Aqşin Ağkəmərli. Xoşbəxt sevgi xatirəsi

Təhsilimlə bağlı Təbrizdən Bakıya gəlmişdim. Bir neçə öyrənci ilə Sovetski deyilən məhəllədə İsmət nənənin evində bir otaq kirələdim.
Bir gün səhər Zərgərpalan küçəsindən İçərişəhərə gedirdim. Xoş, ürəyəyatımlı küləkli hava vardı. Yol boyunca çinar ağacları Günəşin doğuşuna sanki sevindiklərindən rəqs edərək sağa-sola baş əyir, yarpaqları Günəşə “Xoş gəldin” deyirdilər. Əhvalım yaxşı idi, ağır-ağır addımlarımı daş döşəmələrin üstünə basa-basa irəliləyirdim.
O an qarşımdan bir qız keçdi. Gözləri gözlərimə sataşdı. Gözlərinin odundan içim alovlandı. O vaxta kimi belə bir hiss keçirməmişdim.|
Zahiri baxımdan qız çox gözəl deyildi, ancaq mənə çox gözəl görünürdü. Sanki ovsunlanmışdım.
Bəzəksiz, boyasız, sadə geyimli, 20-25 yaşlarında bir xanım… Mənə elə gəldi, sanki o, itən həyatımın bir parçasıdır, yarımdır. Elə bil ürəyimin tən ortasından keçdi bu hiss. Dilim-dodağım qurudu. Birtəhər udqundum. Nəsə demək istədim, ancaq dilim söz tutmadı.
Bütün günüm onsuz onunla keçdi. Sahil boyu yol getdim, onunla onsuzsöhbət elədim. Yalnız onu düşündüm. Xəzərin coşğun suları nərə çəkib qayalardan dənizə axanda damcı-damcı üzümə sıçradı, ləpələrin şor dadını duydum, şehi saçlarıma qondu.
Evə gəldim, otura bilmədim, çölə çıxdım.Nədənsə, bir yerdə qərar tuta bilmədim. Get-gedə döngələr, dalanlar ağır sükut içində qaranlığa büründü. Bu boyda həyat eşqiylə dolu şəhər nədənsə mənim üçün tamam səssiz, hərəkətsiz görünürdü. Sanki həyat dayanmışdı…
Yollardakı işıqlar mənə hər an onu xatırladırdı. İşıqların şövqü dənizə yansıdı, xəyalən onu gördüm!
Ola bilsin ki, onu görsəniz, bəlkə də heç bəyənməyəsiniz, zövqünüzcə olmasın. Məsələn, sizin zövqünüzə görə gərək gözəl qızın saçı uzun, beli incə, dodağı qönçə, qaşları kaman olsun. Ancaq mənim üçün belə deyil. İnsanı yaşadan onu bir qadına bağlayan, o qadının gözəlliyi deyil, sevgisidir. Bir məsəl yadıma düşdü: “Bax Leylinin üzünə, sən Məcnunun gözüylə”.
Bir gün onu yenə gördüm, ancaq ürəyimdən keçən sözləri deyə bilmədim. Hər gün ixtiyarsız arxasınca bir az sürünüb sonra baxışlarımla yola salardım.
Günlər beləcə gəldi keçdi. Hər səhər ona deyəcək sözlərimi vurma cədvəli kimi əzbərləyib, dönə-dönə təkrarlasam da, görəndə nə deyəcəyimi unudurdum. Hər gün özümə söz verirdim ki, günü bu gün qarşısını kəsib deyəcəm:
– Bağışlayın, sizin vaxtınızı beş dəqiqə ala bilərəmmi!? (belə deyim)
– Bağışlayın, telefon nömrənizi ala bilərəmmi!? (Belə də desəm)
– Üzr istəyirəm, siz bu məhəllədə yaşayırsınız? (Və ya belə)
– Sizin iş yeriniz hardadır? (Yox, bu cür olmaz)
– Sizi axşam yeməyinə dəvət etsəm, olarmı? (Bu sözə özümün də gülməyim tutdu)
Öz-özümə fikirləşdim ki, hay-hay, özün acından günorta durursan, hələ birini də yeməyə çağırırsan?)
Axı bəs mən  neyləyim? Nə deyim? Düzdür, deyirlər hər şey zamanla yolunu tapar. Zaman heç nəyə baxmaz. Hanı, hardadı məndə o bəxt, o zaman?
Bir gün yenə də eyni vaxtda, eyni yolda üz-üzə gəldik.
İçimdə bir güc, cəsarət yarandı. Ona yaxınlaşıb demək istədiklərimi dayanmadan dedim. Ancaq yenə də bərk həyəcanlıydım. Sanki qanım donmuşdu. Heyrətlənmişdim ki, axı necə danışa bilirəm?
Çətin anlar, günlər arxada  qaldı. Tanış olduq.

***

Günlər, aylar gəlib keçdi, Təbrizə getmək vaxtım çatdı. Bir axşam qatar vağzaldan ayrılarkən göz yaşlarımı gizlətdim.
Günlər ötdü…
İkimiz çiyin-çiyinə, qol-qola eyni yolda gedirdik. İçərişəhərin dolanbac döngələrini dönə-dönə gəzdik. Tarixi binaların önündən keçdik. Ancaq mən ondan başqa heç nə görmürdüm, ondan başqa heç kimi eşitmirdim.
Əllərimiz danışdı, gözlərimiz danışdı – səssiz. Bir-birindən ayrı düşən ellərimizdən, parçalanmış Vətənimizdən danışdıq. Vətəndə Vətənsiz yaşamaq çətin olurmuş.
Ümid dolu gələcəkdən, vüsala gedən yollardan söz açdıq. Bir an o, üşüyən kimi oldu, əllərini ovuşdurub gödəkcəsinin yaxasını iki əlləri ilə qulaqlarına qədər qaldırıb yumaq kimi büzüldü, çiyinlərini qısdı, başını köksümə qoydu. Həyəcanımdan sanki Qız qalası, Şirvanşahlar sarayı başıma fırlandı. Barmaqlarım saçlarını daradı. Yenə danışdım aramızdan axan Arazdan, ayrı düşən Təbrizdən. Gözəlim Bakıdaydıq, ondan danışmamaq olardımı?
Nədənsə onunla olanda saatlar tez keçir, heç xəbərim olmadan axşam düşürdü.

***

Yenə də gedirik günəşli Xəzərin sahilinə. Günəş Xəzərdən doğur, Xəzərdə batır. Hər axşam şəhərin gözəlliyi, əlvan rəngli işıqları sularda üzür. Dəstə-dəstə qağayılar suya baş vurur, sonra da səs-səsə verib göyə uçurdular. Onun qulağına pıçıldadım:
– Səni tanıdığıma çox sevinirəm. Sanıram bütün ayrılıqlar səndə bitir.
Bir anda buludlardan süzülən yağış yerə ələndi.
Üzünü mənə tutub dedi:
– Üstümüzə yağış yağır
unutmuşuq,
Başımızın üstünə duman çətiri
tutmuşuq.
Dodaqlarının izi qalmış
Yağışdan islanmış
dodaqlarımda.
İndi gözlərim yol çəkir…
Dedim sənə, darıxıram
Sən olanda belə içimdən tənhalıq keçir
Sən olanda belə
Sabahlara gedən sabahkı yollardan qorxuram.
Qaçıram mən özümdəki özümdən
Özümü səndə tapıram –
Sənə tapınıram
sənin hər sözündə.
Sanki bütün yollar sənə gedir,
səninlə başlanır.
Özümə gedən yollar səndən keçir,
Səndən keçir bütün arzular.
Səni içirəm udum-udum…
Sənsiz yaşamaqdan qorxuram
Bir an belə səndən ayrılmaq istəmirəm…
Sənsiz bu yolların
tənhalığından qorxuram.
Dedi:
– Unutma ki, həyatda nə mənim, nə də sənin qarşına çıxan heç nə təsadüfi deyil.
Mən susdum. Səs gücləndiricidən yüksələn səs bizi sanki ayıltdı:
– Diqqət! Diqqət! Bakıdan Təbrizə gedən qatara üçüncü platformadan minik başlandı.
O, səssizcə başını sinəmə qoyub durmuşdu. Birazdan elan son dəfə səsləndi.
– Bakıdan gedən qatar 8:30-da yola düşəcək.
Qatar son fitini çaldı. Bu dəm buludlar başımızın üstünü aldı. Damla-damla yağan yağışda əllərim saçlarında gəzdi, muncuq-muncuq yağış dənələri saçlarına qondu, dodaqlarına ələndi. Üşüməsin deyə, əynimdəki pencəyi çıxarıb çiyninə saldım.|
Gözlərim gözlərinə sataşdı. İlk görüşdüyümüz günü xatırladım. Yorğun səslə dedi:
– Yalvarıram, arxana baxmadan qatara min.
Qatar ağır-ağır tərpəndi. Buxarlanmış pəncərədən ona baxdım. Heç nə görünmürdü. Ancaq bir nəfər sanki dumanlar içində arxadan qatarı tutub saxlamağa çalışdı. Qatarın sürəti artdıqca o, məndən uzaqlaşdı.
İçimə buz kimi tənhalıq hopdu. Yenə ruhumda bir boşluq yarandı. Quru canım Təbrizə çatdı. Zəng açdım. Çatdığımı dedim. O susdu, mən gözlədim. Birazdan ağır-ağır dedi:
– Pencəyin məndə qalıb.
Dedim:
– Unutma ki, həyatda heç nə təsadüfi deyil.
Günlərin birində səhər-səhər telefon zəng çaldı. Səsi ruhumu oxşadı. İçimə sevinc doldu.
– Mən də bu an səni düşünürdüm.
Susdu, birazdan cavab verdi:
– Gəl, qapını aç. Pencəyini gətirmişəm. Unutma ki, həyatda heç nə təsadüfi deyil.
Gözlərimə inanmadım. Qapını açdım. Qarşıda bir mən, bir də o gözlər, o baxışlar… Əlində də pencəyim.
Əllərim əllərində yox oldu. Könlümün quşu qanadlandı, Xəzər sahili axşamlarının üfüqünü xatırlatdı.
O gündən sevinc dolu neçə-neçə  illər keçib. İndi Alma, Damla adlı iki qızımız var, xoşbəxtik…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv