Paşa Talıblı. Şeirlər

Bir könüldən min könülə…
…məni haramdan vurdular,
oramdasan, könül yaram!
Könlümdəsən, könül sevən,
yaramdasan, könül yaram!
…ox dəydi sevər yerindən,
yaralandı Bamsı Beyrək.
Yar alandı, könül yaram,
əynimdəki qanlı köynək…

“Könüldən-könülə yollar…”
Düş könüldən min könülə!
Yarana vuruldum, könül,
bir könüldən min könülə!..
Canımın cəllad ağrısı ..
Bu günüm günlərdən biri,
yoxsa dünənə yasımdı?
Bir yanda mənəm tək-tənha,
bir yanda alın yazımdı.
Canım da düzən-düzəngah,
dağı aşmaq xeyrinə.
…cəllad can seyrinə çıxır,
başmaqçı başmaq seyrinə.
…süsən-sünbül tərəflərdə
yaz gülü əkilmiş kimi.
Canımın cəllad ağrısı
çarmıxa çəkilmiş kimi.
Demirdin, qəflə-qatırdı?
Xeyiri yəhərlə, yavrum!
Yenə xeyirli uğurlar,
xeyirli səhərlər, yavrum!
*
Yer özü dən yeridəndi…
Yeri dəndən nə sorursan?
Yaxın gəl, oda yaxın dur!
Odu gendən nə sorursan?
…olmazı-olanı gedir,
durulur, bulanır gedir,
burulur, dolanır gedir.
Dağı çəndən nə sorursan?
…suyu şirin, duzu kəməm,
üzülürəm üzü kəmə.
…qafil, bilirsən mən kiməm!
Məni məndən nə sorursan?
Əl oyunu…
Necə böyüdərsən elə böyüyər…
Hələ əl — uşaqdı, hələ əl — çağa!
Özün alçaq ola-ola, ay alçaq,
sən əl də çalırsan hələ alçağa!..
Əl çalmaq özü də bir işdi, vallah!..
Alçağın işinə get əl çal — işdi!
Get öyrət əlini ən alçaq işə,
alçağa əl çalmaq ən alçaq işdi!..
Bilmədim əl çalmaq oyunu da var,
bilmədim əl çalan oyun düzəldir…
…əyilə-əyilə əl çalan alçaq,
alçala-alçala boyun düzəldi!
Əl çal, öz qılıncın özünü kəsdi,
düşmən boğazına əl atdı — əl çal!
Sən də bu millətin oğlusan, nəmərd,
hərdən özünə də əl altdan əl çal!..
Paşa Talıblı
You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv