Mənim şeirlərim elegiyadı…
… tapdadı içimi atlı qarışqa,
tapmadı içimi adlı qarışqa,
qağayı burnu tək duzlaşıb içim.
… göylərə yaraşır elə göy adı!
Mənim şeirlərim elegiyadı,
mənim şeirlərim başsağlığıdı…
… öldü, sevə-sevə barama qurdu!
Bəxtəvər başına baramaqurdu,
bəxtəvər başına hazır evin var.
… göynədir qafamı buz kimi sürgün!
… adsız şairləri qabaqda bir gün
atsız yəhərlərin günü gözləyir.
Batmannan gələn dərd…
… dərddi bu canımı fırladan belə,
fırlanır dövrəmdə dərdin neçəsi.
Mən dərdi gecələr çəkirəm, qardaş,
yaman uzun olur dərdin gecəsi…
Dərddi qaranlığa məni öyrədən,
dərddi qaranlıqdan məni baxdıran…
Eh… yerim dərdlərin qaranlığıdı,
məni qaranlıqda tapır axtaran.
Dərdim çəkilidi — batmannan gəlir,
ağırdı gözmün yaşı — çəkili!
Qaranlıq dövrüdü dərdi çəkməyin…
Dərd, qardaş, gecələr yaxşı çəkilir!
Dağ şairi olammadım…
… şair Allahın oğludu,
olsa da hara şairi.
Min illərdi söz ayırır
ağından qara şairi…
… heyrətin sıra nəfəri,
qeyrətin sıra nəfəri,
millətin sıra nəfəri
millətin sıra şairi.
Dedim — sözümü unutdum,
baxdım — gözümü unutdum.
Əvvəl özümü unutdum,
Tanrını sonra şairi…
… Xalq şairi olammadım,
haqq şairi olammadım,
dağ şairi olammadım,
qoy olum səhra şairi.
… və bu gecədəki mən
… üzü yenə sopsoyuqdu,
bax, buludu yalsız atdı.
… ayı yox, ulduzu yoxdu —
göy üzü belə rahatdı.
… başımda bir dəli sevda,
ovcumun içində hirsim.
… masamın üstündə şeir,
altında qatlanmış dizim.
… tənhalığım və təkliyim!
Könlümdən Yaradan keçir…
… göy üzü belə rahatdı,
gecə də yarıdan keçir.
Qohaqov…
…mən qaçım, sən də qov arxadan, Allah!
Elə sən qov məni, mən qaçım yenə…
Mən ki, doğulandan qovuldum elə,
qalsın qovulmağa əlacım yenə.
Birimiz qovulaq, birimiz qovaq —
qovulan mən olum, qovan sən, Allah!..
Sən yaxşı qovursan qovulanları,
qaçanı ən yaxşı qovansan, Allah!..
Elə sən qov məni, mən qaçım yenə,
teyləyək bir ömrü bir yerdə sənnən…
Mən qaçım, sən də qov, qovhaqov salaq,
ömür məndən olsun, qovğası səndən…
Neylim, doğulandan qaçıram elə…
Qaçmağın axırı yoxdu, bilirəm!
Sən qovdun, mən qaçdım… mənim evimi
qabaqdan qaçmağım yıxdı, bilirəm!
Uzaqdan görünən dağlar…
… belə bir tablo görərsən!
Sağdımı sələfi sağlar?
… yerin göy üzündən ən çox
ayrılan tərəfi: dağlar!
Bəlkə də bir ayrı… başqa —
mənaca nə sağdı, nə sol!
… qanadı qırılmış quşdu
ya damarı qırılmış yol!
Barmağın ucu boydadı…
… sükutu çox, yaxsa laldı?
Cavabdı ən uzaqdakı,
ən yaxındakı sualdı!
… göylə çulğaşa-çulğaşa,
çənə bürünə-bürünə
uzaqdan görünən dağlar
yenidən hər gün görünər.
***
(Emil Rasimoğluna)
… yaşasın qələmin, şair!
Yükü söz olan qələmin…
… şəhdi-şəkər mürəkkəbi
haqdan süzülən qələmin.
Şair, dünya çəmənlikdi
hər söz bir şeh örtüyündə…
… sən də yaşa qələminnən,
yaşa — cəllad kötüyündə.
Qabaqda illərin durur —
hələ yüz, hələ min, şair!
… yaşa — cəllad kötüyündə,
yaşasın qələmin, şair!
Dərdin mənə gəlsin dərdim…
… dərdim, yaxşı günün olsun,
dərdim, sənə can sağlığı!
Dərdim, toy-düyünün olsun,
dərdim, sənə can sağlığı!..
Dərdin məni üzür, dərdim!
Nə ağla, nə üzül, dərdim!
Yüz il yaşa, yüz il, dərdim!
Dərdim, sənə can sağlığı!..
… göndər dönə-dönə, gəlsin,
min gəlibdi yenə gəlsin!
Dərdim, dərdin mənə gəlsin,
dərdim, sənə can sağlığı!..
Havalı könlümün havası yüngül…
… kimi var bu çöldə yaş otun, kimi?
Bir ömür yaşadım yaş odun kimi…
Köhnə havalar da yaşıdım kimi —
köhnəsi göynədir havaların da…
Görsəm, qan aparır payız gülünü,
bir ocaq torpağa qatır külünü…
Görsəm ki, göy üzü necə bölünür —
ağa… qaranlığa — havalanmayım?
Yenə sirli qalan ağızım oldu,
ağzımın şəriki ağ üzüm oldu.
Gördü dəlisiyəm havalanmağın,
havalar “dəlilik kağızı”m oldu.
Gördü dəlisiyəm havalanmağın,
bir şer də yaxamı qırağa çəkdi.
… sığal da çəkərdi sığala yatsa,
havalı könlümü varağa çəkdi.
Havalı könlümün havası yüngül…
… canıma da quru dəri, deyirəm.
Vallah, dəlisiyəm havalanmağın,
haqdan havalıyam, dəli deyiləm!..
Sibir-Altay arasında…
…məni qürbətə şeir atdı,
qubar tökən çəni keçdim.
Köç elədim söz boyunca —
gündüzü, gecəni keçdim…
… kiminə bir zarafatdı,
mənə də siratdı şeir.
… məni qürbətə şer atdı,
elə bil zər atdı şeir.
… dünyanın qara damında
gecələr şamı diridi.
… qəribanə qəriblikdə
mən ölü, hamı diridi.
… taparmı kimsə ha gəzsin?
Lap altı ay arasın da…
… məni qürbətə şeir atdı
Sibir-Altay arasında.
Paşa Talıblı