Təzə bir şer yaz, qaraca oğlan…
(Emil Rasimoğluna)
*
… təzə bir şer yaz, Emil əfəndi!
… orda ayla, illə, burda müxtəsər,
köhnədən-təzədən…təzə bir şer!
Min il əhədimi kəsən dərdimin
bəlkə əhədini kəsə bir şer!
*
… təzə bir şer yaz, Emil əfəndi!
… fikirlər narıncı, cəhrayı rəngdə,
misralar körpətək day dura bilsin.
Elə yaz, şirinli-acılı olsun,
mənim ac könlümü doydura bilsin!
*
… təzə bir şer yaz, Emil əfəndi,
dirilik suyuna batır qələmi!
Sənə deyəcəyi çox sirlər qalır,
dizinin dibində otur qələmin.
*
Başı buludlarda, ayağı yerdə–
qəttəzə bir şer vardı…görünsün!
… pəncərə misallı elə şer ki,
baxanda dünyanın ardı görünsün!
*
… hanı Dadaloğlu, Qaracaoğlan–
indi qarşımıza haradan çıxa?!
…təzə bir şer yaz, qaraca oğlan,
təzə bir şer yaz, qaradan çıxaq!
*
Yazılmaq şerə düşmür…
*
…haqqında nə deyim?
Nə şərdi, nə xeyirdi.
Möcüzə də deyil heç,
şer elə şerdi!
*
Kim qaçır görk işlərdən,
xeyirə, şərə düşmür?
…yazıldı, şer ölür!
Yazılmaq şerə düşmür…
*
Amma şer də ərdi,
ər də basılmayandı…
…şerin ən gözəli
hələ yazılmayandı!
*
Qəfil hər şeyi unutdum…
*
…dünyadı…qaşı düşmədi!
Kim onda naşı düşmədi?
…çox güldüm, daşı düşmədi,
daş düşsün güldüyüm yerdə!
*
…yağışdı –hara buluddu!
Yağdı içimi qurutdu…
Qəfil hər şeyi unutdum,
hər şeyi bildiyim yerdə.
*
…ovcuma daş, gözümə gil!
…keç içəri, gözümə gir!
Nə olacaq gözümə ki,
qoy ölüm öldüyüm yerdə!
*
Kimsə məni çağıra…
*
Bir də onda eşidəm ki…
Bir də onda səs eşidəm!
Dizimi qoyam torpağa,
qara donda səs eşidəm.
*
Bir də min mənəm… yüzdü nə?
Bunun altı bu, üstü nə?
Bir söz dilimin üstünə
qonhaqonda səs eşidəm!
*
…nə bağıra, nə çığıra,
gedib çıxam lap axıra.
…və sonda kimsə çağıra,
bəlkə sonda səs eşidəm!
*
Məni anam doğdu…
*
…səndə yıxılmağın dadı başqadı,
yıxılsam yenə də yıxılım səndə.
Elə kəs, cəlladım elə kəs məni,
yenə tikə-tikə yığılım səndə!
*
Söylə, harda bitim, hansı gül olum?!
Ya çəkim olmasın, ya yüngül olum…
Ya yandır, bir ovuc bəyaz kül olum,
çıtır-çıtır oda yaxılım səndə…
*
…acıya nisbətdi tox anım…odu!
…yayın da canında ox anı…odu!
Məni anam doğdu, doğanım odu!
Çək məni kamına, yox olum səndə…
*
Bir şair var…
*
Bir şair var səsi gəlmir,
odu yoxdu, budu yoxdu…
Üzü sarı bir şairdi,
rənginin də dadı yoxdu.
*
…qulaqları darı dələn!
Get, qanında qana bələn!
Yarı sözdü, yarı qələm,
düşməni var, yadı yoxdu…
*
Nə qədər ki, dərddi…vardı!
…girləndiyi dörd divardı!
Ömür kimi adı vardı,
şair kimi adı yoxdu!
Paşa Talıblı