Qardan kəfən geyinmiş bir şəhər…
Təbriz – 1946-cı ilin son səhəri. Günəşin üzərini duman alıb. Sazaq adamı bıçaq kimi kəsir. Sular donub, asfalt şaxtadan cadar-cadar olub. Novdanlardan qəndil-qəndil buz sallanır. Dükan-bazar bağlı, dövlət binaları talanmış, yandırılmış, qapı-pəncərələri qırıq-sökükdür. Yollarda, səkilərdə donmuş meyitlər, su arxlarına atılmış kəsik başlar, qoparılmış qollar… Meydanlarda yandırılmış qalaq-qalaq kitablar, dar ağaclarından asılan fədailər. Bir sözlə, qardan kəfən geyinmiş bir şəhər…
Vətənimin üzərində gəzir ilan başlı qara buludlar…
Qorxu içərisində çalxalanan şəhər gecələr qaranlıq çarşabını çəkir başına. Şəhərdən qaça bilən qaçmış, qalan can dərdində bir küncə qısılmışdır. Hər gün şahın quldur dəstələri Milli hökumətin, tanınmış şəxsiyyətlərin və fədai əsgərlərin ovuna çıxır, evlərinə basqın edir, əllərinə keçəni qarət edir, körpələri öldürür, qız-gəlinlərə təcavüz edirdilər. Qadınların əllərini divara mismarlayıb, siqaretlə döşlərinə “Cavid Şah” yazırdılar. Tutulan fədailərin boynuna kəndirlə daş bağlayır, Acıçay körpüsündən suya tullayırdılar.
O günlər 6 yaşlı Türkel və anası qorxudan evlərinə gedə bilmirdilər. Qohum-qonşularda gecələyirdilər, bəzən qohumları belə onları qorxudan evlərində saxlamırdılar, ya da könülsüz davranırdılar. İşıqlarını söndürüb evdə adam yoxmuş kimi göstərirdilər. Buna görə də Türkel və anası çarəsiz qalıb parklara üz tuturdular.
O gün dəyişək, isti paltar götürmək üçün öz evlərinə getmək istədilər. Ana-bala yekə dükanlar məhəlləsindən keçib evlərinə yaxınlaşdılar.
Ana Türkelə üzünü tutub dedi:
– Sən bu ağacın arxasında gizlən. Mən evə gedib bir-iki şey götürüb gəlirəm. Nəsə olarsa, sən evə yaxın gəlmə, qaç get.
Türkel çinar ağacının arxasına keçərək anasını gözlədi. Ana bir sağa, bir sola boylandı, qapılarına yaxınlaşdı. Qorxa-qorxa tələsik çöl qapısını açıb içəri keçdi. Həyətdəki solğun çiçəklər soyuqdan buz bağlamış, yerə səpələnmiş xəzəlin üstünü qar almışdı.
Ayaqlarının altında xırçıldayan buz parçalarını əzə-əzə irəlilədi. Tut ağacına baxdı, ondan asılan yelləncəyə toxundu. Dərin bir xəyala daldı. O, xoş günlər gözlərinin önündə canlandı. Bir anlıq hər kəsi, hər şeyi unutdu. Hətta çöldə qalan oğlunu belə. Qəfildən çöldən gələn səslər onu sanki dərin bir yuxudan ayıltdı.
Araz gəlir daşından…
Körpə balasının onu gözlədiyini xatırladı. Bu bircə anda xəyalından nələr keçmədi. Tez Türkelin yanına qayıtdı, balasını görən kimi dayandı, belini dikəldib dərindən nəfəs aldı. Oğlunu öpüb bağrına basdı. Kimsə tanımasın deyə, çadrasını alnına qədər çəkib iki dişinin arasına aldı. Bir gözünün yarısı görünməz oldu. Türkelin əlindən tutub Qarağac məhəlləsindən Şamqazana tərəf yol aldı. Döngələri dönüb axşamın alaqaranlığında Gülüstan bağına çatdılar. Bir küncə sıxılıb xısın-xısın danışdılar. Ana körpə balasını oxşadı, bağrına basdı, ürək-dirək verdi. Özgur, bağımsız Vətənindən söz açdı. Fars, erməni faşistlərinin cinayətlərindən yana-yana danışdı, ümidlə “Keçər bu acılarımız, gələr xoş günlərimiz”- dedi.
Bayatı çağırdı:
Araz gəlir daşından,
Suyu qalxır başından,
Əzəlindən dumduru
Bulanır göz yaşından.
Birdən şəhərin dörd tərəfindən güllə səsi ucaldı. Gördülər şahın quldur dəstələri hansısa bir fədainin evinə tökülüşüb qarət edir. Səslər daha da ucaldı. Ağacların arxasından baxırdılar, bir neçə nəfəri tutub boyunlarına kəndir bağlamışdılar, ayaqyalın Səttarxan küçəsi ilə döyə-döyə gətirirdilər. İndiyə kimi işgəncə vermişdilər: bellərindən daş sallayıb, kürəklərində kəsici alətlərlə “Meg bər Pişevari”, sinələrində “Cavid şah” yazıb sonra dara çəkirdilər.
Ana ürəyi dözmədi
Türkel bu səhnəni görəndən sonra tir-tir əsməyə, üşüməyə başladı. Ana ürəyi buna dözmədi. Yun koftasını əynindən çixarib ona geyindirdi. Uşaq yenə tir-tir titrəyirdi. Ana oğlunu bağrına basıb bərk-bərk qucaqladı. Bir-bir paltarlarını oğluna geyindirdi:
– Ana sənə qurban, dərdin alım, gözlə hava işıqlansın, evə gedərik. Nə olursa-olsun, balama şorba bişirəcəm, umac ovacam.
Körpə anasına baxıb pıçıltıyla dedi:
– Hə, ana, çox istəyirəm, çox.
Ana donmuş körpəsini əlləri ilə ovuşdurdu, saçlarını tumarladı. Get-gedə ananın əlləri körpənin isti bədəninin soyuduğunu duyurdu.
Daş kimi cansız, buz kimi soyuq balasını qucağına alıb evinə gətirdi. Ağlından keçən bu idi: nə olur-olsun, daha kimsədən qorxusu yox idi.
Oğlunu yatağa uzatdı. Qonşular bir-bir gəldilər. Onlardan balasına şorba istədi. Kimsəni körpəsinə yaxın buraxmadı. Hər kəsə deyirdi balam bir az üşüdüb, balama dəyməyin, ona soyuq olub. Acı həqiqətə inanmaq istəmirdi.
3 gün beləcə keçdi. Sonra qohum-qonşular birtəhər körpənin meyitini alıb Vadirəhmət qəbirsanlığında basdırdılar.
Bir neçə gün sonra ananı ruhi xəstəxanaya yerləşdirdilər.