Xaliq Bahadır. 94 yaşında yetim

 

“Məndə vətən həsrəti indi dil həsrətilə əvəz olunub”,- bu acıdan-acı sözləri oxuyanda içimdən sızıltı keçmiş, gözlərim dolmuşdu. Deyəsən, bir il qabaq idi. Bu sözlərdəki sonsuz ağrı-acını yalnız xalqına, onun dilinə bütün əriş-arğacıyla bağlı olanlar, başlıcası da gerçək yazarlar sezər, duya bilər.

O adda biri var, illərdir Yazıçılar birliyinin başdaduranlarındandır. Xalqdan uzaq, xalqın dilindən uzaq, ancaq “xalq yazıçısı”. Sən dilinlə, yaradıcılığınla bu xalqa yadsansa, Bakının ortası iş, yaşayış yerin olsa da, fəlsəfədə deyildiyi kimi: “özündə nəsnə”dən özgə nəsə deyilsən. Olmaz, olamazsan!

Sən də, sənin kimi bir çoxları da bu xalqı, bu xalqın dilini sevməyə-sevməyə burada kef içində yaşayırkən o, çox sevdiyi ölkəsindən, xalqından, dilindən uzaqlarda yaşamalı olmuşdu. Ancaq o necə uzaqlıq idi, onun yaradıcılığı bütünlüklə bu ölkənin özü, adamları, qutu-ruhu idi: keçmişindən bugününə, bügünündən gələcəyinədək.

Onun sevgili ölkəsindən niyə ayrıldığını bilənlər bilir. O, yalana, yaltaqlığa dözməyən, ən başlıcası, xalqının yalan yoluyla yoxluğa gömülməsinə dözməyən, dözməyəcək kimsələrdən idi. O, bunu yalnız çoxillik yaradıcılığı ilə deyil, eləcə də çıxışları ilə doğrulayırdı.

Ən azı son illərində onu Bakıya gətirmək, doğulub böyüdüyü İçərişəhərdə gəzdirmək olardı. Yox, ona bahalı qonaqlıqlar, bayağı sağlıqlar, nələr gərək deyildi. Ona hava-su kimi gərəkən yurddaşlarını görmək,dil dinləmələriydi: eləcə asta-asta gəzmək, İçərişəhərdə, Fəvvarələr meydanında, Bakı bulvarında adamlara baxmaq, doğma, sevgili dilin sözlərinə qulaq kəsilmək. Axı, bunu etmək olardı!..

Olardı? Yox, olmazdı. Olamazdı! Ortada sistem faktoru vardı: qarşılıqlı olaraq uzlaşmaz, yovuşmaz sistem faktoru.

İnanırıq: bu yaşda, doğmalar arasında dilimiz ona Ana laylası kimi istəkli, doyumsuz olardı…

Yetimçiliklə böyümüş rus Sovet yazarı Viktor Astafyev demişdi: “Adamın anası yoxdursa, atası yoxdursa, ancaq ölkəsi varsa, o hələ yetim demək deyil”.

Yaşın yetirməsindən onun nə anası vardı, nə atası. Nə yazıqlar, önun ölkəsi də yox idi. Daha doğrusu, onu ölkəsinə aparan yollar yox idi. Ölkən ola, səni ölkənə aparacaq yollar olmaya: eləcə ölkənisevə-sevə, ölkənin dilinə uzaqlardan yanıxsaya-yanıxsaya qalasan…

İndi hamı ona “rəhmət” oxuyur. Mənsə deyirəm: yaşa Çingiz Bəy! Çingiz Ağa! Var ol, ölümüylə belə örnək olan Kişi! Sözsüz, bir gün bu ölkəyə dönəcək, bu doğma dilə doğmaların doğması kimi qovuşacaqsan!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv