Dövlətin, dövlətçiliyin sürəkli aşındırıldığı dönəm içindəyik. Bu görsəniş qanunları qorumalı olanların öz çıxarları üçün qanunuqanunsuzluğa dönüşdürməsiylə doğrulanır. İstər yuxarıda, istər aşağıda birinin etdiyi qanunsuzluq çağındaca gərəkən təpkiylə qarşılanmırsa, tezliklə domino etkisinin (effektinin) yaranması qaçılmaz olur. Başqa sözlə, belədə aşağı-yuxarı dövlət qurumlarındaaşınma-dağılma baş verir.
Burada deyilənlərlə bağlı tək elə son illərin görkülərindəın çoxlu örnək gətirmək olar. Ancaq buna gərək yoxdur: çoxsaylı Az tv-lər ölkədəki bütün yamanlıqları görməzdən gəlib yalnız hakimiyəti öyməyə çalışsalar da, İnternet adlanan Yer Tanrısı öz işini görür.
Necə görür? Belə görür: Allahdan gizli qalan da İnternetdən gizli qalmır-dövlətin başında, ayağında olan bütün qanunsuzluqlar, çox böyük ustalıqla edilmiş oğurluqlar belə, çox keçmədən açılıb-tökülür, ortaya çıxarılır: ofşorlara yönəldilən, Bakıdan Londonadək uzanan milyonlar, milyardlarla dəyərində oğurluq pullar da, oğurluq pullarla aldıqları da, polislərin tezdən evə soxulub yurddaşları yarıçılpaq küçəyə çıxarmaları azmış kimi, üstəlik, onlara “dooşansız, dooşan” deyilməsi də, Gədəbəydə polisin qolundan tutub aparmalı olduğu nənənin gözünə bibər qazı sıxması da, Qəbələdə polisin 12 yaşlı uşağı yerə yıxıb döyüb təpikləməsi də…
Bu yazının yazılmasına nədən olan sonuncuda dayanaq.
Jurnalistlərdən başlamış müxalifətə, müxalifətin başdaduranlarınadək hamı olayı belə bir tümcə quruluşu ilə başladı: “Qəbələdə polis tərəfindən döyülən 12 yaşlı uşaq”…
Ötən yüzilin 80-ci illərindan dilimizin doğal quruluşunu dağıtmaqla ağırlaşdıran, haralardasa onu anlaşılmaz edən ərəbcə “tərəf/tərəfindən” sözünün ( eləcə də bu sayaq bir çox alınma sözlərin) çıxdaş edilməsi üçün sürəkli yazılar yazmışam.
Eşidirsiz? Ötən yüzilin səksəninci illərindən üzü bəri. (Yanılmıramsa, bu yöndə birinci yazım hüquq dilimizin anlaşılmazlığı, yararsızlığı, yarıtmazlığı ilə bağlı olub. Yazının adı beləydi: “Hüququn dili, dilin hüququ”). Bəlkə də, 1986-cı ildə yazılan, ADU -nun ( indiki BDU) uzun illər dekanı olmuş Məmməd Xələfovun o çağlar yüksək dəyərləndirdiyi o yazı, nə yazıqlar, günsəlliyini bu gün də saxlamaqdadır. Gerçəyi desək, başqa alanlarda olduğu kimi, bilim alanındakı kəskin aşınma üzündən bizim hüquq dilimiz Sovet dönəmindəkindən daha eybəcər durumdadır. Doğal görsənişdir: illərdən bəri dövlət qurtumlarını sarmış rüşvət-korrupsiya eyitimdən (təhsildən), bilimdən (elmdən) yan keçə bilməzdi: orta oxullardan, yüksək oxullardan ta “Milli Elmlər Akademiyasınadək”.
Mənə görə, bütün bunlardan daha qorxulusu müxalifətin, müxalifət başdaduranlarının qabaqcıl düşüncəyə, qabaqcıl kültürə (ən başlıcası da demokratiya kültürünə) yiyələnmək istəyindən uzaq olmalarıdır. Hakimiyətdəkiləri başa düşmək olar: onları pul toplamaqdan, çalıb-çapmaqdan savayı nəsə ilgiləndirmir. Bəs müxalifət?
İndiyədək mənim bu sayaq yazılarıma müxalifətdən belə qarşılıq verilib:”Tələsmə, qoy hakimiyətə gələk, hamısı düzələcək”. Yalandır. Gerilikçi, yıpranmış düşüncəylə hakimiyətə gələnlər yalnız gerilikçi, yıpranmış düşüncələrinə uyğun hakimiyət qura bilərlər. Ortada “Yeni Azərbaycan” görküsü yoxdurmu? Adı “yeni”, özü əskidən-əski feodaldüşüncə örnəyi! Ölkəni 21-ci yüzildən Orta çağlara sürükləyən bir örnək!!
Ölkəni qaranlıq keçmişə yuvarladan hakimiyət örnəyindən qaçınmağın yolu “hakimiyətə gələk, dəyişərik” düşüncəsi deyil, hakimiyətə gələnədək dəyişmək-qabaqcıl düşüncəyə, qabaqcıl kültürə yiyələnməkdir-sözsüz, demokratiya kültürü başda olmaqla. Bu isə gündəlik öyrənimlə, yeniliyə, qabaqcıl düşüncəyə günbəgün yiyələnməklə baş tutacaq bir işdir.
Qəbələ olayına qayıdaq. “Qəbələdə polis tərəfindən döyülən 12 yaşlı uşaq”…
Türk dilinin gözəlliklərindən biri də dilimizin quruluşuna şəkilçilərin ayrıca yön, özümlü düzən verməsidir. Başında dünənki-bugünkü “təhsil sisteminin” dayandığı ərəbbaşlıq-farsbaşlıq daha çox şəkilçilərimizi çıxdaş etməklə dilimizin doğal quruluşunu alt-üst edir. Yuxarıdakı örnəkdə (elə başqa oxşarlarda da) ərəbin “tərəf” sözü dilimizin yiyəlik şəkilçisini çıxdaş etməklə dilimizə özgə, ərəb düşüncəsinə özgü quruluş verir: “polis tərəfindən”.
Dilimizin doğal quruluşuna-doğal yasasına uyğun belə deyilməli, belə yazılmalıdır: “Qəbələdə polisin döydüyü 12 yaşlı uşaq”…
Dilimizdə adların durum dəyişməsinə (“ismin halları”) baxın: adlıq, yiyəlik, yönlük, etkinlik (ərəbcə, təsirlik), yerlik, çıxışlıq. Bunlar dilimizin dəyişməz yasasıdır. Dilimizin quruluşu- söz düzümü bu yasayla oluşur, oluşmalıdır. Başqası bizim deyil, başqasınındır. Bunu biryolluq anlamağımız gərəkir.
Dilimizə fars dilindən gəlmə “əgər” sözü də ərəbin “tərəfindən” sözü kimi yersiz-gərəksizdir. Bir neçə örnəyə baxaq.
“Əgər saatı dəyişmişdilərsə”… “Əgər bu, mənim başıma gəlsəydi”… “Əgər mənim uşaqlıqdan ailəm olsaydı”… Belə örnəklərdən çox gətirmək olar, ancaq gərəkmir, hamısı birdir. “Əgər”, dilçilərimizin bildirdiyinə görə, “şərt” bildirən sözdür. “Şərtin” dilimizdəki qarşılığı qoşuldur (Türkiyə türkcəsindcə-koşul). Sözün dilimizdəki “şərt” bildirmə qarşılığı -sa, -sə şəkilçiləridir. Burada göstərilən-göstərilməyən örnəklərin hamısında -sa, -sə şəkilçiləri işləndiyindən “əgər” sözü artıqdır, yersiz-gərəksizdir. Dilçilərimiz ən gəncindən ən yaşlı akademikinədək ortadakı anormallığı-“əgər” sözü ilə -sa, -sə şəkilçisinin bir arada işlənməsi illərlə görmür, görə bilmirlər. Dilimizdəkioxşar anormallıqları, başqa sözlə, düzənsizliyi dilçilərimizin illərlə görməzdən gəlmələrinin, sizcə, adı nədir? Məncə, bu sayaq bilimsəl görsənişlərin ən düzgün dəyərləndirməsi düşüncə köləliyidir!
Planlı olaraq yürüdülən, ən yuxarılardan ən aşağılaradək yeridilən KÖLƏ PSİXOLOGİYASI-DÜŞÜNCƏ KÖLƏLİYİ.Bütün alanlarda, o sıradan, bilimdə.
“Evə çox qanıqara vəziyətdə qayıtdım”. Bir başqası yazır: “qanıqara halda”. “vəziyət” də, “hal” da ərəbcədir. İkisi də gərəksiz yerə, dil bilgisinin yetərsizliyindən işlədilir. “Qanıqara” olmaq birisinin necəliyini bildirirsə, başqa sözə nə gərək?
“Utancaq halda başını aşağı saldı”. Utanaraq/utanıb başını aşağı saldı,- olmalıdır.
“Bir saatdan sonra artıq gələ bilməzdi. Bir çox yerdə olduğu kimi burada da “artıq” sözü gərəksizdir. Öncə gələn “sonra” sözü “artıq” anlamını bildirir.
“Bu artıq çoxdan olub”. Burada sonra gələn “çoxdan” sözü, öncəki “artıq” sözünün düzgün qarşılığıdır.
Polis özbaşınalığı ilə bağlı son günlərin jurnalistika örnəklərindən: “Zorla evə daxil olmuş, evdə axtarış aparmışdılar”. “Daxil” ərəbcədir, dil bilgisi yetərsiz jurnalist hamının dediyi kimi “evə girmək” yerinə “evə daxil olmaq” deməklə özünü bilikli göstərmək istəyir.
“Evə gələn kimi dərhal”… “Dərhal” fars-ərəb söz birləşməsidir. Evə gələn kimi-deməklə iş bitir, “dərhal” artıqdır. Kimi burada qoşma deyil, “dərhalın” qarşılığı anlamındadır-jurnalistlər, yazarlar belə dil incəliklərini bilməyə hamıdan çox borcludurlar.
Başqa bir oxşar örnəyə baxaq. “İlk növbədə dərhal”… “Növbə” ərəbcədir, “dərhal” bəllidir. Düzgün yazılış belədir: İlk sırada. Bu, ərəblə farsın “dərhal” dedyinin dilimizdəki qarşılığı deməkdir.
Yetərincə-olmalıdır, “kifayət qədər” deyil. Sürə-olmalıdır, “müddət” deyil. Parlaq/parlamaq-olmalıdır, “bərq” vurmaq deyil. Açıq/aydın-olmalıdır, “şəffaf” deyil. Tutarlı- olmalıdır, “əsaslı” deyil. Başqa/özgə/o biri-olmalıdır, “digər” deyil. Gərək- olmalıdır, “lazım” deyil. Sorun- olmalıdır, “məsələ” deyil.Ancaq/yalnız-olmalıdır, “amma”, “lakin” deyil. Uğramaq-olmalıdır, “məruz” qalmaq deyil. Burada dırnaqda yazılan sözlərin hamısı ərəb-fars sözləridir.
“tələsmək lazım gəlirdi”. Belə olmalıdır: tələsmək gərəkirdi. Budur Türk dili.
“indi əsas məsələ budur”. Belə olmalıdır: indi başlıca sorun budur.
“məşğul” olmaq- uğraşmaq.
“müvafiq”- uyğun.
“mübadilə”- dəyişmə.
“müavinət”- kömək, yardım.
“tərəf”- sarı, doğru, yön.
“tədqiq” etmək- araşdırmaq.
“tərcih” etmək- üstün tutmaq, önəmli saymaq.
“hesab” etmək (eləmək)- saymaq, sanmaq.
“zatən”, “zira”, “rəğmən”- bunlar da dilimizə yad ərəb-fars sözləridir.
Hə, bir də dilimizin düzgün yazılmayan sözlərindən ikisi:
BilməMƏzlik deyil, bilməzlik,
GörməMƏzlik deyil, görməzlik- olmalıdır.
***
Bir çağlar Əli Nəzminin dediyi kimi:
Ərəbi göndərək öz evlərinə,
Farsa da,- qal bizdə “mehman”,- deməyək.
Bilməyiniz gərəkdir: burada öyrənə biləcəklərinizi sizə universitetlərdən “Milli elmlər akademiyasına”, onun Nəsimi adına Dilçilk institutunadək öyrədəcək bir dilçi bilgin- elmlər doktoru, akademik yoxdur, yaxın illərdə olacağı da gözlənilmir…
“Milli elmlər akademiyasının” dilçilik institutu dilimizin özül sorunlarını çözmək yerinə dovşanı necə adlandırmaq üstündə baş sındırılr: “dovşan, dooşan, yoxsa davşan?”
Dilçi akademik Nizami Cəfərov “ki” bağlayıcısının vergüllü, vergülsüz yazılması yönündə polemika açır. Mənsə, 30 ildir dilimizə yad “və” bağlayıcısı ilə “ki” bağlayıcısını Ə.Nəzmi demiş, “öz evlərinə”- Ərəbistanla Farsıstana göndərmişəm.
Mənim yazdığım, yaratdığım, görk etdiyim arı-duru, gerçək Türk dilidir. Bir sıra batılı bilginlərin “matematik dil” adlandırdığı bu dilin açunda tayı yoxdur.Nə yazıqlar, başqaları bir yana, universitetlərdən akademiyayadək bizim dilçi bilginlərimiz də, yazarlarımız, jurnalistlərimiz də bu dilin gerçək dəyərini anlamaqdan çox uzaqdırlar. Uzun illərdən bəri Yazıçılar birliyinin başında duranlardan biri-yapay “xalq yazıçısı” Çingiz Abdullayevin bu dilə necə yad olduğunu onun ağzından çıxan bir neçə sözdəncə aydın görmək olur.
AMEA prezidentliyinə gəlib çıxmış filoloq-akademik İ.Həbibbəylinin dil bilgisi isə yalnız acı gülüş doğura bilər. Adam 20-ci yüzilin başlanğıc çağlarında ən gözəl, ən anlaşıqlı Azərbaycan Türkcəsini yaratmış Mirzə Cəlildən doktorluq işi yazıb, ancaq dili feldşer düzəyində bilir.
Şəhriyar deyir:
Bizdən qabaqdadır avropalılar,
İşi işbilənə tapşırır onlar.
Bizdə işbilənləri evinədək qovub illərlə işsiz qoyurlar- işbilənlər rüşvət-korrupsiya ortamında yararsız olduqları üçün! Belədə doğal olaraq ortaya nə çıxır: çeşidli yönlərdən düşkün toplum görsənişi…
Sözardı
İllərdən bəri Bakıda çapdan çıxan sözlüklərə baxın: qabaqca sözün ərəbcəsi, farscası yazılır, ən sonda… Türkcəsi. Sözlük sözünün özü isə dilçilərin dilindən milyon km-lərlə uzaqdadır. Onlar ərəbcə “lüğət” deməyə alışqandırlar. Qəbələdə “polis tərəfindən döyülən 12 yaşlı uşaq” da bütün “alim-akademiklər” kimi onların da gözündə-könlündə deyil, yaddan da yad birisidir.