi o, əlinə girəvə dsüşmüş kimi Ərdoğanın teatrlaşdırdığı saxta seçki tamaşasını topluma  Avropada, Amerikada olmayan demokratiya örnəyi kimi aşılamağa yüklənib.

Saxta seçkilər yoluyla gələ-gələ Tək adam rejimi qurmuş Ərdoğanölkədəki seçki qurumuna bağımsızlılq görsənişi versə də, bununqurama, yalan olduğu çoxdan bəllidir. Ortada çox saya nədən var: Tək adam rejimində gerçək seçki olmur, olamaz. Gerçək seçki olan yerdə Tək adam rejimi ola bilməz. Ona qalsa, qonşu İranda demokratiyanın parlaq görsənişlərindən biri olaraq çağaşırı prezident seçkisi olur. Ancaq necə olur? Xalq səsverməsi olur. Səsverməni isə yalnız Xameneinin seçdiyi kimsə qazanır. 21 ildi Türkiyədə prezident seçkisini bir adamın- Ərdoğanın seçdiyi kimsə qazanır. O kimsə isə başqası deyil, yalnız Ərdoğan özü olur.

Bu arada Fuad Qəhrəmanlı Ərdoğanla bağlı status paylaşdı- Ərdoğanın yenidən prezident seçiləcəyini gözaltılayan konyunktur status. Qısaca iki epizodun üzərində dayanacam.

“Türkiyə heç vaxt Azərbaycanın daxili işlərinə qarışmayıb, demokratik prosesləri boğmaqla bağlı Rusiya kimi təlimat da verməyib”.

Türkiyə prezidenti S.Dəmirəlin Azərbaycanın iç işlərinə necə qarışdığını konkret fakt göstərməklə bugünlərdə yazmışdım. Ərdoğan Türkiyəsinin Azərbaycanın iç işlərinə Putin Rusiyası ilə birgə necə qarışdığı ilə bağlı gerçəyi bilmək istəyənlər AŞ PA stenoramlarına baxsınlar. O stenoqramlarda Putin deputatları ilə M.Çavuşoğlu başda olmaqla Ərdoğan deputatlarının İngiltərə deputatlarıyla birgə Azərbaycan müxalifətini, onun ortaya çıxardığı seçki saxtakarlıqlarıyla bağlı fakrları tapdayıb keçməklə antidemokratik rejimi necə bir dirənişlə savunduqlarını görmək olar. Eləcə də M.Şavuşoğlu başda olmaqla Ərdoğan gözləmçilərinin Putin gözləmçiləriylə birgə Azərbaycanda keçirilən prezident, parlament seçkilərindəki saxtakarlıqları  görməzdən gələrək, rejimə gərəkən yalançı açıqlamalar, bildirilərlə çıxış etmələri iç işlərinə qarışmaq deyilsə, nədir? Gözləmçi olaraq yalnız olanları olduğu sayaq göstərsəydilər, onlarıniç işlərinə qarışmadıqlarını demək olardı.

2003-də seçki sürəci başa çatmadan, xalq Azadlılq meydanında səsləriniqorumağa çalışırkən Ərdoğanın bəlli “kalaba” qutlaması da iç işlərinə qarışmaq idi.

Ərdoğanın hakimiyətdə qalmasının Azərbaycandakı demokratik sürəcə necə etki göstərə biləcəyini yuxarıdakı bir neçə faktdan aydın görmək olar.

P.S. AKP-yə yaxın “Sabah” qəzetinin köşə yazarı Mahmud Övür İç işləri baxanı S.Soylunun seçkinin sonuclarıyla bağlı hansısa araşdırma şirkətinin verə bilməyəcəyi düz çıxan proqnozverdiyini bildirir: “Seçim yüzdə 49,5 ilə bitəcək. Çox çalışdıq, ancaq daha çox artıramadıq. Məclisdən arxayınıq,Cümhur ittifaqı 320-325 millət vəkili çlxaracaq”. Buyurun, bu da sizə demokratik seçki! Seçki öncəsi Azərbaycandan Türkiyəyə 100 milyon dollar yardım göndərildi.

Türkiyə qəzetləri Soylunun seçim sonucunu öncədən incəliklərinədək bildiyini yazırlar. Seçim sonucunu öncədən incəliklərinədək bilmək yalnız o seçimi incəliklərinədək planlamaqla ola bilər.

Bizdəki bir sıra dinçi-ərdoğançı müxalifətçilər, sözsüz, bunun da yalan olduğunu deyəcəklər.

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv