Naşılığın verdiyi əzab, xəbisliyin verdiyi əzab, həqiqətsizliyin, ədalətsizliyin verdiyi əzab, şəhvaniliyin, heyvaniliyin verdiyi əzab, biganəliyin, riyakarlığın, yüzsifətliliyin verdiyi əzab, xeyir libası geyinmiş eybəcərliyin, müqəddəslik libası geyinmiş qəbahətin, qədimsizliyin, qədirsizliyin verdiyi əzab, özündənayrılmanın, özünə yad olmanın, özünün əksinə çevrilmənin verdiyi əzab, miskinliyin, zəlilliyin, köləliyin verdiyi əzab, qadınlaşan kişiliyin, kişiləşən qadınlığın verdiyi əzab, əşyalaşan canlıların, canlılaşan əşyaların verdiyi əzab, qeyrətsizlik, ismətsizlik fəlakətinin verdiyi əzab, yalançı peyğəmbərliyin, qarabaş xanımlığın, gəda bəyliyin verdiyi əzab, yırtıcılıq hərisliyinin, maddi nemət əsirliyinin verdiyi əzab, ruhaniliyə yadlıq dəhşətinin verdiyi əzab, böyüklüyün kiçikliyə, yüksəkliyin alçaqlığa möhtaclığından yaranan əzab, balıqların pıçqıllanmasından yaranan əzab, möhtəşəm ədaların, biçimlərin miskin mahiyyəti pərdələməsindən yaranan əzab, təcavüzkar idraksızlığın, mütəşəkkil qəbahətin yaratdığı əzab, qorxaqlığın cəsarətli, xudpəsəndliyin fədakar, həqarətin nəzakətli görünməsindən yaranan əzab. Ağalıq ehtirasının idrakı söndürməsindən yaranan əzab! Cahillərin aqillər məskənini talamasından yaranan əzab!
Bəşərin körpəliyindən, sadəlövhlüyündən alınan əzab! Məhəbbətlilərin, mərifətlilərin, bütövlərin, xalislərin əzabı! Əzabkeşlərin, amalsevərlərin, xalqsevərlərin əzabı! Analığın, atalığın, övladlığın əzabı! Əyilənlərin, vüqar dağından enənlərin, yalana tapınanların, ləyaqətini ayaqlar altına salanların arasında yaşamaq əzabı! Aldadanlar, fitnə yaradanlar, yalançı andlar arasında yaşamaq əzabı!
Amalı yoxun – amaldan danışması, məhəbbəti yoxun – məhəbbətdən danışması, ruhu yoxun – ruhdan danışması əzabı! Hərcayinin hərcayiliyi pisləməsi, ləyaqətdən əl çəkənin ləyaqəti mədh etməsi, mənsəbpərəstin təmənnasızlığı vəsf etməsi əzabı! Özünü gəlin otağı kimi bəzəyənlərin arasında yaşamaq əzabı! İnsanilikdən əl çəkib yüksələn şöhrətlilər arasında yaşamaq əzabı! Kişilərin üzündə qadın ədası, işvəsi görmək əzabı! Məkrin – xalislik, fitnəkarlığın – əsillik, müxənnətliyin – mərdlik, riyakarlığın – alicənablıq üzərində ağalığından yaranan əzab! İnsanın insana gərəksizliyi dəhşətindən yaranan əzab! Paxıllığın, azğınlığın, qəddarlığın, amansızlığın iradə, ağıl və ehtiras üzərində qələbəsinin əzabı!
Pislərin yaxşılara qənim olması əzabı! İnsanların Mütləqə, Müqəddəsliyə, Ülviliyə yabançılığından doğan əzab!
Bəşərin Atasızlığından, Yetimliyindən doğan əzab!
Gözün işığı sevməməsindən doğan əzab! Xəstəlik əzabı, gənclik əzabı, qocalıq əzabı!
Ali saydığında qəbahət görmək əzabı! Ayrılıq, həsrət əzabı! Həssasların, idrakilərin, vicdanlıların əzabı! Qorxaqlığın, harınlığın, azğınlığın, hakimiyyət ehtirasının qulu olan insanlar arasında yaşamaq əzabı!
Paxıllıq duyğusunu qəlbində söndürə bilməyən bədnamlar arasında yaşamaq əzabı! Böyüklüyü sevməyən, cılızlığa alışan, bəsitliyə qarışanlar arasında yaşamaq əzabı!
Müqəddəsliyə tapınmayan, Mütləqi tanımayan, ülviliyə can atmayan, çirkinliyə pərçimlənib qalan yazıqlar arasında yaşamaq əzabı!
İnsan kimi dünyaya gəlib, ancaq insan kimi yaşamayan, insan kimi yaşamağın nə olduğunu bilməyənlər arasında yaşamaq əzabı! Özünü təsdiq eləmək üçün ləyaqətdən keçənlər arasında yaşamaq əzabı!
İnsanların yanlış təsəvvürlərin, saxta loğmanların arxasınca getmələrini görmək – əzabdır! İnsanın insaniliyə balaca, ürkək, inamsız addımlarla, heyvaniliyə isə böyük, inamlı və fərəhli addımlarla getdiyini görmək – əzabdır! Məhəbbətin qədir-qiymətdən düşməsi, gözəlliyin satılması, aldanması – əzabdır! Bəşərin öz əsillərini tonqalda yandırmağı əzabdır! Nadanla mübahisə – əzabdır, ürək yarası – əzabdır, övlad niskili, yetimlik, atasızlıq, anasızlıq – əzabdır! Ağsaqqallığın – izzət, müdrikliyin – inam, gözəlliyin – məhəbbət taxtından salınması – əzabdır! İblislə insan üzündə daim görüşmək – əzabdır! Zindan qəfəsi, zülm işgəncəsi, cəllad həmləsi – əzabdır!
Əzabın ağırdır, Dünya! Səni lənətləyərdim, əgər nəşələrimdə Əzabımdan ayrılmasaydım!
Asif Ata. Əzablı Dünya
Dekabr 21st, 2023 admin