Paşa Talıblı. Şeirlər

İndi tanıdınmı Dadaloğlunu…
                      (A.Təhləliyə)
 *
…bir yarpaq şerini oxudum, ustad!
Belə görməmişdim ox udan səni…
…dost sözün dostluğu deyilsə, onda
nədi yastı-yastı oxudan səni?
 *
Belə yaslı-yaslı oxudan nədi…
Yoxsa ki, qoynundan yar atıb səni?
Qor kimi yaradıb o xudan səni,
kül altda qor kimi yaradıb səni!..

 *
Borcundan çıxdığın Məhdimqulusan,
Çıldırlı Şenliksən…goru şen olsun!
Zər kimi düşürsən zərgər əlindən…
Kim səni tutmadı göreşən olsun!
 *
Çinləyib yığmısan çinədanına
yarı qara sazdan, yarı aşıqdan.
…Tufarqan Abbasdan söz oynatmağı,
bayatı çəkməyi Sarı Aşıqdan!
 *
İndi tanıdınmı Dadaloğlunu,
indi tanıdınmı Xəstə Qasımı?..
Bir yarpaq şerini oxudum, ustad!
Elə bil oxudum alın yazımı…
 *
Güllü köynək…
 *
…xatası dəymişdi mənə bir gülün,
könül göynəyimdə qaraca güldü.
Qadası qalacaq mən ölənəcən,
xatası qalacaq…haracan qaldı!
*
…nağıl söyləmirəm – nağılın olsun!
Odu doğrayırdım, külü kəsirdim…
Xatası dəymişdi mənə bir gülün,
handa o xatalı gülü gəzirdim.
 *
Güllü köynəyimlə gül dərdiyimdən
güllü köynəyimə gül təndi, baskak!
Mənə gələn xata haqdan deyildi,
mənə gələn xata güldəndi, baskak!
 *
Elə bil xam idi, ya xam kimiydi…
Odla oynayırdı küllü göynəyim.
Mənə gələn xata güldəndi, baskak,
xatalı güldəndi güllü köynəyim!
 *
Dünya ruhun edamıdı…
 *
Gözüm, dünya gözəldimi?
Dünyadan ağlın nə kəsir?
…quşlar açıq göy üzündə!
Gözləri bağlı nə gəzir?
 *
O kimdi –heyi yeyilib,
qucaqlasın…dizi yoxdu!
Göz yaşı yuyub aparıb,
yarıyacan üzü yoxdu…
*
…hansı ruhun edamıdı,
dara çəkən yüz əldimi?
Yüz əldimi dara çəkən…
Dünya yəni düzəldimi?
 *
Başa gələni görürsən?
Dərdin başına gəlirmi?
Gözüm, dünya gözəldimi,
dünya xoşuna gəlirmi?
 *
Gözüm, yaxşı görürsənmi?
Çox qəmə binəsən, gözüm!
Sən axı, görmək üçünsən,
alnımda bə nəsən, gözüm?
*
Nə vaxtdı bir gözəl şer yazmıram…
 *
…hardadı, hardadı gözəlim şer?
Nə vaxtdı bir gözəl şer yazmıram…
…sərv boylu, ay üzlü, ya mavi gözlü
nə vaxtdı bir gözəl şer yazmıram.
 *
…bağlayıb qapını, çəkib cəftəni
ilhamsız qalmışam bütün həftəni.
Ağzıörtülüdü şer dəftərim,
nə vaxtdı bir gözəl şer yazmıram.
 *
…sözümmü qurtarıb, şəhdi-balımı,
üzümü görünmür, xətti-xalımı?
Paşam der, gəl gör də bu ” xoş halımı”;
nə vaxtdı bir gözəl şer yazmıram.
 
You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv